18/06/2018 05:55
728 x 90

İftixar Piriyev: “Teatr mənim həyatımdır” - MÜSAHİBƏ

“... aktyorların yaradıcılığı pərdə qapanan kimi müəyyən mənada görünməz olur”

img

Artıq neçə illərdir ki, tarixi torpaqlarımızı tərk etməyə məcbur olmuş minlərlə soydaşımız kimi doğma yurdda didərgin, qaçqın taleyi yaşayan, 1882-ci ildə peşəkar fəaliyyətə başlamış, 136 yaşının içində olan, 90 il əvvəl dövlət statusu almış C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, bütün çətinliklərə baxmayaraq, böyük sənət üçün yüksək amallara xidmət yolunda inamla çarpışır. Bizimlə müsahibəsində bu məqamı xüsusi qeyd edən teatrın direktoru İftixar Piriyev zəngin tarixə malik teatrın dünəni və bugünkü nailiyyətləri barədə danışır:

Əvvəlcə İftixar Piriyevin həyat yoluna nəzər yetirək

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru İvtixar (İftixar) Fəhrat oğlu Piriyev 1960-cı ildə Gürcüstan Respublikası Saqareco rayonunun Düzəyrəm kəndində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi, 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyorluq fəaliyyətinə başlamışdır. İnstitut illərində Rza Təhmasib, İsmayıl Dağıstanlı, Əliabbas Qədirov kimi görkəmli teatr xadimlərindən sənət dərsi almışdır. İvtixar Akademik Milli Dram Teatrının səhnəsində, televiziya tamaşalarında, seriallarda və bədii filmlərdə qırxa qədər aparıcı və əsas rollar oynamışdır. 
2009-cu ildə İrəvan Teatrının səhnəsində hazırlanmış dramaturq Aqşin Babayevin “Xilaskar” və 2013-cü ildə özünün müəllifi olduğu “Qurtuluş dastanı”, 2016-cı ildə Hidayətin “Burdan min atlı keçdi” əsərlərinin tamaşalarında ümummilli liderimiz Heydər Əliyevin bədii obrazını ustalıqla yaratmışdır. 
Respublikanın əksər bölgələrində altmışdan çox oynanılan həmin tamaşalarla o, Türkiyə Cümhuriyyətində, Gürcüstan və Dağıstan respublikalarında qastrol səfərlərində uğurlu çıxışlarına görə böyük tamaşaçı rəğbəti qazanmış, otuza yaxın fəxri fərman və diplomla təltif olunmuşdur.
Saday Budaqlı – “Közərən evin işığı”, Dilsuz – “Qğulla görüş”, Əkrəm Əylisli – “Ürək yaman şeydir” və sair televiziya tamaşalarında baş rollar oynamışdır. Əlibala Hacızadə – “İtgin gəlin” (Əbdül), Rəşad Nuri Güntəkin “Dodaqdan qəlbə” (Vədad), Bəxtiyar Vahabzadə “Yağışdan sonra” (Aslan) teleseriallarında, A.Rəhimov “Canavar balası” (Nofəl), “Qırmızı qar” (Şef) bədii televiziya filmlərində tamaşaçıların yaddaşında yaşayan əsas və baş rolları ifa etmişdir. Azərbaycan Dövlət Televiziyasının Qızıl fondunda qorunan “Ozan” folklor toplusunun aparıcısı olmuşdur. Azəraycan Dövlət Televiziyasının çəkdiyi bir çox ədəbi-bədii verilişlərdə bədii qiraətçi kimi çıxışlar etmişdir. Şeirləri əsasında yazılmış ssenariyə uyğun olaraq Azərbaycan Dövlət Televiziyası “Mənim ömür nəğmələrim” adlı film-tamaşa çəkmişdir.
“Qurtuluş dastanı” əsərinin tamaşası Azərbaycan Dövlət Televiziyası və Naxçıvan Muxtar Respublikası Televiziyalarının, “Nurlu ömrün anları” tamaşası isə İctimai Televiziyanın Qızıl fondunda qorunmaqdadır.
1991-ci ildə Azərbaycan Milli “Dastan” Teatrını yaramışdır. 
1999-2000-ci illərdə Müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin Tiflis Teatrının bərpasına kömək məqsədi ilə verdiyi xüsusi tapşırığa əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən, hazırda ulu öndər Heydər Əliyevin adını daşıyan və uğurla fəaliyyət göstərən Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpa prosesinə rəhbərlik etmək üçün iki il müddətinə Tiflis şəhərinə ezam olunmuşdur.  Tiflis Teatrının bərpasında peşəkarlıqla apardığı iş prosesinin uğurlu nəticəsinə görə 2000-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunmuş, hazırda həmin teatrın aktyoru və direktorudur. O, 16 oktyabr 2007-ci il tarixində (vəsiqə № 00199) İrəvan Teatrının 125 illik yubileyi zamanı həmin teatrın dirçəldilməsində və inkişafında müstəsna xidmətlərinə görə ölkə prezidenti cənab İlham Əliyevin imzası ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Fəxri adına layiq görülmüşdür.

