24/09/2018 08:24
728 x 90

“Naxçıvanqala”da növbəti festival - milli geyimlərimizin təbliğinə mühüm töhfə… - FOTO

img

Hər bir xalqın mövcud olan milli dəyərləri zamanla formalaşıb. Bu dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi həmişə vacib amil sayılıb. Xalqımız tarixən malik olduğu zəngin dəyərlər sistemini dövrdən və quruluşdan asılı olmayaraq nəsillərdən-nəsillərə ötürə bilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra milli dəyərlərin qorunması istiqamətində daha mükəmməl və ardıcıl tədbirlər həyata keçirilib.

“Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 ferval 2009-cu il tarixli sərəncamı milli dəyərlərə qayıdışa, sahiblik hissinə səsləyən mühüm tarixi sənəd oldu. Bundan sonra tarixi abidələrə yeni həyatın verilməsi, xalq yaradıcılığı günlərinin  təşkil olunması, milli kökə bağlılıq daha geniş və məqsədli şəkildə nümayiş etdirildi.

Xalqımızın zəngin fantaziyası və zəhmətsevərliyinin nümunəsi olan  ağacişləmə, papaqçılıq, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, dulusçuluq kimi qədim sənət sahələri bu günə qədər qorunub saxlanılıb. O cümlədən milli geyimlərimizin nümayişinə, təbliğinə geniş yer verilib. Naxçıvan Muxtar Respublikasını əhatə edən Ordubad, Culfa, Babək, Şahbuz, Kəngərli, Şərur, Sədərək bölgələrində, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən folklor kollektivlərinin üzvlərinə hazırlanaraq verilən 287 milli paltar  dəsti geyim mədəniyyətimizin qorunub saxlanılaraq inkişaf etdirilməsi sahəsində dövlət qayğısının parlaq təzahürlərindəndir.

Hər il Naxçıvanda keçirilən xalq yaradıcılığı günlərində, milli bayramlarda milli geyimlərin sehrinə düşürük. İştirakçıların geyindiyi zərifliyini, al-əlvanlığını, dəyərini itirməyən milli geyimlərimiz tarixi keçmişimizlə bu günümüz arasında qırılmayan bir bağ kimi  göz oxşayır.

Bu il sentyabrın 8-də keçiriləcək  “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti festival sırf milli geyimlərin nümayişinə və təbliğinə xidmət edəcək. Festivalda müxtəlif geyim və rəsm sərgiləri açılacaq, əl işləri, qədim dövrlərə aid muzey eksponatları nümayiş olunacaq. Xanlıqlar dövrünün saray geyimlərinin nümayişi tədbirə əlavə rəng qatacaq. Həmçinin “Milli geyimlər festivalı”nda Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblı xalq mahnıları ifa edəcək, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qruplarının, “Şərur” Xalq Yallı Ansamblının və “Şərur qönçələri” Uşaq Yallı Ansamblının ifasında milli rəqslər və yallılar təqdim olunacaq.

Festivalın keçirilməsində məqsəd bəllidir: Tarixin müxtəlif dönəmlərində istifadə olunmuş milli geyimlərimizi sərgiləmək, tanıtmaq və gənc nəslə sevdirməkdir.

Tarixi keçmişimizi, usta sənətkarlarımızın məharətini, milli ruhumuzu özündə daşıyan qədim geyimlərimiz əl əməyi, göz nurunun məhsuludur. Azərbaycan qadınının zərifliyi və gözəlliyinin göstəricisi olan  geyim dəstləri, tikilişi ilə göz oxşayan kişi və uşaq geyimlərinə  baxdıqca zövq alırsan. Bir doğmalıq duyursan. Axı bu geyimlərə ana-nənələrimizin, at belində qəhrəmanlıq göstərən ata-babalarımızın ruhu  hopub. 70 illik Sovet İmperiyası dövründə qoruyub saxlaya bildiyimiz dəyərlərdən bir də məhz milli geyimlərimizdir. Yaxın və uzaq ölkələrin böyük səhnələrində çıxış edən sənətkarlarımız, mahir rəqqaslarımız həmişə milli geyimdə Azərbaycanı təmsil edib.

Milli geyimlərimizdən bu gün gündəlik həyatımızda istifadə olunmasa da, milli dəyərlərimizin bir tərkib hissəsi kimi qorunub saxlanılır. Muzeylər və folklor kollektivləri bu qiymətli nümunələri hifz edib, qoruyub, bütün incəliklərinə qədər gələcək nəsillərə miras qoya biliblər. Milli dəyərlərimizin əvəzsiz  bir parçası olan geyimlərimiz vətənpərvər ziyalıların, yazıçı və şairlərin poeziyalarını, aşıq yaradıcılığını bəzəyib rəng qataraq tarixin keşməkeşli yollarından keçib bu günümüzə qədər gəlib çatıb. Bugünkü dövrümüzə qədər gəlib çatan bu əsərlər Azərbaycan xalqının geyimlərinin öyrənilməsində ən qiymətli vasitələrdən biri kimi mühüm əhəmiyyət kəsb edib. Görkəmli rəssam Bəhruz Kəngərlinin tablolarında  milli geyimli qadın və kişi təsvirlərinə rast gəlirik. Rəssamın “Naxçıvan toyu” əsəri geyimlərimizi öyrənmək baxımından qiymətli əsər kimi diqqəti cəlb edir.

