18/11/2018 06:30
728 x 90

Tarixdə iz buraxanlar: İsmayıl Şıxlı

img

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirdikdən sonra Qazax Pedaqoji Texnikumuna daxil olub. 1936-cı ildə bu texnikumu bitirdikdən sonra Kosalar məktəbində müəllimlik edib.

Fəqət o, burada çox ləngiməyib, ali təhsil almaq üçün 1937-ci ildə Bakıya gedərək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil - ədəbiyyat fakültəsinə daxil olub. İsmayıl Şıxlı burada o dövrün istedadlı gənc şairləri Tələt Əyyubov, Ənvər Əlibəyli və Böyükağa Qasımzadə ilə dostluq edib.

Bakıda tələbəlik həyatı keçirən İsmayıl ictimai prosesləri, mətbuatı diqqətlə izləyirdi. Tarixə stalinizmin qırmızı terroru ili – qanlı 37 kimi daxil olan o dövrdə mətbuatda ifşa məqalələrinin, Yazıçılar İttifaqında ifşa məclislərinin qızğın vaxtı idi. Ölkənin böyük yazıçı, şair və ziyalıları haqqında əvvəlcə mətbuatda məqalə çıxır, sonra bu məqalə üzrə yaradıcılıq ittifaqlarında müzakirələr olur, bir neçə gün sonra isə bu günahsız insanlar “antisovet və millətçilik” ittihamı ilə həbs olunur, güllələnirdilər. İsmayıl tələbə yoldaşları Tələt Əyyubov, Ənvər Əlibəyli və Böyükağa Qasımzadə ilə birlikdə Yazıçılar İttifaqındakı bu kimi bir sıra müzakirələrdə iştirak etmişdi. Yazıçı öz xatirələrində bu qanlı və vahiməli illəri o zaman insanların içinə dolan kütləvi qorxu hissini öz yazılarında təsvir edib.

Siyasi gərginliyə baxmayaraq, İsmayıl Şıxlı ədəbi prosesi diqqətlə izləyirdi. Gələcək yazıçı artıq institutda dram dərnəyinin üzvü idi. O zaman S.Vurğunun yazdığı “Vaqif” pyesi əsasında Akademik Teatrda hazırlanan tamaşa böyük mədəni hadisəyə çevrilmişdi. Tələbə İsmayıl Şıxlı tamaşanın monumental qəhrəmanlıq ruhuna heyran idi. Şəxsiyyətinə və yaradıcılığına pərəstiş etdiyi S.Vurğunla görüşlər keçirir və onun yaradıcılığının təsiri ilə şeirlər yazmağa başlayır.

1941-ci ilin iyun ayında faşizmlə müharibə başlayanda İsmayıl dövlət imtahanlarını verməyə macal tapmayaraq kəndə qayıdır və Birinci Şıxlı məktəbində tədris hissə müdiri vəzifəsinə təyin olunur. 1942-ci ilin yayında Bakıya gəlib dövlət imtahanlarını verir və müəllimlik diplomu alır.

İsmayıl Şıxlı 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırılır. O, cəbhə həyatının ilk aylarında hərbi həyatın çətinlik və acılarına alışa bilmir, ev üçün, əzizləri üçün, kənd üçün darıxır, doğma yerlərin xiffətini çəkir. Amma bütün hallarda qələm onun əsas dayağı olur, kədər və həsrət duyğularının təsirilə şeirlər yazır, hətta özünə “Yalqız” təxəllüsü götürür ki, bu da hərbi həyatın ilk dövründə çəkdiyi çətinliklərin əksi idi. O, şeirlərini bəzən evə yazdığı məktublara da əlavə edirdi. Nəticədə atasından da mənzum məktublar almağa başlayır.

Hərbi xidmətə başlayandan macal tapan kimi əsgər gündəliyini yazır, cəbhə həyatına dair fikir və müşahidələrini qeyd edirdi. Hətta 1943-cü ildə cəbhədə yazdığı “Qızıl lalə” hekayəsini “Kommünist” qəzetinə yollamışdı.

