17/12/2018 10:00
728 x 90

Aşıqların VI Qurultayı aşıq sənəti ilə bağlı mühüm qərarlar qəbul etdi və professor Məhərrəm Qasımlını yenidən sədr seçdi

Dastan Teatrı yaradılacaq, aşıq evinin tikintisi reallaşdırılacaq…

img

Rəfael Hüseynov: “Aşıq sənətinin qorunması və inkişafı haqqında ayrıca qanun layihəsi hazırlayırıq”
Əbülfəs Qarayev: “Dövlət başçısının bu sahəyə diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi səyi nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”
Məhərrəm Qasımlı: “Azərbaycan aşıq sənəti daim dövlətin diqqət və qayğısını yaxından hiss edir”

 

Azərbaycan Aşıqlar Birliyinin (AAB) sonuncu qurultayı 10 il əvvəl keçirilmişdi. Bütün aşıqlar AAB-ın növbəti qurultayının nə zaman keçiriləcəyini intizarla gözləyirdilər. Aşıqların qurultaydan gözləntiləri təbii ki, çox idi. Onlar hesab edirdilər ki, qurultayın keçirilməsi aşıq sənətinin mövcud problemlərinin həllində əsaslı rol oynayacaq və qurultayda bir sıra mühüm qərarlar qəbul ediləcək. Nəhayət, aşıqların səbrsizliklə gözlədiyi Azərbaycan Aşıqlarının VI Qurultayı baş tutdu.

Sentyabrın 28-də R.Behbudov adına Mahnı Teatrında keçirilən VI Qurultayda həm Aşıqlar Birliyinin nizamnaməsinə dəyişiklik edildi, həm AAB-ın 31 nəfərdən ibarət yeni idarə heyətinin tərkibi təsdiqləndi, həm də katiblər seçildi.

Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayını Xalq şairi Nəriman Həsənzadə açaraq qurultayın işinə uğurlar dilədi, sonra isə qurultayı aparmaq üçün sözü Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynova verdi. R.Hüseyov bildirdi ki, Azərbaycan Aşıqlar Birliyinin I Qurultayı 1928-ci ildə keçirilib. AAB-ın VI Qurultayının keçirilməsinin I Qurultayın 90-cı ildönümünə təsadüf etdiyini deyən R.Hüseynov bildirdi ki, Birliyin ilk qurultayında aşıq sənətinin dövrün tələblərinə uyğun istiqaməti müəyyənləşib. O, həmçinin, vurğuladı ki, aşıqlar tarixən savadlı, bilikli, xalqa, millətə yol göstərən maarifçi kəsim olublar. Azərbaycan Aşıqlarının VI Qurultayının əhəmiyyətini qeyd edən R.Hüseynovun sözlərinə görə, aşıq sənəti daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub. O vurğuladı ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə göstərdiyi böyük diqqət və qayğı misilsizdir: “Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Artıq aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur. Əlbəttə, Mehriban xanım UNESCO ilə əməkdaşlıq etməsə idi, bu mötəbər qurumun xoşməramlı səfiri olmasaydı, aşıq sənətinin belə bir mötəbər siyahıda yer almasına çatmaq çox çətin olardı. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına ölkəmizin 11 nominasiyası artıq daxil edilib. Üçünün üzərində iş gedir ki, yaxın zamanlarda reallaşacaq, ikisi də hazırlıq mərhələsindədir. İnanıram ki, Azərbaycan dövlətinin daha da güclənməsi ilə bu sənətin olduqca böyük zirvələri fəth etməsinin şahidi olacağıq. Azərbaycanda aşıq sənətinin inkişafına dövlət böyük dəstək verir. Azərbaycan aşıqları tarixən maarifçilik missiyasını yerinə yetirib, xalqı məlumatlandırıb. Aşıqlarımızdan Şirvan aşıq mühitinin çox görkəmli sənətkarı Mirzə Bilal aşıqların birinci qurultayında iştirak etmişdisə, artıq 1938-ci ildə keçirilən ikinci qurultayda o, repressiya qurbanı kimi 1937-ci ildə güllələnmişdi. Demək istəyirəm ki, aşıqlarımız da repressiya qurbanı olub, onların da qanı tökülüb”.

