18/11/2018 23:24
728 x 90

Heydər Əliyev Fondunun Qəbələ Konsert Festivalları Azərbaycanın dünya musiqisinə mühüm inteqrasiya üsulu kimi...

img

Sərdar Fərəcov: ”Festival artıq beynəlxalq aləmdə də müsbət mənada əks-səda yaradıb”
Əkbər Qoşalı: ”...Azərbaycan klassik musiqisi ilə dünya musiqisi arasında canlı körpü yaranmasına səbəb olub”

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmiz sürəkli beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi tanınmağa başlayıb. Bu tədbirlərin sırasında Qəbələ Beynəlxalq Musiqi Festivalının ayrıca yeri var. Dünyanın klassik musiqiçilərinin qatıldığı festival öz əhəmiyyətinə, səviyyəsinə və əhatə dairəsinə görə müsbət mənada seçilir.

Bildiyimiz kimi, bu günlərdə X Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi baş tutub. Olduqca zəngin proqrama malik olan festivalda dünya musiqi aləminin çox tanınan simaları iştirak edir. Artıq 3-cü gündür ki, festival başlayıb. Turizim üçün əlverişli olan Qəbələdə belə bir festivalın keçirilməsi, sözsüz ki, yerli və xarici tamaşaçıların ürəyindən xəbər verir.

Qeyd edək ki, festival çərçivəsində iyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Kamera musiqisi həvəskarları qarşısında bu dəfə festivalın bədii rəhbərləri, dünya şöhrətli musiqiçilər Fərhad Bədəlbəyli (piano) və Dmitri Yablonski (violonçel, İsrail, ABŞ), həmçinin Janna Qandelman (violin, İsrail), Annel Greqori (violin, ABŞ), Olqa Yermakova (piano) və Şükür Səmədov (klarnet) çıxış edib.

Onu da vurğulayaq ki, konsertdə Sergey Raxmaninovun “Romans lya-minor”, Anton Rubinşteynin “Violin və fortepiano üçün 3 nömrəli sonata”, Reynqold Qilerin “Violin və violonçel üçün 8 duet”, İohannes Bramsın “Klarnet, violonçel və fortepiano üçün trio” əsərləri səsləndirilib.

Azərbaycanın ev sahibliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə hər il  təşkil edilən Beynəlxalq Qəbələ Festivalının keçirilməsini yüksək dəyərləndirən əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanın adını dünyaya yayan bir festival kimi tarixə düşüb. Bu festivalın olduqca əhəmiyyətli olduğunu vurğulayan S.Fərəcov hesab edir ki, Qəbələdə keçirilən festival Azərbaycan klassik musiqisi ilə dünya klassik musiqisi arasında etibarlı körpü rolunu oynayır:”Bu festival bizim musiqi mədəniyyətimizin təbliğinə xidmət edir. Hər keçirilən festival bir musiqi bayramıdır. Bu festivalda bizim musiqiçilər də, qonaq musiqiçilər də sənət mübadiləsi baxımından, qarşılıqlı əlaqələr nöqteyi-nəzərindən çox şey qazanır. Onlar Azərbaycana gəlir, bizim musiqimizlə tanış olur, təbiətimizə, gözəl yerlərimizə qonaq olurlar. Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq beynəlxalq aləmdə də müsbət mənada əks-səda yaradıb. Festivalın qədir-qiymətini bilən, onları dəyərləndirən insanlar çox olduğu üçün, onun keçirilməsi ənənə halını alıb. Bildiyimiz kimi, “Mədəniyyət” kanalı, bütün festivallar kimi, Qəbələ Musiqi Festivalını da tamaşaçılara təqdim edir. Qəbələ Beynəlxalq Musiqi Festivalını təqdir etmək, alqışlamaq lazımdır. Çünki o da, digər festivallar da musiqimizin inkişaf etməsi üçün əsas amillərdir”.

Azərbaycanın iri şəhərlərindən birində keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının Azərbaycanın, eləcə də klassik musiqimizin beynəlxalq aləmdə təbliğində böyük rol oynadığını deyən şair-publisist Əkbər Qoşalının sözlərinə görə, bu festivalın ənənəvi qaydada keçirilməsi müsbət bir haldır.

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ Musiqi Festivalının 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında keçirildiyini deyən Ə.Qoşalı bildirdi ki,  bu festivalın keçirilməsinə Heydər Əliyev Fondunun köməklik göstərməsi xüsusilə əhəmiyyətlidir. Əsasən açıq səma altında keçirilən festivalda keçmiş SSRİ respublikalarından olan musiqiçilərlə yanaşı Avropa, ABŞ və digər ölkələrdən gələn musiqiçilərin iştirak etdiyini qeyd edən Ə.Qoşalının sözlərinə görə, bu festival Azərbaycan klassik musiqisi ilə xarici klassik musiqinin vəhdətinin yaranmasına səbəb olur. “Ənənəvi olaraq Qəbələdə keçirilən bu festivalı televiziya kanallarından həmişə izləyirəm. Açığını deyim ki, belə nüfuzlu bir festivala ölkəmizin ev sahibliyi etməsi məni qürurlandırır. Ölkəmizin tanıdılması, milli klassik musiqimizin, klassik bəstəkarlarımızın beynəlxalq aləmdə təbliğ edilməsi üçün bu festivalın əhəmiyyəti böyükdür. Görün, dünyanın necə böyük musiqiçiləri bu festivalda iştirak edir, xarici klassik bəstəkarlarla yanaşı bizim klassik bəstəkarların da əsərlərini böüyk sevgi ilə ifa edirlər. Azərbaycan tolerant, multikultural bir ölkədir və burada hər bir xalqın musiqi mədəniyyətinə böyük sayğı göstərilir. Hesab edirəm ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi Azərbaycan klassik musiqisi ilə dünya musiqisi arasında canlı körpü yaranmasına səbəb olub. Bu isə ölkəmizin, musiqi mədəniyyətimizin qələbəsidir”-deyə Ə.Qoşalı bildirdi.

İradə SARIYEVA

Son xəbərlər