21/11/2018 06:40
728 x 90

“Azərxalça”nın İsmayıllı filialının kollektivi mükafatlandırıldı - FOTO

img

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət göstərən 10 filialı arasında seçilən, əmək funksiyalarını və qarşıya qoyulan vəzifələri peşəkarlıqla yerinə yetirən, istehsalatda yüksək göstəricilər əldə edən İsmayıllı filialının işçiləri mükafatlandırılıb.

ASC-nin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata əsasən, avqustun 2-də Cəmiyyətin İsmayıllı filialında bu münasibətlə keçirilən tədbirdə çıxış edən İdarə Heyətinin sədri Vidadi Muradov deyib ki, keçmişlə bu günümüz arasında körpü rolunu oynayan, min illərdir öz əhəmiyyətini itirməyən xalçaçılıq sənəti müxtəlif mədəniyyətlərin təsirinə baxmayaraq, xalqımızın həyatında öz dəyişməz yerini qoruyub saxlayıb. Xalçaçılıq sadəcə mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir.

Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərir, xalçaçılığın geniş şəbəkəsi yaradılır. Ölkə rəhbərinin tapşırığı ilə ilkin mərhələdə "Azərxalça”nın Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, İsmayıllı, Qəbələ, Xaçmaz və Quba rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb, "Azərxalça"nın xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edilib, işçi potensialının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 12 noyabr 2016-cı il tarixdə Cəmiyyətin Füzuli, 2017-ci il avqustun 20-də Şəmkir, dekabrın 7-də Quba, bu il mayın 4-də isə Xaçmaz filiallarının açılışı olub.

Dövlət başçısının sərəncamları ilə hazırda ölkəmizin müxtəlif şəhər və rayonlarında daha 10 xalça emalatxanasının tikintisi davam etdirilir. Cənab Prezidentin tapşırığı ilə 2019-cu ildə də 10 xalça emalatxanasının yaradılması nəzərdə tutulub. Bununla da, “Azərxalça”nın filiallarının sayı 30-a, toxucularının sayı 4500 nəfərə çatdırılacaq.

Vidadi Muradov bildirib ki, ölkə rəhbəri tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri də xalça istehsalı üçün lazım olan xammalın yerli xammal olmasıdır. Ona görə də Sumqayıt Kimya Sənaye Parkında "Azərxalça"nın Yun-əyirici Boyaq Fabriki inşa olunur. Fabrikin xammalla təmin olunması üçün Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında Regional yun və boyaq bitkilərinin tədarükü mərkəzləri yaradılır.

“Cəmiyyətin filiallarında indiyədək 3 min kvadratmetrdən çox 1000-ə yaxın xalça toxunub. “Azərxalça”nın 10 xalça emalatxanasının fəaliyyəti yerinə yetirilən işin kəmiyyəti və keyfiyyəti baxımından araşdırılıb. Apardığımız təhlillər göstərdi ki, İsmayıllıdakı xalça emalatxanasının işçiləri daha çox və keyfiyyətli xalçalar toxuyublar”,-deyən İdarə Heyətinin sədri vurğulayıb ki, ona görə də bu filialın kollektivi mükafatlandırılıb. Filialın işçilərinə həm pul mükafatı verilib, həm də onlar Fəxri fərmanla təltif olunublar. Mükafatlandırma sağlam rəqabətə səbəb olur, toxucuları daha yaxşı xalça toxumağa sövq edir. Odur ki, belə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. “Azərxalça”nın İsmayıllı filialının kollektivi mükafatlandırılarkən təkcə keyfiyyətli xalça toxunması deyil, işçilərin nizam-intizamı, ictimai həyatdakı fəallığı kimi meyarlar da nəzərə alınıb.

Qeyd olunub ki, İsmayıllı filialında Şirvan qrupuna aid xalçalar toxunur. Qədim dövlətçilik ənənələrinin təşəkkül tapdığı Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf edib. Zəngin boyaq bitkiləri Şirvanda xalçaçılığın inkişafına müsbət təsir göstərib. Bu xalçalar dünya alimlərinin, səyyahların diqqətini cəlb edib, tarixi mənbələrdə, səyahətnamələrdə dəfələrlə yüksək sənət nümunələri kimi qeyd olunub. Bu gün dünyanın əksər nüfuzlu muzeylərində qiymətli Şirvan xalçaları saxlanılır. Peşəkar toxucular öz yaradıcılıq məharətlərini al-əlvan xalçalar üzərində həndəsi, nəbati, zoomorf ornamentlər vasitəsilə reallaşdırıblar. Şirvanda toxunan xalçalar orijinal bədii tərtibatı, rəng seçimi ilə yadda qalıb. Sevindirici haldır ki, İsmayıllıda fəaliyyət göstərən toxucular bu ənənələri davam etdirirlər, unudulmaqda olan qədim çeşnilərimizi toxuyaraq xalçaçılığın yaşadılmasına öz töhfələrini verirlər.

Vidadi Muradov filialın kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Toxucu Nəcibə Pənahova çıxış edərək onlar üçün yaradılan şəraitə, əməklərinə verilən yüksək qiymətə görə kollektiv adından minnətdarlığını bildirib.

Sonra təltif olunanlara “Azərxalça”nın Fəxri fərmanı təqdim edilib.

Sonda xatirə şəkili çəkdirilib, hazır xalça kəsilib. Xalçanı Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov, filialın direktoru Zenfira Ələsgərova və onu ərsəyə gətirən toxucular kəsiblər.

Son xəbərlər