Azərbaycan aşıqlarının III Qurultayının 1961-ci ildə, IV Qurultayının 1984-cü ildə, V Qurultayının isə 2008-ci ildə keçirildiyini xatırladan R.Hüseynov bu illər ərzində aşıq sənətinin bir sıra uğurlar qazandığını dedi.

“Azərbaycanın aşıq ensiklopediyası” çap olunub” - deyə bildirən R.Hüseynov onu da vurğuladı ki, hazırda rəhbərlik etdiyi komitədə muğam sənəti ilə bağlı qanun layihəsinin hazırlanması başa çatıb. Bundan sonra aşıq sənəti ilə bağlı qanun layihəsi üzərində işlər aparılacağını deyən R.Hüseynov qeyd etdi ki, aşıq sənəti ilə bağlı ayrıca qanun qəbul edilməsinə ehtiyac var: “Muğam sənəti haqqında qanun layihəsini hazırlamışıq. İndi isə aşıq sənətinin qorunması və inkişafı haqqında ayrıca qanun layihəsi hazırlayırıq. Orada aşıqların təltif edilməsi, onlara fəxri adların verilməsi və s. məsələlər öz əksini tapacaq”.

Sonra R.Hüseynov kürsüyə qurultayın mandat komissiyasının sədri Elxan Məmmədlini dəvət etdi. E.Məmmədli qurultay iştirakçıları qarşısında hesabat məruzəsi ilə çıxış etdi.

Qurultayda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev isə Azərbaycan aşıq sənətinin son illərdə inkişafı, aşıqların fəaliyyəti haqqında danışdı. Nazir bildirdi ki, ötən qurultaydan keçən 10 il müddətində aşıq sənəti ilə bağlı bir sıra uğurlu işlər həyata keçirilib. O vurğuladı ki, elə bir tədbir yoxdur ki, orada aşıqlar çıxış etməsinlər. “Ölkəmizin bölgələrində yerləşən musiqi məktəblərində saz sənəti öyrədilir, tədris olunur, proqrama daxil edilib. Bütün bunlar bu sənətin gələcək nəsillər tərəfindən qorunmasına, yaşadılmasına hesablanmış addımdır”- deyə nazir bildirdi.

Nazir, həmçinin, qeyd etdi ki, qədim, əbədi mənəvi varlığımız olan aşıq sənətinə Heydər Əliyev yüksək qiymət verib, məhz Heydər Əliyevin təşəbbüsü ilə UNESCO tərəfindən “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi keçirilib. Ə.Qarayev bildirdi ki, Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev ədəbiyyatımıza, incəsənətimizə, aşıq sənətinə böyük qayğı göstərir, onun qayğısı sayəsində bir sıra aşıqlara Prezident təqaüdü və Prezident mükafatı verilir: “Aşıq sənəti xalqımızın mədəni, mənəvi həyatı, dünyagörüşü, yaşayış tərzi ilə vəhdət təşkil edərək daim inkişaf edən bir xalq sənətidir. Xalqımızın digər irs nümunələri kimi, saz-söz sənətimizə də dövlət səviyyəsində diqqət və qayğı göstərilir, bu sənət inkişaf etdirilir və dünya səviyyəsində təbliğ olunur. Dövlət başçısının bu sahəyə diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi səyi nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor, bir neçə həftə əvvəl ölkə başçısının sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülən Məhərrəm Qasımlı çıxış edərək Birlik sədri olduğu dövrdə görülən işlərdən danışdı. O bildirdi ki, son illər ölkəmizdə aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi, araşdırılması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi yönündə dövlət tərəfindən mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl və sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür. Onun sözlərinə görə, son dövrlər milli-mənəvi dəyərlərimizə, o cümlədən də aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və qayğı göstərilir. 2009-cu ildə aşıq sənəti Azərbaycan xalqına məxsus bir inci kimi dünya sənət şedevrləri sırasında - UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin, Birinci vitse-prezident Mehriban Əliyevanın çox böyük diqqət və qayğısı nəticəsində baş verib. “Azərbaycan aşıq sənəti daim dövlətin diqqət və qayğısını yaxından hiss edir. Bu gün Xaçmazda Dədə Şəmşirə, aşıq Ədalət Nəsibova heykəl qoyulub. Çox arzu edərdim ki, Şəmkirdə aşıq Hüseyn Şəmkirliyə, Tovuzda aşıq Hüseyn Bozalqanlıya, Şəkidə Molla Cumaya, Şamaxıda Mirzə Bilala heykəl qoyulsun. Bu həm bizim mənəvi irsimizə verdiyimiz böyük dəyər olardı, həm də ölkəmizə gələn turistlər o abidələri də maraqla izləyərdilər. Bundan başqa, 2021-ci ildə Azərbaycan aşıq sənətinin zirvələrindən olan aşıq Ələsgərin 200 illik yubileyidir. Çox istərdim ki, Bakıda aşıq Ələsgərə böyük bir abidə ucaldılsın. Azərbaycan Aşıqlar Birliyi yaşlı nəsil aşıqlara qayğı, orta nəsil aşıqlara dəstək, gənc nəsil aşıqlara isə dayaq durur, onların mükəmməl yetişməsinə çalışır” - deyə M.Qasımlı qeyd etdi.  

