17/08/2018 13:44
728 x 90

Azərbaycan daha bir mötəbər status üçün 90 dövlətin səs-dəstəyini aldı

img

Fariz Xəlilli: “Ölkəmizin burada ən çox səs toplamasıının əsas səbəblərindən biri odur ki, Azərbaycan etibarlı tərəfdaşdır”
Aydın Xan Əbilov: “Təqdirəlayiq haldır ki, Azərbaycan komitə üzvlüyünə namizədlər arasında ən çox səs toplayan dövlət olub”

 

Azərbaycan dövlətinin həyata keçirdiyi nizamlı mədəni, humanitar siyasət nəticəsində bu sahədə bir sıra beynəlxalq uğura nail ola bilmişik. Məlumdur ki, Azərbaycanda maddi və qeyri-maddi irsin qorunması sahəsində saysız iş görülüb. Özünəməxus mədəniyyətə, maddi və qeyri-maddi mədəni irsə, göstəricilərə sahib olan respublikamızda bu dəyərlərimizin mühafizəsi, beynəlxalq səviyyədə təbliği geniş formada həyata keçirilir.

Bilirik ki, Azərbaycan son illər bir sıra mədəni, humanitar beynəlxalq qurumlarla uğurla əməkdaşlıq edir. UNESCO ilə də sıx əlaqələrə malik olan respublikamız bu əməkdaşlıq sahəsində bir sıra maddi və qeyri-maddi irs nümunələrinin bu mötəbər quruma daxil edilməsinə nail olub. UNESCO-nun xətti ilə gerçəkləşən bir sıra tədbirlərə də dövlətimizin ciddi dəstək verdiyi məlumdur.

Bildiyimiz kimi, Azərbaycan 2018-2022-ci illər üçün UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyini irəli sürmüşdü. İyunun 6-da isə ölkəmiz  UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Azərbaycanın UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilməsi ölkəmizin nüfuzunun növbəti təsdiqi olduğunu vurğulayan əlaqədar qurumlar hesab edirlər ki, ölkəmiz 2010-2014-cü illərdə olduğu kimi, bu dəfə də komitə üzvü kimi aktivlik göstərəcək.

Qeyd edək ki, Azərbaycanın UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi birgə bəyanatla çıxış edib. Bəyanatda bildirilir: “4-6 iyun tarixlərində Fransanın Paris şəhərində yerləşən UNESCO-nun Baş Qərargahında təşkilatın Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirilir.

Sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə azad olmuş yerlərə seçkilər keçirilib. 2-ci qrup üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya olmaqla, 7 dövlət namizədliyini irəli sürmüşdü. Aparılmış geniş təbliğat-təşviqat kampaniyası nəticəsində Azərbaycan qrupda 90 səslə namizədlər arasında ən çox səs yığaraq komitəyə üzv seçilməyə nail olub. Digər yerə isə 52 səslə Polşa seçilib.

Azərbaycanın UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyini dəstəkləyən bütün dövlətlərə təşəkkür edirik”.

Yuxarıda vurğuladığım kimi, Azərbaycan Respublikası 2010–2014-cü illərdə Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə təmsil olunub və ölkəmizə yenidən bu etimadın göstərilməsi beynəlxalq müstəvidə, o cümədən UNESCO-da Azərbaycanın qazandığı nüfuzun növbəti təsdiqidir.

Azərbaycan Respublikasının UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə 90 səslə üzv seçilməsini yüksək qiymətləndirən ekspertlər hesab edirlər ki, bu, ölkəmizin uğurudur.

Maddi və qeyri-maddi irs üzrə mütəxəssislər hesab edirlər ki, Azərbaycan komitəyə üzv olduğu müddətdə daha böyük işlər görməyə nail ola biləcək. Ekspertlər bildirirlər ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Azərbaycan Respublikası Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikası komitə üzvlüyünə namizədliyini irəli sürdüyü zaman Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirirdi ki, Mehriban xanım Əliyevanın dəstəyi sayəsində ötən müddətdə Azərbaycan muğamı, aşıq sənəti, Azərbaycan tar ifaçılıq sənəti, kamança, lavaş, kəlağayı və digərləri daxil olmaqla, ölkəmizin 11 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun siyahılarına daxil edilib.