İvtixar Piriyev istedadlı aktyor, şair və dramaturq, publisist, bacarıqlı teatr təşkilatçısıdır. Onun “Yaşadığım bu ömür”, “Nə qəribə yuxuymuş” şeirlər, “Sevgilim” poeması, ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Böyük Turanın Himni”, türk, rus, ingilis, alman, fransız, italyan, ispan, ərəb, fars dillərinə tərcümə olunmuş “Müstəqil Vətənin Memarı” poemaları, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin anadan olmasının 50 illiyi münasibətilə yazdığı və tamaşaya hazırladığı “İşıqlı, nurlu sabah” və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və təşviqat kampaniyası” çərçivəsində yazdığı və tamaşaya hazırladığı “Soyqırımı tarixinin dastanı” mənzum pyesləri və ayrıca olaraq türk dilində “Bağımsız Vatanın Mimarı” poeması kitab şəklində çoxdilli oxuculara təqdim olunmuşdur.
“Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi” adlı elmi monoqrafiyanın müəllifidir.  “İşıqlı, nurlu sabah” və “Soyqırımı tarixinin dastanı” əsərlərinin tamaşaları ilə Respublikamızın əksər bölgələrində və Türkiyə Cümhuriyyətinin onlarla şəhərində böyük rəğbətlə qarşılanan qastrol səfərləri həyata keçirmişdir. Uzun illərdir Türkiyə Cümhuriyyəti Anadolu Ayınlar ocağı ilə birgə “Azərbaycan – Türkiyə sənətdə nəhəng qardaşlıq və candaşlıq layihəsi” çərçivəsində Türkiyə ilə Azərbaycan arasında mədəniyyət, idman və strateji münasibətlərin möhkəmlədtrilməsinə xidmət edən işlərin həyata keçirilməsində əvəzsiz fəaliyyət göstərir. 
2012-ci ildə “Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi” adlı dissertasiyasını müdafiə etməklə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 
“Dan yeri söküləndə”, “Körpü”, “Məngənə və ya Kor Aşığın işığı”, “Eşqin tikan dairəsi”, “Qarışqalar yuvasını dəyişmir”, “Arı yuvası”, “Canavar dişi”, “Süsən və Osman”, “Qurtuluş dastanı”, “İşıqlı nurlu sabah”, “Soyqırımı tarixinin dastanı”, “Qalx ayağa, Azərbaycan!”, “Azərbaycan bayrağı”, “Nurlu ömrün anları”, “Qurtuluşa gedən yol”, “Kalbalı xan Kəngərli” mənzum və nəsrlə yazılmış pyeslərin, onlarla hekayə, miniatür, mənsur şeyir, təmsil, elmi məqalə, resenziya, publisistik və portret yazıların müəllifidir. 2014-cü ildə 3 cildlik “Pyeslər” kitabı nəşr olunmuşdur.
Dram əsərləri İrəvan Dövlət Azəraycan Dram, Gəncə Dövlət Dram, Naxçıvan Dövlət Musiqili Dram, Tiflis Dövlət Azəraycan Dram Teatrlarının səhnələrində uğurla oynanılır.
“Hidayət və teatr”, “İrəvan Teatrının tarixi” adlı elmi monoqrafiyaları çapa hazırlanmışdır.
“Qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyası (Elçin dramaturgiyası əhatəsində)” adlı doktorluq dissertasiyası üzərində iş aparır.
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin şura üzvü, Teatr xadimləri İttifaqının və Yazıçılar Birliyinin üzvüdür.

Beş uşaq atasıdır.

– İftixar müəllim, İrəvan teatrının 136-cı mövsümündə, həm də böyük tarixi yubileylərin keçirildiyi tarixi günlərdə  xoş gördük sizi.
 – Xoş görüşdük. Həqiqətən də çoxəsrlik dövlətcilik ənənələrinə malik olan ölkəmizdə 28 may 1918-ci il müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan  Cümhuriyyətinin 100 illiyi, Soyqırımı  hadisələrinin yüzüncü ildönümü,  Ulu öndər Heydər Əliyevin 95 illiyi, İrəvan Azərbaycan Dram Teatrının Dövlət statusu almasının 90 illiyi tarixləri ilə əlamətdar olan bir il kimi yaddaşlarda qalacaqdır. Bu tarixlər milli kimliyimizin, milli məfkurəmizin, azərbaycançılığımızın, dövlətçilik ənənələrimizin, milli mədəniyyətimizin şanlı tarixləridir.

– 136 il. Bir sənət ocağı, xüsusən teatr üçün bu çox böyük tarixdir. 
– Nəzərə alaq ki, teatrımızın tarixinə dair bəzi faktlar da vardır ki, onlara əsaslanaraq bu sənət ocağının təşəkkülünün daha qədimə təsadüf etdiyi barədə də fikir yürütmək olar. 
– Doğrudur. Ancaq bu geniş araşdırma tələb edən bir mövzudur. 
– Əlbəttə. Həm də vacib olan bir məsələdir. Məncə, Qərbi Azərbaycan – İrəvan xanlığının tarixi ilə maraqlanan vətənpərvərlərimiz bu barədə daha çox düşünməli və araşdırmalar aparmaq üçün mütəxəssislərimizə konkret yardımlar göstərməlidirlər.   