O, həmçinin, dedi ki, bu gün Azərbaycan aşıq sənətində dastançılıq ənənəsinin qorunması çox vacibdir və bunun üçün də AAB-ın nəzdində Dastan Teatrı yaradılacaq. Dastan Teatrında aşıqlarla aktyorların dastanlarımızı birgə təqdim edəcəyini deyən M.Qasımlının sözlərinə görə, bu, dastanlarımızın yaşamasında, nəsildən-nəslə ötürülməsində mühüm rol oynayacaq.

M.Qasımlı, həmçinin, dedi ki, gənclərin aşıq sənətinə gətirilməsi üçün 2007-ci ildə ozan-aşıq müsabiqəsi keçirilib. Bundan sonra ciddi aşıq müsabiqələrinin keçirilmədiyini deyən M.Qasımlının sözlərinə görə, bundan sonra hər iki-üç ildən bir aşıq-ozan müsabiqəsi keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov isə çıxış edərək son illər ənənəvi ustad-şəyird münasibətlərinin sıradan çıxdığını və bu ənənənin bərpa edilməsini arzuladığını bildirdi.

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Ulduz Quliyeva da çıxış etdi. O bildirdi ki, aşıqlar üçün fəxri adlar təsis edilsin. O, “Xalq aşığı” fəxri adının daha uyğun gəldiyini bildirərək dövlətin tezliklə aşıqlar üçün fəxri adlar təsis edəcəyinə ümid etdiyini dedi.

Professor Qəzənfər Paşayev isə çıxışında bildirdi ki, Beynəlxalq Aşıq Festivalı yenidən bərpa edilməlidir. Bundan başqa, Q.Paşayev qeyd etdi ki, bu gün Gəncədə və digər şəhərlərimizdə aşıq muzeyləri fəaliyyət göstərir, Bakıda da belə bir muzeyin yaradılmasına ehtiyac var. O, həmçinin, bildirdi ki, bu gün aşıq sənəti bir dövlətçilik atributu kimi diqqət mərkəzindədir və bu sənət dövlətçiliyə bağlı olan sənətdir.

Xalq şairi Nəriman Həsənzadə, Türkiyəli professor Əli Kafkasiyalı, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və başqaları çıxış edərək qurultayın əhəmiyyətindən danışdılar və aşıq sənətinin humanitar mədəniyyət strategiyasındakı rolunu önə çəkdilər.

Qurultayda vurğulandı ki, Bakıda Aşıq Mərkəzinin də yaradılması aktualdır və bu mərkəz aşıq sənətinin inkişafına, təbliğinə mühüm töhfə olar.

Qurultayda Əməkdar elm xadimi Məhərrəm Qasımlı səsvermə yolu ilə yenidən Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

Qurultayın sonunda qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.

İradə SARIYEVA

Son xəbərlər