26/09/2018 05:39
728 x 90

Aktyorlar film və teatrlardan reklamlara, aktrisalar xına məclislərinə meyllənir...

Ekspertlər hesab edirlər ki, teatr və kinoda aktyorların maddi təminatı yetərincə olmadığı üçün bu yolu seçirlər

img

Zülfiyyə Eldarqızı: “Toylarda tamadalıq etmək, xınayaxdı mərasimlərini aparmaq, yaxud reklamlara çəkilmək aktyor və aktrisaların maddi cəhətdən əlavə gəliridir”
Təranə Əlizadə: “Teatrda, kinoda rolla təmin olunmayan aktyor və aktrisaların reklamlara çəkilməsi, toylarda tamadalıq, xınayaxdı mərasimlərində aparıcılıq etməsi tam təbiidir”

 

Sözsüz ki, hər bir aktyorun, aktrisanın arzusu kinoda və teatrda maraqlı, yaddaqalan, xarakterik obrazlar yaratmaqdır. Çətin ki, bu arzuda olmayan səhnə adamı tapılsın. Ancaq çox vaxt səhnə adamlarının çoxuna bu imkanlar nəsib olmur. Hansısa səbəblərdən onlar tamaşalarda rol almır, filmlərə, seriallara çəkilə bilmirlər. Bu da qaydadır ki, indi əksər rejissorlar istər kinoda, istərsə də  teatrda bir neçə aktyor və aktrisa ilə işləyirlər. Bu da belə rəy yaradır ki, sanki onlardan başqa səhnə, kino adamı yoxdur.

Bu gün peşəkar səhnə və kino xadimləri giley edirlər ki, aktyor və aktrisalar teatrda rol oynamaqdansa, filmlərə, seriallara çəkilməkdənsə, reklamlara çəkilməyə, toylara tamada getməyə, xınayaxdı mərasimləri aparmağa daha çox üstünlük verirlər. Həqiqətən də bu gün bir sıra aktyor və aktrisaları el məclislərində aparıcılıq, tamadalıq edən, reklam çarxlarına çəkilən görürük. Bir az siması tanınan kimi yerli şirkətlər həmin aktyor və aktrisanı reklama çəkilməyə dəvət edirlər.

Bir sıra aktyor və aktrisalar nə üçün teatrda rol oynamaqdan, filmlərə, seriallara çəkilməkdən imtina edirlər?

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktisa, tanınmış bədii qiraətçi Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, reklam çarxlarına çəkilən, toylarda, şənliklərdə tamadalıq edən, xınayaxdı məclisləri aparan aktyor və aktrisalara pis baxmaq olmaz. Onun sözlərinə görə, bu gün teatrda aktyor və aktrisaların maaşı elə də çox deyil ki, bu onların güzəranını təmin etsin. Z.Eldarqızı qeyd etdi ki, hazırda aktyor və aktrisaların məclislərdə, toylarda tamadalıq, aparıcılıq etməsi müsbət haldır. O hesab edir ki, bunun sayəsində uzun illərdir toylarda yaşanan bəzi neqativ hallar aradan qalxmaqdadır. Aktyor və aktrisaların el şənliklərində tamadalıq etməsi nəticəsində artıq bir sıra toylar səhnəyə bənzəyir. Onların toylara yeni mədəniyyət gətirdiyini qeyd edən Z.Eldarqızı hesab edir ki, toy səhnəsi də teatr adamları üçün, bir növ, öz istedadını insanlara çatdırması meydanıdır. Adi adamlar tamadalıq edərkən heç də poeziyamızın, musiqimizin, adət-ənənələrimizin gözəlliyini tam olaraq qonaqlara çatdıra bilmirdilər, amma səhnə adamları bunun öhdəsindən asanlıqla gəlirlər.     