– Hələlik İrəvanda teatrın təşəkkülü ilə bağlı elmi təsdiqini tam tapmış tarixin özü də çox zəngindir. Bu gün sizinlə söhbətimiz ilk növbədə teatrın çağdaş durumu, kollektivin qaçqınlıq dövründə yaradıcılıq konsepsiyasının necə reallaşdığı barədə olacaq. İstərdik bir qədər yaxın keçmişə qayıdaq. On səkkiz  il əvvəl İrəvan teatrına rəhbər təyin olundunuz. Bu hansı zərurətdən yarandı və fəaliyyətinizə hansı məramla, yaradıcılıq proqramı ilə başladınız?
–  Öncə onu deməyi özümə borc hesab edirəm ki, hər bir yaradıcı adam, hansı sahədə olursa-olsun, yaradıcılıqla məşğul olur. Mən bu teatra təyinat aldıqdan sonra həm quruculuq, həm də yaradıcılıqla məşğul olmağa başladım. Ölməz ədib Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı öz işgüzar kollektivi, geniş tamaşaçı auditoriyası və dəyərli sənət xadimləri ilə mənim həyatımın çox qiymətli anlarını özündə birləşdirir. Ömrümün 18 illik bir tarixini özünə bağlayan və mənə parlaq anlar bəxş edən bu sənət ocağına və məni bu sənət ocağı ilə birləşdirən insanlara həmişə minnətdaram. Bu sənət məkanında yaşadığımız bəzən çətin, bəzən asan, bəzən gərgin olan bütün hadisələr, ümumiyyətlə, İrəvan teatrı və onun istedadlı kollektivi müqəddəs məkan olaraq, mənim üçün əvəzi olmayan bir anlam kəsb edir.
İrəvanın adına, keçmişinə, yaşamına məsuliyyətin anlamını məsuliyyətlə dərk edirəm. Hesab edirəm ki, belə bir qədim sənət məbədinə rəhbərlik etmək üçün başqa cür düşüncədə olmaq yanlışlıqdır. Çünki bu teatr Qərbi Azərbaycanı özündə ehtiva edən yeganə canlı, yəni fəaliyyətdə olan mədəni məkandır. Bu teatr təkcə adi məkan deyil, həm də zamanın tələblərinə uyğun öz İrəvanı, irəvançılığı üçün mübarizə aparan, Ermənistan adlanan dövlətə öz bədii kredosu ilə birbaşa meydan oxuyan, döyüşə çıxmağa hazır olan bir sənət ocağıdır.
– Sizin taleyinizə ölkəmizdən kənarda olan milli mədəniyyət ocaqlarımızda işləmək səadəti nəsib olub. Bu nə ilə əlaqədardır?

– 1999 – 2000-ci illərdə müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bünövrəsi 1873-cü ildə qoyulmuş Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpa prosesinə rəhbərlik etmək üçün iki il müddətinə Tiflis şəhərinə ezam olundum. Halbuki, 1991-ci ildə təsis etdiyim Azərbaycan Milli Dastan Teatrında müəyyən təcrübələr əldə etmişdim və onun inkişaf proqramını da işləyib hazırlamışdım. Buna baxmayaraq, nazirliyin təklifini məmmuniyyətlə qəbul etdim. Tiflis teatrının bərpası dövründə əldə etdiyim təcrübə İrəvan Teatrının yenidən qurulmasında çox önəmli rol oynadı. Bu prosesin uğurlu nəticəsinə görə 2000-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olundum və bu günə kimi də həmin missiyanı şərəflə yerinə yetirməyə çalışıram.

İrəvan Teatrı və onun istedadlı kollektivi həyatımın bir hissəsi olaraq, mənim üçün əvəzi olmayan bir anlam kəsb edir. İrəvanın adına, keçmişinə, yaşamına məsuliyyətin anlamını düşüncəmlə dərk edirəm. Belə bir qədim sənət məbədinə rəhbərlik etmək üçün başqa cür düşüncədə olmaq yanlışlıqdır. Çünki, bu teatr Qərbi Azərbaycanı özündə ehtiva edən yeganə mədəni məkandır. Bu teatr təkcə məkan deyil, həm də zamanın tələblərinə uyğun öz İrəvanı, irəvançılığı üçün mübarizə aparan , Ermənistan adlanan dövlətə birbaşa meydan oxuyan, döyüşə çıxmağa hazır olan bir sənət ocağıdır.

