19/11/2018 07:50
728 x 90

Azərbaycanın arxeoloji qazıntılarında xarici elm dairələrinin iştirakı...

“Beynəlxalq əməkdaşlığın əsas müsbət cəhətlərindən biri odur ki, bizim arxeoloqlar xarici ölkələrdə aparılan arxeoloji tədqiqatlarda iştirak edirlər”

img

Pərviz Qasımov: “Ümumiyyətlə, xarici mütəxəssislər tədqiqatlara yeni texnologiyalarla, yeni metodlarla yanaşırlar”

 

Son illər Azərbaycanda arxeologiya sahəsində xeyli canlanma müşahidə olunur. Bu gün Azərbaycanın müxtəlif ərazilərində arxeoloji qazıntı işləri həyata keçirilir. Bir neçə ildir ardıcıl olaraq aparılan arxeoloji tədqiqatlar zamanı bir sıra abidələr üzə çıxarılıb. Məlumdur ki, bütün dünyada arxeoloji qazıntılar aparılması planlaşdırılan ərazilərə təşkil edilən ekspedisiyalara digər ölkələrdən olan arxeoloq alimlər də qatılır. Azərbaycanda arxeologiya sahəsində beynəlxalq əməkdaşlıq hansı səviyyədə qurulub?

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Pərviz Qasımov bizimlə söhbətində bildirdi ki, uzun müddətdir müxtəlif beynəlxalq əməkdaşlıq proqramlarının layihələri çərçivəsində Azərbaycan və xarici arxeoloq alimlərin əməkdaşlığı mövcuddur. “Biz bu sahədə müxtəlif ölkələrlə əməkdaşlıq edirik. Avropa Birliyinin “Horizon-2020” proqramının layihəsi üzrə qarşılıqlı əməkdaşlığımız mövcuddur. Həmin layihə çərçivəsində bizim arxeoloqlarımız keçən il Gürcüstanda arxeoloji tədqiqatda iştirak ediblər. Bu il isə arxeoloqlarımız həm yenə Gürcüstanda, həm də Bolqarıstanda işləyəcəklər. Bu günlərdə isə Bolqarıstan arxeoloqları “Horizon-2020” çərçivəsində Azərbaycana gələcəklər. Bu layihə daxilində xarici mütəxəssislərlə bizim mütəxəssislərin mübadiləsi aparılır” - deyə bildirən P.Qasımovun sözlərinə görə, beynəlxalq əməkdaşlığın bizim arxeoloqlara faydası çox böyükdür. P.Qasımov qeyd etdi ki, Azərbaycan arxeoloqları arxeometrik sahələr üzrə beynəlxalq təcrübəni öyrənirlər: “Beynəlxalq əməkdaşlıq nəticəsində bizim yeni nəsil mütəxəssislərimiz yetişir. Xarici mütəxəssislərdən yeni arxeoloji tədqiqat metodlarını öyrənirik, onlar da bizə bunu öyrədirlər. Bizim gənc kadrlarımız beynəlxalq əməkdaşlıq çərçivəsində xüsusi ixtisaslar üzrə kurslar keçirlər. İstər Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində, istərsə də xaricdəki kurslarda gənclər üçün  master klasslar təşkil edilir. Yəni ya biz o mütəxəssisləri bura dəvət edirik, ya da gəncləri xaricə göndəririk. Beynəlxalq əməkdaşlığın əsas müsbət cəhətlərindən biri odur ki, bizim arxeoloqlar xarici ölkələrdə aparılan arxeoloji tədqiqatlarda iştirak edirlər. Ümumiyyətlə, bu cür əlaqələrin qurulmasının Azərbaycan arxeologiyası üçün faydalı cəhətlərindən biri həm də bizim alimlərin, mütəxəssislərin məqalələrinin “İmpakt”, “Faktor” jurnallarında dərc olunmasıdır. Onlar dünyada nüfuzlu elmi jurnallardır. Orada alman, fransız, əsasən də ingilis dillərində elmi-tədqiqat məqalələri çap olunur. Bu əməkdaşlıq bizə imkan verir ki, həm Azərbaycan ərazisində aparılan tədqiqatlar barədə beynəlxalq elmi ictimaiyyətə məlumatlar verək, həm də orada Azərbaycan arxeoloqlarının bir neçə müəllifli, eləcə də təkmüəllifli məqalələri dərc olunur. Bu jurnallar vasitəsilə həm abidələrimiz, həm də alimlərimiz tanınır. Digər tərəfdən, alimlərimizin və abidələrimizin tanınması o deməkdir ki, respublikamız elmi potensialı, elmi inkişaf perspektivləri olan bir respublika kimi tanınır. Türkiyəli arxeoloq Yılmaz Səlim Ərdalla çoxdandır əməkdaşlıq edirik. Bizim bir neçə gənc arxeoloqumuz birbaşa onun tələbəsi olub. Artıq o, “Horizon-2020” proqramı çərçivəsində “Niogen” layihəsi üzrə Neolit dövrü insanlarının DNT-sinin araşdırılması ilə məşğuldur. Yılmaz Səlim Ərdal bizim ölkəmizdə oldu. Artıq sragagündən Azərbaycan-İtaliya beynəlxalq ekspedisiya qrupu Goranboyda arxeoloji tədqiqatlara başlayıb. Bildirim ki, tədqiqatlar Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun və “Lorenzo de Medici” Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin rəhbəri, professor Nikola Lanerinin həmrəhbərliyi altında aparılır. Arxeoloji ekspedisiyanın tərkibində Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES), müxtəlif arxeometrik sahələr üzrə tədqiqatlar aparacaq Almaniya və Fransa mütəxəssisləri də iştirak edir.

