17/12/2018 09:57
728 x 90

Son aylarda Azərbaycan alimlərinin üzə çıxardığı qədim mədəniyyətimizin izləri…

“Son zamanlar ölkə ərazisində saysız arxeoloji abidə aşkarlanıb və bu abidələrin üzə çıxarılmasında dövlətin göstərdiyi dəstəyin ayrıca yeri var”

img

Samirə Qurbanova: “Qədim və orta əsrlər dövrünə aid abidələrin hər biri aşkarlandıqdan və onun üzərində mütəxəssislər işini başa çatdırdıqdan sonra əlaqədar dövlət qurumları o abidələri rəsmən qeydə almalıdırlar”

 

Məlum olduğu kimi, Azərbaycan ərazisində aparılan arxeoloji qazıntıların miqyası xeyli dərəcədə genişlənib. Demək olar ki, ölkəmizin müxtəlif bölgələrinə davamlı olaraq ekspedisiyalar təşkil edilir və arxeoloqlar elmə məlum olmayan yeni arxeoloji abidələr aşkarlayırlar. Maraqlıdır ki, bu abidələrin hər birinin tarixi qədim dövrlərə aiddir. Maddi-mədəni irsimizin özəyini təşkil edən arxeoloji abidələr tariximizin ən qiymətli daş örnəkləri kimi arxeoloqlar tərəfindən ictimaiyyətə təqdim edilir.

Son bir neçə ayda arxeoloji qazıntılar nəticəsində aşkarlanan arxeoloji abidələrin sayı çoxdur.

Onu da qeyd edək ki, Sovet dövründə Azərbaycanda arxeoloji qazıntılar əsasən o dövrün maraqlarına uyğun aparıldığından, bir çox yerlərdə bu iş həyata keçirilməyib. Odur ki, bu gün ölkəmizin bir sıra yerlərində, qədim şəhərlərində arxeoloji qazıntılar aparılması zərurətə çevrilib.

Qeyd etdiyimiz kimi, Azərbaycan arxeoloqları intensiv olaraq arxeoloji qazıntı işləri həyata keçirirlər.

Bir neçə həftə əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən İmişli rayonu Qızılkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə ərazisində ilkin arxeoloji qazıntılar aparılıb və tədqiqatlar zamanı qala tipli istehkam tikilisinin qalıqları və orta əsrlərə aid bir çox maddi mədəniyyət nümunələri aşkar edilib. İnstitut əməkdaşları, həmçinin, Salyan, Biləsuvar və Yardımlı rayonlarında həyata keçirdikləri arxeoloji qazıntılar zamanı küp qəbirlər aşkarlayıblar.

Ekpertlər hesab edirlər ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aşkarlanan arxeoloji abidələr xalqımızın tükənməz sərvətidir.

Tarixçi-arxeoloq Samirə Qurbanova bizimlə söhbətində bildirdi ki, Azərbaycanda həyata keçirilən arxeoloji qazıntılar zamanı aşkarlanan abidələr, qala qalıqları, tikililər vaxtilə sovet arxeoloqlarını maraqlandırmayıb. O qeyd etdi ki, keçmiş dövrlərdə Azərbaycan arxeoloqları bu ərazilərdə qazıntı işləri aparmaq istəsələr də, onlar sovet rejiminin maneəsi ilə üzləşirdilər. “Sevindirici haldır ki, bu gün Azərbaycan arxeoloqları dövlətdən dəstək alaraq belə genişmiqyaslı arxeoloji qazıntılar həyata keçirirlər. Hazırda ölkəmizin bir neçə fərqli bölgəsində Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları arxeoloji qazıntı işləri aparırlar. Diqqətçəkən məqamlardan biri odur ki, arxeoloji qazıntı işinə xarici mütəxəssislər də qoşulublar.

