18/11/2018 10:41
728 x 90

Prezident Azərbaycanda ilk regional Arxeologiya Muzeyini açdı...

Fariz Xəlilli: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyi Azərbaycanda ilk Arxeologiya Muzeyidir”

img

“Azərbaycanın başqa bölgələrində də arxeologiya muzeylərinin yaradılmasına böyük ehtiyac var”
“Milli Arxeologiya Fondunun yaradılması da zəruridir”

 

Xalqımızın arxeoloji mədəniyyəti dövlətimiz üçün böyük əhəmiyyətə malikdir. Onillər boyu arxeoloqlarımızın qazıntılar zamanı əldə etdiyi arxeoloji, etnoqrafik materiallar müxtəlif muzeylərdə, elmi-tədqiqat institutlarının fondlarında qorunub saxlanır, tədqiq edilir, barəsində məlumatlar çap olunur.

Azərbaycanda Arxeologiya Muzeyinin yaradılması məsələsi həmişə diqqət mərkəzində olub. Paytaxtda İçərişəhərdə Arxeologiya və Etnoqrafiya Muzeyi fəaliyyət göstərsə də, müstəqil olaraq Arxeologiya Muzeyimiz olmayıb. Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Dəmirçi Arxeologiya Muzeyi bu sahədə ilk arxeologiya profilli muzeydir. 

Qeyd edək ki,  Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.

Məlumdur ki, Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Ölkəmizin hər bir guşəsi maddi-mədəniyyət abidələrinin yarandığı və inkişaf etdiyi qədim insan məskənlərindən olub. Bu gün respublikamızın bir sıra bölgələrində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar əhəmiyyətli maddi mədəniyyət nümunələrinin üzə çıxarılmasına səbəb olub ki, bu da Azərbaycan tarixinin qədimliyini bir daha sübut edir. Aşkarlanan maddi mədəniyyət abidələrinin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq, həmçinin, arxeologiya muzeylərinin fəaliyyəti mühüm rol oynayır. Ölkəmizdə mədəniyyətin bütün sahələrinə göstərilən qayğı muzey işinin təşkili və bu sahədə yeni innovasiyaların tətbiq olunması baxımından da diqqət çəkir. Şamaxı rayonunun Dəmirçi kəndində yeni inşa olunan Arxeologiya Muzeyi də qədim maddi mədəniyyət abidələrinin qorunmasına xidmət etməklə, özündə bu prinsipləri nümayiş etdirir.

Tədbirdə səsləndirilən fikirlərə görə, Şamaxı rayonunun ən qədim kəndlərindən olan Dəmirçinin tarixi XV əsrə gedib çıxır. İsmayıllı rayonunun Əhən kəndindən gələn dəmirçi ailələri mövsümi xidmətlə əlaqədar burada müvəqqəti, sonralar isə daimi məskən salıblar. Kəndin adı sonra sakinlərin məşğuliyyəti ilə əlaqədar dəyişib və Dəmirçi olub.

Muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin, Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər nadir tapıntılar, məişət əşyaları nümayiş olunur. Bu eksponatlar buraya gələn turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin, muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.

MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tanınmış arxeoloq-alim, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bizimlə söhbətində Dəmirçi Arxeologiya Muzeyinin inşa edilməsini, yaradılmasını müsbət qarşıladığını bildirdi. Onun sözlərinə görə, Heydər Əliyev Fondu, şəxsən fondun prezidenti Mehriban Əliyeva zaman-zaman mədəni isrimizin qorunması ilə bağlı böyük işlər görüb. Azərbaycanda ilk Arxeologiya Muzeyinin də Heydər Əliyev Fondu tərəfindən inşa edildiyini deyən F.Xəlillinin sözlərinə görə, muzeydə birbaşa Azərbaycan arxeologiyası mühafizə ediləcək, qorunacaq və təbliğ ediləcək. F.Xəlilli qeyd etdi ki, ötən il Dəmirçi kəndi ərazisində arxeoloji qazıntılar aparılıb və sözügedən ekspedisiyada o da şəxsən iştirak edib. Alim vurğuladı ki, Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gəgəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-a qədər daş qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb. Alim vurğuladı ki, kvadrat formasında olan qəbirlərin hamısının divarları çay daşı və əhəng daşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə sal daşlarla qapanıb. Qəbirlərdə skeletlər bükülmüş vəziyyətdə, sol böyrü üstə, başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin maddi mədəniyyət nümunəsi qeydə alınıb. Tapıntılar içində saxsı və çini məmulatlar sayca üstünlük təşkil edir. Daş qutu qəbirlərdə metal nümunələr də aşkarlanıb. Onların içərisində silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri həmin camların içərisində skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır. Bu da Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsidir. Bir qəbrin skeletinin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və toplum içərisində xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.

