18/09/2018 22:08
728 x 90

Azərbaycanın TÜRKSOY-la əlaqələrindən hansı nailiyyətlər əldə etmişik?

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 25 ildir bizimlədir...

img

Buludxan Xəlilov: “Bu 25 ildə TÜRKSOY türkdilli xalqların mədəni birliyinə nail olub”
Nəzakət Məmmədova: “TÜRKSOY Azərbaycanla çox sıx əməkdaşlıq edir və bunun nəticəsində də Azərbaycan mədəniyyəti, ədəbiyyatı ortaq türk mədəniyyətinin dəyərləri olaraq bütün türk ellərinə yayılır”

 

Türk xalqının birliyi tarixin böyük sınaqlarından uğurla çıxıb desək yəqin ki, yanılmarıq. Tarixi köklərə, ortaq mədəniyyətə, dəyərlərə mənsub olan türkdilli xalqlar bu gün bir-birilə daha da qaynayıb-qarışırlar.

Türk dünyası arasında bağların daha da etibarlı olması, onların əlaqələndirilməsi və s. istiqamətində fəaliyyət göstərən bir neçə təşkilat mövcuddur. Türkdilli dövlətlər arasında əlaqələr sözsüz ki, günü-gündən möhkəmlənir. O təşkilatlar isə təşkil etdikləri tədbirlər, görüşlər, konfranslar, nəşr etdikləri kitablar, dərgilər vasitəsilə o birliyi daha da möhkəmləndirirlər. Belə qurumlardan biri də TÜRKSOY-dur.

2018-ci il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 25 illik yubiley ilidir.

Məlumdur ki, TÜRKSOY müxtəlif beynəlxalq forumlarda iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir.

TÜRKSOY 1994-cü ildən zəngin ümumtürk mədəniyyətinin təbliği və dünyaya tanıdılması istiqamətində mühüm layihələrə imza atır. TÜRKSOY-un yaradılması təşəbbüsü 1992-ci ildə irəli sürülüb. Təşkilatın təsis edilməsi ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilib. Nəhayət, 12 iyul 1993-cü ildə Almatı şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri TÜRKSOY-un yaradılması haqqında protokol imzalayıblar.

Bu illər ərazində Azərbaycan və TÜRKSOY arasında formalaşan əlaqələr necə qiymətləndirilir?

Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov bizimlə söhbətində bildirdi ki, o, indiyə qədər TÜRKSOY-la Azərbaycan arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirir: “Ümumiyyətlə, XXI əsr türk xalqlarının tarixində həm qarşıya qoyulan hədəflərə çatmaq, həm görüləcək işlər, həm də türk xalqları arasında əməkdaşlıq baxımından yeni bir əsrdir. Çünki müstəqil türk cumhuriyyətləri yaranıb və bu bağımsız dövlətlər bir-birilə əlaqələri genişləndirirlər. Bu məsələdə isə beynəlxalq təşkilatlar xüsusi rol oynayırlar. Xüsusilə də türkdilli xalqlara aid təşkilatların bu sahədə fəaliyyəti danılmazdır. O qurumlardan biri də TÜRKSOY-dur. TÜRKSOY son 25 il ərzində həm digər türkdilli xalqlar arasında, həm də Azərbaycanda xeyli iş görüb. Bu qurum türkdilli xalqlar arasında koordinasiya qurub və əlaqələri genişləndirməyə nail olub. Bu qurum türkdilli dövlətlərdə bir sıra tədbirlər keçirib. Bu tədbirlər Türk dünyasının görkəmli şəxsiyyətlərinə həsr olunub. Elə 2017-ci ildə TÜRKSOY-un xətti ilə Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı beynəlxalq bir tədbir keçirildi, “Molla Pənah Vaqif” medalı təsis edildi. “Manas” və “Bilqamıs”la, eləcə də Mahmud Kaşğarlının “Divani lüğət-it türk” əsəri ilə bağlı tədbirlər keçirib. Qarşıda Çingiz Aytmatovla bağlı tədbirlər olacaq. TÜRKSOY-un məram və məqsədi ondan ibarətdir ki, Türk dünyasının ən dəyərli tarixi hadisələrini, tarixi şəxsiyyətlərini, ədiblərini, ictimai-siyasi xadimləri, qiymətli əsərləri gündəmə gətirsin, onlara həsr edilən tədbirlərlə Türk dünyasının birliyini yaratsın. Bu 25 il ərzində TÜRKSOY bu istiqamətdə çox ciddi işlər görüb. Bu gün çox sevindirici haldır ki, ilk dəfə olaraq Azərbaycan Pedaqoji Universitetində TÜRKSOY kafedrası yaradılıb. Bu kafedra da TÜRKSOY-un Azərbaycanda görəcəyi işləri koordinasiya edir. Nəinki Azərbaycanda, hətta TÜRKSOY-un Türk dünyasında görəcəyi işlərin koordinasiyasında TÜRKSOY kafedrasının xüsusi rolu var. Bu yaxınlarda biz TÜRKSOY-un, Azərbaycan Pedaqoji Universitetinin, Türkiyənin Egitim Bölümlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş böyük bir tədbir keçirdik. Bu tədbirə təkcə Türkiyədən 100-dən çox məruzəçi gəlmişdi. Bu tədbirdə Azərbaycandan da xeyli sayda məruzəçi iştirak edirdi. Bu tədbirin yüksək səviyyədə təşkil edilməsində TÜRKSOY-un da böyük rolu vardı. TÜRKSOY yalnız elm sahəsində deyil, həmçinin, mədəniyyət, ədəbiyyat və digər sahələrdə də əlaqələr yaradır. Bu qurumun 25 illiyi Rəşid Behbudov adına Mahnı Teatrında keçirildi. Orada biz bir daha şahidi olduq ki, bu 25 ildə TÜRKSOY türkdilli xalqların mədəni birliyinə nail olub. Bu tədbirdə Özbəkistandan, Qırğızıstandan, Qazaxıstandan, Başqırdıstandan, Xakasiyadan, Türkiyədən, Azərbaycandan nümayəndələr, elm və mədəniyyət adamları, musiqi xadimləri iştirak edirdilər. Bu o deməkdir ki, biz artıq TÜRKSOY vasitəsilə türk xalqları arasında əlaqələri yarada bilmişik”.

Bunun TÜRKSOY-un böyük uğuru, nailiyyəti olduğunu deyən B.Xəlilov hesab edir ki, TÜRKSOY vasitəsilə türkdilli xalqlar arasında əlaqələri daha da genişləndirməliyik. Dünyada yaşayan 250 milyondan çox türk xalqının mədəni birliyini yaratmaqda TÜRKSOY-un gələcəkdə önəmli rol oynayacağını vurğulayan B.Xəlilovun sözlərinə görə, bu qurum özünün yeni layihələrini həyata keçirəcək.

“Bu layihələr əsasında türkdilli xalqlar arasında mədəni əlaqələr gücləndirilə bilər. TÜRKSOY-un rəhbəri Düsen Kaseinov da çox səmimi insandır. O, türk elm adamları, ziyalılarla çox qaynayıb-qarışıb. Bu gün, demək olar ki, Azərbaycanda elm adamlarının çoxu onu tanıyır. O, çalışır ki, Türk dünyasının alimləri, yazarları birliyimiz naminə əsərlər, kitablar yazsınlar, o kitablar çap olunsun, təbliğ edilsin və biz ortaq birliyə gələ bilək. TÜRKSOY-un 25 illiyinin Bakıda keçirilməsi xüsusi önəm daşıyır. Hər zaman türkoloji düşüncə Azərbaycanda, onun paytaxtı Bakıda önəmli bir yerdə olub və tarix boyu türkdilli xalqların hamısı Bakıya çox diqqətlə, hörmətlə yanaşıblar. TÜRKSOY-un 25 illiyinə gələn qonaqlar öz iştirakları ilə bir daha Azərbaycanın türkoloji düşüncənin mərkəzi olduğunu qəbul etdilər. Bu o deməkdir biz türk düşüncə tərzini inkişaf etdirməkdə önəmli yerlərdən birini tuturuq” - deyə B.Xəlilov qeyd etdi ki, indiyə qədər TÜRKSOY-un Bakıda saysız tədbiri keçirilib.

