25/09/2018 21:50
728 x 90

Prezident xalçaçılıq sahəsində də Azərbaycanın strateji hədəfini dəqiq dedi – “xaricdən asılılığı tam kəsmək”...

“Xalçaçılığa gərəkli olan materialların ölkə daxilində istehsal olunması bizim xeyrimizədir”

img

Ziyadxan Əliyev: “Düşünürəm ki, bununla bağlı Prezidentin təşəbbüsü çox yerində olan bir addımdır”

 

“Yaxın aylarda, yəqin ki, gələn il Azərbaycanda əyirici-boyaq fabriki də işə düşəcək. Ondan sonra, ümumiyyətlə, xaricdən heç bir material gətirməyə ehtiyac qalmayacaq”. Bunu Prezident İlham Əliyev “Azərxalça” ASC-nin İsmayıllı filialının açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görülür. Ümumilikdə, ölkədə 30 xalçaçılıq fabrikinin yaradılması nəzərdə tutulur: “Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq. Burada istehsal olunan, toxunan xalçalar həm ölkə daxilində, həm də xaricdə satılacaq və beləliklə, Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcəkdir”.

Bununla yanaşı, ölkə başçısı dövlətin bu sahəni daim dəstəklədiyini qeyd edib: “Dövlət daim sizi dəstəkləyəcək. Bütün avadanlıqlar, bütün dəzgahlar, iplər - hamısı dövlət tərəfindən təmin olunur. Yaxın aylarda, yəqin ki, gələn il Azərbaycanda əyirici-boyaq fabriki də işə düşəcək. Ondan sonra, ümumiyyətlə, xaricdən heç bir material gətirməyə ehtiyac qalmayacaq. Deməli, iplərdən tutmuş, boyalara qədər bütün materiallar Azərbaycanda istehsal olunacaq. Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var”.

Görünən odur ki, həyata keçirilən tədbirlər sayəsində xalçaçılıqla bağlı xaricdən asılılıq tamamilə aradan qaldırılacaq. Bu da, öz növbəsində, Azərbaycanda istehsal olunan xalçaların maya dəyərinin aşağı düşməsinə müsbət təsir göstərəcək. Nəticədə Azərbaycan bundan daha çox qazanacaq.

Ümumilikdə, xalçaçılığın inkişafı ilə bağlı xaricdən asılılığın aradan qaldırılması istiqamətində görülən işlərə mütəxəssislər necə yanaşırlar?

Məsələyə münasibət bildirən Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev xalçaçılığın inkişaf etdirilməsi ilə bağlı xaricdən asılılığın aradan qaldırılması təşəbbüsünə müsbət yanaşdı: “Qədim zamanlardan başlayaraq Azərbaycanda xalçaçılıq inkişaf edib. Çox təəssüf ki, müəyyən dövrlərdə bu inkişaf zəifləyib. Bunun bir səbəbi də xalçaçılığın inkişafı ilə bağlı boyaq məhsullarının xaricdən gətirilməsi ilə bağlı olub. Əlbəttə ki, sözügedən materialların Azərbaycanda istehsal olunması daha məqsədəuyğundur. Qonşu İranda dövlət büdcəsinin formalaşmasında xalçaçılıqdan gələn gəlirlər mühüm çəkiyə malikdir. Bizdə də oxşar coğrafi və iqlim şəraiti var. Ona görə də burada xalçaçılığa gərəkli olan materialların əldə olunması üçün gözəl şərait var. Düşünürəm ki, bununla bağlı Prezidentin təşəbbüsü çox yerində olan bir addımdır. Xalçaçılığa gərəkli olan materialların ölkə daxilində istehsal olunması bizim xeyrimizədir. Bəzən xalça zədələnərək xarab olur. Onun yenidən rənglənərək bərpa olunmasına ehtiyac yaranır. Bu zaman ona lazım olan rənglərin tapılmasında çətinliklər yaranır. Hesab edirəm ki, məlum qərardan sonra bu problem də həllini tapacaq. Bir məqamı da qeyd edim ki, İranda xalçaçılıqla bağlı qədimdən qalma boyama texnologiyası ənənəsi qorunub saxlanıb. Ölkənin bütün bölgələrində rəng ənənəsi qorunub saxlanıb. Bu da xalçaçılığın inkişafında mühüm rol oynayır. Bütün bunlarla yanaşı, xalçaçılığın inkişafı Azərbaycanda yeni iş yerlərinin açılmasına müsbət təkan verəcək”.

Vidadi ORDAHALLI 

Son xəbərlər