19/07/2018 03:45
728 x 90

Ermənistan və Gürcüstan bütün əlyazma fondunu UNESCO-nun “Dünya Yaddaşı” Proqramının Reyestrində qeydiyyatdan keçirdiyi halda, bizim cəmi 4 əlyazmamız qeydiyyatdan keçib...

img

Paşa Kərimov: “Ermənilər buna beynəlxalq qurumlardakı havadarlarının, xaricdəki lobbilərinin köməkliyi ilə nail olublar”
Fariz Xəlilli: “Biz də bu sahədə səylərimizi gücləndirməliyik”

 

Əlyazmalar hər bir xalqın elm, mədəniyyət, ədəbiyyat, dövlətçilik tarixinin izlərini yaşadan nümunələrdir. Onlar həm də yarandıqları region haqqında müfəssəl məlumat verən sənəddir. 

Yazı mədəniyyəti formalaşandan indiyə qədər saysız-hesabsız əlyazma yaranıb və şairlərin, alimlərin, mütəfəkkirlərin, dövlət xadimlərinin, diplomatların əlyazmaları dünya muzeylərini, əlyazma fondlarını, kitabxanaları, şəxsi kolleksiyaları bəzəyib.

Tarixən Azərbaycan şairləri, alimləri, mütəfəkkirləri, dövlət xadimləri, diplomatları, musiqişünasları öz əlyazmalarını yaradıblar. Bu əlyazmaların böyük bir hissəsi hazırda Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında saxlanır. Qeyd edək ki, ölkə və dünya əhəmiyyətinə malik olan bu əlyazmaların nadir nüsxələri hazırda ciddi şəkildə mühafizə edilir.

Onu da vurğulayaq ki, bütün dünyada qədim və nadir əlyazmaların böyük bir hissəsi UNESCO-nun “Dünya Yaddaşı” Proqramının Reyestrinə daxil edilib. Ümumiyyətlə, dünya dövlətləri onlara məxsus olan əlyazmaların çox hissəsinin UNESCO-ya daxil edilməsinə nail olub.

Azərbaycanda isə hələlik bu sahədə çox az iş görülüb. Respublikamız 3 iyun 1992-ci ildə UNESCO-ya daxil olub. Artıq Azərbaycan 26 ildir bu qurumun üzvüdür. Bu illər ərzində bir sıra maddi və qeyri-maddi irs nümunələrimiz müxtəlif nominasiyalar üzrə UNESCO-ya daxil edilib. Daxil edilən nümunələr arasında əlyazmalarımız azlıq təşkil edir. Bizimlə müqayisədə Ermənistan və Gürcüstan, demək olar ki, bütün əlyazma fondundakı əlyazmaları UNESCO-nun “Dünya Yaddaşı” Proqramının Reyestrinə daxil edə bilib. Azərbaycandan isə son günlərə qədər ancaq üç əlyazma -  İbn Sinanın “Tibb qanunları”,  Rüstəm Cürcaninin “Zəxireyi-Nizamişahi”, Əbdülqasım Zəhravinin “Cərrahiyyə və Cərrahi alətlər haqqında” əsərlərinin əlyazmaları UNESCO-nun “Dünya Yaddaşı” Proqramının Reyestrinə daxil edilib. 2005-ci ilin payızında UNESCO-ya daxil edilən bu əlyazmalar orta əsr tibb, təbabət sənəti ilə bağlıdır.

Qeyd edək ki, Əlyazmalar İnstitutunun fondu olduqca zəngindir və mütəxəssislər hesab edirlər ki, nə Ermənistan, nə də Gürcüstan bu sahədə Azərbaycanla müqayisə oluna bilməz. Çünki bizim əlyazma fondları çox zəngindir və burada orta əsr elmlərinin bütün sahələrini - tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyasını əhatə edən Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyası mövcuddur. Hazırda Əlyazmalar İnstitutunda 40 mindən artıq material var. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır ki, IX-XX əsrlərdə yazılıb və ya üzü köçürülüb. Bundan başqa, institutda XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir.

Əlyazmalar İnstitutunda saxlanan ən qədim əlyazma IX əsrə aid edilən dəri üzərində yazılmış Quranın "Ən-Nisa" surəsinin bir hissəsidir.

