18/09/2018 22:11
728 x 90

Bu gün “ölmək” üzrə olan kitab rəssamlığı..., “öldürən” kompyuter qrafikası...

img

Sevinc Quliyeva: “Müəyyən istisnaları nəzərə almasaq deyərdim ki, hazırda dünyada, eləcə də Azərbaycanda kitab rəssamlığı arxa plana keçib”
Səkinə Baharlı: “İllər əvvələ qədər tam gücü ilə fəaliyyət göstərən bir sahə bu gün texnologiyanın gətirdiyi yeniliklər qarşısında kənara çəkilib”

 

Təsviri incəsənətin hər bir növü, qanadı seyrçilər, sənət xridarları üçün böyük maraqla qarşılanır. Tarixən dünyada rəssamlığın bir neçə sahəsi mövcuddur, onlardan biri də kitab qrafikasıdır. Kitab qrafikasının tarixi dünyada qədimdir. Azərbaycanda hələ orta əsrlərdən başlayaraq müxtəlif klassik şairlərin əlyazmalarına rəssamlar müxtəlif illüstrasiyalar çəkirdilər.

Bu sənət Azərbaycanda əsasən Sovet dövründə yüksək səviyyədə inkişaf edib. Respublika nəşriyyatlarında çap edilən kitabların hər birinin xüsusi rəssamı vardı. Deyərdik ki, bu dövrdə Azərbaycanda böyük kitab rəssamları, tərtibçiləri ordusu yaranıb. Müstəqillik illərinin ilk dövrlərində də kitab rəssamlarının işinə böyük tələbat vardı. Lakin son illər texniki tərəqqinin həyatımıza müdaxilə etməsi, müxtəlif kompyuter qrafikalarının yaradılması kitab rəssamlarının fəaliyyətinə əməlli-başlı problemlər yaradıb. Bu gün nəşriyyat və mətbəələr, demək olar ki, rəssamların əl əməyindən istifadə etmirlər. Onlar daha çox kompyuter qrafikasına üstünlük verirlər. Kitablarda dizaynerlərin müxtəlif proqramlardan istifadə edərək yaratdıqları qrafikalardan istifadə edilir. Bu da rəssamların sifarişsiz qalması, fəaliyyətinin kitab sahəsində məhdudlaşdırılmasına səbəb olur.

Rəssamlar bizimlə söhbətlərində bildirirlər ki, vaxtilə hər gün kitab işi ilə bağlı sifariş alırdılarsa, bu gün bu sahədə heç bir sifariş ala bilmirlər.

Rəssam Sevinc Quliyeva bizimlə söhbətində bildirdi ki, vaxtilə Mikayıl Abdullayevdən tutmuş, Qəzənfər Xalıqova, Kirman Abdinova, Bulud Xəlilova qədər böyük bir rəssam nəsli kitab qrafikası ilə məşğul olub. Rəssam-qrafiklərin son dövrlərə qədər geniş fəaliyyət göstərdiyini deyən S.Quliyevanın sözlərinə görə, rəssam-qrafikin kitabda yarada bildiyi sənət əsərini kompyuter qrafikası ilə yaratmaq mümkün deyil: “Bu gün çox təəssüf ki, texnologiyanın inkişafı sənətin, xüsusi olaraq da rəssamlığın müxtəlif qollarının inkişafına mənfi təsir göstərir. O cümlədən də rəssam-qrafiklər bu gün kitab sahəsində fəaliyyət göstərə bilmirlər. Vaxtilə rəssam-qrafiklər respublikada nəşr edilən qəzet və jurnallara, o cümlədən də kitablara illüstrasiyalar, müxtəlif qrafik cizgilər, mənzərə nümunələri çəkərdilər. Bilirsiniz, o vaxtlar rəssamlar bu sahədə kifayət qədər sifariş alırdılar. Bu gün isə müəyyən istisnaları nəzərə almasaq deyərdim ki, hazırda dünyada, eləcə də Azərbaycanda kitab rəssamlığı arxa plana keçib. İndi bu sahə heç bir naşiri maraqlandırmır. Onlar hesab edirlər ki, texnologiya varsa və onun imkanlarından istənilən səviyyədə yararlanmaq mümkündürsə, nə üçün artıq pul verib rəssamları bu işə cəlb etməliyik. Halbuki, texnologiya rəssam fırçasının istiliyini, təbiiliyini yarada bilməz. Rəssam mövzunu görür və onu yaşayır, ona uyğun da illüstrasiyalar çəkir. Amma kompyuter qrafikaçısı isə bunları edə bilmir. Ümumiyyətlə, kitab rəssamlığının taleyini düşünmək lazımdır. Bu gün rəssamların heç də hamısının vəziyyəti yaxşı deyil. Elə rəssam var ki, dolanışığı çox çətindir. Ancaq nəşriyyatlar, mətbəələr onlara sifarişlər verərsə, rəssamların vəziyyəti nisbətən düzələr”.

Ekspert qeyd etdi ki, ümumiyyətlə, hazırda kitab qrafikasında rəssamların az iştirak etməsi, yaxud heç iştirak etməməsi ağrılı prosesdir. “Müasir texnologiyalar o qədər inkişaf edib ki, rəssamlıq onların içərisində əriməyə doğru gedir desəm yanılmaram. Amma 20-30 il əvvəl belə deyildi. Rəssamlar İttifaqının özü nəşriyyatlarla, mətbəələrlə işləyirdi. Bu gün rəssamların çoxu dizaynerliklə də məşğul olur ki, bəlkə dolanışıq qazana bildi” - deyə müsahibimiz bildirdi.

