16/11/2018 22:49
728 x 90

Azərbaycan milli sirk truppasının hazırkı vəziyyəti…

Rəcəb Məmmədov: “Onu demək lazımdır ki, hazırda Azərbaycanın sirk kollektivi yoxdur”

img

“Bu gün Rusiyada, Avropada, hətta Amerikada yaşayan azərbaycanlı sirk artistləri var”
“Ümumiyyətlə, Azərbaycan sirkinin problemlərindən biri də yeni sirk artistlərinin yetişdirilməsi məsələsidir”

 

Sirk elə bir sahədir ki, kiçikdən böyüyə hər kəsin marağını özünə cəlb edir. Azərbaycanda sirkin tarixi 70 ildən artıq bir dövrü əhatə edir. Azərbaycan Dövlət Sirkinin milli truppası hələ erkən dövrlərdən formalaşmağa başlayıb. Milli sirk truppamız dünyanın dörd bir yanında rəngarəng proqramla çıxış edib.

Qeyd edək ki, keçən əsrin 90-cı illərində, bir sıra sahələrdə olduğu kimi, milli sirk truppamızın da həyatında müəyyən problemlər yaşanıb. Lakin 2006-cı ildən milli sirk truppasının fəaliyyətinə münasibət müsbət mənada dəyişməyə başlayıb. Məlumatlara görə, sirk rəhbərliyinin milli kollektivin bərpası istiqamətində apardığı gərgin iş müsbət nəticə verib. Azərbaycanlı sirk ustaları ilə danışıqlar aparılması nəticəsində milli truppanın fəaliyyətinin bərpasına nail olunub. Onu da vurğulayaq ki, Azərbaycan milli truppasının proqramının premyerası 2007-ci ilin martında Bakı Dövlət Sirkində baş tutub. 11 il əvvələ təsadüf edən bu hadisə milli sirk truppamızın həyatında böyük canlanma yaradıb. Onu da vurğulayaq ki, 2016-cı ildə Azərbaycan milli sirkinin 70 illik yubileyi qeyd olunub.

Yubiley tədbirlərində çıxış edən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edirdi ki, Azərbaycanda peşəkar sirk sənətinin inkişaf tarixi böyükdür və respublikamızda ənənəvi sirk sənətinin tarixi çox qədim dövrlərə gedib çıxır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, milli sirk sənəti böyük tarixi mərhələlər keçib. Azərbaycan sirkinin çağdaş vəziyyəti haqqında danışan R.Məmmədov müəyyən maraqlı məqamlara toxundu: “Onu demək lazımdır ki, hazırda Azərbaycanın sirk kollektivi yoxdur. Azərbaycan sirkində bir neçə dəfə kollektivlər yaradılıb. İndi isə yalnız ayrı-ayrı azərbaycanlı sirk artistləri var. Həmin artistlər dünyanın müxtəlif sirk kompaniyalarında çalışırlar. Bu gün Rusiyada, Avropada, hətta Amerikada yaşayan azərbaycanlı sirk artistləri var”.

R.Məmmədov qeyd etdi ki, Azərbaycanın milli sirk sənəti qədim bir tarixə söykənir. Onun qeyd etdiyinə görə, pəhləvanlıq ənənələri, kəndirbazlıq sənəti, at üzərində icra olunan mürəkkəb hərəkətlər, məzhəkəli oyunlar bu günümüzə qədər gəlib çatmaqla bərabər, son illərdə xalqın mədəni istirahətinin, kütləvi tədbirlərin, milli bayram şənliklərimizin əsas atributlarından birinə çevrilib: “Respublikamızda peşəkar sirk sənətinin tarixi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Milli sirk kollektivinin yarandığı vaxtdan başlanır. “Azərbaycan toyu” adlanan bu rəngarəng, zəngin sirk proqramı 1946-cı il iyunun 12-də Bakı sirkində baş tutmuş premyeradan sonra əvvəlcə Moskva sirkində, daha sonra isə SSRİ-nin müxtəlif şəhərlərində uğurla göstərilir. O zamandan etibarən Azərbaycan sirkində bir neçə nəsil istedadlı sirk artistləri yetişib, bir-birindən maraqlı milli sirk proqramları hazırlanıb.

Son dəfə Azərbaycan Milli Sirk kollektivi 1987-ci ildə yaradılıb. Bu möhtəşəm proqramda Sabir Səmədovun rəhbərliyi ilə “Alov” cigit qrupu, Erik İsrafilovun ifasında “Dəvə təlimi”, İqor Çijovun rəhbərliyi ilə “Qobustan lövhələri” kəndirbaz qrupu, Fuad Əliyevin rəhbərliyi ilə akrobatik ansambl, Alik Qurbanovun rəhbərliyi ilə “İkari oyunları”, İlya Nisanovun kloun qrupu, pəhləvan Yusif Mustafayev və başqa artistlərin parlaq sirk nömrələri nümayiş etdirilirdi. Həmin proqramın bir çox iştirakçıları, eləcə də onların övladları bu gün də dünyanın müxtəlif ölkələrində uğurla çıxış edir, xalqımıza böyük şöhrət gətirirlər”.

