18/11/2018 06:28
728 x 90

Bəzi müğənnilərin yeni fırıldağı - klassik mahnı oğurluğu...

Müğənnilər, eləcə də bəzi televiziyalar retro mahnıların müəlliflərinin adlarını məqsədli şəkildə qeyd etmirlər, yoxsa savadsızlıqdan?

img

Şəhla Mikayılova: “O müğənnilər retro sayılan bəstəkar mahnılarını müasir alətlər, texnologiyalar vasitəsilə oranjeman etdirir və onu “öz malı” kimi təqdim edirlər, müəlliflərin adları isə məqsədli şəkildə çəkilmir”
Qiymət Məhərrəmli: “Bu gün əksər televiziya və radiolarda mahnı müəlliflərinin adları həm savadsızlıqdan, həm də...”

 

Azərbaycanın professional bəstəkarlarının mahnılarını dinləmək, o mahnıların dərinliklərinə varmaq adama böyük zövq verir. O mahnılar illər əvvəllər yaransa da, müasir dinləyicilər tərəfindən sevilir. Əlbəttə ki, o əsərlər yerli-yataqlı, qaydasında ifa edilsə. Bir gözəl retro mahnı dinləyərkən onun müəllifləri haqqında da düşünməyə vadar oluruq.

Təəssüf ki, son zamanlar bəzi radio və televiziyalarda retro bəstəkar mahnıları müəllifsiz təqdim edilir. Bu da müasir tamaşaçıda, dinləyicidə belə təsəvvür yaradır ki, bu mahnıları elə onu ifa edən müğənnilər yaradıb. Çünki müğənnilər özləri o əsərləri “mənim mahnım” kimi təqdim edirlər. Özlərinə əziyyət verib demək istəmirlər ki, təqdim etdiyim mahnının sözləri filan şairə, musiqisi isə filan bəstəkara aiddir. Bu mənfi tendensiya son zamanlar geniş yayılıb. Açığını deyək, hazırda çox məşhur olan, intensiv olaraq müxtəlif müğənnilər tərəfindən ifa edilən mahnıların əksəriyyətinin müəllifinin kim olduğundan sadə tamaşaçılar xəbərsizdirlər. Çünki mahnılar özləri təbliğ edilsələr də, müəlliflər unudulur. Sözsüz ki, bu mahnıların bəstəkarlarının və mətn müəlliflərinin əqli mülkiyyət hüquqları tapdanır, onların müəlliflik hüquqları pozulur.

Müğənnilər, eləcə də bəzi televiziyalar retro mahnıların müəlliflərinin adlarını məqsədli şəkildə qeyd etmirlər, yoxsa onların adlarını çəkməyi unudurlar?