Sənətşünas Səkinə Baharlı isə bizimlə söhbətində kitab qrafikasının bu günü ilə yanaşı, tarixi haqqında da məlumatlar verdi. “Sizin toxunduğunuz mövzu həqiqətən də çox düşündürücüdür. İllər əvvələ qədər tam gücü ilə fəaliyyət göstərən bir sahə bu gün texnologiyanın gətirdiyi yeniliklər qarşısında kənara çəkilib. Bu gün kitab rəssamlarının fəaliyyəti məhdudlaşıbsa, onda gərək kompyuter qrafikasını bilən rəssamlar yetişdirilsin. Bu gün bu sahə yenidir. Amma onu genişləndirmək lazımdır. Gənc nəsil rəssamlar kitab sahəsində fəaliyyət göstərmək istəyirlərsə, texnologiyanı mənimsəməli və özlərini bu sahədə göstərməlidirlər” - deyə bildirən sənətşünas hesab edir ki, rəssamların kitabdan ayrı düşməsi ciddi problemdir.

Bu sənətin tarixinə baş vuran müsahibimiz qeyd etdi ki, XVI əsrdə kitab öz inkişafının zirvəsinə çatıb və bu özünü daha çox Səfəvilər sarayında göstərib: “Səfəvilər sarayı zəngin kitabxanası, şəkilli əlyazmaları yaratmaq üzrə bədii emalatxanaları ilə görkəmli xəttatların, nəqqaşların, miniatürçü rəssamların, tərtibatçıların, cildçilərin və digər kitab sənəti ustalarının əsas fəaliyyət mərkəzinə çevrildi. Qeyd etməliyik ki, kitab Şərqdə həmişə yüksək ictimai marağın artması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edib. Şah İsmayılın, sonralar isə Təhmasibin hakimiyyəti dövründə şah kitabxanasında misilsiz fırça ustası Sultan Məhəmmədin ümumi rəhbərliyi altında Ağa Mirək İsfahani, Mir Müsəvir, onun oğu Mir Seyid Əli, Soltan Məhəmmədin oğlu Mirzə Əli, Dost Məhəmməd, Müzəffər Əli və başqalarından ibarət bir dəstə istedadlı rəssam, Şah Mahmud Nişapuri, Şeyx Məhəmməd və başqa xəttatlar məşhur Behzad, Qasım Əli, Şeyxzadə və başqa Herat rəssamları, dövrün tanınmış kitab ustaları fəaliyyət göstərirdilər.

Onların çoxu savadlı, hərtərəfli inkişaf etmiş şəxsiyyətlər idi və bədii fəaliyyətləri incəsənətin yalnız bir sahəsi ilə məhdudlaşmırdı. Bu sənətkarlar tarix və ədəbiyyata gözəl bələd idilər. Bəzi məşhur miniatürçü rəssamlar gözəl şair Mirzə Seyid Əli, Şahqulu Sadiq bəy Əfşar, xəttat, dekorativ sənət ustaları olmuşlar. Bu fırça ustaları həm XVI əsr Təbriz məktəbinin inkişafında, həm də bütövlükdə Şərq rəssamlığı tarixində böyük rol oynamışlar. Bu istedadlar kəhkəşanına isə ustad Nizaməddin Sultan Məhəmməd rəhbərlik edirdi” - deyə bildirən ekspertin sözlərinə görə, Azərbaycan miniatür sənəti XIX əsrin sonlarına qədər davam edib. Onun sözlərinə görə, XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya, obrazların həlli və koloritinə görə bəsit, sxematik, bəzən də primitiv "lubok" xarakteri daşıyırdı: “Əvəzəli Muğanlının “Kəlilə və Dimnə” (1809), Mirzə Əliqulunun “Şahnamə” (1850), Mir Möhsün Nəvvabın “Bəhr ül-həzən” (1864), Nəcəfqulu Şamaxılının “Yusif və Züleyxa” (1887; bu əsərlər Azərbaycan Respublikası EA Əlyazmalar İnstitutundadır) və s. kitablara çəkdikləri illüstrasiyalar obrazlı ifadə vasitələrinə görə klassik miniatür sənətinin tənəzzülünü göstərir. Sovet dövründə klassik miniatür sənətinin zəngin ənənələrindən, onun bədii üslub xüsusiyyətlərindən yaradıcı surətdə istifadə edilməyə başlanıb. Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində daha da genişlənib, boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərlə nəticələnib.

M.Abdullayev boyakarlıq, qrafika, monumental boyakarlıq və teatr tərtibatı sahələrində klassik irsimizlə bağlı olan bir sıra dəyərli əsərlər yaradıb. Rəssamın "Kitabi-Dədə Qorqud" (1962 və 1979 il nəşrləri) kitablarına çəkdiyi illüstrasiyaları, Bakı metropoliteninin "Nizami" stansiyasında şairin əsərlərinin motivləri əsasında yaratdığı mozaika lövhələri diqqəti cəlb edir. Sovet dövründə bu sənət daha da inkişaf etdi və böyük kitab rəssamları nəsli yetişdi. Hazırkı mənzərə isə yuxarıda qeyd etdiyim kimidir”.

İradə SARIYEVA

Son xəbərlər