19/11/2018 07:51
728 x 90

“Bakı xanlarının evi”nin bərpası yeni bir müsbət və gərəkli ənənənin əsasını qoyur...

“Bakı xanlarının evi”nin bərpası dövlətimizin tarixi irsimizə, Azərbaycan xanlarına böyük ehtiram və hörmətinin təzahürüdür”

img

Fariz Xəlilli: “Bu ənənə Azərbaycanın hər bir bölgəsində davam etdirilsəydi, çox müsbət olardı”

 

Ənənələrə qayıdış hər zaman müsbət effekt verir. Xüsusən də ənənələrə qayıdış prosesi tarixi-maddi irsimizin bərpasından, onların dəyərləndirilməsindən keçirsə.

Azərbaycanda xanlıq dövrü xüsusi bir mərhələ kimi tarixə düşüb. Azərbaycan xanlarının mülkləri, inşa etdirdikləri və ömürlərinin sonlarına qədər içərisində yaşadıqları imarətləri dövlətçilik tariximizin misilsiz örnəkləridir. Bu saraylar, imarətlər həm memarlıq baxımından, həm də daşıdığı milli-mənəvi, tarixi dəyər nöqteyi-nəzərindən bir irsdir. Bu irsə sahib durmaq, onu tanıtmaq, yaşatmaq bizim ən böyük vəzifəmizdir.

Məlum olduğu kimi, Azərbaycanda xanlardan qalan mülklərə, saraylara Sovet dövründə elə də böyük dəyər verilməyib. O mülklər ya məhv edilib, ya mədəniyyət evinə, ya kluba, ya anbara çevrilib, ya da dövlət idarələrinin binaları kimi istifadə edilib. Doğrudur, bəzi xanların sarayları, o cümlədən də Şəki xanının sarayı hələ Sovet illərindən muzey kompleksi kimi fəaliyyət göstərib. Ancaq heç də bütün xanların saraylarına bu cür qiymət verilməyib.

Azərbaycan müstəqillik qazandıqdan sonra, bütün sahələrdə olduğu kimi, maddi-mədəni irsimizə də münasibət müsbət mənada dəyişib, dövlətimiz xanlardan, bəylərdən, ağalardan, milyonçulardan qalan mülklərə, saraylara bir tarixi irs kimi yanaşmağa başlayıb. Ənənələrə qayıdış, tarixi irsimizin bərpası və bu kimi müsbət işlərin həyata keçirilməsi gənc nəslin dövlətçilik tarixinə sevgisinə daha çox səbəb olur.

Mətbuatın yazdığına görə, “Bakı xanlarının evi” bərpa ediləcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində olan bu ev böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, bu saray kompleksi İçərişəhərin Şamaxı darvazasına yaxın, sağ tərəfdəki binaların yerində olmuş və dövrümüzə qədər qalmayıb. Axırıncı Bakı xanı Hüseynqulu xanın sarayından, Əbdürrəhim bəy və Mehdiqulu bəyin evlərindən ibarət olan bu kompleks yeddi qapalı həyətin ətrafında düzülmüş yüzdən çox otaqdan ibarət idi. Kompleksin əsasını təşkil edən Xan sarayının böyük həyətində meyvə bağı və bağın ortasında hovuz olub. Saray və bəylərin evi əsasən ikimərtəbəli olub, memarlıq xüsusiyyətinə görə bir çox Azərbaycan evlərinin xüsusiyyətlərini əks etdirib. Eyvanlar, şəbəkəli pəncərələr, balaxana kimi memarlıq elementləri bu qəbildəndir. Eyni zamanada, yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti Şirvanşahlar sarayının planını xatırladır. Kompleksin inşaat tarixi haqqında əlimizdə qalan plan və fasadlarda məlumat yoxdur. Xan sarayının XVII əsrin sonu, XVIII əsrin əvvəllərində tikildiyi güman edilir

Onu da vurğulayaq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim abidənin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satın alınması üçün təkliflər sorğusu elan edib.

Məlumat üçün deyək ki, “Bakı xanlarının evi” Böyük Qala küçəsi 44, 46, 48 və 50 nömrəli ünvanlarda yerləşir və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır.

Göründüyü kimi, artıq bu sahədə işlər görülməsi planlaşdırılır.

“Bakı xanlarının evi”nin yenidən bərpa edilməsi Azərbaycanda bu sahədə yeni sağlam bir ənənənin əsasını qoyacaq.

