24/09/2018 08:25
728 x 90

Bakıda bir sıra tarixi şəxsiyyətlərin heykəlləri və qəbirüstü abidələri hələ də tək kiril əlifbası ilə tanıdılır

img

Buludxan Xəlilov: “O heykəllərin, qəbirüstü abidələrin üzərindəki kiril əlifbası ilə yazılara toxunmadan, onların yanında latın əlifbası ilə həmin şəxsiyyətlərin adları və soyadları, kimlikləri yazılmalıdır”
İbrahim İlyaslı: “Heykəllər və qəbirüstü abidələr üzərində kiril əlifbası ilə olan yazıların saxlanması o abidələrin tarixiliyinə dəlalət edir”

 

Bakı heykəllər, abidələr şəhəridir desək yanılmarıq. Paytaxtımızda Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin heykəlləri, monumental abidələri ucaldılıb. Tarixi şəxsiyyətlərin məzarüstü abidələri də bir sənət nümunəsi kimi diqqəti çəkir.

Məlum olduğu kimi, Bakıda tarixi şəxsiyyətlərə, ədiblərə, elm və mədəniyyət xadimlərinə heykəl qoyulması ənənəsinin əsası Sovet dövründə qoyulub. Təbii ki, həmin dövrün rəsmi əlifbası kiril qrafikası olub və bu səbəbdən də bütün heykəllərin üzəri sözügedən əlifba ilə yazılıb. Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra ölkəmiz latın qrafikasına keçid etdi və hazırda rəsmi əlifbamız latın əlifbasıdır.

Bu gün paytaxtımızda Sovet dövründə ucaldılan abidələrin bir çoxunun üzərindəki yazılar kiril əlifbası ilədir. Bu gün hətta Sovet dövründə ucaldılan tarixi şəxsiyyətlərin qəbirüstü abidələrinin də üstündəki yazı keçmişdəki kimi qalıb, yəni onlar latın əlifbası ilə əvəz edilməyib. Məsələn, dahi Üzeyir Hacıbəyovun Bakı Musiqi Akademiyası qarşısında qoyulan abidəsində hələ də onun adı və soyadı kiril əlifbası ilə qeyd olunmuş qalır. Şəhərimizdəki bəzi heykəllərin üzərindəki yazı latın əlifbası ilə yenidən yazılsa da, bir qismində dəyişiklik edilməyib.

Ekspertlər qeyd edirlər ki, Bakıda qoyulan heykəllərə nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlara aid olduğundan, onların üzərindəki yazı bu qurumlar tərəfindən dəyişdirilməlidir.

Bəzi ekspertlər vurğulayırlar ki, sözügedən heykəllər üzərindəki yazılar tarixi bir dövrü əks etdirdiyi üçün, onu silmək olmaz, həmin yazını saxlamaq şərti ilə heykəlin üzərinə heykəlin mənsub olduğu şəxsiyyətin adı və soyadı latın qrafikası ilə də yazılmalıdır.  

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, dilçi-alim, professor Buludxan Xəlilov da bu qənaəti bölüşür. B.Xəlilov da hesab edir ki, heykəllərin üzərindəki kiril əlifbası ilə yazılmış yazını pozmalı deyilik. “Sovet dövründə qoyulan heykəllərin, qəbirüstü abidələrin üzərindəki kiril əlifbası ilə yazılan yazılar həmin dövrün tarixidir. Biz tarixi həm də müəyyən heykəllər, abidələr vasitəsilə öyrənirik. Gələcək nəsillər biləcəklər ki, bu abidə, heykəl Sovet dövründə qoyulub və həmin dövrdə də ölkəmizin əlifbası kiril qrafikası olub. Bu da tarixi qorumaq baxımından çox vacib, əhəmiyyətli bir məsələdir. Çünki istənilən bir abidə, heykəl, yazı tarixin özünü yaşadır. Tarixin özü də bu cür yaşamalıdır. Belə etmək olar ki, o abidələr üzərindəki kiril əlifbasına toxunmadan, onun yanında latın əlifbası ilə bu heykəlin kimə aid olduğunu, onun kim olduğunu əks etdirən məlumat yazılsın. Hər halda, bu işi gələcəkdə mərhələ-mərhələ görmək olar. Ancaq kiril əlifbası ilə yazılan yazılara dəyməmək şərtilə. Gələcək nəsillər bu heykəllərə baxanda düşünməlidirlər ki, bu nə üçün həm kiril, həm də latın əlifbası ilə yazılıb. Onlar artıq bu yolla həmin tarixi öyrənəcək, tarixi şəxsiyyətin yaşadığı dövrlə, heykəlin qoyulduğu dövrün əlifbasının tarixi ilə maraqlanacaqlar”- deyə bildirən B.Xəlilovun fikrincə, istənilən bir abidəyə, yazıya tarix kimi baxmaq lazımdır. O hesab edir ki, tarixin pisi də, yaxşısı da bizimdir. Alim qeyd etdi ki, yaxşı ilə fəxr etmək, pisdən isə nəticə çıxarmaq lazımdır: “O heykəllərin, qəbirüstü abidələrin üzərindəki kiril əlifbası ilə yazılara toxunmadan, onların yanında latın əlifbası ilə həmin şəxsiyyətlərin adları və soyadları, kimlikləri yazılmalıdır”.

Əli Kərim adına Poeziya Evinin rəhbəri, tanınmış şair İbrahim İlyaslı da bizimlə söhbətində bildirdi ki, heykəllər və qəbirüstü abidələrin üzərindəki kiril əlifbası ilə yazılan yazıları pozmaq olmaz. Bu yazıların tariximizin bir parçası olduğunu qeyd edən İ.İlyaslının sözlərinə görə, onların dəyişdirilməsinə ehtiyac yoxdur: “Əgər biz onlara bir tarixi abidə kimi baxsaq, üzərlərindəki kiril əlifbası ilə olan yazı da o abidələrin qoyulduğu dövrə dəlalət edir. Heykəllərin, qəbirüstü abidələrin üzərindəki yazılar pozularsa, latın əlifbası ilə əvəz edilərsə, onları yüz il bundan sonra araşdıran şəxs bu abidələrin nə zaman qoyulduğunu bilməyəcək. Yazılar kiril əlifbasında saxlansa, tarixçilər araşdıracaqlar ki, Azərbaycanda hansı dövrdə kiril əlifbasından istifadə edilib. Biz tarixi abidələrimiz, heykəllərimiz üzərindəki əlifbanı dəyişsək ki,  latın qrafikası ilə yazılmalıdır, onda o abidələr tarixi əhəmiyyətini itirər. Hesab edirəm ki, heykəllərin və qəbirüstü abidələrin üzərindəki kiril əlifbası saxlanmalıdır. Ciddi ehtiyac duyulan yerlərdə heykəllərin kimə məxus olduğu latın qrafikası ilə əlavə yazılsın, amma kirillə olan yazıya toxunulmasın. Heykəllər və qəbirüstü abidələr üzərində kiril əlifbası ilə olan yazıların saxlanması o abidələrin tarixiliyinə dəlalət edir. Ona görə də, fikrimcə, onların qalması lazımdır”.    

İradə SARIYEVA

Son xəbərlər