Əbu Əli ibn Sinanın "Tibb qanunları", Əbdül-Qasim əz-Zəhravinin "Cərrahiyyə və cərrahi alətlər haqqında" və "Otuzuncu traktat", Rüstəm Cürcaninin "Nizamşahın azuqələri", Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz", Nəsiminin "Divan", Sədinin "Bustan" və s. bu kimi əsərlərin XII-XV əsrlərdə köçürülmüş nüsxələri Əlyazmalar İnstitutunda saxlanan ən qədim əlyazmalardır.

Ermənistan və Gürcüstanın əlyazmalar fondlarında mövcud olan bütün əlyazmalar UNESCO-nun “Dünya Yaddaşı” Proqramının Reyestrinə daxil edildiyi halda, bizim bu sahədə olduqca az nailiyyət əldə etməyimiz nə ilə bağlıdır?

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmələri doktoru Paşa Kərimov bizimlə söhbətində bildirdi ki, əlyazmaların UNESCO-nun “ Dünya Yaddaşı” Proqramının Reyestrinə daxil edilməsi üçün fəaliyyətlərini davam etdirirlər. “Hazırda əlyazmaların UNESCO-nun “Dünya Yaddaşı” Proqramının Reyestrinə daxil edilməsi üçün işlər davam etdirilir. Son günlərə qədər üç əlyazmamız burada qeydiyyatdan keçmişdi. Bir müddət əvvəl Məhəmməd Füzulinin Əlyazmalar İnstitutunda saxlanan, 1572-ci ildə köçürülmüş əlyazması da UNESCO-nun “Dünya Yaddaşı” Proqramının Reyestrinə daxil edilib. Hazırda bizim 4 əlyazmamız orada mühafizə olunur. Bizim fondlardakı əlyazmalar həm tarixi, həm elmi cəhətdən çox əhəmiyyətlidir.

Ermənilərə gəlincə, siz bilirsiniz ki, ermənilər buna beynəlxalq qurumlardakı havadarlarının, xaricdəki lobbilərinin vasitəsi, köməkliyi ilə nail olublar. Ermənilər bu əlaqələrdən istifadə edərək fondlarındakı bütün əlyazmaları orada qeydiyyatdan keçiriblər. Bizim əlyazmaların orada kütləvi şəkildə yer almamasında bizim günahımız yoxdur. Azərbaycanda çox yüksək səviyyədə bu işlərlə məşğul olunur, əlyazmlarımız bu quruma təqdim edilir. Deyim ki, Azərbaycan əlyazmaları ermənilərin təqdim etdiyi əlyazmalardan qat-qat üstündür, zəngindir və eyni zamanda da ümumbəşəri əhəmiyyətlidir. Onu da deyim ki, Ermənistanın Əlyazmalar Fondunda olan əlyazmaların böyük əksəriyyəti vaxtilə bizdən oğurladıqları əlyazmalardır. Elmin bütün sahələri üzrə əlyazmalarımız var. Ancaq ermənilərdə belə zəngin əlyazmalar yoxdur. Onların əlyazmalarının bir hissəsi erməni əlifbası ilə köçürülmüş, yunanlardan və başqa xalqlardan götürülən dini mətnlər, əlyazmalardır. Onların Əlyazmalar Fondunda olan ən dəyərli əlyazmalar isə saxtakarlıqla bizdən mənimsədikləri əlyazmalardır. Onlar arasında Bəhmən Mirzənin arxivinə aid olan əlyazmalardır ki, onu da ermənilər Qarabağdan aparıblar. Ermənilərin elmin müxtəlif sahələrinə aid olan əlyazmaları heç yoxdur. Gürcülər və ermənilər onlara lobbiçilik edən qüvvələrin yaratdıqları şəraitdən istifadə edərək əlyazmalar fondlarını reyestrə daxil ediblər. Bizə olan münasibət isə məlumdur. Biz əlyazma təqdim edərkən bizə qarşı müxtəlif tələblər irəli sürürlər. Deyirlər ki, sizin əlyazmalar bütün regionu əhatə edən geniş, zəngin bir əsər olmalıdır. Biz də bu istiqamətdə işlər aparırıq. Bizə münasibətdə ikili standartlar mövcuddur. Yəni onlara başqa, bizə isə başqa cür yanaşırlar. Bu məsələdə bizə qarşı çox böyük ayrıseçkilik və ədalətsizlik var”.

