16/08/2018 00:58
728 x 90

Bakıda başqa ölkələrin silsilə mədəniyyət festivalları – milli mədəniyyətimizin yeni inteqrasiya üsulu...

İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında Bakıda keçiriləcək III İndoneziya Mədəniyyət Festivalı...

img

Qiymət Məhərrəmli: “Bu festivalın paytaxtımızda keçirilməsi İndoneziya və Azərbaycan arasında mədəni əlaqələrin güclü inkişaf etməsindən irəli gəlir”
Zülfiyyə Eldarqızı: “Belə bir festivalın keçirilməsi üçün paytaxtımızın seçilməsi müsbət haldır”

 

Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu get-gedə artır. Ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti, başqa dövlətlərlə, xalqlarla mədəni-humanitar əlaqələrin qurulması onu göstərir ki, Azərbaycan bütün mənalarda inkişaf etmiş mütərəqqi bir dövlətdir.

Ölkəmizə əcnəbilərin marağının geniş miqyas alması faktının özü onu deməyə əsas verir ki, sabitliyin ünvanı olan Azərbaycan digər xalqlar, dövlətlər üçün dost bir diyardır. 

Son illər mütəmadi olaraq ölkəmizdə müxtəlif dövlətlərin mədəniyyət günlərinin keçirilməsi, o cümlədən də bir neçə dövlətin Azərbaycanda mədəniyyət festivalının düzənlənməsi dövlətimizin dünya üçün böyük əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda müntəzəm şəkildə mədəni-humanitar məzmunlu tədbirlər keçirilir. Azərbaycanda xarici dövlətlərin mədəniyyət festivalları təşkil etməsi də bunun əsas nümunələrindən biridir.

Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 11-16-da Bakıda İndoneziya Mədəniyyət Festivalı keçiriləcək. İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında keçiriləcək bu festivalın bundan öncə keçirilmiş iki festivaldan daha möhtəşəm olacağı gözlənir.

Səfirlikdən bildirilib ki, festival Bakı şəhərinin iki məkanında - Heydər Əliyev Sarayı və Fəvvarələr meydanında reallaşacaq. Festival iki ölkə arasında mədəni əlaqələri daha da gücləndirmək məqsədi daşıyır.

O da vurğulanır ki, festivalın ilk günü Heydər Əliyev Sarayında tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyəcəklər. Həmçinin, Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edəcəklər. Rəqslərlə yanaşı, “Garuda Bakı” və “Sampan Bujana Sentra” rəqs klublarının rəqqasları da öz çıxışları ilə iştirakçılara xüsusi zövq bəxş edəcəklər. Tədbirin proqramına İndoneziya və Azərbaycan Pençak-silat Federasiyaları tərəfindən təşkil olunan özünümüdafiə sənətinin incəliklərinin nümayiş etdirilməsi də daxildir.

Qeyd edilənə görə, İndoneziyanın ənənəvi döyüş sənəti pençak-silat Azərbaycanda gənclər arasında kifayət qədər məşhurdur. Azərbaycanda təxminən 30 pençak-silat məktəbi və 5 min şagird qeydə alınıb. Bu tədbirdə iştirakçılar İndoneziya mədəniyyətinin necə isti qarşılandığının və Azərbaycan gəncləri tərəfindən qəbul edildiyinin şahidi olacaqlar.

Festivalın ikinci və üçüncü günləri isə Fəvvarələr meydanında sərgilər və müxtəlif tədbirlər keçiriləcək. Tədbirlər zamanı iştirakçılar, həmçinin, İndoneziyanın arxipelaq kulinariyası ilə yaxından tanış olacaq və buradakı sərgilər vasitəsilə bu ölkənin mədəni irsini, müxtəlifliyini və gözəlliyini seyr edəcəklər. Festival çərçivəsində yarmarka da təşkil olunacaq ki, burada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə və çayları və digər məhsulları yer alacaq.

Festivala 200-dək indoneziyalı qatılacaq. Bunların sırasında iş adamları ilə yanaşı, ölkənin tanınmış elm və mədəniyyət xadimləri və rəsmi şəxsləri də yer alacaq.

Ekspertlər hesab edirlər ki, Çənub-Şərqi Asiyada ən böyük dövlət olan İndoneziya və Azərbaycan arasında mədəni, humanitar, siyasi, iqtisadi cəhətdən yaranan əlaqələr uğurlu əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə nəticələnir.

