26/09/2018 05:37
728 x 90

Ermənilərin mənimsədiyi türk-müsəlman mədəniyyət abidələrinin vahid reyestri...

img

Araz Yaquboğlu:Düşünürəm ki, dövlət tərəfindən bir komissiya yaradılmalı və ermənilər tərəfindən saxtalaşdırılan bütün abidələrimiz o komissiya üzvləri tərəfindən araşdırılmalı, bu məlumatlar əsasında kataloq, kitab nəşr edilməlidir”
Zaur Əliyev: “... o abidələrin kataloqunu çap etməkdənsə, o kataloqun elektron variantını hazırlayıb dünyanın ən qabaqcıl internet texnologiyalarına tətbiq etməliyik”

 

Erməni saxtakarlığının həddi-hüdudu bilinmir. Azərbaycan xalqına məxsus qədim alban, türk-qıpçaq, türk-müsəlman tarix-mədəniyyət abidələrini erməniləşdirməyə çalışan bədnam qonşularımız abidələrimizə qarşı gerçək soyqırım həyata keçirirlər.

Təəssüf ki, bu gün həm Qərbi Azərbaycanda, həm də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda və ətraf rayonlarda mövcud olan qədim alban, türk-qıpçaq, türk-müsəlman abidələri ermənilər tərəfindən kütləvi olaraq “erməni abidəsi” kimi  qeydiyyata alınır. Abidələrimizin kütləvi surətdə erməni saxtakarlığına məruz qalması, sözsüz ki, bizim tariximizə, mədəniyyətimizə, dəyərlərimizə qarşı erməni təcavüzüdür.

Alimlər bildirir ki, artıq neçə əsrdir davam edən ermənilərin tarixi həqiqətləri mütəşəkkil saxtalaşdırma cəhdlərinin qarşısı beynəlxalq təşkilatlar səviyyəsində alınmalıdır. Alimlər qeyd edir ki, etnik kimliyi hələ də şübhə altında olan və Qafqaza yamaq kimi vurulan ermənilər-haylar Azərbaycan xalqının tarixi-mədəni irsininə əl uzatmaqdan çəkinməyiblər. Tədqiqatçılar qeyd edir ki, özlərini regionda xristianlığın “əsas təmsilçisi” kimi göstərmək istəyən ermənilər Azərbaycan ərazilərində mövcud olan və ulu babalarımızdan miras qalan xristian qıpçaq, xristian alban tarixi irsinə yiyələnmək iddilarını ortaya qoyurlar.

Ermənilərin mənimsədiyi Azərbaycan xalqına məxsus qədim alban, türk-qıpçaq, türk-müsəlman tarix-mədəniyyət abidələrinin rəsmi səviyyədə kataloqunu hazırlamağımız, yaxud  bu abidələr haqqında tam məlumatı əks etdirən kitab nəşr etməyimiz mümkündürmü?

Tədqiqatçı Araz Yaquboğlu bizimlə söhbətində bildirdi ki, bu gün ermənilərin mənimsədiyi və erməniləşdirməyə cəhd göstərdiyi abidələrin tam siyahısını tərtib etmək və onların kataloqunu hazırlamaq müsbət hal olardı. O hesab edir ki, bu abidələrlə bağlı xüsusi kitab nəşr etməyimiz də yerinə düşərdi.