“Belə baxanda aktyorlar, aktrisalar teatrdan nə qədər maaş alırlar ki? Onların maaşı çox azdır. Toylarda tamadalıq etmək, xınayaxdı mərasimlərini aparmaq, yaxud reklamlara çəkilmək aktyor və aktrisaların maddi cəhətdən əlavə gəliridir. Aktrisa, aktyor teatrda 170-180 manat maaş alır, amma bir xınayaxdına gedirsə, burada daha çox gəlir əldə edir. Bu gəlirləri də bir aya vuranda xeyli pul edir və onlar öz həyat tərzlərini düzəldirlər. Aktyorlar, aktrisalar öz güzəranlarını daha yaxşı təmin etmək üçün toylara, xınayaxdılara gedirlər. Reklama gəlincə, ora çəkilməyin qiyməti ilə seriala çəkilməyin qiyməti demək olar ki, eynidir. Hər ikisinə bir gün vaxt sərf edilir. Seriala da, reklama da çəkiləndə 50-100 manat alırlar, xüsusi aktyorlara isə əlavə olaraq 100 manat verilir. Mən bir səhnə adamı kimi tamadalıq edən aktyorlara, xınayaxdı aparan aktrisalara pis baxmıram. Əvvəllər toylarımızda vəziyyət başqa idi. Amma indi toylarımızı əsasən bir qadın, bir kişi aktyor aparır. Deyim ki, toylarımız artıq sənət səviyyəsinə yaxınlaşır. Bu gün toy evləri xüsisi dekorlarla  bəzədilir, toylarda gözəl rəqslər, şeirlər təqdim edilir. O gün toylardan birində rəqs ansamblının gözəl bir ifasının şahidi oldum. Toyda gözəl bir rəqs səhnəsi qurulmuşdu. Hazırda hər kəs çalışır ki, toyunda aktyor və aktrisalar aparıcılıq etsin. Bu da çox effektiv olur. Toylarımızın daha maraqlı, qayda-qanunla keçməsi üçün bu cür aparıcıların olması labüddür. Bu bir tərəfdən aktyor və aktrisaların qazanc yeridir, digər tərəfdən isə toy estetikasına edilən müsbət gözəllikdir. Aktyor, aktrisa evdə oturanda hansı bir gözəl şeiri yada salır ki? Heç birini. Amma toya, məclisə, xınayaxdıya gedəndə, istər-istəməz, gözəl şeirlər əzbərləyir, öz üzərində işləyir. Mənim üçün şəxsən toylar, məclislər bir məşq səhnəsidir. Aktyor və aktrisalar toylara bir yaradıcılıq meydanı kimi baxırlar” - deyə Z.Eldarqızı bildirdi.

Mədəniyyətşünas Təranə Əlizadə də hesab edir ki, toya gedən aktyor və aktrisanı qınamaq olmaz. Onun sözlərinə görə, bəzən aktyora, aktrisaya irad bildirirlər ki, bir gün əvvəl tamaşada baş rol oynamısan, sabahı gün də gedib toylarda, xınayaxdılarda aparıcılıq edirsən. Bu iradın yersiz olduğunu deyən T.Əlizadə bildirir ki, bu gün teatrlarda heç də bütün aktyor və aktrisalar rolla təmin olunmur: “Sirr deyil ki, bəzi aktyorlar teatrda rol bölgüsündən kənarda qalırlar. Bu adamlar quru maaşın ümidinə necə yaşaya bilərlər? Odur ki, öz potensiallarından istifadə edərək toylara, xınayaxdılara gedirlər. Onları qınamaq olmaz. Bəzən görürsən ki, hərtərəfli təmin olunmuş bir aktrisa toylara, xınayaxdılara gedən həmkarlarına irad bildirir. Bu düzgün deyil. Əgər o aktisanın, o aktyorun maddi durumu yaxşı olsa, teatr və kinodan başqa heç nə düşünməz. Kinoya, seriala da çox vaxt öz ətraflarındakı adamları çəkirlər. Bəzən müğənniləri, bəzən də incəsənətlə əlaqəsi olmayanları, modelləri çəkirlər. Sən aktyora, aktrisaya yaxşı pul ver, filmə çək, gör nəticəsi necə müsbət olur. Teatrda, kinoda rolla təmin olunmayan aktyor və aktrisaların reklamlara çəkilməsi, toylarda tamadalıq, xınayaxdı mərasimlərində aparıcılıq etməsi tam təbiidir. Teatrlar özləri aktyor və aktrisaların qeydinə qalmalıdırlar. Bu gün onlara qarşı teatrlarda baş verən ayrıseçkilik onları səhnədən toy məclislərinə aparır”.

İradə SARIYEVA 

Son xəbərlər