F.Xəlilli hesab edir ki, bu muzeydən sonra digər bölgələrimzidə də Arxeologiya Muzeyinin yaradılması vacibdir: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyi Azərbaycanda ilk Arxeolgiya Muzeyidir. Bizdə indiyə qədər Arxeologiya Muzeyi olmayıb. Bakıdakı Arxeologiya və Etnoqrafiya Muzeyidir. Bu da, əslində, Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun sərgi-ekspozisya zalıdır.

Azərbaycanda açılan ilk Arxeologiya Muzeyinin fəaliyyətini alqışlayıram. Artıq muzeyə eksponatlar toplanır. Mən Heydər Əliyev Fondunun bu muzeyi inşa edib istifadəyə verməsini alqışlayıram. Bu muzeyə oxşar olan muzey Qala Arxeoloji-Etnorqafik Muzey Kompleksidir ki, orada da arxeoloji materiallar qorunur.

Ola bilsin, hələ Dəmirçi Arxeologiya Muzeyinin qaydaları formalaşmayıb, əsasnaməsi hələ hazırlanmayıb. Bu, gələcəyin işidir. Əsas odur ki, Arxeologiya Muzeyi yaradılıb. Bu, ilk təşəbbüs kimi çox təqdirəlayiqdir. Bu muzeyin yaradılması, onun üçün ayrıca binanın inşa edilməsinə görə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Bu işlər Mehriban xanımın şəxsi təşəbbüsü, nəzarəti altında həyata keçirilib. Bir arxeoloq, bir mütəxəssis kimi onun fəaliyyətini alqışlayıram. Düşünürəm ki, bu çox uğurlu tendensiyadır və o davam etməlidir. Azərbaycanın başqa bölgələrində də arxeologiya muzeylərinin yaradılmasına böyük ehtiyac var. Onu da deyim ki, bu gün Azərbaycanda Milli Arxeologiya Fondunun yaradılması da zəruridir. Düşünürəm ki, belə bir fond yaradılarsa, biz o fondda Azərbaycan ərazisindən tapılan bütün arxeoloji materilları toplaya bilərik. Çünki bu sahədə ciddi pərakəndəlik hökm sürür. Hazırda arxeoloji materiallarla bağlı vahid bir fondun yaradılması aktualdır. Bununla bağlı əlaqədar qurumlara müraciət etməyi düşünürəm. Fikrimcə, aidiyyəti təşkilatlar bu təşəbbüsü geri çevirməyəcəklər. Bu gün Azərbaycandakı arxeoloji materialların inventarizasiyası məlum deyil. Bilinmir ki, hansı region muzeyində hansı arxeoloji materiallar var. Dəmirçi Arxeologiya Muzeyindən sonra Azərbaycan Respublikasının Milli Arxeologiya Fondunun yaradılmasına çox böyük ehtiyac var. Azərbaycandakı bütün arxeoloji materiallar-dəmir, saxsı, tunc, şüşə, sümük, dəri, tekstil, gümüş, qızıl, mis və s. bir fondda toplanmalı və bir-bir sənədləşdirilməlidir. Çünki bu materialların çoxu sənədləşdirilmədiyi üçün, biz hansısa materialı axtaranda onun harada olduğunu bilmirik. Nəyisə tapmaq üçün çətinlik çəkirik. Bəzən muzey rəhbərlərinin özləri bilmirlər ki, hansısa bir arxeoloji material haradan aşkarlanıb. Materiallar yer dəyişdirir və onların data bazası yaradılmır. Arxeologiya Muzeyinin yaradılması çox əhəmiyyətlidir”.

İradə SARIYEVA

Son xəbərlər