Respublika “Xatirə Kitabı” redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru Nəzakət Məmmədova da hesab edir ki, TÜRKSOY-la Azərbaycanın birgə əməkdaşlığı nəticəsində mədəniyyət, ədəbiyyat, elm, mətbuat sahəsində xeyli nailiyyətə imza atılıb. N.Məmmədovanın fikrincə, TÜRKSOY türk xalqları arasında milli birliyin qurulmasında önəmli rol oynayır: “TÜRKSOY-un Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, tarixi şəxsiyyətlərinin digər türkdilli xalqlar arasında təbliğində çox önəmli rol oynayıb. Bu qurumun məqsədi türkdilli xalqlar arasında mədəni əlaqəni, birliyi daha yüksək səviyyədə qurmağa nail olmaq olub və buna nail olub da. Mən özüm TÜRKSOY-un Azərbaycanda və digər türkdilli ölkələrdə keçirdiyi konfranslarda, tədbirlərdə iştirak edirəm. Bu da mənə imkan verir ki, qurumun həyata keçirdiyi işlərə şahidlik edim. TÜRKSOY Türk dünyasının birliyi naminə çox uğurlu tədbirlər keçirir. Bu tədbirlər sırasında Azərbaycana, onun tarixi şəxsiyyətlərinə, mədəniyyət, ədəbiyyat, elm xadimlərinə həsr edilən tədbirlər də çoxdur”.  

Əskişəhər TÜRKSOY tərəfindən Türk dünyasının mədəniyyət mərkəzi seçilərkən bu qurumun xətti ilə həmin tədbirdə və digər yığıncaqlarda iştirak etdiyini deyən N.Məmmədovanın sözlərinə görə, hər dəfə də o, görülən işlərin əyani şahidi olub. “Bu tədbirləri keçirməklə bütün türkdilli xalqlar arasında qırılmaz əlaqələr quran və buna nail olan TÜRKSOY-a həmişə içimdə böyük rəğbət hissi ilə yanaşmışam. Eyni kökdən, soydan olan xalqları bir araya gətirmək, onların eyni mədəniyyətə, dilə, ortaq tarixə malik olduğunu dönə-dönə əməli işlə sübut etmək həqiqətən də güclü potensial tələb edir. Bu yaxınlarda TÜRKSOY-un xətti ilə Türkiyənin Kastammonu şəhərində böyük bir tədbirdə iştirak etdim. Bilirsiniz ki, Kastammonu şəhəri 2018-ci il üçün Türk dünyasının paytaxtı seçilib. Həmin şəhərdə Avrasiya Yazarlar Birliyinin IX Ədəbiyyat Dərgiləri Konqresi keçirilmişdi, orada mən də iştirak edirdim. Orada da gördüm ki, TÜRKSOY-un gördüyü bütün işlər türk birliyi yaratmağa xidmət edir. Bizim hamımızın istəyi odur ki, ümumtürk birliyini tam yüksək səviyyədə yaratmağa nail olaq. Doğrudan da o tədbirdə mən böyük bir qüvvə, güc, potensial gördüm. Hesab edirəm ki, bu birliyə nail olmağımızda TÜRKSOY-un xidmətləri böyükdür. Odur ki, TÜRKSOY Azərbaycanla çox sıx əməkdaşlıq edir və bunun nəticəsində də Azərbaycan mədəniyyəti, ədəbiyyatı ortaq türk mədəniyyətinin dəyərləri olaraq bütün türk ellərinə yayılır”.

İradə SARIYEVA

Son xəbərlər