19/07/2018 03:45
728 x 90

Dünya ölkələrinə səpələnmiş milli xalçalarımız Azərbaycana necə gətirilir...

Bu sahədə Heydər Əliyev Fondunun fəallığı xüsusi səviyyədə görünür

img

Tural Səfərov:Xaricdən ölkəmizə gətirilən və şəxsi kolleksiyalarda saxlanan bəzi xalçaları aşkarlamışıq”
“Yalnız xaricdən alınaraq şəxsi kolleksiyalarda saxlanan xalçaların deyil, həm də xarici muzeylərdə saxlanan qədim Azərbaycan xalçalarının çeşniləri əsasında yeni xalçalar toxunulur”

 

Xalçaçılıq əcdadlarımızın bizə miras qoyduğu böyük bir sənətdir. Aranlı-yaylaqlı həyat tərzi keçirən tərəkəmə nənələrimiz, harada yaşamağından asılı olmayaraq, xalça, kilim, cecim, zili, fərməc, xurcun və s. toxumaqda davam edib.

Toxuculuq Azərbaycan əhalisinə qədimlərdən məlum idi. Əhali əsasən soyuqdan qorunmaq üçün toxuculuq məhsullarından istifadə edirdi. Sonra isə min bir rəngin hikmətindən xalçalarımız doğuldu. Azərbaycan gözəlləri xalçalar toxuyub ər evinə cehiz apardılar. Ölkəmiz xalçaçılıq sənətinin vətənlərindən biri kimi daim səyyah və tacirlərin diqqətini cəlb edib. Hələ VII-VIII əsrdən başlayaraq xalçalarımız dünya bazarına ayaq açıb. Elə o dövrlərdən də yerli hökmdarlar tərəfindən şahlara, xaqanlara Azərbaycan xalçaları hədiyyə göndərilirdi. İstilalar, müharibələr dövründə qarət edilən xalçalarımız da yad diyaralara peşkəş gedirdi. Xalçalarımızın taleyi yalnız indi deyil, keçmiş zamanlarda da ürəkaçan olmayıb. Gözəlliyi "başına bəla" olan xalçalarımız yadlar tərəfindən mənimsənilib. Bütün dövrlərdə xalçalarımızla bağlı xoşagəlməz hadisələr yaşanıb. Təəccüblüdür ki, hazırda dünyanın bir sıra muzeylərində, şəxsi kolleksiyalarda saxlanan xalçalarımızın əksəriyyəti bu məmləkətlərə əyri yollarla gətirilib. Kimlərsə oğurladığı sənət əsərlərini evində saxlamaqdan qorxaraq onu muzeylərə satıb. Bir də ki, yaşı yüz illəri adlayıb keçən xalçalar tarixi mədəniyyət əsəri kimi həmişə yüksək qiymətləndirilir.

Məlum olduğu kimi, bu gün dünya muzeylərində, xarici vətəndaşların şəxsi kolleksiyalarında qədim Azərbaycan xalçaları saxlanır. O xalçaların dünyada Azərbaycan xalçaları kimi tanınması, təqdim edilməsi olduqca vacibdir. Ümumiyyətlə, son illər xarici muzey və şəxsi kolleksiyalarda saxlanan qədim Azərbaycan xalçalarının ölkəmizə gətirilməsi vacib bir məsələ kimi qarşımızda durur.

Qeyd edək ki, bir neçə ildir Heydər Əliyev Fondunun dəstəyi ilə xarici auksionlarda satılan bəzi Azərbaycan xalçaları alınaraq ölkəmizə gətirilib. O xalçaların əksəriyyəti çeşnisinə, kompozisiyasına görə diqqəti cəlb edir.

