18/12/2018 00:07
728 x 90

Azərbaycan kinosunun yeni inkişaf proqramı…

Kino sahəsinin inkişafına dair yeni konseptual proqramın hədəfləri nədir?

img

Şamil Əliyev: “Milli kinomuzun inkişafına dair yeni konseptual proqramın hazırlanması müsbət bir haldır”
“Fikrimcə, proqramın hədəflərindən biri də EUROIMAGE təşkilatına üzv olmaqdır”

 

Bu il 120 illiyi dövlət səviyyəsində qeyd edilən milli kinomuzun qarşısında yeni yaradıcılıq üfüqləri görünür. Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası əsas məsələlərdən biridir. Doğrudur, kinomuz ayrı-ayrı filmlərin timsalında müəyyən qədər beynəlxalq kino arenasında özünü təqdim edə bilir.

Təbii ki, bu kifayət deyil və kinomuz yeni inkişaf istiqaməti götürməlidir. Bilirik ki, 10 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Bu ilin sonunda  artıq sözügedən proqram başa çatır. Sözsüz ki, bu da kino ilə bağlı yeni konseptual proqramın meydana çıxmasına şərait yaradır.

Mədəniyyət naziri Əbülfəs Qarayev 2 avqust - Milli Kino Günü münasibətilə çıxışında bildirib ki,  kino sahəsinin inkişafına dair yeni konseptual proqram hazırlanıb: “Azərbaycan kinosu ilə bağlı icra olunan sərəncamın müddəti bu il sona çatır. Bəzi bəndlər icra olunmamış qalıb. Ona görə də bu işin məntiqi davamı kimi nazirlikdə kinematoqrafiya ittifaqları ilə birlikdə geniş fikir mübadiləsi aparılıb. Azərbaycan kinosunun yeni şəraitdə fəaliyyətinin təkmilləşdirilməsi, gənc nəslin bu sahəyə daxil olması, eləcə də beynəlxalq səviyyəyə çıxmaq üçün tutarlı proqram işlənib. Yəqin ki, hökumətə müraciət edərək Azərbaycan kinosunun növbəti on ildə də inkişaf tempinin azalmaması üçün proqramın qəbul olunmasını xahiş edəcəyik”.

Azərbaycan kinosunun inkişafına dair yeni konseptual proqramın milli kinomuzun gələcək inkişafında müstəsna rol oyanayacağını deyən tanınmış kinorejissor və ssenarist, “Tərəqqi” medallı Şamil Əliyev bizimlə söhbətində bildirdi ki, o proqram tam olaraq kino ictimaiyyətinə açıqlanmayıb. Bununla belə, Ş.Əliyev qeyd etdi ki, proqramda yer alan bəzi nüanslar bizə bu sənədi müzakirə etmək imkanı verir: “Milli kinomuzun inkişafına dair yeni konseptual proqramın hazırlanması müsbət bir haldır. Nazir çıxışında inamla qeyd etdi ki, yəqin Nazirlər Kabineti qarşıdakı 10 illik üçün milli kinonun inkişafına dair konsepsiyaya dəstək verəcək. Bu proqram kinomuzun gələcəyi üçün müsbət bir addımdır. Hər bir sahənin, o cümlədən də kino sahəsinin inkişafı üçün mütləq mənada xüsusi konsepsiya olmalıdır. Möhtərəm Prezidentimizin sərəncamı ilə təsdiq edilən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”ndan sonra belə bir konseptual proqramın hazırlanması zəruridir. Proqram haqqında ümumi informasiyam var və düşünürəm ki, sənədin hədəfləri dəqiqdir, aydındır. Proqramın hədəfləri gənclərin kinoya cəlb edilməsi, Azərbaycan kinosunun yeni istiqamətdə inkişafı, dünya kinosuna inteqrasiyası və s-dir. Bilirsiniz, indiki dövrdə Azərbaycan dünyadan kənarda qala bilməz və biz dünyaya inteqrasiya edirik. Əgər dövlətimiz inteqrasiyadan kənarda qalsa, inkişaf edə bilmərik. Kənarda qalsaq, dünyada kino ilə bağlı gedən proseslərdən, antropoloji gəlişmələrdən kənarda qala bilərik. Lokal düşüncə ilə kinomuzu heç bir yerə çıxara bilmərik. Son illər kino ilə bağlı müsbət göstəricilərimiz var. Azərbaycan filmlərinin müxtəlif beynəlxalq festivallarda iştirak etməsi buna bir sübutdur. Bizdə kifayət qədər qüvvə var, sadəcə, bu qüvvələri səfərbər edib müəyyən istiqamətlərə yönəltmək lazımdır. Bu prorqam da yəqin ki, bu kimi məsələləri əhatə edəcək. Cənab nazirin çıxışlarında zaman-zaman bu məsələyə toxunulurdu”. 

Bu proqramın Azərbaycan kinosunun dünya arenasına çıxması üçün vacib olduğunu vurğulayan Ş.Əliyevin sözlərinə görə, Azərbaycan kinosunu dünya səviyyəsində daha yüksək səviyyədə tanıtmaq üçün beynəlxalq kino qurumlarına, fondlarına üzv olmağımız tələb olunur. Azərbaycan kinosunun zaman-zaman beynəlxaq aləmə çıxdığını deyən Ş.Əliyevin fikrincə, bu məsələ mərkəzləşdirilmiş qaydada həyata keçirilərsə, daha böyük effekt verə bilər. “Müəllifi olduğum “Çölçü” filmi də, digər filmlər də bir sıra nüfuzlu beynəlxalq festivallara çıxıb, ödüllər, mükafatlar qazanıb. Mənim fikrimcə, proqramın hədəflərindən biri də EUROIMAGE təşkilatına üzv olmaqdır. Biz hələ ki, bu qurumun üzvü deyilik. Bu quruma üzv olandan sonra digər fondlarda da iştirakımız asanlaşacaq. Bu film fondları kinoya böyük məbləğdə vəsait ayırırlar. O fondların imkanlarından yararlanmaq üçün EUROIMAGE təşkilatına üzv olmalıyıq. Bu təşkilata üzv olmaq onu göstərər ki, biz dünya kino sferasına inteqrasiyanı qəbul edirik” - deyə Ş.Əliyev bildirdi.

İradə SARIYEVA

Son xəbərlər