Faşistlər Şimali Qafqazdan qovulandan sonra onların cəbhəsi Ukrayna torpaqlarına çıxır. Sovet ordusunun hücumlarının əsas istiqaməti Almaniya idi. İsmayılın qulluq etdiyi hərbi hissəni Belarus cəbhəsinə, Berlinə doğru hücum əməliyyatının mərkəzi istiqamətinə yollayırlar. İsmayıl artıq bərkdən-boşdan çıxmış bir əsgər idi, daha şeir yazmır, müharibənin sonu barədə düşünürdü. Sovet qoşunları Almaniya ərazisinə daxil olandan sonra İsmayıl hücüm istiqamətində ağır döyüşlərdə iştirak edirdi. O, xidmətlərinin qarşılığında “Qafqazı müdafiəyə görə” medalı, 1944-cü ilin noyabr ayında isə “Qızıl Ulduz” ordeni ilə təltif olunur.

Alman faşizmi üzərində qələbədən sonra İsmayıl doğma Kosalar kəndinə qayıdır. Əsgəri borcunu şərəflə yerinə yetirən İsmayılı doğmalar, tanışlar böyük məhəbbətlə, əsil qalib əsgər kimi qarşılayr. Bir-iki fərəhli gündən sonra İsmayıl müharibə dövründə böyük məhrumiyyətlər çəkmiş Kosalar kəndinin ağır maddi vəziyyətini bütün dərinliyi ilə duyur. Bu reallıq onun müharibədən sonrakı həyatı barədə xəyalları ilə ziddiyyət təşkil edirdi. Kolxozun təsərrüfatı dağılmış, evlərdə ağır aclıq və kasıblıq hökm sürürdü. Bütün bu yoxsulluqdan qurtarmaq üçün gecə-gündüz çalışmaq lazım idi. İsmayıl çalışmasına kənd məktəbində başlayır. Kosalar kəndindəki məktəbdə dərs-hissə müdiri təyin edilərək bir il bu məsul işdə çalışdıqdan sonra 1946-cı ilin oktyabr ayında Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasına qəbul olunur. Elmi şura onun namizədlik dissertasiyası üçün “Hötenin dramaturgiyası” mövzusunu təsdiq edir. Görkəmli ədəbiyyatşünas Əli Sultanlı onun elmi rəhbəri olur. Fəqət kosmopolitizmə qarşı mübarizə kampaniyası İsmayıla ağır zərbə olur: Avropa mədəniyyəti qarşısında “Sitayiş”çiliyə qarşı mübarizə bayrağı altında onun dissertasiya mövzusu ləğv olunur. Üstəlik, aspirantı olduğu “Dünya ədəbiyyatı” kafedrası bağlanır. Bu, cavan alimin planlarına ağır zərbə idi. Əslində İsmayıl Şıxlını kosmopolitiklə yox, əksinə, xalqçılıqla günahlandırmaq daha doğru olardı. Fəqət stalinizm dövründə yuxarılardan gələn ideoloji kampaniyalara müqavimət göstərmək heç kəsin ağlına gəlməzdi, çünki bu, təhlükəli nəticələrlə, həbsxana və ya Sibirlə qurtara bilərdi.

Bir müddət sonra İsmayıl üçün yeni namizədlik işi kimi “Mehdi Hüseynin yaradıcılığı” mövzusu təsdiq edilir. Bu iş hazır olduqdan sonra İsmayıl yenə ədalətsizliklə üz-üzə qalır: hansı münasibətə görə isə bu işi də ləğv edirlər, halbuki, dissertasiya barədə yazılı müsbət rəylər vardı, hətta opponentlər də təsdiq olunmuşdu. İsmayıla yeni mövzu təklif ediləndə o razı olmur.

