21/10/2018 08:32
728 x 90

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin daha bir uğurlu layihəsi - “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyi...

img

Aydın Xan Əbilov: “Özbəkistanda “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin yaradılması dövlətçilik tariximizin, sahib olduğumuz bu tükənməz irsin təbliğində müstəsna rol oynayacaq”
Həyat Məhərrəmova: “Bu muzeyin Özbəkistanda yaradılmasının mühüm cəhəti odur ki...”

 

Artıq dünyada Azərbaycan tarixinə, dövlətçilik irsinə böyük maraq müşahidə olunmaqdadır. Bu gün Azərbaycanın tarixi keçmişi, dövlətçilik ənənələri respublikamızla yanaşı, xarici ölkələrdə də təbliğ edilir. Azərbaycan tarixinin, dövlətçilik ənənələrimizin xarici ölkələrdə tanıdılmasında Heydər Əliyev adına mədəniyyət mərkəzlərinin xüsusi rolu var. Bu gün Azərbaycandan kənarda müxtəlif mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi tarixi irsimizin başqa xalqlara tanıdılmasına təkan verir. 

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyi açılıb. Məlumatlara görə, “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin açılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanın yenidən müstəqillik əldə etməsinin 27-ci ildönümünə həsr edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açılışda bildirib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının özünün qədim tarixi, maddi mədəniyyət abidələri, zəngin ənənələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti var.

Qeyd edək ki, muzeyin yaradılmasında əsas məqsəd xalqımızın qədim tarixini, zəngin mədəniyyətini özbək xalqına çatdırmaq və təbliğ etməkdir.

Kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, Özbəkistanda “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin yaradılması və fəaliyyətə başlaması Azərbaycan və Özbəkistan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, həm də dövlətçilik ənənələrimizin təbliğində müstəsna rol oynayacaq: “Azərbaycan qədər öz tarixinə, dövlətçilik irsinə sahib çıxan, ona yüksək dəyər verən çox az dövlət var. Bu gün 27 yaşlı müstəqil gənc Azərbaycan 100 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Bu özü onu göstərir ki, Azərbaycan dövləti etibarlı, möhkəm təməllər üzərində inkişaf edir, öz müstəqilliyini qoruyur, günü-gündən iqtisadi cəhətdən güclənir. Azərbaycan yalnız Cənubi Qafqazda güclü dövlət kimi seçilmir, həm də bütün dünyada öz siyasi, iqtisadi gücünə görə tanınır. Bu gün Azərbaycanın mədəniyyət siyasəti də çox güclü şəkildə inkişaf edir. Son bir neçə ildə müxtəlif xarici ölkələrdə Azərbaycan mədəniyyət mərkəzləri, Azərbaycan evləri açılıb. Bu mərkəzlər vasitəsilə Azərbaycanın mədəniyyət, humanitar siyasəti təbliğ olunur. Dövlətçilik tariximiz, mədəniyyət ənənələrimiz, ədəbi-mədəni irsimiz dünya dövlətlərinə daha yaxından tanıdılır. “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin açılması da bu baxımdan çox dəyərlidir. Bu o deməkdir ki, Azərbaycan tarixi, dövlətçilik ənənələri, sahib olduğumuz bu unikal dəyərlər özbək xalqı tərəfindən də maraqla qarşılanır. Düşünrəm ki, Özbəkistanda “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin yaradılması dövlətçilik tariximizin, sahib olduğumuz bu tükənməz irsin təbliğində müstəsna rol oynayacaq. Azərbaycan tarixinin dünyanın hər yerində tanıdılması mühüm işlərimizdən biridir”.

Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, Azərbaycan və Özbəkistan arasında sıx tarixi əlaqələr mövcuddur. Bu əlaqələrin hazırda həm siyasi, həm iqtisadi, həm mədəni, həm də tarixi baxımdan daha da inkişaf etdiyini bildirən tarixçinin sözlərinə görə, bu ölkədə “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin yaradılması təsadüfi deyil. Orta Asiya türklərinin, o cümlədən də özbəklərin tarixi-mədəni həyatında Azərbaycanın fikir adamlarının, elm xadimlərinin, mədəniyyət adamlarının az rol oynamadığını deyən H.Məhərrəmovanın qeyd etdiyinə görə, Azərbaycan tarixi və dövlətçilik ənənələri bütün türk xalqlarına bir örnəkdir. “Bu gün Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, mədəni əlaqələr daha da genişlənir. Bu da təsadüfi deyil. Türk xalqının övladları olan özbək və Azərbaycan xalqları hər zaman bir-birinə müsbət mövqedən yanaşıblar. Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində belə bir muzeyin açılması həqiqətən də müsbətdir. Bu muzeydə Azərbaycanın yaxın 100 ilinin tarixi öz əksini tapır. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı özbək tamaşaçılar da müfəssəl məlumat əldə edəcəklər. Özbəklərlə bizim ortaq tariximiz, ortaq mədəniyyətimiz, ortaq dəyərlərimiz var. Hesab edirəm ki, bu muzeyin Özbəkistanda yaradılmasının mühüm cəhəti odur ki, bütün Orta Asiya xalqları, eləcə də digər türk xalqları bu muzeylə yaxından tanış ola biləcək, Cümhuriyyətin 100, müstəqil Azərbaycanın isə 27 illik tarixi ilə yaxından tanış olacaqlar. Tariximizin, dövlətçilik ənənələrimizin təbliğ edilməsində, tanıdılmasında “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin də rolu olacaq. Muzey yeni yaradılsa da, onun daşıdığı missiya çox dəyərlidir. Ümumiyyətlə, Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin hamısı mədəniyyətimizin, dövlətçilik tariximizin, maddi-mədəni irsimizin təbliğini həyata keçirməlidir”.   

İradə SARIYEVA

Son xəbərlər