 O dövrdə xüsusi binası olmayan, kirayənişin həyatı yaşayan, truppası hələ tam formalaşmamış, dekor, butafor, rekvizit, geyim sexləri çox kasıb teatrda fəaliyyətə ilk növbədə nədən başladınız?
– Rəhbərliyə  başladığım andan ilk növbədə İrəvan Teatrının bütün ənənələrini, bu günə qədər keçdiyi uzun, keşməkeşli yolda nail olduğu intibahı qoruyub saxlamağa çalışdıq. Eyni zamanda teatrı zəngin ənənələr üzərində sabaha doğru yeni yaradıcılıq uğurları ilə aparmağı uzunmüddətli strategiya kimi qarşıya məqsəd qoyduq. 2000-ci ildən əldə olunan nailiyyətlər barədə qısa olaraq belə deyə bilərəm ki, fəaliyyətimizin dəyəri 125 illik yubileyimizə qədərki (2007) bir zaman kəsiyində ölkə başçısının ali fərmanları ilə öz həqiqətinə qovuşa bildi. Həmin ərəfədə yarandığı gündən etibarən heç vaxt binası olmayan teatrımız dövlətimiz tərəfindən bina ilə təmin edildi. Mədəniyyət və turizm nazirinin qayğısı ilə dəfələrlə xarici ölkələrdə teatr sənətimizi uğurla nümayiş etdirmək nəsibimiz oldu.  Bütün bu fərəhverici qayğılar teatrı daim  genişmiqyaslı beynəlxalq layihələr həyata keçirməyə sövq edir. Kollektivimiz dəfələrlə Türkiyə Cümhuriyyərində, Gürcüstan Respublikasında, Rusiya Federasiyasında səfərlərdə olub. Əsas odur ki, həmin səfərlərin hamısından uğurla qayıtmışıq. Bu fərəh, təbii ki, bizi daha böyük sənət nailiyyətlərinə səfərbər edib.
– Dediyiniz bu yaradıcılıq axtarışlarında kollektivinizin peşəkarlığı bir rəhbər kimi sizi qane edirmi?

– İrəvan teatrı keçdiyi uzun yolda tam olaraq peşəkarlaşa bilmişdir. Peşəkarlıq yaratdığımız sağlam yaradıcı mühit nəticəsində bu gün də qorunub saxlanılır. Fəaliyyətə başladığım ilk gündən teatrın yaradıcı və texniki heyətinin gənc qüvvələrlə zənginləşməsinə verdiyimiz rəvac iş prinsipimizin prioritetinə çevrildi. Nəticə etibarı ilə bu gün teatrımızda  püxtələşmiş sənətkarlarla yanaşı çoxlu istedadlı, peşəkarlar gənclər fəaliyyət göstərir. Onların da hər biri təkcə bacarıq və istedadları ilə kifayətlənmirlər, teatr sənətini sevə-sevə, yorulmadan bir gündə iki-üç əsərin məşqlərində böyük həvəslə çalışırlar.

Kollektivimizin sənət fədailəri anlayırlar ki, ömrünü teatra bağlayanlar burada çox ağır çətinliklərlə üz-üzə dayana bilər. Bu prosesdə gərgin məqamlarla mübarizə aparmalı, bəzən maddi imkansızlıqla çox səmimi şəkildə üzləşməli olacaq. Xoşbəxtlikdən gənclərimiz belə halları özlərinə, öz talelərinə məhkum olunmuş bir həqiqət kimi qəbul etməyi idrakla anlayırlar. Yaradıcılıq mühiti üçün vacib olan belə ab-hava ilə ruh yüksəkliyi, böyük sənət yanğısı ilə, qürurla çalışırlar. O da anlaşılır ki, bu sənətin sahibləri hər kəsə nəsib olmayan, düşüncə, hiss, duyğu, daxili bütövlük, mənəvi rahatlıq və təmizlənmə, saflaşma, kövrək və istiqanlı qəlb dolğunluğu, idrak və təfəkkür dərinliyi, zövqlü və kübar zənginlik, alicənab və mükəmməl şəxsiyyət və sair kimi mütləq sərvət zənginliyi ilə Tanrının mükafatını qazanmaq imkanında ola bilirlər. Və o da dərk olunur ki, bu sənətə məhz sənət naminə gələnlər gec-tez həmin mükafata layiq görülürlər və özlərindən sonra həyatda qoyub getdikləri böyük sənət nümunələri ilə tarixin sənət salnaməsində öz yerlərini tuturlar. Belə bir müstəvi insan olan kəs üçün ən mötəbər bir məkandır. Mən də teatrın rəhbəri olaraq  əlimdən gələni edirəm ki, kollektivin üzvləri bu ecazkar məkanda özlərini rahat hiss etsinlər, istər maaddi, istərsə də mənəvi qayğı ilə əhatə olunsunlar.