Elmi sahədəki uğursuzluqlar İsmayılı bədii və jurnalistik fəaliyyətə daha artıq diqqət yetirməyə sövq edirdi. O, yeni bir ehtirasla qələm götürüb hekayələr yazmağa başlayır. Onun “Həkimin nağılı” hekayəsi “İnqilab və mədəniyyət” jurnalında 1947-ci ildə işıq üzü görür. İlk uğurdan ruhlanan cavan yazıçının yazdığı “Kerç sularında” adlı hekayəsi müharibə mövzusunda yazdığı ilk yetkin qələm təcrübəsi sayıla bilərdi. Burada İsmayıl ilk dəfə olaraq cəbhədə gördüyü hadisələri özünə məxsus yığcam və dəqiq üslubda qələmə almışdı. Fəqət ümumilikdə, İsmayıl cəbhə mövzusunda partiya tələblərinə uyğun şəkildə yazmaqda çətinlik çəkirdi. Müharibədə öz gözü ilə gördüyü qanlı və adi gerçəkliyi nəsə başqa cür, sovet əsgərinin kütləvi qəhrəmanlığı kimi qələmə almaq İsmayıl üçün çətin idi, mənəvi cəhətdən əsgər İsmayıl buna hazır deyildi. Onun gördüyü müharibə ilə qəzetlərdə yaradılan müharibə tamamilə ayrı-ayrı şeylər idi.

İsmayıl Şıxlı ilk hekayələrinin çapından sonra jurnalistikaya və bədii yaradıcılığa meylini daha da artırır. Oçerk janrı onun qələmini itiləşdirməklə yanaşı, maddi vəziyyətini də yaxşılaşdırırdı. 1949-cu ildə İsmayıl Şıxlı Yazıçılar İttifaqına üzv qəbul edilir. Ədəbi sahədəki uğurlarının rəsmiləşməsi, cavan yazıçı kimi tanınması onu daha da qanadlandırır, yaradıcılığa daha ciddi yanaşmasına səbəb olurdu. O, böyük həvəslə Azərbaycanın rayonlarını gəzir, xüsusilə yeni salınan Daşkəsəndə tez-tez olur, oçerklər yazırdı. Daşkəsənddə topladığı müşahidələr əsasında yazıçı “Dağlar silkələnir” adlı ilk povestini yazır və bu əsər kitab halında 1951-ci ildə işıq üzü görür.

1954-cü ildə İsmayıl Şıxlı, nəhayət, M.Hüseynin yaradıçılığından yazdığı namizədlik dissertasiyasını Azərbaycan Pedaqoji İnstitutunun elmi şurasında müdafiə edir. Həmin ildən o, “Ayrılan yollar” romanı üzərində işləməyə başlayır. Bu qiymətli roman əvvəlcə jurnal variantında, sonra isə kitab şəklində işıq üzü görür. 50-ci illərin ikinci yarısından yazıçının yaradıcılığında yüksəliş müşahidə olunur. 1957-1966-cı illərdə o, əsas əsəri olan “Dəli Kür” romanı üzərində çalışır. Bu əsər 1968-ci ildə kitab şəklində işıq üzü görür və yazıçının şöhrətini daha da artırır.

İsmayıl Şıxlının “Dəli Kür” romanını yazması onun təkcə yazıçı istedadı ilə bağlı deyil, həm də Kürün gücü, onun sahilində yaşayanların buranın ab-havasına uyğun gəlməsi, uşaqlıqdan başlayaraq gördükləri və hafizəsində yaşayan hadisələrə dərin bələdçiliyi ilə bağlıdır. Bizə görə, hər şeydən əvvəl əsərə belə bir ad seçməsi dağların döşündən axan çaylardan, bulaqlardan qanad alan Kürün əzəməti, bəndlərə, bərələrə tabe olmayan çayın yaxşı mənada dəli təbiəti ilə bağlıdır. Digər tərəfdən, uşaqlıqdan ilk gördüyü çaylardan birinin Kür olması onun beynində “Dəli Kür” adlı bir obraza dərin məhəbbət yaratmışdı.

