21/10/2018 08:31
728 x 90

Bu gün erməni işğalına düşmüş Azıx mağarasının aşkar edilməsindən 50 il ötür, dünya onu tanıyırmı?

img

Həyat Məhərrəmova: “Azıxantropun tapılmasının 50 illiyi münasibətilə bütün dünyada geniş təbliğat işinə başlanılmalıdır”
Azad Zeynalov: “Azıx mağarası və azıxantrop dünyada tanınır, ancaq buna baxmayaraq, azıxantrop bir termin kimi dünyada qəbul olunmayıb”

 

Azərbaycan arxeologiya tarixinin şah əsərlərindən biri sayılan Azıx mağarası və azıxantropun beynəlxalq aləm tərəfindən tanıdılması sahəsində nailiyyətlərimiz elə də çox deyil. Hazırda erməni işğalı altında olan Azıx mağarasının nəinki Cənubi Qafqazda, hətta bütün dünyada qədim insan yaşayış məskənlərindən biri olması faktını bütün bəşəriyyətin qəbul etməsi əsasdır. 

Azıx mağarasının qədim insanların yaşayış, həyat məskəni olduğunu sübut edən saysız faktdan, dəlil və sübutlardan biri azıxantropdur. Bu il Azıx mağarasından azıxantropun aşkarlanmasının 50 illi tamam olur.

Biz Azıx mağarasını və azıxantropu lazımi səviyyədə beynəlxalq aləmdə təbliğ edib, tanıda bilmişikmi?

Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, bu gün Azıx mağarası işğal altında olduğu üçün orada nə baş verməsindən xəbərsizik. Bununla belə, o hesab edir ki, Azıx mağarasının və azıxantropun beynəlxalq aləmdə təbliğ edilməsi olduqca zəruridir. Tarixçinin sözlərinə görə, Azıx mağarasının düşmən tapdağı altında olması bizi onu təbliğ etməyimizə, Azərbaycanı ilk insan yaşayış məskənlərindən biri kimi dünyada tanıtmağımıza mane olmamalıdır. H.Məhərrəmovanın dediyinə görə, yaxşı ki, vaxtında azıxantrop Bakıya gətirilərək Azərbaycan Tarixi Muzeyinə təhvil verilib, o, Qarabağda qalsaydı, indi ermənilər onu çox asanlıqla öz adlarına çıxa bilərdilər. “Bu il azıxantropun tapılmasının 50 illiyidir. Bu, Azıx mağarası haqqında nəinki bizə, eləcə də bəşəriyyətə böyük informasiya verir. Əslində, Azıx mağarası da, azıxantrop da Azərbaycanın ən qədim sərvəti kimi bütün dünyada təbliğ edilməlidir. Lakin biz onların təbliğinin elə də geniş miqyasda aparıldığını görmürük. Halbuki, bu il azıxantropun aşkarlanmasının 50 illiyi dünyanın ən böyük elm mərkəzlərində keçirilməlidir ki, bizim belə bir qədim sərvətimiz var.

Onu da bildirim ki, Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə Azıx mağarasında alt çənə sümüyü-azıxantrop kəşf edilib, bu, hominidlər fəsiləsinə aid növdür. Azıxantropun çənəsi bir tərəfdən pitekantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır. Lakin son zamanlar aparılan tədqiqatlardan sonra bəzi alimlər neandertal tipli insanları müasir insanların əcdadı hesab etmirlər.

Qeyd edim ki, azıxantropun çənə sümüyü Azərbaycan Tarix Muzeyində saxlanır. Nə yaxşı ki, o vaxt  Azıx mağarasında aşkarlanarkən azıxantropun çənə sümüyü Qarabağda Tarix-Diyarşünaslıq Muzeyində saxlanılmadı, onu Bakıya gətirdilər. Əks halda, ermənilər onu da asanlıqla mənimsəmək istəyəcəkdilər. Onsuz da ermənilər Azıx mağarasına da, azıxantropa da iddialıdırlar. Ancaq onlar bunu mənimsəyə bilməyəcəklər. Çünki onlar bizim torpağın, xalqın arxeoloji dəyəridir. Azıxantropun tapılmasının 50 illiyi münasibətilə bütün dünyada geniş təbliğat işinə başlanılmalıdır.

Məlum olduğu kimi, 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkarlayıb. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin Orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparıb. Məmmədəli Hüseynov tərəfindən tapılmış çənə Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha da artırmış və dünyanın müxtəlif ölkələrinin arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssisləri Bakıya gələrək, Azıx düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmağa başlamışlar. Professor Dəmir Hacıyevin Azıxdan tapılmış çənə üzərində apardığı elmi araşdırmalar zamanı məlum olub ki, çənə quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır” - deyə H.Məhərrəmova bildirdi.

