18/11/2018 06:28
728 x 90

“Xarı bülbül” festivalının hədəfləri - Qarabağın mədəni incilərini gənc nəslə çatdırmaq…

img

Zülfiyyə Eldarqızı: “Xarı bülbül” festivalının açılışı Cocuq Mərcanlıda olarsa, bunun həm mədəni, həm siyasi-ideoloji əhəmiyyəti çox böyük olar”
Aydın Xan Əbilov: “Çoxlarımızın arzusu olub ki, “Xarı bülbül” festivalı bərpa edilsin”

 

Xarı bülbül Şuşada, Cıdır düzündə bitən unikal, bənzərsiz bir çiçəkdir. Qədim Şuşanın simvollarından birinə çevrilən xarı bülbül çiçəyi bu gün doğma insanların nəfəsinə həsrət qalıb. Bu gün xarı bülbülün adını çəkəndə hər birimizin içi silkələnir...

Məlum olduğu kimi, ötən əsrin 80-ci illərində Qarabağ torpağında bitən xarı bülbülün adını daşıyan və bütövlükdə Qarabağ mədəniyyətini bütün dünyaya yayan “Xarı bülbül” Musiqi Festivalı bu gün də xatirələrdə yaşayır. Hətta bir çox insan arzu edir ki, “Xarı bülbül” musiqi festivalı yenidən bərpa olunsun və düşmənin işğal altında saxladığı torpaqlarımızla sərhəddə yerləşən rayonlarımızda, bölgələrimizdə keçirilsin. Bu ideyaya “Bakı-Xəbər” də dəstək verib və bu mövzunu gündəmə gətirib.

Yayılan məlumata görə, Gənclər üçün Təhsil Mərkəzi (GTM) ilk dəfə olaraq “Xarı bülbül” gənclərin yaradıcılıq festivalını keçirəcək. Məlumatlara görə, hazırda festivalın keçirilməsi üçün hazırlıq işlərinə başlanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində  keçiriləcək festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır. Hazırda Bakı və Mingəçevir şəhərlərində festivalın keçirilməsi üçün yaradıcılıq dərnəyi qurulur. Festivalın iştirakçısı olmaq istəyən gənclər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçirə bilərlər. Yaxın günlərdə dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdiriləcək, o cümlədən yaradıcılıq təlimlərinə başlanacaq.

Mərkəz tərəfindən “Xarı bülbül” gənclərin yaradıcılıq festivalının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbir vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.

Qarabağ mədəni irsinin təbliğində, tükənməz dəyərlərin gənc nəslə çatdırılmasında “Xarı bülbül” yaradıcılıq festivalının sözsüz ki, xüsusi yeri olacaq. Heç şübhəsiz ki, festivalın təşkilat komissiyasının yaratdığı dərnəklərdə milli incəsənətimizin, musiqimizin yeni nəsil sənətkarları yetişəcək.

“Xarı bülbül” yaradıcılıq festivalının keçirilməsini müsbət bir hadisə kimi dəyərləndirən sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi Zülfiyyə Eldarqızının sözlərinə görə, bu festivalın keçən əsrin 80-ci illərinin sonunda Şuşada, Cıdır düzündə keçirilən beynəlxalq “Xarı bülbül” festivalından fərqi olsa da, bu festivala “Xarı bülbül” adının verilməsi böyük əhəmiyyət daşıyır. Festivalın formatının bir qədər fərqli olduğunu vurğulayan Z.Eldarqızı hesab edir ki, milli mədəniyyətimizin, eləcə də Qarabağın mədəni irsinin təbliğində yeni “Xarı bülbül” yaradıcılıq festivalı əhəmiyyətli rol oynayacaq: “Çoxlarımız vaxtilə Cıdır düzündə keçirilən və dünyanın bir çox ölkəsinin qatıldığı “Xarı bülbül” musiqi festivalını nostalgiya ilə xatırlayırıq. O festivalda onlarla səs Azərbaycan xalqına tanıdıldı. Gənclər üçün Təhsil Mərkəzinin “Xarı bülbül” yaradıcılıq festivalı keçirməsi doğrudan da müsbət bir işdir. Bu festival vaxtilə keçirilən “Xarı bülbül” festivalının təkrarı olmasa da, burada da əsas hədəf Qarabağın musiqi mədəniyyətini təbliğ etmək, milli musiqi, incəsənət irsimizi uşaq və gənclər arasında yaymaqdır. Ümid edirəm ki, bu festival təkcə Bakı və Mingəçeviri əhatə etməyəcək, onun səsi-sorağı sərhəd bölgələrindən də gələcək. Çox yaxşı olardı ki, bu festivalın açılışı Cocuq Mərcanlıda olsun. Bilirsiniz, festivalın açılışı Cocuq Mərcanlıda olarsa, bunun həm mədəni, həm siyasi-ideoloji əhəmiyyəti çox böyük olar. Hesab edirəm ki, “Xarı bülbül” yaradıcılıq festivalında qarabağlı uşaq və gənclər də aktiv iştirak edəcəklər. Biz bu festivalda yeni səslər, yeni simalar görəcəyik. Arzu edərdim ki, “Xarı bülbül” yaradıcılıq festivalı, həqiqi mənada, Qarabağın səsinə, harayına çevrilsin. Bu festivalın keçirilməsi bizə o yurdları bir daha xatırladacaq”. 

Kulturoloq Aydın Xan Əbilov da hesab edir ki, “Xarı bülbül” yaradıcılıq festivalının keçirilməsi Qarabağ mədəniyyətinin, musiqi, incəsənət irsinin yayılmasında xüsusi rol oynayacaq: “Əsası qoyulan bu ənənəni ancaq alqışlamaq lazımdır. Çünki çoxlarımızın arzusu olub ki, “Xarı bülbül” festivalı bərpa edilsin. Vaxtilə bu ad altında keçirilən festival Azərbaycan mədəniyyətini, Qarabağın unikal musiqisini, mədəni irsini bütün dünyada tanıtmağa xidmət edirdi. İndi o festivalın adı bərpa edilib və bir qədər fərqli formatda keçiriləcək. Bütövlükdə, uşaq və gənclərin belə festivallarda iştirak etməsi çox vacibdir. Biz bununla həm dəyərlərimizi tanıdırıq, həm də yeni nəsil istedadlar qazanırıq. Mən “Xarı bülbül” yaradıcılıq festivalının keçirilməsini alqışlayıram. Bu bir daha bizi o torpaqlara yaxınlaşdırır”.  

İradə SARIYEVA

Son xəbərlər