Tədqiqatın əsas obyekti ilk tunc dövrünə aid kurqan tipli qəbir abidələridir. Bununla yanaşı, mütəxəssislər tərəfindən ərazidə yerüstü araşdırmalar, arxeoloji abidələrin topoqrafik planları və elektron qeydiyyatı aparılacaq.

Həmçinin, bu il martın 29-30-da Florensiyada Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası üzvlərinin toplantısı keçirilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək tədqiqat planları müzakirə olunub. Müzakirələrdə Azərbaycan ərazisindəki kurqan abidələrində arxeoloji qazıntılardan götürüləcək nümunələrin müxtəlif elm sahələri üzrə dünyanın qabaqcıl laboratoriyalarında analizi və elmi nəticələrin iştirakçı mütəxəssislərin həmmüəllifliyi ilə nüfuzlu jurnallarda dərci nəzərdə tutulub”.

P.Qasımov qeyd etdi ki, bundan başqa, xarici alimlərin iştirakı ilə Tovuz rayonunun Kiçiktəpə deyilən ərazisində arxeoloji tədqiqatlara başlanacaq. “Bir neçə gündən sonra Fransa Elmi Tədqiqatlar İnstitutunun da əməkdaşlarının iştirakı ilə Tovuz bölgəsində yeni aşkar olunmuş Kiçiktəpə neolit düşərgəsində tədqiqatlar aparılacaq. Bu tədqiqatı Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası aparacaq. Azərbaycan üzrə həmin ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevdir. Bu ekspedisiya bu həftənin sonu, gələn həftənin əvvəllərindən tədqiqata başlayacaq. Ümumiyyətlə, xarici mütəxəssislər tədqiqatlara yeni texnologiyalarla, yeni metodlarla yanaşırlar. Yəni burada müxtəlif müasir texnologiyalardan, o cümlədən də maqnit radarlardan istifadə edilir”- deyə bildirən P.Qasımov dedi ki, arxeoloji qazıntılar zamanı əldə edilən materiallar sonradan tədqiq edilmək üçün dünyanın qabaqcıl texnologiyaları ilə təchiz olunmuş laboratoriyalara göndərilir. O nümunələrin arxometrik analizlərə cəlb edildiyini deyən müsahibimizin sözlərinə görə, bu zaman nümunələrin hansı tarixə mənsub olduğu dəqiq aşkarlanır.

İradə SARIYEVA

Son xəbərlər