MİRAS – Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, maddi-mədəni irs üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bizimlə söhbətində bildirdi ki, “Bakı xanlarının evi”nin bərpa edilməsi olduqca müsbət bir işdir. Bunun tarixi irsimizə dövlət tərəfindən verilən yüksək dəyərin nümunəsi olduğunu deyən F.Xəlilli hesab edir ki, Bakı xanlarından sonra da digər xanların, bəy və ağaların, milyonçuların evləri bərpa edilərsə, bu çox xeyirxah bir iş olar. Bunu tariximizə qayıdış, tarixi, maddi-mənəvi irsimizə müsbət münasibət olaraq dəyərləndirən F.Xəlilli hesab edir ki, xanların evləri bərpa edilərsə, onlara tamaşa etmək üçün ölkəmizə gələn turistlərin sayı daha da çoxalar. “Bu olduqca yaxşı bir xəbərdir. “Bakı xanlarının evi”nin bərpası dövlətimizin tarixi irsimizə, Azərbaycan xanlarına böyük ehtiram və hörmətinin təzahürüdür. Deyim ki, son illərdə Şəki xanının və Lənkəran xanının yaşadıqları saraylar dövlət tərəfindən bərpa edilib və bu gün o saraylar turistlərin ziyarət yerinə çevrilib. Yəni Azərbaycanda artıq bu ənənə var, formalaşıb. Bundan başqa, Hacı Zeynalabdin Tağıyev kimi milyonçuların da evləri bərpa olunub. Bu gün Azərbaycanın müxtəlif bölgələrində dövrünün tanınmış ağalarının, bəylərinin, tacirlərinin də mülkləri var ki, onların da bərpa edilərək xalqımızın ixtiyarına verilməsi vacibdir. Çünki hazırda o mülklər uçuq-sökük vəziyyətdədir və dövlətimizin madd-mədəni irsi olaraq öz bərpa ediləcəyi günü gözləyir. “Bakı xanlarının evi”nin bərpa edilməsi məsələsi gündəmə gətirilib və bu olduqca müsbət bir işdir. Deyərdim ki, “Bakı xanlarının evi”nin bərpa edilməsi yeni bir ənənənin əsasını qoyur. Bu ənənə Azərbaycanın hər bir bölgəsində davam etdirilsəydi, çox müsbət olardı. Elə mülklər var ki, onlar 2001-ci ildə qeydiyyata alınan mülklərin dövlət reyestrində yer alıb, amma almayanlar da çoxdur. Biz Qəbələdə qazıntı işləri aparanda Bum kəndindən bir dəstə adam gəldi və onlar bizi o kəndə apardılar. Biz orada ikimərtəbəli böyük bir mülk gördük, hiss edilirdi ki, vaxtilə əzəmətli bir saray olub. Eləcə də İsmayıllıda Fit dağının yaxınlığında Şamaxı xanı Mustafa xanın inşa etdirdiyi Hərəm qalası var. Orada yaşayış olub. O qalanın da bərpasına ehtiyac az deyil. Çünki o qala hazırda uçulmuş, dağılmış vəziyyətdədir”.

Vaxtilə Şirvanda böyük muğam musiqi məclisləri təşkil edən məşhur Mahmud ağanın da Şamaxıdakı mülkünün bərpaya ehtiyacı olduğunu qeyd edən ekspert hesab edir ki, Göyçayda Həzrət bəy və Sabit bəy Ağabababəyovların da mülklərini təmir-bərpa edərək bir tarixi irs nümunəsinə çevirmək olar. Onun sözlərinə görə, bu gün Azərbaycanın paytaxtına və bölgələrinə üz tutan turistlərin o mülklərlə tanış olması bizim üçün çox əhəmiyyətlidir. F.Xəlillinin sözlərinə görə, turistlər ölkəmizə gələrkən bizim orta əsrlər xanlıq dövrümüzlə, tarixdə iz qoyan xanlarımızın, bəylərimizin həyatı ilə maraqlanacaqlar. F.Xəlilli qeyd etdi ki, “Bakı xanlarının evi” də, digər xanların mülkləri də təmir-bərpa edildikdən sonra onun daxili interyeri də həmin dövrə uyğun qurulmalıdır. O bildirdi ki, həmin dövrün geyimləri, bəzək əşyaları, həyat tərzi və s. həmin evlərdə canlandırılmalıdır. Mütəxəssisin fikrincə, bu, turistlərin həmin evlərə, mülklərə marağını daha da artıracaq.

Ekspertin dediyinə görə, bu evlər, mülklər tarixi abidədir, maddi-mədəni irs örnəkləridir. “Biz xanların, bəylərin, ağaların, tanınmış tacirlərin, milyonçuların mülklərini bərpa etməklə tariximizə qayıtmış olarıq. Biri var biz olmayan nəyisə yaratmaq istəyək, biri də var ki, mövcud olan, lakin yararsız vəziyyətə düşən mülkləri yenidən canlandıraq, bərpa edək. Azərbaycanın zəngin tarixi irsi var və biz bu irsi daha geniş səviyyədə təbliğ etməliyik” - deyə F.Xəlilli bildirdi.

İradə SARIYEVA 

Son xəbərlər