Ümumiyyətlə, xarici vətəndaşların şəxsi kolleksiyalarında yer alan xalçalarımızın ölkəyə gətirilərək muzeylərə hədiyyə edilməsi ənənəsi də mövcuddur. Bir müddət əvvəl xarici vətəndaşlardan biri öz kolleksiyasında olan qədim Azərbaycan xalçasını Milli Tarix Muzeyinə hədiyyə edib. Bu, ənənə şəklini almasa da, istisna hallarda baş verir. Onu da qeyd edək ki, Azərbaycanda olan bəzi kolleksiyaçılar da xarici ölkələrdə hərraca çıxarılan xalçalarımızı alaraq ölkəmizə gətirirlər. Lakin onlar bu xalçaları muzeylərə vermir, öz kolleksiyasında saxlayır, sadəcə, o xalçaların hansı məktəbə mənsub olduğunu və s. tədqiq etmələri üçün mütəxəssislərə şərait yaradırlar.   

Qeyd edək ki, keçən il mədəniyyət naziri Əbülfəs Qarayev xarici auksionlarda hərraca çıxarılan və xarici muzeylərdə saxlanan Azərbaycan xalçalarının alınaraq ölkəmizə gətirilməsi ilə bağlı yerli sahibkarlara müraciət etmişdi. Ə.Qarayev xarici ölkə muzeylərində saxlanan Azərbaycan xalçalarının ölkəyə gətirilməsi prosesində sahibkarları fəal olmağa çağırıb: “Xaricdə müxtəlif kolleksiyalarda saxlanan, Azərbaycana məxsus xalçaların Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizə qaytarılması mədəniyyətimiz üçün böyük töhfədir”.

Nazir vurğulayıb ki, bu məsələdə Heydər Əliyev Fondu böyük işlər görür. Qeyd edək ki, Azərbaycanın Qarabağ xalçaçılıq məktəbinin çox əhəmiyyətə malik olan daha bir xalçası Heydər Əliyev Fondunun dəstəyi ilə Vətənimizə qaytarılıb. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə XVII əsrə aid Qarabağın tanınmış “Xətayi” xalçası Azərbaycana qaytarılıb. Ekspertlər qeyd edirlər ki, “Xətayi” xalçası Azərbaycan xalçaları içərisində özünəməxsus yer tutur. Bu xalçalar vaxtilə Qarabağda toxunub və İpək Yolu vasitəsilə xarici ölkələrə daşınıb və ölkədə belə xalçalardan qalmayıb. “Xətayi” xalçası Heydər Əliyev Fondu tərəfindən Dövlət Xalça Muzeyinə hədiyyə edilib.

Bir müddət əvvəl isə Cənubi Afrika Respublikasında qədim və nadir Azərbaycan xalçası aşkarlanıb. Bu qədim və orijinal nümunələrdən biri Naxçıvan MR-in Şahbuz rayonunun Biçənək kəndində 1870-ci ildə toxunmuş xovsuz xalçadır. Qeyd edilənə görə, xalça Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki bir xalça kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib. Xalçanın Cənubi Afrika Respublikasından əldə edilməsi xalçalarımızın tarixən yayıldığı arealın nə qədər geniş olduğunu göstərir. Bu növ xovsuz xalçalara xalq arasında “şəddə”, “sərəndaz” da deyilir. Xalça üzərində əks olunmuş naxışlar, simvollar, türk tayfalarına məxsus damğalar qədim zamanlardan bu torpaqlarda yaşamış insanların dünyagörüşünü, təbiətə münasibətini, həyat tərzini, adət-ənənəsini dəqiq ifadə edir. Əsas bəzək elementi olaraq Naxçıvan qrupu Azərbaycan xalçalarını səciyyələndirən dəvə karvanının seçilməsi də xalçanın orijinal bədii göstəricilərindən biridir. Tədqiqatlar göstərir ki, dəvə, ana-bala dəvə, dəvə karvanı təsvirləri olan xovlu və xovsuz xalçalar, xalça məmulatları Naxçıvan bölgəsində daha çox toxunub. Bu təsvirlər bölgədə yaşayan əhalinin ənənəvi təsərrüfat həyatını əks etdirir.

Xalça əldə əyrilmiş yundan hazırlanan, təbii boyalarla boyanan iplərlə toxunub.

Hazırda bir şəxsi kolleksiyada qorunan, ölçüsü 307x172 olan xovsuz xalçanın saxlanma vəziyyəti əladır. İlk baxışdan sənət əsəri təsiri bağışlayan bu qiymətli nümunənin unikallığı həm də odur ki, 140-150 il bundan əvvəl toxunan xovsuz xalçalar nadir hallarda belə salamat qalır.