R.Məmmədovun bildirdiyinə görə, Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi, daha sonra Müstəqil Dövlətlər Birliyinə üzv olması, bu tarixi hadisələr nəticəsində ölkəmizdə baş verən siyasi, ictimai, sosial proseslər bütövlükdə Azərbaycan incəsənətinə, o cümlədən sirk sənətinə də təsirsiz ötüşmədi. “1992-ci ilədək Bakı Dövlət Sirki stasionar sirk müəssisəsi kimi SSRİ Mədəniyyət Nazirliyi “Dövlət Sirk Birliyinin” tabeliyində fəaliyyət göstərirdi. Digər müttəfiq respublikaların artistləri kimi, azərbaycanlı sirk artistləri də həmin birliyin işçiləri hesab olunur, təyin olunmuş marşrut üzrə çalışmaq üçün ölkənin müxtəlif sirklərinə, o cümlədən xarici qastrollara göndərilirdilər. Olduqca effektiv və əlverişli olan bu idarəetmə sistemi nəhəng “konveyeri” xatırladırdı. Stasionar sirklər proqramları qarşılayır, bilet satışının təşkili ilə bərabər, artistlərin üzləşdiyi bütün bədii, təşkilati və texniki problemləri həll edirdilər.

SSRİ-nin dağılması ilə sirk artistləri bir çox problemlərlə üz-üzə qaldılar. Müstəqillik qazanmış ölkələr arasında sərhədlərin çəkilməsi, artistlərin işləmək üçün növbəti sirkə yollandıqları vaxt gömrük, baytarlıq, nəqliyyat, valyuta və sair problemlərlə qarşılaşması bəzən çox böyük çətinliklər meydana gətirdi. Vaxtilə dəqiq bir mexanizm kimi işləyən “sirk konveyerinin” dağılması sirk rəhbərliyi, artistlər arasında çaşqınlıq yaratdı.

MDB-nin təşkili ilə bir çox məsələlərlə bağlı dövlətlərarası razılaşmalar imzalansa da, bəzi problemlər bu günə kimi öz həllini tapmayıb. Bu səbəbdən də azərbaycanlı artistlərin əksəriyyəti Rusiyanın və digər xarici ölkələrin sirk kompaniyalarına işə düzələrək, həmin ölkələrin vətəndaşlığını qəbul etməyə üstünlük verirlər”.

Qeyd edək ki, vaxtilə Azərbaycan milli sirk truppasında milli rəqs nömrələri də dünya tamaşaçılarına təqdim edilirdi. Bu rəqslərin gözəl ifaçısı Şəfiqə Baxşəliyeva idi. Bu gün sirkdə milli rəqslərə quruluş verilmədiyini qeyd edən R.Məmmədovun sözlərinə görə, Ş.Baxşəliyeva Azərbaycanda sim üzərində milli rəqs edən sənətkar olub: “Ş.Baxşəliyeva bizim sim üzərində rəqs edən yeganə artistimiz olub. Deyim ki, nə ondan əvvəl, nə də ondan sonra bu janrda çalışan sənətçimiz olub. Ümumiyyətlə, Azərbaycan sirkinin problemlərindən biri də yeni sirk artistlərinin yetişdirilməsi məsələsidir. Çünki Azərbaycanda sirk studiyası, sirk məktəbi, sirk dərnəyi yox dərəcəsindədir. Yəni, indiki artistlər hansısa sirk ailəsində yetişə bilir. Amma Azərbaycanda sirk artistlərinin yetişməsi üçün hazırda heç bir şərait yoxdur”.

R.Məmmədov qeyd edir ki, yaşadığımız dövrün gerçəkliyi, dünyada gedən qloballaşma prosesləri, milli dəyərlərimizi daha böyük əzmlə qorumağın vacibliyi bu gün ölkəmizdə sirk sənətinin inkişaf perspektivlərini şərtləndirərək, qarşıya yeni vəzifələr qoyur. Belə ki, ölkəmizdə milli sirk sənətinin inkişafı, yeni sənətçi nəslinin yetişdirilməsi və dünya arenasında təbliğini hədəfləyən konsepsiyaya xüsusi ehtiyac var. Sirk artistlərinin digər sənət sahiblərinə nisbətən beynəlxalq məkanda daha çox çıxış etməsini, onların milli dəyərlərimizi daha qabarıq şəkildə ifadə etmək imkanını, sirk sənətinin, yaşından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələri üçün maraqlı olmasını, onların ifası zamanı dil səddinin olmamasını nəzərə alsaq, bu sahənin kompleks şəkildə inkişafının zəruri olduğu daha aydın görünər: “Bunun üçün özfəaliyyət sirk kollektivlərinin yaradılması, peşəkar sirk ustalarının respublikada bir mərkəz ətrafında birləşməsi, sirk nömrələri hazırlanarkən bu işə respublikanın görkəmli bəstəkar və rəssamlarının, rejissor və xoreoqraflarının cəlb edilməsi, incəsənətimizin milli mahiyyətini qabarıq əks etdirən sirk nömrələrinin, süjetli sirk proqramlarının hazırlanması, milli proqramlarımızın xarici ölkələrdə qastrolunun təşkil edilməsi və bir çox bu kimi məsələlər həllini tapmalıdır. Əslində, belə bir mərkəz funksiyasını Bakı Dövlət Sirki də yerinə yetirə bilər. Bunun üçün şəhərimizdəki stasionar sirkin yaradıcılıq imkanları genişləndirilməli, istedadlı gənclərlə işləmək məqsədilə əlavə yaradıcı qüvvələr cəlb olunmalıdır. Dünya mədəniyyətinə yüzlərlə istedadlı insan bəxş etmiş Azərbaycanda sirk sənətinin zəngin keçmişi olduğu kimi, parlaq gələcəyinin də olacağına heç bir şübhə yoxdur. Sadəcə, bu sahənin inkişafı üçün sirkə istedadlı, bacarıqlı, peşəkar şəxslər cəlb edilməli və onlara qayğı göstərilməlidir”.

İradə SARIYEVA

Son xəbərlər