Qeyd edək ki, respublikamızda bir neçə ölkənin elm adamlarının qatıldığı azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunan konfrans da keçirilib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov bizimlə söhbətində bildirdi ki, azıxantropun aşkar edilməsinin 50 illiyinin keçirilməsi bu sahədə uğurlu addımlardan biridir. A.Zeynalovun sözlərinə görə, Azərbaycanda “Azıx mağarası və miqrasiya axınları” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları Mingəçevir şəhəri yaxınlığında yerləşən Qaraca paleolit düşərgəsinə arxeoloji səfər ediblər. Qonaqlar abidədə milyon il əvvələ aid qədim insanlar tərəfindən hazırlanan çoxsaylı daş alətə və daşlaşmış ağac qalıqlarına baxış keçiriblər.

O vurğuladı ki, REA MMTİ-nin Eksperimental laboratoriya şöbəsinin baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Yevgeni Girya qədim insanlar tərəfindən daş alətlərin hazılanma üsulunu nümayiş etdirən eksperiment keçirib. “Bu görüşdən sonra qətnamə qəbul olundu. Qətnamədə konfrans nümayəndələri Qafqazın əsas erkən paleolit abidələrindən biri kimi Azıx mağara düşərgəsinin böyük elmi önəmini qeyd ediblər və son illərdə Azərbaycanda aparılan arxeoloji tədqiqatların səviyyəsini yüksək dəyərləndiriblər” - deyə bildirən A.Zeynalov Azıx və azıxantropun beynəlxalq aləmdə tanıdılması haqqında danışarkən qeyd etdi ki, azıxantrop elə də tanıdılmayıb. “Əslində, Azıx mağarası və azıxantrop dünyada tanınır, ancaq buna baxmayaraq, azıxantrop bir termin kimi dünyada qəbul olunmayıb. Bu bəlkə də düzgündür. Çünki azıxantrop 50 il bundan əvvəl aşkarlanıb. O vaxt tarixin müxtəlif mərhələlərində azıxantrop kimi müxtəlif insan növləri mövcud olub. Onların da hamısı təəssüf ki, məhv olub, heç biri indiyə qədər qalmayıb. Hazırda yer üzündə yeganə növ bizik – homosapies. Azıxda yaşamış olan insanın izləri təkamül nəticəsində davam edərək digər növlərə çevrilib. Onlar müəyyən qədər öz izlərini bizim genimizdə qoyublar. Ancaq dediyim kimi, dünya elmində azıxantrop bir termin kimi qəbul olunmayıb, bu da elə də böyük faciə deyil.

Bizim Azıx mağarası ilə başqa bir nailiyyətimiz var ki, biz onu dünyada tanıtdırmışıq. Keçən əsrin 79-cu ildə Azərbaycanda ilk olaraq paleolitşünaslığın banisi Məmmədəli Hüseynov elmi dövriyyəyə Quruçay mədəniyyəti adlı bir mədəniyyət məfhumu daxil etmişdi. Bunun əhəmiyyəti nə idi? Azıx mağarasının alt təbəqələrində, yaşı 1 milyon ildən artıq olan 8-ci təbəqədə bir neçə əmək aləti tapmışdı ki, dünyanın heç bir yerində onun analoqu yox idi. Məmmədəli Hüseynov da bu əmək alətlərinin timsalında elmi dövriyyəyə yeni məfhum gətirmişdi. O zaman dünyada bu tanınmırdı, çoxları bunu qəbul etmirdi. Lakin on illər keçdikdən sonra mərkəzi Dağıstanda qədim daş dövrünə aid abidələr üzərində tədqiqatlar aparılarkən belə bir əmək alətlərinə rast gəlindi. Hətta onlar 7-8 kiloqramlıq əmək alətləri idi. Sonra mənim tərəfimdən Mingəçevir su anbarının cənub sahilində Qaraca qədim poliolit daş dövrü düşərgəsi aşkar edildi. Bu mənim rəhbərliyimlə Rusiya-Azərbaycan poliolit ekspedisiyasının nəticəsi idi. Məmmədəli Hüseynov Azıx mağarasından cəmi 3-4 alət tapmışdısa, biz Qaracadan 6-7 belə alət aşkarladıq. Qəbələdə, eləcə də Ceyrançöldə belə alətlər tapılıb”.

O bildirdi ki, artıq bütün dünya Azıx mağarasını qədim insan yaşayış mərkəzlərindən biri kimi qəbul edib, tanıyır.

İradə SARIYEVA

Son xəbərlər