22/10/2018 21:18
728 x 90

Qəbələ Musiqi Festivalına beynəlxalq arenadan reaksiyalar artır

Dmitri Yablonski bu festivalın keçirilməsinə dəstək göstərən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edir

img

Aydın Xan Əbilov: “Bu festivalın əhəmiyyəti ancaq musiqimizin beynəlxalq aləmə inteqrasiyası ilə məhdudlaşmır, festival həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verir”
“Dünyanın ayrı-ayrı tanınmış musiqiçiləri, media qurumları bu festivalın əhəmiyyətini, daşıdığı ideyanı, məqsədi müsbət qarşılayırlar”

 

Artıq 10 ildir Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının musiqi mədəniyyətləri arasında etibarlı körpü olduğu dünyanın bütün görkəmli musiqiçiləri, fikir adamları tərəfindən qeyd edilir. Klassik musiqinin təbliğinə böyük təkan verən Qəbələ Beynəlxalq Musiqi Festivalı, eyni zamanda, mədəniyyətlərarası dialoqa əvəzsiz töhfələr verir.

Məlum olduğu kimi, Heydər Əliyev Fondu və “Gilan Holdinq” tərəfindən təşkil olunan onuncu Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 30-dan avqustun 7-nə kimi keçirilir. Festivalın əhəmiyyəti haqqında danışam ekspertlər vurğulayırlar ki, bu festival xalqlar, dövlətlər, mədəniyyətlər, sənətkarlar arasında geniş əlaqə, ünsiyyət yaranmasına səbəb olub. Bu festivala beynəlxalq aləmdən gələn müsbət reaksiyalar da onu göstərir ki, Azərbaycanın evsahibliyi ilə ənənəvi olaraq hər yay keçirilən festival bütün dünya klassik musiqisinin inkişafına stimul verən bir mədəniyyət hadisəsidir. 

Onu da qeyd edək ki, festival haqqında fikir bildirənlərdən festivalın bədii rəhbərlərindən biri, dünyaca məşhur dirijor və violonçel ifaçısı Dmitri Yablonskidir. Festivalın çox yüksək səviyyədə təşkil edilməsi və keçirilməsi üçün Azərbaycanın 1-ci vitse prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya təşəkkür edən musiqiçi qeyd edib ki, bu il Qəbələ Beynəlxalq Musiqi Festivalı 10 illik yubileyini qeyd edir, bu müddət ərzində hədsiz sayda layihə və konsertlər keçirilib.

“Trend”in məlumatına görə, D.Yablonski “İlk festivalı dünənki kimi xatırlayıram. Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya festivala hədsiz dəstəyinə görə minnətdarlığımı bildirirəm. Bu, çox qiymətlidir”-deyə bildirib.

X Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı barədə danışan musiqiçi qeyd edib ki, tədbirə Yerusəlim Simfonik Orkestri də qatılıb: “Bu il festivala əfsanəvi Yerusəlim Simfonik Orkestri gəlib. Bizim onlarla birgə çox sayda layihəmiz var. Ən əsası, Fərhad Bədəlbəyli ilə biz orkestrlə bərabər “Xocalı” layihəsini yaratdıq. Aleksandr Çaykovskiyə Xocalı faciəsinə həsr olunmuş musiqi əsəri sifariş etdik. Mayamidən Bostonadək möhtəşəm zallarda 17 konsert verdik. Bu, çox güclü əsərdir, bu layihə tarixə düşəcək”.

Onu da bildirək ki, Rusiyanın “Rossiya-24” telekanalında Qəbələdə keçirilən X Beynəlxalq Musiqi Festivalına həsr olunmuş reportaj təqdim olunub.

Telekanalın saytında “Qəbələdə onuncu musiqi festivalı: musiqi sərhədləri və məsafələri silir” adlı reportaj yerləşdirilib. Reportajda qeyd olunur ki, Qəbələdə artıq bir neçə gündür Kuba salsası, İspaniya flamenkosu, Gürcüstan cazı və klassik musiqi səslənir. Eyni səhnədə gənc qruplarla yanaşı, adlı-sanlı musiqiçilər çıxış edirlər: “Artıq onuncu ildir bütün dünyadan olan musiqiçilər, adlı-sanlı xadimlər və gənc kollektivlər, instrumentalçılar və vokalçılar, dirijorlar Azərbaycanın bu dağlıq kurortunu böyük bir konsert zalına çevirir”.

Beynəlxalq aləmdən festivala dəstək mesajları səsləndirilənlər haqlı olaraq bildirirlər ki, festival kommersiya xarakteri daşımır, ona görə də bütün konsertlərə giriş pulsuzdur.

Azərbaycanda keçirilən bütün beynəlxalq musiqi festivallarının musiqi mədəniyyətinə töhfə olduğunu qeyd edən kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, artıq 10 ildir bütün dünyaya səs salan və dünya müsiqisində brendə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, sözün əsl mənasında, dünya musiqi mədəniyyətinə böyük töhfədir. Ekspertin sözlərinə görə, dünyanın ciddi musiqiçiləri, musiqi qrupları Qəbələ Beynəlxalq Musiqi Festivalına böyük önəm verir və bunun da səbəbi festivalın dostluq, səmimiyyət, mədəni əlaqələrin qurulması üzərində köklənməsidir. Kulturoloq qeyd edir ki, festivala beynəlxalq aləmdən gələn müsbət reaksiyalar Azərbaycanın evsahibliyi ilə keçirilən festivalın əhəmiyyətindən irəli gəlir. O bildirdi ki, ilbəil festival iştirakçılarının sayının artması, bura daha çox insanın maraq göstərməsi festivalın əhəmiyyətini daha da yüksəldir. “Bu il Qəbələ Beynəlxalq Musiqi Festivalının 10 yaşı tamam olur və bu çox əlamətdar tarixi hadisədir. Dünyaya sülh, əminamanlıq, dostluq mesajları ötürən Azərbaycanda ənənəvi olaraq belə bir festivalın keçirilməsi dünya musiqiçilərinin diqqətini daimi olaraq ölkəmizə yönəldir. Deyim ki, Azərbaycanda musiqinin inkişafı və dünya musiqisi ilə inteqrasiyası istiqamətində böyük işlər görülüb, layihələr həyata keçirilib. Bu gün də keçirilməkdə davam edir. Qəbələ Beynəlxalq Musiqi Festivalı belə tədbirlərdəndir. Bu gün dünyanın ayrı-ayrı şöhrətli musiqiçiləri, media qurumları bu festivalın əhəmiyyətini, daşıdığı ideyanı, məqsədi müsbət qarşılayırlar. Məlumdur ki, bu festival Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında keçirilir. Azərbaycanın qədim dövlətçilik mədəniyyətinin inkişafında müstəsna rolu olan tarixi Qəbələ şəhərində belə bir festivalın keçirilməsi həqiqətən də müsbət bir hadisədir. Onu da deyim ki, bu festivalın əhəmiyyəti ancaq musiqimizin beynəlxalq aləmə inteqrasiyası ilə məhdudlaşmır, festival həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verir. Hesab edirəm ki, bu festival haqqında, onun əhəmiyyəti barədə daha çox danışmaq, yazmaq və onun xoşməramlı hədəflərini qeyd etmək lazımdır” - deyə A.X.Əbilov bildirdi.

İradə SARIYEVA

Son xəbərlər