Azərbaycan əlyazmalarının mövzu rəngarəngliyindən danışan P.Kərimov qeyd etdi ki, belə zəngin əlyazma fondu ermənilərdə yoxdur. “Gedin soruşun görün, Ermənistanda bir dənə mineralogiyaya aid əlyazma varmı? Yoxdur. Yalandan danışmaqla deyil ki... Arxa-dayaqları olduğu üçün həmişə yalan danışırlar. Ermənilər necə ki, özlərinə saxta tarix yaradıblar, eləcə də digər sahələrdə də saxtakarlıq edirlər. Hollandiyadan XVII əsrə aid bir xəritə gətirmişdilər. Həmin xəritəni hollandiyalı çəkmişdi, orada bütün Azərbaycan obyektləri vardı, ancaq ermənilərə aid bir dənə də olsun nümunə yox idi. O xəritədə Ermənistan yoxdur. Bunu biz çəkməmişik, hollandiyalı çəkib, o dövrdə Ermənistan olsaydı, onu xəritədə göstərərdi. Ermənilər hər zaman yalan danışıblar, bu gün də yalan danışırlar” - deyə P.Kərimov qeyd etdi.

MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, mədəni irs üzrə mütəxəssis Fariz Xəlilli bizimlə söhbətində bildirdi ki, Azərbaycan əlyazmaları UNESCO-nun “Dünya Yaddaşı” Proqramının Reyestrinə daxil edilməlidir. Bu reyestrə daxil edilən 4 əlyazmanın az olduğunu deyən mütəxəssis hesab edir ki, biz mümkün vasitələrdən istifadə edərək əlyazmlarımızı reyestrə daxil etməliyik: “Bu gün UNESCO-nun Cənubi Qafqazda ən etibarlı tərəfdaşının Azərbaycan olmasına baxmayaraq, hələ də bizim bir sıra maddi irs nümunələrimiz bu qurumun müvafiq bölümlərində reyestrdən keçməyib. Halbuki, onlar çoxdan bu işi həyata keçirməli idilər. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun Azərbaycandakı xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu sahədə böyük işlər görüb. Onun səyləri nəticəsində xeyli sayda maddi və qeyri-maddi irs nümunəmiz UNESCO-ya daxil edilib. Bu müsbət haldır. Bu gün Azərbaycana aid əlyazmaların, demək olar ki, çox cüzi bir hissəsi   UNESCO-nun “Dünya Yaddaşı” Proqramının Reyestrinə daxil edilib. Halbuki, onların sayı daha çox olmalıdır. Çünki Azərbaycanın çox zəngin əlyazmaları var. Bu əlyazmaların, demək olar ki, böyük hissəsi dünya əhəmiyyətlidir. Bizimlə müqayisədə ermənilər və gürcülər bütün əlyazmalarının UNESCO-nun “Dünya Yaddaşı” Proqramının Reyestrinə daxil edilməsinə nail olublar. Biz də bu sahədə səylərimizi gücləndirməliyik. Bizim buna əsasımız da çoxdur. Gələn ilə Azərbaycanda UNESCO-nun çox böyük bir tədbiri keçiriləcək. Həmin tədbirdə bu məsələni gündəmə gətirməliyik ki, Azərbaycana aid əlyazmalar o qurumda reyestrdən keçirilsin. Əlyazmlarımızın hələ də UNESCO-nun “Dünya Yaddaşı” Proqramının Reyestrində kütləvi qeydiyyatdan keçməməsinə təəssüf edirəm. Düşünürəm ki, bu istiqamətdə səylərimizi artırmalıyıq. Sirr deyil ki, dünyada erməni lobbisi var, xristian təəssübkeşliyi mövcuddur. Ermənilər və gürcülər bu vasitədən istifadə edərək bütün əlyazmalarını UNESCO-ya daxil ediblər”.

İradə SARIYEVA

Son xəbərlər