Bu gün respublikanın bütün teatrları kimi İrəvan teatrı da dövlətimizin diqqəti və qayğısı ilə əhatələnib. Biz bu qayğıdan səmərəli şəkildə yararlanmağa həm bütün düşüncəmizlə, həm də coşqun yaradıcılıq ehtirasımızla çalışırıq. 
– Teatr səhnəsində, televiziyada müxtəlif səpkili rolların mahir ifaçısı kimi tamaşaçı yaddaşında qalmısınız. Aktyorların yaradıcılığı pərdə qapanan kimi sanki görünməz olur. Buna görə də bu sənət daha çox diqqət, qayğı tələb edir. Sizin fikrinizcə, aktyorun uğuru ilk növbədə nə ilə bağlıdır və onu necə qorumaq lazımdır?
– Aktyorun uğuru səhnədəki zəfəri ilə bağlıdır. Eyni zamanda teatrı yaşadan aktyordur... Aktyorlar da digər yaradıcılıq sahəsinin nümayəndələri kimi, fərdi xüsusiyyətlərə malik olan yaradıcıdırlar. Onların özlərinə məxsus yaradıçılıq aləmləri vardır. Ancaq iş burasındadır ki, digər sənət sahələrindən fərqli olaraq, aktyorların yaradıcılığı pərdə qapanan kimi müəyyən mənada görünməz olur. Və bu görünməz olan məkanda onlar adi insanlar kimi qarşı-qarşıya dayandıqları asanlı-çətinli həyat tərzlərinə qovuşurlar. Məhz bu məkanda onların qayğısını çəkmək və yardım göstərmək vacibdir. Ona görə ki, aktyorlar səhnədə nə qədər fədakardırlarsa, qüdrətli və bacarıqlıdırlarsa, real həyat məkanında adətən, belə desək, daha doğru olar, yaranmış çətinliklərə sinə gərərək, bu vəziyyətdən qorxmayanlar qismində təmsil olunurlar. Yəni bu çətinlik onlar üçün adiləşmiş hala çevrilir. Aktyor sənətinin hüsnü və ləzzəti də ondadır ki, bu sənətin sahibləri yalnız və yalnız öz potensiallarını səhnədə sərf etmək üçün kodlaşdırırlar.  Bu, başqa bir aləmdir. Buna görə də teatrın rəhbərlərindən tutmuş, ta qapıçısına qədər aktyorlara qarşı son dərəcə həssas, diqqətli və son dərəcə qayğıkeş olmalıdırlar. 
–  Amma bütün bunlarla yanaşı əzəli peşəniz olan aktyorluğa eşqiniz heç zaman sönmür. Deyirlər tarix insanları yox, insanları tarixi yaradır. Azərbaycan teatr səhnəsində ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin bədii obrazını mükəmməlcəsinə canlandırmış və teatr tariximizə yazmısınız. Belə möhtəşəm obrazı oynamaq hər bir aktyor üçün  böyük şərəfdir. Bu  Sizə çətin olmadı ki?
– Əlbəttə, çətin oldu. Teatr ictimaiyyətinə bəllidir ki, mən 1998-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində yarımçıq qoyduğum yaradıcılıq prosesinə on ildən sonra, 2009-cu ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” əsərində ulu öndər Heydər Əliyevin bədii obrazı ilə səhnə fəaliyyətimi davam etdirməyə başladım. Biz bu əsərlə Azərbaycanın bütün bölgələrində, Türkiyə Cümhuriyyətinin ən böyük şəhərlərində, Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində, Ş.Rustaveli adına Akademik teatrın səhnəsində, eləcə də respublikanın digər rayonlarında, Dağıstan Respublikasının Dərbənd şəhərində tamaşaçı alqışları ilə təltif olunduq.  Dahi rəhbərin obrazını yaratmaq hər bir aktyordan böyük məsuliyyət tələb edir. Əsas odur ki, mən bu prosesdə üzərimə düşən məsuliyyətin ciddiliyini çox yaxşı dərk edirdim. Ümummilli liderimizin bədii obrazının portret cizgilərindən daha çox onun  zəngin daxili aləmini əks etdirməyə çalışırdım.
Daha sonra müəllifi olduğum “Qurtuluş dastanı” və Hidayətin “Burdan min atlı keçdi” əsərlərində də ulu öndər Heydər Əliyevin bədii obrazını canlandırmaq nəsibim oldu. Hər üç əsərdə qəhrəmanım, müxtəlif dövrlərdə, müxtəlif hadisələr əhatəsində öz mübarizə yolunun konturlarını ustalıqla sahmanlayır, uğurlu həyat və ömür zirvəsinə doğru mükəmməl addımlayır. Bu ali missiya daşıyıcısı, dolğun imkanlara malik olan obraz üzərində yaradıcılıq prosesi həm bir insan, həm də bir  sənətçi kimi mənəvi dünyama zəngin potensial yükləyirdi.

Hazırda üzərində yaradıcılıq işi apardığım obraz da son dərəcə maraqlı, bədii yükü olan və ümummilli liderimiz Heydər Əliyev ideyalarının yaşaması və cəmiyyətə təlqin edilməsi üçün sədaqətlə çalışan bir tarixi şəxsiyyətin obrazıdır. Yaradıcılıq səhifəmdə bu əsərin özünəməxsus yer tutacağına tam əminəm. Yaradıcılıq prosesi zamanı artıq obrazın bütün dolğun imkanları görünür.