İndoneziya Respublikasının özünəməxsus mədəniyyəti, ədəbiyyatı, musiqisi ilə fərqləndiyini qeyd edən filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli hesab edir ki, İndoneziyanın Mədəniyyət Festivalının Azərbaycanda keçirilməsi təsadüfi deyil. O hesab edir ki, Azərbaycanda mövcud olan tolerant və multikultural mühit İndoneziyanın da diqqətindən yayınmır. Bu gün İndoneziyada İndoneziya Universiteti, Cokyakartada Qaca - Mada universitetləri, Banqdunda Pacacaran Universiteti, texnoloji universitetlərin fəaliyyət göstərdiyini deyən alimin bildirdiyinə görə, bu ölkədə, həmçinin, böyük mədəniyyət və incəsənət mərkəzləri də mövcuddur. Onun sözlərinə görə, Boqorda təbiət elmləri kitabxanası, Cakartada Parlament Kitabxanası, Mədəniyət Muzeyi, Zoologiya Muzeyi və s. buna nümunədir. İndoneziya ərazisində VII əsrin sonu - VIII əsrin əvvəllərinə aid olan daş kitabələr, yazılı abidələrin mövcud olduğunu deyən Q.Məhərrəmlinin bildirdiyinə görə, bu kitabələr əsasən Malayya və Yava dillərində yazılıb. Yava dilində ədəbiyyatın da IX-XI əsrlərdə daha yüksək şəkildə inkişaf etdiyini vurğulayan alimin sözlərinə görə, buna "Ramyana" (Hind şairi Bhattinin "Ravana vadha" eposu əsasında), "Arcunanın toyu" poemalarını misal gətirmək olar. İndoneziyada xalq musiqisinin yüksək professionallıqla inkişaf etdiyini qeyd edən alim bildirdi ki, Slendro (pentatonika növü) və peloq (tonları qeyri-bərabər olan 7 pərdəli lad) İndoneziya musiqisinin lad əsasını təşkil edir. İnkişaf etmiş heterofoniya və çoxsəslilik İndoneziya musiqisinin xarakterik cəhətlərindəndir. Orta əsrlərdə mövcud olan qamilan xalq çalğı alətləri orkestri İndoneziyanın klassik musiqisinin yüksək nümunəsidir. Musiqi alətlərindən bonanq, qambanq, gendanq, müxtəlif sinclər (zərb alətləri), sulinqin (nəfəs aləti) geniş yayıldığını qeyd edən mütəxəssis bildirdi ki, İndoneziyanın professional musiqisinə XX əsrdə Avropanın dini musiqisinin (Qriqori xorları) müəyyən dərəcədə təsiri olub. Bakıda III İndoneziya Mədəniyyət Festivalının keçirilməsinin müsbət hal olduğunu vurğulayan Q.Məhərrəmlinin sözlərinə görə, bu, iki dövlət arasında mədəni əlaqələrin mövcud olması ilə bağlıdır: “Azərbaycan bütün dünyada sülhsevər, mədəniyyətlərarası dialoqa töhfələr verən tolerant bir dövlət kimi tanınır. İndiyə qədər ölkəmizdə bir sıra dövlətlərin mədəniyyət günləri, mədəniyyət festivalları keçirilib. Bu olduqca əhəmiyyətli göstəricidir. Siz fikir verin ki, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün həmişə Azərbaycan seçilir. Çünki ölkəmizdə başqa xalqların mədəniyyətinə hörmət, sayğı var. Bu festivalın paytaxtımızda keçirilməsi iki dövlət arasında mədəni əlaqələrin güclü inkişaf etməsindən irəli gəlir. Azərbaycanda həmişə dünya mədəniyyətini öyrənməyə, başqa xalqların mədəniyyətini təqdir etməyə şərait olub. Sözsüz ki, bu amil bizim mədəniyyətimizin böyüklüyü, zənginliyi və digər mədəniyyətlərə qısqanc yanaşmaması ilə bağlıdır. Dövlətimizin yürütdüyü uğurlu xarici siyasət öz müsbət bəhrəsini verir. Azərbaycan dünyada müsbət imicə malik ölkədir ki, İndoneziya və digər dövlətlər ölkəmizdə ciddi mədəni-humanitar tədbirlər keçirməyə üstünlük verirlər. Bu həm də onunla bağlıdır ki, Azərbaycan həm də bir turizm ölkəsidir. Bakıda III İndoneziya Mədəniyyət Festivalı keçirilərkən o festivalı yerli əhali ilə yanaşı, saysız-hesabsız turist də izləyə biləcək. Əminamanlığın, sabitliyin, təhlükəsizliyin bərqərar olduğu ölkəmiz dünyanın düşüncə, mədəniyyət mərkəzlərindən biridir”.  

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının sözlərinə görə də İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında keçiriləcək III İndoneziya Mədəniyyət Festivalının Bakıda keçirilməsi təsadüfi deyil: “Azərbaycan indiyə qədər saysız mədəni-humanitar tədbirlərə evsahibliyi edib. Bütün tədbirlər də yüksək səviyyədə keçirilib. Belə bir festivalın keçirilməsi üçün paytaxtımızın seçilməsi müsbət bir haldır. Azərbaycan bu səpkili tədbirlərə qucaq açmaqla bütün dünyaya sübut edir ki, o həqiqətən də mədəniyyətlərarası dialoqun inkişaf etdiyi bir dövlətdir. Bu festivalin Bakıda keçirilməsi iki dövlət arasında mədəni-humanitar sahədəki uğurlu əməkdaşlığın nəticələrindən biri sayılmalıdır. Düşünürəm ki, bu festival olduqca yüksək səviyyədə keçiriləcək. Biz İndoneziya mədəniyyəti, musiqisi, musiqiçiləri, incəsənət xadimləri, mətbəxi, geyim mədəniyyəti ilə yaxından tanış ola biləcəyik. Belə festivallar mədəni əlaqələrin daha da dərinləşməsinə şərait yaradır”.

İradə SARIYEVA  

Son xəbərlər