2017-ci ildə Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xaricdən hərrac evindən XVIII əsrə aid qədim örtük alınaraq muzeyə hədiyyə edildi. Azərbaycan Xalça Muzeyinin tarixində ilk dəfə 2017-ci ildə nadir Şamaxı xalçası xarici hərracda Avstriya auksion şirkətindən əldə edilib və muzeyə gətirilib. Hərracdan öncə Fransada şəxsi kolleksiyada saxlanan Şamaxı xalçası hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. Ümumiyyətlə, Azərbaycan Xalça Muzeyi son iki il ərzində xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, arxeoloji qazıntılar zamanı tapılan əşyaların daxil olduğu 44 eksponat əldə edib ki, bunların bir qismi satın alınıb və ya hədiyyə olaraq qəbul edilib. Bu da muzeyin ekspozisiyasının ildən-ilə zənginləşərək, eksponatların sayının artmasına, muzeyin ziyarətçiləri və xarici turistlər üçün daha maraqlı və cazibədar olmasına şərait yaradıb.

Ekspertlər qeyd edirlər ki, Azərbaycan mədəniyyətinin, maddi-mənəvi irsimizin, milli sərvətimiz olan xalçaların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdılması ilə bağlı işlər davam etdirilir.

Xarici muzey və auksionlardan qədim Azərbaycan xalçalarının alınaraq ölkəmizə gətirilməsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) nə kimi rol oynayır?  “Azərxalça” ASC-nin mətbuat xidmətinin rəhbəri Tural Səfərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, təmsil etdiyi qurum xaricdəki Azərbaycan xalçalarını alıb ölkəmizə gətirmir, o, respublikamıza gətirilən xalçaları öyrənir, tədqiq edir və onların çeşniləri əsasında xalçalar toxuyur. “Bizim qurum xaricdən xalça gətirmir. Biz, sadəcə, xaricdən ölkəmizə gətirilən və şəxsi kolleksiyalarda saxlanan bəzi xalçaları aşkarlamışıq. Bu xalçalardan biri Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağının əks olunduğu xalçadır. O biri isə 148 il əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Biçənək kəndində toxunan xalçadır. O xalça Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki bir xalça kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib. Biz bunu vətəndaşlarımızdan birinin şəxsi kolleksiyasında aşkarlamışıq. Hər iki xalça hazırda şəxsi kolleksiyada saxlanır. Bu, kolleksiyaçının özünün xalçasıdır. Onlar bu xalçaları satmırlar ki, biz onları alaq. Cənab Prezidentin təsdiqlədiyi Dövlət Proqramına əsasən, “Azərxalça” muzeylərdə və şəxsi kolleksiyalarda saxlanan qədim xalçaları aşkara çıxararaq onları ictimaiyyətə təqdim edir”.

Qədim xalçalarımızın Azərbaycana gətiriləməsinin böyük əhəmiyyətə malik olduğunu deyən T.Səfərov bildirdi ki, bu, ənənələrə qayıdışdır. “150 il əvvəl toxunan bir xalçanı əldə edə biliriksə, biz 150 il əvvəl xalqımızın təfəkkürünün hansı səviyyədə olduğunu öyrənmiş oluruq. Qədim xalçaların alınaraq ölkəmizə gətirilməsinin əhəmiyyəti çox böyükdür. 150-200 il tarixi olan xalçaların üzərindəki naxışlardan, bir sözlə, onun çeşnilərindən istifadə edib “Azərxalça” yeni xalçalar toxuyur. Bununla da o xalçalar yenidən həyata qayıdır. Yalnız xaricdən alınaraq şəxsi kolleksiyalarda saxlanan xalçaların deyil, həm də xarici muzeylərdə, kolleksiyalarda saxlanan qədim Azərbaycan xalçalarının çeşniləri əsasında yeni xalçalar toxunulur. Bu, ənənəyə, tarixə qayıdışdır”.

İradə SARIYEVA 

Son xəbərlər