Son zamanlar bir-birinin ardınca həyata keçirilən arxeoloji qazıntılar zamanı bir sıra maddi mədəniyyət nümunələri, arxeoloji abidələr meydana çıxarılıb. Məsələn, arxeoloqlarımız Salyan rayonunun Qırxçıraq yaşayış yerində, Ələt-Astara magistral yolunun sol tərəfində, vaxtilə Rəşid Göyüşov tərəfindən arxeoloji qazıntılar aparılan sahənin davamında və Babazanli küp qəbirlərinin yerləşdiyi ərazilərdə tədqiqatlar aparıblar. Məlumatıma görə, arxeoloji tədqiqatlar zamanı təndir, ocaq yerləri, yaşayış binalarının qalıqları, IX-XV əsrlərə aid olan müxtəlif təyinatlı saxsı qabların hissələri, həmçinin, metal, şüşə və s. qalıqları, dibək daşı və iki ədəd üzəri ərəb yazısı ilə işlənmiş daş plitələr əldə edilib. Həmçinin, Biləsuvar rayonu Bəydilli kəndi ərazisindəki qəbiristanlıqda yerləşən Yedditəpə abidəsindən birində aparılan arxeoloji kəşfiyyat işləri də yeni nəticələrdən xəbər verir. Kəşfiyyat işləri zamanı ilk orta əsrlər dövrünə aid olan çox zəif mədəni təbəqə aşkarlanıb. Belə qənaətə gəlinib ki, həmin təpəliklərdən Sasani işğalları dövründə gözətçi (müşahidə) məntəqələri kimi istifadə edilib. Azərbaycan-İran sərhəd-keçid məntəqəsi yaxınlığında yerləşən Turağay təpəsindəki kəşfiyyat işləri isə abidənin ilk orta əsrlər dövründə iri bir kəndtipli yaşayış məskəni olduğunu söyləməyə əsas verir”.

Ekspert bildirdi ki, istər Yardımlı rayonundakı təsadüfi tapıntılarla əlaqədar həmin bölgənin Peştəsər dağ silsiləsində yerləşən, Güm-güm adlandırılan, müxtəlif ölçülü altı ədəd mağaranın qeydə alınması, istərsə də digər aşkarlanan abidələr tariximiz üçün qiymətlidir. “Ən böyük mağara isə Baş Köül (boşluq) adlandırılır. Bundan əlavə, mağaraların yerləşdiyi yerin ətəyindəki ərazidə dənli bitkilərin əzilməsi üçün iri dibək daşı, həmçinin, xırman yeri, kəhriz bulağı adlanan ərazidə bir ədəd iri katakomb qəbir, Peştəsər dağ silsiləsində orta əsrlərə aid gözətçi yerləri, yaxınlıqda yerləşən Köhnə Arvana yaşayış yerində dairəvi daş qutu qəbirlər, orta əsrlərə aid daha bir qəbiristanlıq qeydə edilib. Bu abidələr "Ayı nəsti” adlanan qayanın ətəyində yerləşir. Yaxınlıqda Plovtəpə abidəsi adlı ilk orta əsr yaşayış yeri var. Onu yerli əhali "Şütürüm (cəld, şıltaq) küllüyü” adlandırır”- deyə bildirən ekspertin sözlərinə görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı tədqiqatlar zamanı Qax rayonunda Qıpçaqtəpə abidəsi aşkarlanıb. O bildirdi ki, Oğuz-Qax arxeoloji ekspedisiyası tərəfindən Qax rayonu ərazisində aparılan tədqiqatlar nəticəsində Qıpçaq kəndinin cənubunda (Üzümlü-Ağyazı istiqamətində olan şosse yolunun Əyriçay körpüsünə çatmamış, yolun sağ hissəsində, yerli əhali tərəfindən "Əyrinin tapı" (Əyriçayın təpəlikləri) adlandırılan ərazidə) çayın sağ sahilində yerləşən Qıpçaqtəpə abidəsi ilk dəfə qeydə alınıb. Tədqiqatçı vurğuladı ki, 4 hektar ərazini əhatə edən Qıpçaqtəpə abidəsində arxeoloji kəşfiyyat qazıntısı aparılıb. Qıpçaqtəpə abidəsində aparılan arxeoloji kəşfiyyat qazıntısı zamanı abidənin üst təbəqələrinin ilk orta əsr və orta əsrlərə aid olduğu müəyyənləşdirilib.