Hər bir insanın yaddaşında daha çox uşaqlıq dövrü ilə bağlı hadisələr əbədi həkk olunur. Bu mənada İsmayıl Şıxlını da uşaqlıq vaxtı sarsıdan bir hadisə heç vaxt onun yaddaşından silinməyib. Həmin hadisə belə olub: Günlərin bir günü bir dəstə silahlı adam Qaymaqlı kəndinə gəlib, kənddəki silahları yığıb. Qəzəbini cilovlaya bilməyən adamlardan biri silahlı adamların qəzəbinə tuş gəlib və sinfi düşmən kimi güllələnib. O hadisəni İsmayıl Şıxlı heç vaxt unuda bilməyib, dərdli bir nəğmə, bayatı eşidəndə hadisə gəlib gözünün qabağında durub. Və bu hadisəni uşaqlıq illərinə atılan güllə kimi qəbul edib. Ona görə ki, güllələnən adam İsmayıl Şıxlının uşaqlıq dostunun atası olub. 1932-ci ildə isə birinin səhər-səhər məktəbə gəlib onların müəllimi Mirzə Həsəni qanına qəltan etməsi ikinci faciə kimi İsmayıl Şıxlının uşaqlıq yaddaşında qalıb. O, uşaqlıq dövründə ağrının, faciənin nə olduğunu dadıb. Onun dostu atasından, özü isə müəllimindən yetim qalıb. Məhz bu cür hadisələr “Dəli Kür”dəki səhnələrin güclü olmasında İsmayıl Şıxlıya bələdçi, yardımçı olub. Nəticədə İsmayıl Şıxlı Kür qırağında böyük bir dövrün salnaməsini yaradıb.

Ədib 1965-1968-ci illərdə Yazıçılar İttifaqının katibi, 1972-ci ildə APİ-də Rus və Xarici Ölkələr Ədəbiyyatı kafedrasının müdiri, 1981-ci ildən isə Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Vicdanlı və məsuliyyətli bir şəxs olan İsmayıl Şıxlı bu illərdə hekayələr, xatirələr, tənqidi məqalələrlə çıxış edib. Bu illərdə yazıçının “Məni itirməyin”, “Daim axtarışda”, “Namərd gülləsi”, “Ölüləri qəbiristanda basdırın” kitabları nəşr olunub.

İsmayıl Şıxlı Azərbaycan Respublikasının nüfuzlu ağsaqqallarından biri idi. Yazıçı Azərbaycan Ali Sovetinin deputatı, AKP MK plenumunun üzvü idi. O, 1971-ci ildə “Şərq nişanı”, 1979-cu ildə “Qırmızı Əmək bayrağı” ordenləri ilə təltif olunmuş, 1994-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə mükafatlandırılıb.

SSRİ-nin dağılması Azərbaycan xalqına Qarabağ fəlakətini, müharibə və torpaqların itkisini gətirdi. Sovet quruluşunun dağılması ərəfəsində İsmayıl Şıxlı yaxınlaşan hərc-mərclik şəraitində cəsarətlə xalqımızın milli maraqlarını və azadlıq arzularını müdafiə edən ziyalılar dəstəsində idi. O, Bəxtiyar Vahabzadə və akademik Ziya Bünyadov kimi ziyalılarla birgə xalqımızın demokratik hərəkatının önündə idi.

1990-cı ilin qanlı yanvar hadisələri zamanı M.Qorbaçovun rejimi vətənpərvər Azərbaycan gəncliyinin qanını tökdü, milli ovqatlı qüvvələrə qanlı divan tutdu. İsmayıl Şıxlı hadisələrin isti izi ilə baş verənləri “Qanlı yenidənqurma” adlandırdı və o vaxtkı sovet rəhbərliyinin xalqımıza qarşı cinayətlərini ittiham və məhkum etdi.

İsmayıl Şıxlı 1995-ci il iyulun 20-də haqqın rəhmətinə qovuşdu. Onu son mənzilə minlərlə oxucusu yola saldı. İsmayıl Şıxlının məzarı Fəxri Xiyabandadır.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
Professor

Son xəbərlər