– İrəvan teatrını fərqləndirən cəhətlərdən biri də hər mövsümdə yeni layihələrlə çıxış etməsidir. Belə layihələrlə bağlı açıqlama vermənizi istərdik.
– Bir daha təkrar edirəm ki, İrəvan Teatrı davamlı olaraq genişmiqyaslı Beynəlxalq layihələr həyata keçirir və bu layihələrlə qastrol səfərlərində ölkə mədəniyyətini layiqincə təmsil edir. Biz əvvəlki illərdə də çoxlu orijinal beynəlxalq layihələr həyata keçirmişik. 133-cü mövsümdə isə ilk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və təşviqat kompaniyası kontekstində gürcü yazıçısı Nodar Dumbadzenin əsərlərinin motivləri əsasında “Didro” tamaşasını hazırladıq. Tamaşa İrəvan teatrının, Binəqədi rayon ziyalılar cəmiyyətinin, Gürcüstan Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin və Tiflis Dövlət Azərbaycan Dram Teatrının birgə layihəsi olaraq həyata keçirildi.

Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyə Cümhuriyyəti  “Anadolu Aydınlar Ocağı”, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatı və İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə möhtəşəm tədbir həyata keçirildi. “Çanaqqala zəfəri” adlı layihə 17 aprel 2015-ci ildə reallaşdı. Məlumdur ki, hər ilin 24 Nisan tarixində Türkiyədə Çanaqqala zəfərinin kutlanma mərasimləri keçirilir. Biz İrəvan teatrı olaraq 100-cü ildönümünü Türkiyədən öncə Azərbaycanda həyata keçirilməsi üçün “Çanaqqala zəfəri” adlı layihə çərçivəsində xüsusi bir tamaşa – türk yazarı Demet xanım Çizmelinin “Cümhuriyyətin ilk sədası” tarixi-xronoloji dramını hazırladıq. Tədbir içtirakçılarına bu tamaşanın premyerasını təqdim etdik. Diqqətinizə onu da çatdırmaq yerinə düşər ki, müəllifi olduğum “Soyqırımı tarixininn dastanı” əsəri ilə Osmanlı dövlətinin nəhəng sərkərdəsi Nuru Paşanın, Demet Çizmelinin “Cümhuriyyətin ilk sədasi” əsəri ilə isə Türkiyə Cümhuriyyətinin yaradıcısı böyük öndər Mustafa Kamal Atatürkün bədii obrazları Azərbaycan teatr tarixində ilk dəfə İrəvan Teatrının səhnəsində canlandırılmışdır.

Kollektivimiz  “Cümhuriyyətin ilk sədasi” tamaşasını Türkiyə-Azərbaycan dostluğuna, həmrəyliyinə yeni görəvi və mübarizə amacı kimi təqdim etdi. Dünya birliyi qarşısında soyqırım hadisələrini belə qutladı,  həm varlığı ilə, həm də yaratdığı vətənpərvər ruhlu nəhəng tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayandığını bir daha təsdiqlədi. Yüz ilin erməni yalanlarına qarşı türklərlə birgə mövqedə olduğunu öz sənət qüdrəti ilə isbatladı. Çanaqqala zəfəri təkcə Türkiyə Cümhuriyyətinin qurtuluş zəfəri tarixi deyil,  bu zəfər həm də böyük türk birliyinin həmrəylik və birlik, bir bayraq altında birləşməyə çağırış tarixidir! – deyə səsləndik. 
– İrəvan Teatrının bölgə səfərləri də həmişə maraqla qarşılanır. Bilirik ki, müəllifi olduğunuz “Heydər Əliyev irsini öyrənirik!”  adlı maraqlı bir layihə ilə, “Qalx ayağa, Azərbaycan!” devizi altında bir neçə il əvvəl həyata keçirdiyiniz respublika miqyaslı səfər çox böyük uğur qazanmışdır...

– Səfər Respublika miqyaslı olsa da, səfərin mahiyyəti beynəlxalq məzmun daşıyıcısıdır. Bu səfərimizdə oynadığımız tamaşa da Beynəlxalq miqyaslı, mötəbər hadisəni özündə ehtiva edən bir layihədir. Biz dünya azərbaycanlılarını birləşdirən, Azərbaycan və azərbaycançılıq ideyalarını həyatının mənası hesab edən və həmişə bu fenomen qüdrəti ilə yaşayan ümummilli liderimiz Heydər Əliyev irsinin öyrənilməsi və mənimsənilməsi  məqsədi ilə “Heydər Əliyev irsini öyrənirik” adlı layihə ilə qastrol səfərimizə bölgələrimizdən başladıq. Müəllifi olduğum “Qalx ayağa, Azərbaycan!” devizi altında start verdiyimiz bu layihə ilə biz, əlbəttə ki, Mədəniyyət Nazirliyinin böyük dəstəyi ilə dünya azərbaycanlıları qarşısında geniş miqyaslı səfərlər həyata keçirməyi hədəfləmişik. 

- İftixar müəllim, kollektiviniz uğurlu beynəlxalq səfərdən yenicə qayıdıb, söhbətimizə səfər təəssüratlarınızdan başlamaq istəsəm də bu  sual sona qaldı. Oxucularınıza bir qədər də son qastrolunuz barədə məlumat verin.