Tədqiqatçı bildirdi ki, Goranboy rayonu ərazisində də arxeoloji qazıntı işləri aparılıb və burada tunc dövrünə aid yaşayış yeri aşkarlanıb.

Qeyd edək ki, tədqiqatlar zamanı Goranboy rayonunun Şəfəq kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkara çıxarılıb. Tunc dövrünə aid olan yaşayış yerinin üzərində antik və orta əsrlərin maddi mədəniyyət nümunələrinə rast gəlinir. Yaşayış yeri Şəfəq kəndindən 500-600 metr şimal-qərbdə, qədim dərə yatağının sol sahilindədir. Burada tunc, antik və orta əsrlərə aid saxsı və daş məmulatı aşkarlanıb. Tunc dövrünün saxsı məmulatı qara, boz və qonur rəngli küp, küpə, bardaq, boşqab və digər qabların hissələrindən ibarətdir.

Ekspert qeyd etdi ki, son ayların ən qiymətli arxeoloji abidələrindən biri arxeoloji qazıntı zamanı eramızdan əvvəl V əsrə məxsus Əhəməni memarlığını xatırladan saray qalıqlarının tapılmasıdır.

Bu ilin avqust ayında “Şəmkir-Qaracəmirli” Azərbaycan-Almaniya Beynəlxalq ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndinin yaxınlığında yerləşən Qurbantəpə və Dərə Yataq adlı abidələrdə arxeoloji tədqiqatlar aparıb.

Alman və azərbaycanlı arxeoloqların Qurbantəpə abidəsində e.ə. V əsrdə Əhəməni memarlıq üslubunda tikilmiş saray qalıqlarında apardıqları araşdırmaların maraq doğurduğunu deyən ekspert hesab edir ki, öz ölçülərinə və tikililərin saxlanma vəziyyətinə görə bu saray Cənubi Qafqazdakı oxşar abidələrdən kəskin fərqlənir və böyük elmi əhəmiyyətə malikdir. “Bu abidənin Cənubi Qafqazda bənzərinin olmaması diqqətçəkəndir. Məlumatıma görə, bir neçə tikilidən ibarət olan bu kompleksdə arxeoloji qazıntılar 2006-cı ildən başlayıb. Builki qazıntılar zamanı əldə olunan nəticələr olduqca maraqlıdır. Yeni qazıntılar nəticəsində bir neçə daşdan hazırlanmış sütun altlıqları və çiy kərpicdən hörülmüş divarlar araşdırılıb” - deyə mütəxəssis bildirdi.

Son dövrlər dövlətin arxeoloji kəşfiyyat işlərinin genişləndirilməsinə, miqyasının artırılmasına, həmçinin, bu sahədə yerli mütəxəssislərlə xarici mütəxəssislərin çalışmasına böyük diqqət yetirdiyini deyən ekspertin sözlərinə görə, Azərbaycanda aparılan və aparılması nəzərdə tutulan arxeoloji qazıntılar ölkə ərazisində daha qədim abidələrin olmasını üzə çıxaracaq. “Qədim və orta əsrlər dövrünə aid abidələrin hər biri aşkarlandıqdan və onun üzərində mütəxəssislər işini başa çatdırdıqdan sonra əlaqədar dövlət qurumları o abidələri rəsmən qeydə almalıdırlar. Bu ən vacib məsələdir. Abidələr aşkarlanır, amma çox zaman onun reyestri aparılmır. Son zamanlar ölkə ərazisində saysız arxeoloji abidə aşkarlanıb və bu abidələrin üzə çıxarılmasında dövlətin göstərdiyi dəstəyin ayrıca yeri var” - deyə mütəxəssis bildirdi.

İradə SARIYEVA 

Son xəbərlər