18/06/2018 06:03
728 x 90

Restoranların mahnı müəlliflərinə qonorar ödəməsi tələbi “dalana dirənib”...

Restoranlar müəlliflərə qonorar ödəmədiklərini, “Azərbaycan Müəllifləri” İctimai Birliyindən isə “bu istiqamətdə iş aparılır” deyirlər

img

Uzun illərdir mahnı müəlliflərinin, yəni bəstəkar və şairlərin səsləndirilən əsərlərinə görə qonorar ala bilməməsi problemi hələ tam olaraq öz həllini tapmayıb. Fakt budur ki, restoranlarda, şadlıq evlərində, gecə klublarında, eləcə də digər əyləncə mərkəzlərində onların mahnıları səsləndirilsə də, ifa edilsə də, bundan bəstəkar və şair heç bir gəlir əldə edə bilmir.

Belə demək mümkünsə, burada qazanc götürən tərəf restoranlar, şadlıq evləri, əyləncə mərkəzləri və müğənnilər olur. Halbuki, dünya çapında səsləndirilən hər bir musiqi nömrəsinə görə müəlliflərə mahnının istifadə edildiyi məkandan-efirdən, restorandan və s. qonorar ödənilir. Azərbaycanda da artıq bu problem həllini tapmağa yönəldilib. Məlum olduğu kimi, restoranlar, şadlıq evləri, əyləncə mərkəzləri və müğənnilər səsləndirilən mahnılara görə könüllü şəkildə müəlliflərə qonorar ödəmək istəmirlər. Bu halda, müvafiq rəsmi qərarlara dəyişiklik edilməsi zərurəti meydana çıxdı. Nazirlər Kabineti tərəfindən “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” haqda Qərara dəyişiklik edilib. Qərara edilən dəyişiklikdə bildirilir ki, şadlıq evləri, kafelər, restoranlar, barlar və digər obyektlərdə ifa olunan musiqilərə görə həmin obyektlərin mülkiyyətçiləri musiqi müəlliflərinə qonorar ödəyəcəklər.

Qeyd edilənə görə, veriləcək qonorar mahnı ifa edən musiqiçilər tərəfindən yox, məhz obyekt sahibləri tərəfindən ödəniləcək. Həmin obyektlər icarəyə verilibsə, məsələ anlaşma yolu ilə olacaq. Məlumatlara görə, restoran və şadlıq evi sahibləri isə heç cür bu qayda ilə razılaşmaq istəmirlər. Onlar qonorarın verilməsini başqa şəkildə ödəməyi planlaşdırırlar. Belə ki, yığılan məbləğ ayın sonunda müəlliflər arasında bərabər sayda bölünəcək. Bu işə tətbiq ediləcək nəzarət mexanizminə gəlincə, bu, həmin obyektlərdəki kameralar vasitəsilə həyata keçiriləcək. Müəyyən olunacaq ki, neçə gün ərzində neçə mahnı və kimlərin mahnısı ifa olunub.

Qeyd edək ki, bir müddət əvvəl Müəllif Hüquqları Agentliyindən bildirilmişdi ki, şair və bəstəkarlara qonorar ödəniləcək. Agentlikdən deyiblər ki, musiqi əsərlərindən istifadəyə görə qonorar yığımı ilə agentlik deyil, “Azərbaycan Müəllifləri” İctimai Birliyi məşğul olur və artıq həmin quruma xəbərdarlıq məktubu göndərilib: “İctimai Birliyin müəllif hüquq subyektlərinə aid olduğunu nəzərə alaraq, məqalədə qeyd edilən məsələ ilə bağlı agentlik tərəfindən İctimai Birliyə xəbərdarlıq məktubu göndərilib və Nazirlər Kabinetinin 1997-ci il tarixli, 38 nömrəli Qərarının müddəalarından irəli gələn tələblərin yerinə yetirilməsi, eləcə də əsərlərdən istifadəyə görə qonorar yığılmasının səmərəli şəkildə təmin olunması üçün tədbirlərin görülməsi tapşırılıb”.

Qeyd edək ki, Müəllif  Hüquqları Agentliyinin sədri Kamran İmanov bir müddət əvvəl mətbuata açıqlamasında bunları deyib: “Nazirlər Kabineti “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” barədə Qərarı hələ 1997-ci ildə qəbul edib, keçən il (2017)  noyabrın  20-də isə bu qərara dəyişiklik edilib. 1997-ci ildən müəllif qonorarları yığılır. Sadəcə, yeni qərarla qonorar yığan müəllif hüquqları təşkilatları, ictimai birliklər üçün xüsusi imkanlar yaradılıb”.