- İrəvan teatrı olaraq, ələttə ki, dəfələrlə Azərbaycandan kənarda təmsil olunmaq fürsəti əldə etmişik. İlk dəfə 2008-ci ildə, daha sonra 2011, 2013, 2016 və 2018-ci illərdə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Türkiyə Cümhuriyyətinin bir çox səhərlərində, bir-birindən maraqlı əsərlərlə genişmiqyaslı qastrol səfərləri həyata keçirmişdir. Undan başqa biz dəfələrlə Gürcüstan və Dağıstan Respublikalarında da maraqlı qastrol səfərləri həyata keçirmişik. Ən maraqlı səfərlərdən biri 2016-cı ildə Anadolu Aydınlar Ocağı Başqanı, professor, doktor İbrahim Öztəkin dəvəti ilə Türkiyə Cümhuriyyətinin Qars, Ərzurum, İqdır, İnegöl, Bursa, İzmir, Sakarya, Kocaeli, Amasiya, Samsun, Geresun, Trabzon şəhərlərində baş tutan genişmiqyaslı qastrol səfəridir. Bu səfərdə dörd mövzunu özündə ehtiva edən çox mühüm bir missiya ilə təmsil olunurduq. Əsasən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” Beynəlxalq təliğat və təşviqat kompaniyası çərçivəsində start verdiyimiz bu səfərdə, müəllifi olduğum “Soyqırımı tarixinin dastanı” əsəri ilə yanaşı, böyük öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyev irsinin öyrənilməsi məqsədi ilə onların siyasi fəaliyyətlərindən bəhs edərn D.Çizməlinin “Cümhuriyyətin ilk sədası” və müəllifi olduğum “Nurlu ömrün anları” əsərləri tamaşaçılara təqdim olunurdu. Səfərdə atdığımız hər addımı Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz ruhuna həsr etdik. “Türkiyə-Azərbaycan kültür və sənətdə “DEV” qardaşlıq və candaşlıq projesi”nin bir hissəsi olaraq reallaşan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində gerçəkləşdirilən bu möhtəşəm layihəyə eyni zamanda 24 Nisan qondarma erməni soyqırımı yalanlarının ifşa olunması da əlavə edilmişdi. Layihənin cövhərində türklərə qarşı qərəzli mövqedə dayanan qara qüvvələrə, böyük türk siyasi xadimləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin öndərlik məfkurələrini bütün həqiqətləri ilə anladaraq, dünya siyasət arenasında əvəzi olmayan belə parlaq şəxsiyyətlər yetişdirmiş xalq qarşısında türkün və türkçülüyün əleyhinə mübarizə aparan bədxahlarımıza öz yerlərini göstərmək niyyəti dururdu.

Eyni missiya ilə 2018-ci il, bu dəfə Azərbaycanlılara qarşı törədilən Soyqırımı tarixinin yüzüncü ildönümünün qeyd olunduğu günlərdə yenə də Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının rəhbəri  pr.dr. İbrahim Öztəkin təşkilatşılığı ilə yenidən  Türkiyə Cümhuriyyətinin  Trabzon, Sakarya, Ədirnə, Çanaqqala, İzmir, İstanbul, İnegöl şəhərlərində müəllifi olduğum “Soyqırımı tarixinin dastanı” tamaşası ilə təmsil olunduq. Düzünü deməliyəm ki, bu əsər həm Azərbaycanda, həm də Türkiyədə çox sevilir və çox böyük coşqu ilə qarşılanır. Əsərdəki ümummənafe tamaşaçıların diqqətini dərhal özünə cəlb edir. Bizim amacımız böyük Turandır. Turan uğrunda savaşa sovetlər dönəmindən başladıq, bu gün də bu savaşa davam edirik və biz bir bayraq altında türk dövlətlərinin toplanacağı günə qədər hamılıqla mücadilə edəcəyik.

– Bəs teatrın repertuarı hansı prinsiplərə uyğun qurulur və hazırda hansı işlər gedir?
–  Bu günün reallıqları çərçivəsində. Azərbaycan və dünya dramaturgiyasının ən yaxşı əsərləri ilə yanaşı, məxsusi olaraq vətənpərvərlik mövzusunda olan əsərlərə geniş yer veririk. Hesab edirik ki, Ermənistan tərəfindən zəbt olunmuş Qarabağ torpaqları azad olunana, İrəvan Teatrı öz yurduna, İrəvan şəhərinə dönənədək teatrın repertuar siyasətini məhz bu məntiq üzərində qurmaq daha doğrudur. O ki qaldı görüləcəklərə, niyyətimizdə çoxlu layihələrin həyata keçməsi vardır. Binamızın əsaslı təmirindən sonra bu barədə geniş proqram təqdim edəcəyik. Hazırda teatrda qızğın məşqlər gedir: mövsümün əvvəlindən üç yeni tamaşa hazırlayıb təhvil vermişik. Görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə”, gırğız dramaturqu Mar Bayciyevin “Ömür qatarı”,  C.Cabbarlının “Vəfalı Səriyyə” tamaşalarının premyeralarını təqdim etmişik. İki böyük əsər üzərində isə məşqlər davam edir. Bunlar, M.Haqverdiyevin “Üç dəniz əfsanəsi” və A.Babayevin “Ceviz ağacı” əsərləridir. “Üç dəniz əfsanəsi” əsərinə teatrın baş rejissoru Sərvər Əliyev, “Ceviz ağacı” əsərinə isə mən quruluş veririk. “Üç dəniz əfsanəsi”ndə həm də baş rol  üzərində mən yaradıcılıq işi aparıram.