Bəstəkar Şəhla Mikayılova bizimlə söhbətində bildirdi ki, bu problem iki halda baş verir. O dedi ki, bu gün televiziya və radioların çoxunda musiqi verilişlərinin redaktorlarının əksəriyyəti musiqiçi deyil və bu da bəstəkar mahnılarının müəlliflərinin adlarının televiziya titrlərində qeyd edilməməsi, radiolarda səsləndirilməməsi ilə nəticələnir. Onun sözlərinə görə, bu məsələyə xüsusi diqqət yetirilməlidir ki, heç bir mahnı müəllifinin adı unudulmasın: “Bilirsiniz, bu problem Azərbaycan Dövlət Televiziyası və Radiosunda yoxdur. Orada istənilən mahnı təqdim edilərkən mütləq müəlliflərin adları qeyd edilir, elan olunur. Bu əsasən özəl radio və televiziyalarda baş verən xoşagəlməz hallardır. Bir çox hallarda heç müğənnilər özləri belə ifa etdikləri mahnıların müəlliflərinin adlarını bilmirlər. Bir misal çəkim, bir dəfə sözləri Hüseyn Arifə, musiqisi isə Səid Rüstəmova aid olan “Mən sülhə səs verirəm” mahnısını tanınmış müğənnilərdən biri oxuyurdu. Oxuyub qurtarandan sonra ondan soruşdum ki, bu mahnının müəllifi kimdir, o mənə “müəllifini bilmirəm” cavabını verdi. Bu da ondan irəli gəlir ki, müğənnilər mahnıları əsasən ağızdan-ağıza öyrənirlər, bəziləri zəhmət çəkib onun müəllifini axtarmır. Bu da çox pisdir. Müğənni oxuduğu hər bir mahnı haqqında bütün məlumatlara malik olmalıdır. Sözləri İslam Səfərliyə, musiqisi isə Ramiz Mirişliyə aid olan “Mirvari dalğalar” mahnısı da çox ifa olunur. Müğənnilərin çoxu heç onun da müəlliflərinin adını bilmir. Mən iş prosesində, tədbirlərdə bu halı yaxından müşahidə edirəm. Bəzən də olur ki, müğənni mahnı müəlliflərinin adını bilir, lakin eqoistliyindən müəllifin adını çəkmir. Onlar bunu məqsədli şəkildə edirlər. O müğənnilər retro sayılan bəstəkar mahnılarını müasir alətlər, texnologiya vasitəsilə oranjeman etdirir və onu “öz malı” kimi təqdim edirlər, müəlliflərin adları isə məqsədli şəkildə çəkilmir. Bəzən televiziya və radioların musiqi redaktorlarının savadsızlığı, musiqi haqqında anlayışlarının sıfır olması üzündən mahnı müəlliflərinin adları heç bir yerdə qeyd edilmir”.

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış şairə Qiymət Məhərrəmli isə hesab edir ki, sovet illərində yaranan bəstəkar mahnıları efirdə və ekranda təqdim edilərkən müəlliflərin adlarının çəkilməməsi əsasən müğənnilərin və musiqi redaktorlarının savadsızlığı ilə bağlıdır. O qeyd etdi ki, musiqi redaktorlarının çoxu Azərbaycan bəstəkarlarının sovet dövrü yaradıcılığından xəbərsizdir. Bu da analoji problemin meydana çıxması ilə nəticələnir. Q.Məhərrəmlinin sözlərinə görə, nəinki efirdə və ekranda, hətta çap olunan mahnı kitablarında belə, müəlliflərin adları ya qeyd edilmir, ya da səhv göstərilir. Ümumiyyətlə, bəstəkarların yaradıcılığına həssas münasibət olmalıdır deyən Q.Məhərrəmli hesab edir ki, əsərlər ifa olunarkən bəstəkar və şairin adlarının çəkilməməsi onların müəlliflik hüququnun kobud şəkildə pozulması deməkdir. “Siz sovet illərində yazıb-yaratmış şair və bəstəkarların mahnıları səsləndirilərkən müəlliflərin adlarının çəkilməməsini deyirsiniz, hətta sağ olan bəstəkarlar, şairlər var ki, onların qulağı eşidə-eşidə adlarını çəkmirlər. İrad bildirəndə də deyirlər ki, biz müəlliflərin kim olduğunu bilmirik. Bilmirsiniz öyrənin. Bu gün əksər televiziya və radiolarda mahnı müəlliflərinin adları həm savadsızlıqdan, həm də məqsədli şəkildə çəkilmir desəm daha doğru olardı. Çünki musiqi redaktorlarının çoxu savadsızdır və bir not belə bilmirlər. Bu halda o adamlar necə bəstəkarın, şairin müəlliflik hüquqlarını qoruya bilər? Bu gün bütün dünyada  müəllif hüquqlarının qorunması sahəsində boşluqlar var. Televiziya və radiolar peşəkarların vasitəsilə, dəstəyi ilə bəstəkar mahnılarını xüsusi şəkildə təqdim etməlidirlər ki, yeni nəsil o mahnıları sevdikləri kimi, müəlliflərini də tanısın” - deyə Q.Məhərrəmli bildirdi.

İradə SARIYEVA

Son xəbərlər