K.İmanov, həmçinin, bildirirdi ki, müəllifin əsəri istifadə edilibsə, qonorar ödənilməlidir: “Həmin ictimai birliklər qərar qəbul olunandan sonrakı rüblə bağlı bizə hesabatları təqdim etməyiblər. Təəssüf ki, müəllif  hüquqları təşkilatları, ictimai birliklər hesabatlarını Müəllif Hüquqları Agentliyinə vaxtında təqdim etmirlər. Hesabatlar təqdim olunandan sonra real vəziyyətlə tanış olacağıq. Müəllif qonorarlarının ödənilməsinin zəruriliyini əks etdirən xüsusi broşurlar hazırlamışıq. Mayadək  toy mərasimlərinin keçirildiyi restoran və şadlıq saraylarının sahiblərinin iştirakı ilə böyük toplantı təşkil edəcəyik və həmin toplantıda bu məsələlər geniş müzakirə olunacaq”.

Mövzu çox aktualdır və burada söhbət müəllif  hüquqlarının qorunmasından gedir. Qərara edilən dəyişiklik barədə şadlıq evlərinə, kafelərə, restoranlara, barlara və digər obyektlərə xəbərdarlıqlar göndərilsə də, deyəsən, onlar doğrudan da, bu məsələyə müsbət reaksiya vermək niyyətində deyillər. Bunu keçirdiyimiz sorğu zamanı da aydın müşahidə etdik. 

Şadlıq evləri, kafelər, restoranlar, barlar və digər obyektlərdə ifa olunan musiqilərə görə həmin obyektlərin mülkiyyətçiləri musiqi müəlliflərinə qonorar ödəməyə başlayıblarmı?

Sualımıza cavab almaq üçün bir neçə şadlıq evi, restoran və əyləncə mərkəzi ilə əlaqə saxladıq.

Əyləncələrin, canlı musiqi gecələrinin tez-tez təşkil edildiyi “Oazis” restoranından bizə bildirdilər ki, onların sözügedən qərardan xəbəri yoxdur. Restoran əməkdaşları bildirdilər ki, müğənnilər mahnıları ifa edir və pullarını alırlar. Mahnı müəlliflərinə qonorar ödənilməsinə gəlincə, “Oazis” əməkdaşı qeyd etdi ki, hələ heç bir mahnı müəllifinə qonorar ödənilməsi həyata keçirilməyib.

“Neon” şadlıq sarayından da eyni cavabı aldıq. “Neon”un bizimlə danışan əməkdaşı bildirdi ki, bəstəkar və şairlərə qonorarı şadlıq evləri yox, müğənnilər ödəməlidirlər. O qeyd etdi ki, müğənnilər çox zaman o əsərləri bəstəkardan pulla alır və onu öz mülkiyyəti sayırlar.

“Murad” şadlıq sarayından da bildirdilər ki, onların bu qərardan xəbəri yoxdur və hələ heç bir müəllifə qonorar ödənilməyib.

“Röya” şadlıq sarayının inzibatçısı isə bizimlə söhbətində bildirdi ki, hazırda orucluq olduğu üçün şadlıq sarayında toy, nişan və digər mərasimlər keçirilmir. Bu baxımdan da müəlliflərə qonorar ödənilməsi işi həyata keçirilməyib.

“Xəmsə” şadlıq sarayından da bildirdilər ki, onların bu qərardan xəbəri yoxdur və şadlıq sarayı tərəfindən mahnı müəlliflərinə qonorar ödənilməyib.   

Göründüyü kimi, əlaqə saxladığımız obyektlər “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” haqda Qərara edilən dəyişiklikdən xəbərsizdirlər.

Şadlıq evləri, kafelər, restoranlar, barlar və digər obyektlərdə ifa olunan musiqilərə görə həmin obyektlərin mülkiyyətçilərinin musiqi müəlliflərinə qonorar ödəməsi işinin təşkil edilməsinə məsul olan qurum - “Azərbaycan Müəllifləri” İctimai Birliyi ilə də əlaqə saxladıq. İctimai Birlikdən isə bildirdilər ki, hazırda bu istiqamətdə iş aparılır. Əlavə məlumat almaq üçün İctimai Birliyə rəsmi sorğu göndərməli olduğumuzu dedilər. “Azərbaycan Müəllifləri” İctimai Birliyinə göndərdiyimiz sorğunun cavabını gələn saylarımızda dərc edəcəyik.

İradə SARIYEVA

Son xəbərlər