A.Yaquboğlu qeyd etdi ki, ermənilərin erməni işğalı altında olan Dağlıq Qarabağda və Qərbi Azərbasycanda mövcud olan bütün türk-xristian, türk-müsəlman abidələrinin yalnız onlara məxsus olmasını iddia etməsi qəbulolunmazdır. O bildirdi ki, Qərbi Azərbaycanda minlərlə abidə var ki, onlar bizim ulu balalarımızdan miras qalıb. “Dünya bir həqiqəti dərk etməlidir ki, ermənilər bu torpaqlara yaddır, onlar bura Çar Rusiyası tərəfindən köçürülüb. Bölgəyə sonradan köçürülən bir toplum hansı haqla bizə məxsus qədim tarixi-mədəniyyət abidələrinə iddia edə bilər? Çox təəssüf ki, bu gün ermənilər Qərbi Azərbaycanın bizə məxsus bütün bölgələrində mövcud olan tarixi abidələri erməniləşdirməyə cəhd göstərirlər. Hesab edirəm ki, həm Qərbi Azərbaycanda, həm erməni işğalında olan Dağlıq Qarabağda, eləcə də ətraf rayonlarda mövcud olan tarixi-mədəniyyət abidələrinin hamısının siyahısı tam olaraq tərtib edilməlidir. Düzdür, ayrı-ayrı tarixçilər, tədqiqatçılar bu abidələr haqqında məlumatlar toplayıb nəşr etdiriblər. Qərbi Azərbaycanda olan tarix-mədəniyyət abidələrimizlə bağlı tədiqatçı Əziz Ələkbərli xeyli işlər görüb, hətta bu məsələ ilə bağlı kitab da çap etdirib. Qərbi Azərbaycan ərazisində türk-qıpçaq, türk-alban, türk – müsəlman abidələri kifayət qədərdir. Düşünürəm ki, dövlət tərəfindən bir komissiya yaradılmalı və ermənilər tərəfindən saxtalaşdırılan bütün abidələrimiz o komissiya üzvləri tərəfindən araşdırılmalı, bu məlumatlar əsasında kataloq, kitab nəşr edilməlidir. Ayrı-ayrı şəxslərin arxivində də qədim abidələrimizlə bağlı məlumatlar yox deyil. Elə mənim özümdə doğulduğum Göyçə mahalının Daşkənd kəndində olan abidələrin siyahısı var. Bütün məlumatlar toplandıqdan, ciddi araşdırıldıqdan sonra ermənilər tərəfindən saxtalaşdırılan abidələrimizin kataloqu da hazırlanmalıdır, kitab da çap olunmalıdır. Bu işi Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna da həvalə etmək olar. Çünki Tarix İnstitutunda da bu istiqamətdə işlər görülür.  Ermənilər tərəfindən mənimsənilən Azərbaycan xalqına məxsus qədim alban, türk-qıpçaq, türk-müsəlman tarix-mədəniyyət abidələrinin araşdırılması istiqamətində işlər mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir ki, müsbət nəticə əldə edə bilək. Bu ideya gerçəkləşərsə, çox müsbət nəticələr verə bilər. Biz bununla erməni saxtakarlığına ağır bir zərbə endirmiş olarıq. Kataloq hazırlansa, kitab nəşr edilsə gənc nəsil də öz tarixi abidələri ilə yaxından tanış olacaq”.

A.Yaquboğlu hesab edir ki, həm kataloq, həm də kitab hazırlanarsa, biz o nəşrləri elektron qaydada da bir neçə dildə müvafiq internet vasitələrində yerləşdirə bilərik.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, erməni saxtakarlığının ifşası istiqamətində işlər görən Zaur Əliyev də bizimlə söhbətində erməni saxtakarlığına qarşı barışmaz mövqe nümayiş etdirməli olduğumuzu bildirdi. O hesab edir ki, ermənilər tərəfindən saxtakarlığa uğrayan Azərbaycan xalqına məxsus qədim alban, türk-qıpçaq, türk-müsəlman tarix-mədəniyyət abidələrininin siyahısı tam hazırlanmalıdır, amma bu elektron şəkildə olsa, daha yaxşı olar. Virtual kataloq və virtual kitabın hazırlanmasına tərəfdar olan Z.Əliyev təklif edir ki, siyahı tam tərtib ediləndən sonra müxtəlif proqramlar vasitəsilə internetə yüklənsin. Dünyanın ən qabaqcıl internet tətbiqlərindən istifadə edilərək virtual kataloq hazırlanmasının daha böyük nəticə verəcəyini deyən Z.Əliyev hesab edir ki, bu, Azərbaycan xalqına məxsus qədim alban, türk-qıpçaq, türk-müsəlman tarix-mədəniyyət abidələrini erməniləşdirməyə çalışan bədnam qonşularımıza daha böyük zərbə olar. “İdeyanın özü çox maraqlıdır. Düşünürəm ki, biz o abidələrin kataloqunu çap etməkdənsə, o kataloqun elektron variantını hazırlayıb dünyanın ən qabaqcıl internet texnologiyalarına tətbiq etməliyik. Bununla bağlı muzeylərdə virtual göstəricilər də hazırlamalıyıq. Yəni muzeylərdə bu abidələrin adları, tarixi, şəkilləri virtual olaraq ziyarətçilərə təqdim edilməlidir. Bu gün daha çox virtual muzeylər yaratmalıyıq ki, erməni saxtakarlığı ilə mübarizəmizin nəticəsi olsun. Hələ indiyə qədər nə Qarabağla, nə də Qərbi Azərbaycanla bağlı bir virtual muzeyimiz yoxdur. Əslində, bu işi həyata keçirməliyik”-deyə bildirən Z.Əliyevin sözlərinə görə, ermənilərin mənimsədiyi abidələrin siyahısı müəyyən qədər hazırlanıb, amma bu siyahı tam deyil. O hesab edir ki, bu sahədə səylərimizi davam etdirib erməni saxtakarlığı ilə üzləşən abidələrimizin tam siyahısını tərtib edə bilərik.

İradə SARIYEVA

Son xəbərlər