24/09/2018 08:26
728 x 90

Dünya daha bir mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinə etimad göstərdi - Prezident Sərəncamı bu etimadı rəsmiləşdirdi...

Aydın Xan Əbilov:”...mühüm əhəmiyyətə malikdir”

img

Əkbər Qoşalı:” 43-cü sessiyanın Azərbaycanın ev sahibliyilə keçirilməsi barədə məlum qərarın verilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərimizin yüksək səviyyədə inkişaf etməsini aydın şəkildə göstərir”

2019-cu ildə Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək. Tədbirdə dünyanın 180-dən çox ölkəsindən 2 minədək nümayəndənin iştirakı gözlənir.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biridir. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib:”2013-cü ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir YUNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməkdədir.

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir”-deyə sənəddə vurğulanır. .

2019-cu ildə Bakıda keçiriləcək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının əhəmiyyətinin böyük olduğunu deyən kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, ölkəmiz UNESCO-nun ən etibarlı tərəfdaşı kimi indiyə qədər bu quruma böyük töhfələr verib. A.X.Əbilovun sözlərinə görə, Azərbaycan bu qurumla mütamadi olaraq əməkdaşlıq edir. “Azərbaycan dövlətinin həyata keçirdiyi mədəni-humanitar siyasət bu gün bütün dünyada təqdir edilir. Azərbaycanla UNESCO arasında olduqca etibarlı əməkdaşlıq mövcuddur. Azərbaycan zəngin maddi və qeyri-maddi irsə sahibdir və bu irs nümunələrinin də xeyli bir hissəsi müxtəlif nominasiyalarda UNESCO-ya daxil edilib. 2019-cu ildə Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsinin özünün böyük əhəmiyyəti var. Artıq ölkə baçısı UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam da imzalayıb. Hesab edirəm ki, bu mötəbər tədbirin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait, potensial var. Ölkə başçısının bununla bağlı imzaladığı sərəncamı yüksək dəyərləndirirəm. Azərbaycan iqtisadi, sosial, mədəni, humanitar sahədə inkişaf etmiş dövlətdir. Tədbir çərçivəsində ölkəmizə gələn nüfuzlu qonaqlar, bilim adamları, elm və mədəniyyət xadimləri ölkəmizin bütün mənalarda inkişafını gözləri ilə görəcəklər. Azərbaycan Cənubi Qafqazda multikulturalizmin, tolerantlığın məkanıdır. Bu gün dünyanın bir çox ölkələri dini və milli dözümlüyün möhkəmləndiyi Azərbaycana tamam başqa nəzərlərlə baxır. Onlar bu sahədə ölkəmizi nümunə kimi qəbul edirlər. Düşünürəm ki, Prezident İlham Əliyevin Sərəncamı ilə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsi öz üzərinə düşən vəzifənin öhtəsindən uğurla gələcək və digər beynəlxalq əhəmiyyətli tədbirlər kimi bu tədbir də yüksək səviyyədə keçirləcək. Ölkə başçısı həmişə ölkənin mədəniyyət siyasətinə xüsusi önəm verib və bu sahədə köklü işlər görülüb. Azərbaycan sülhünəmin-amanlığın və mədəniyyətlərarası dialoqun mövcud olduğu bir ölkədir. Bu baxımdan, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi mühüm əhəmiyyətə malikdir”.

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-publisist Əkbər Qoşalı da hesab edir ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi Azərbaycanın nüfuzunun dünyada daha da artmasına, ölkəmizin maddi və qeyri-maddi irsinin beynəlxalq aləmdə tanıdılmasına, bu sahədə görülən işlərin daha geniş miqyas almasına böyük stimul verəcək. “UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının gələn il 30 iyun - 10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə bağlı geniş tərkibli Təşkilat Komitəsinin yaradılması ilə bağlı Azərbaycan Prezidentinin verdiyi Sərəncam, əlbəttə, diqqətəlayiq hadisədir. İlk növbədə onu qeyd etməliyik ki, bu sərəncamdan irəli gələn məsələlərin həlli və 43-cü sessiyanın keçirilməsi həm yerli həm də uluslararası xarakter daşıyır. Diqqət etdinizsə, Təşkilat Komitəsinin tərkibi elə müəyyənləşdirilib, bu az qala bütün hökumət strukturlarını, bir sıra başqa qurum və quruluşları əhatə edir. Bu da, öz növbəsində dövlətimizin, şəxsən dövlət başçımızın məsələyə necə həssas yanaşmasının təzühürüdür”-deyə bildirən Ə.Qoşalının sözlərinə görə, ikincisi, tərkibdə adıkeçən qurum və quruluşlar vasitəsilə müvafiq dövlət strukturlarımız məsuliyyət bölgüsü üzrə funksional vəzifələr daşıyacaq - həm təcrübə bölüşülmüş olacaq, həm də yeni təcrübə əldə ediləcək. Bu, elə bilirəm, sessiya iştirakçıları üçün də yaddaqalan örnək hadisə olacaq və gələcəkdə Azərbaycan təcrübəsi başqa ölkələrdə də tətbiq ediləcək:”Digər yandan, Sərəncamda da vurğulandığı kimi, respublikamızda dövlət siyasətinin əsas istiqamətlərindən biri də milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması, onların təbliği ilə yanaşı, dünya irsinin müdafiəsi və qorunmasına dəstək olmaqla daha dərin və uluslararası məzmun daşımaqdadır. Bəlli olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bəri YUNESKO ilə sıx işbirliyi qarşılıqlı münasibətlərə təsirsiz ötüşməyib və republikamız bu qurumun fəaliyyətinə öz yaddaqalan töhfələrini verib. Təsadüfi deyil ki, ölkəmizdə hər iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Hələ 5 il bundan öncə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyası Azərbaycanda uğurla keçirilib.

Bu deyilənlər, habelə Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən 2019-cu ildə növbəti - 43-cü sessiyanın Azərbaycanın ev sahibliyi ilə keçirilməsi barədə məlum qərarın verilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərimizin yüksək səviyyədə inkişaf etməsini aydın şəkildə göstərir.

Elə bilirəm, 43-cü sessiyanın hazırlıq və keçirlmə prosesi paytaxt Bakıda könüllülük hərəkatını yenidən canlandıracaq, əhalinin, özəlliklə araşdımaçıların, uyğunprofilli qurum əməkdaşlarının, mütəxəssislərin müzakirə olunan mövzular üzrə yeni bilgilər əldə etməzinə səbəb olacaq, yeni tanışlıqlar yaranacaq və s. Bütün bu deyilənlər toplu şəkildə Azərbaycan həqiqətlərinin daha yeni müstəvilər qazanmasına da yardımçı olacaq, deyə inanıram”.

İradə SARIYEVA

Son xəbərlər