Əsrdən-əsrə, nəsildən-nəslə keçərək qorunan geyimlərimizdə bədii bəzək naxışları, toxuculuq, bədii tikmə və xalq yaradıcılığının müxtəlif növləri öz əksini tapıb. Həmçinin milli geyimlərimiz sahibinin ailə vəziyyətini və yaşını hansı təbəqəyə mənsub olduğunu öyrənmək kimi əlamətləri də özündə əks etdirib. Azərbaycanda adətən, subay qızların geyimləri evli qadınların geyimlərindən seçilərdi. Cavan qızlar daha dəbdəbəli və parlaq geyinərdilər. Qadın üst geyimlərinə daxil olan ipək parçadan hazırlanmış çəpkən, beli ensiz, incəlik rəmzi arxalıqlar, tirmədən və məxmərdən tikilmiş al-əlvan küləcə, ləbbadə və baharılar qadın gözəlliyinə əlavə çalar qatırdı. Arxalıq qadın geyiminə xüsusən Naxçıvanda rast gəlinirdi. Təbii ki, bu da iqlim şəraiti ilə sıx bağlıdır. Tarixən Naxçıvanda hazırlanan ləbbadə, çaxçur, çuxa, arxalıq, küləcə, çəpkən kimi geyimlər bu gün də maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi qorunub yaşadılır.

Naxçıvanda olmuş XVII əsr türk səyyahı Övliya Çələbi qeyd edir ki, Naxçıvanın gözəl xanımları əsasən qarasaçlıdır, həddindən artıq qiymətli gödəkçələr geyirlər”.

Geyimləri araşdırdıqda onların bir neçə növə bölündüyü məlum olur. Geyim tariximizdə hər zaman diqqət və maraq obyektinə çevrilən baş geyimləri xalqımızın geyimində ən vacib elementlərdən biri olub. Cəlbedici, gözəl, rəngarəng olan qadın baş geyimlərinə kəlağayılar, çalmalar, ləçək, örpək, araqçın və s. daxil idi.

Geyimlərimizdə  corablar da xüsusi yer tutur. Naxçıvanın kontinental iqlimini nəzərə alan nənələrimiz bu geyimə xüsusi fikir veriblər. İstər yay, istərsə də qışda aktual olan corablar uzunboğaz və gödəkboğaz olmaqla yun, pambıq və yarımipək saplardan toxunur, üzəri bəzən saya, bəzən də mürəkkəb həndəsi və rəngbərəng  nəbati naxışlarla bəzədilirdi. Bu naxışlar  xalça ormentlərinə çox yaxın olduğundan, onları “gəbə corab” adlandırırdılar. Bu gün də bir çox evlərdə belə corablar saxlanmaqda və yaşlı nəslin nümayəndələri tərəfindən toxunmaqdadır. Maraqlı fakt odur ki, Naxçıvanda toxunan yun corablar öz naxışlarına görə üst geyimlərindən daha zəngin olub. Yəni, coraba salınan naxışlar yun köynək, gödəkçələrə salınmayıb. Bunu haradasa, “Dost başa baxar, düşmən ayağa” atalar sözü ilə də əlaqələndirmək olar.

Heç şübhəsiz ki, Naxçıvanda keçiriləcək  festival özündə bu cür  zəngin geyim nümunələrini bir araya toplamaqla hər bir iştirakçının zövqünü oxşayacaq, tarixə qısa bir ekskurs təsiri bağışlayacaqdır. Milli dəyərlərimizin bir parçası olan milli geyimlərimizə təkcə gənclərdə deyil, festivala qatılan əcnəbi turistlərdə də  maraq oyadacaqdır.

Milli geyimlərimiz də tarixi abidələrimiz, folklorumuz qədər əhəmiyyətli və dəyərlidir.
Öz tarixi keçmişimizi, mədəni irsimizi unutmamalı, yeri gəldikdə müasir geyimlərimizdə milli ornamentlərdən istifadə edərək xalqımızın milli mədəni tarixini hər zaman layiqincə təbliğ etməliyik.

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun da dediyi kimi,  “Milli köklərə, milli dəyərlərə qayıdış hər kəsi düşündürməlidir”, – biz bu gün milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub-yaşatmaqla, xalq yaradıcılığı sahələrinə yeni həyat verməklə əslində milli kimliyimizi qoruyuruq.

Milli dəyərlərimizin bir parçası olan milli geyimlərimizə sahib çıxaq. Azərbaycan qadınının zərifliyinin, gözəlliyinin, Azərbaycan kişisinin cəsarətinin, ləyaqətinin göstəricisi olan milli geyimlərimizi qoruyaq və onu gənc nəslə olduğu kimi sevdirək. Sevdirək ki, milli geyimlərimiz yaşamaq haqqını itirməsin, milli bayramlarımızın, şadyana günlərimizin, toy mərasimlərimizin əvəzsiz ünsürünə çevrilsin. Milli kimliyimizin atributu kimi nəsillərdən-nəsillərə ötürülsün.

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru

Son xəbərlər