- Siz etdiklərinizlə kifayətlənməyi xoşlamırsınız. Öz enerjinizi dramaturgiya, tənqid, elmi-təqdiqat sahələrinə də yönəldirsiniz. Ciddi elmi araşdırmalarınızın nəticəsi olaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almısınız. Bu sahədə nə kimi yeniliklər əldə etmisiniz?

- Düz buyurursunuz, mən teatr sənətinin praktikası ilə nəzəriyyəsini birləşdirərək  doktorluq dissertasiyası üzərində tədqiqatlar  aparıram. Əsası dahi alim Lütfü Zadə tərəfindən qoyulmuş qeyri-səlis məntiq nəzəriyyəsi kapsamında, “Qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyası (Elçin dramaturgiyası əhatəsində)” məzmunlu elmi işlə məşğul olur və bu işin elmi yenilik xüsusiyyətinin  tam şəkildə, həm dolğun, həm də aydın mülahizələr, müqayisələr, paralellərlər, kəsişmələr və çarpaz konturlarla elmi müstəvidə öz yerini tapmasını təmin etməyə çalışıram. Bu mövzunun nə qədər ağır, çətin və mürəkkəb bir fəlsəfi mahiyyətdən bəhs etdiyini yəqin ki, anlayırsınız.

- Və ehtimal ki,  ağır, çətin və mürəkkəb bir tədqiqat prosesi boyunca çağdaş dönəmdə dünya teatrının ümumi mənzərəsi, müasir səhnə prosesinin  müxtəlif yönlü cəhətləri, cərəyanları, inkişaf  konturları, fərqli mədəniyyətlərin sənət tendensiyaları, teatr sənəti arealındakı yeniliklər  də diqqətinizdən kənarda qalmayacaq.

– Bilirsiz, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə, xüsusilə də mədəniyyət sahəsində əsaslı dəyişikliklər baş verdi.Milli teatr sənətimizin bu günki səviyyəsi, son dövrlərdə əldə etdiyi nəticələr  müstəqil respublikamızda mədəniyyətin, incəsənətin inkişafı üçün keçirilən məqsədyönlü və səmərəli fəaliyyət proqramları dövlətimizin teatr sənətinə göstərdiyi qayğının parlaq nümunəsidir. Bu xüsusda 6 fevral 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını göstərə bilərik. Proqramın öz fəaliyyəti ilə milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin, yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqra­siyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə, repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət etməsi göz önündədir.

Bu proqrama uyğun olaraq 2010-ci ildən başlayaraq hər iki ildən bir  Mədəniyyət Nazirliyinin tədbirlər planı çərçivəsində gerçəkləşən Bakı Beynəlxalq Teatr Konfransları teatr sənətinin problemləri kontekstində müasir düşüncə parametrlərinin inteqrasiyası nöqteyi-nəzərindən önəmli hadisəyə çevrilir. Bu il artıq  beşinci dəfə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Teatr Konfransı teatr sənətinin problemləri kontekstində mədəniyyətlərarası dialoqların yaxınlaşma mexanizminin axtarılması, müxtəlif düşüncə parametrlərinin inteqrasiyası nöqteyi-nəzərindən son dərəcə önəmli hadisədir. Çünki, Azərbaycan  Respublikasının mədəniyyət siyasətinin təməlində müxtəlif millətlərin, xalqların mədəniyyət təmsilçilərini belə nəhəng tədbirlər vasitəsi ilə bir araya gətirmək, qarşılıqlı mədəni dialoq müstəvisində, dünya teatr mənzərəsinin elitar fonunda sənət dəyərlərinin və düşüncə fərqlərinin müqayisəsinə diqqət yönəltməkdir. Bu baxımdan Qərbi Azərbaycanda, onun paytaxtı İrəvanda, Qarabağda, işğal altında qalmış digər məkanlarda dağıdılan, izləri silinən yüzlərlə mədəniyyət abidələrimiz, eləcə də deportasiya həyatı yaşayan İrəvan, Şuşa, Ağdam, Füzuli teatrlarının tale həqiqətlərinin dünya birliyi təmsilçiləri qarşısında yeni teatral dildə səsləndirilməsi məhz belə konfranslarda böyük əhəmiyyət kəsb edir.

- İllər boyu qazandığınız uğurlara, qürur duyulası fəaliyyətinizə görə Sizə və rəhbərlik etdiyiniz istedadlı və əzmkar kollektivinizə təşəkkür bildirir və yeni tamaşalarınızı gözləyirik. 

- 136 illik bir tarixi özündə yaşadan, 90 ildir ki,  Dövlət statusu ilə çalışan bir sənət ocağı olaraq biz məsuliyyətimizi yaxşı dərk edir, qazanılan uğurlardan heç vaxt sakitləşmirik və tutduğumuz yolda daima əzmlə çalışacağımıza tam əminik.

- Yolunuz daima açıq olsun!

Saminə Hidayətqızı

Son xəbərlər