Azərbaycanla yanaşı, komitəyə Niderland, Polşa, Yamayka, Çin, Yaponiya, Qazaxıstan, Şri-Lanka, Kamerun, Küveyt, Cibuti və Toqo da seçilib. Azərbaycan 2018-2022-ci illərdə komitənin üzvü olacaq.

Məlumat üçün bildirək ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov “Tvitter” səhifəsində “2018-2022-ci illəri əhatə edən dövr ərzində komitəyə üzv dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi irsin qorunmasına öz töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyadan irəli gələn məqsədlərin həyata keçirilməsinə yaxından dəstək vermək, həmçinin, qeyri-maddi mədəni irs incilərimizi beynəlxalq səviyyədə təşviq etmək istiqamətində səylərini əsirgəməyəcək” - deyə yazıb.

Ekspertlər vurğulayırlar ki, Azərbaycan və UNESCO arasında qurulan əməkdaşlıq illərdir uğurla davam etdirilir və ölkəmiz bu qurumun etibarlı tərəfdaşı kimi mütəmadi olaraq özünü göstərə bilir.

MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, ekspert Fariz Xəlilli bizimlə söhbətində bildirdi ki, bu, Azərbaycan dövlətinin növbəti uğurlarından biridir. O qeyd etdi ki, Azərbaycan 2010-2014-cü illərdə də 4 il müddətinə bu komitənin üzvü olub və üzvlük müddətində bir sıra uğura nail olub: “Azərbaycan bu komitəyə üzv olduğu müddətdə də çox fəal, aktiv fəaliyyət göstərib. Həmin dövrdə Azərbaycanın bir sıra nümunələrini UNESCO müvafiq siyahılarına daxil edib. Eyni zamanda da Azərbaycan 2013-cü ilin dekabr ayında UNESCO-nun Hökumətlərarası Komitəsinə evsahibliyi edib”.

Ölkəmizlə UNESCO arasındakı uğurlu əməkdaşlıqdan danışan ekspert bildirdi ki, Azərbaycana aid bir neçə nümunənin bu quruma daxil edilməsi bizim nailiyyətimizdir: “Hələ Azərbaycanın bu komitəyə üzv olmaq üçün namizədliyi irəli sürülərkən sizinlə bu məsələni müzakirə etmişdik. Bildirmişdim ki, Azərbaycanın namizədliyinə güclü dəstək veriləcək və ölkəmiz bu komitənin tamhüquqlu üzvü olacaq. Bu gün görürük ki, Azərbaycan 90 səslə bu komitəyə üzv seçildi. Ölkəmizin burada ən çox səs toplamasıının əsas səbəblərindən biri odur ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bundan əlavə, ölkəmiz zəngin qeyri-maddi irsə sahibdir. O nümunələrin də artıq bir qismi UNESCO-nun müvafiq siyahılarına salınıb. Azərbaycan 2010-2014-cü illərdə bu komitəyə üzv olarkən bir sıra uğura imza atdı. Ölkəmizin evsahibliyi ilə həmin dövrdə bir sıra tədbirlər keçirildi. Azərbaycan multikultural bir dövlətdir və burada bütün xalqların dili, mədəniyyəti, folkloru qorunur. Dövlətimizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə növbəti dəfə üzv olması olduqca vacib məsələ idi və biz buna yenə də nail olduq. Bu əlavə olaraq bizim orada söz sahibi olmağımıza təkan verəcək bir amildir. Onsuz da bu qurumla Azərbaycan arasında ciddi əməkdaşlıq əlaqələri var. Bu həm də ona görə müsbət haldır ki, ermənilərin bizim qeyri-maddi mədəni irs nümunələrimizi mənimsəməsinin qarşısı alınacaq. Azərbaycan bu komitəyə üzv olub və ermənilərin bizim nümunələri öz adlarına təqdim edə bilməsinin qarşısı alınacaq. Milli rəqsimiz olan “Köçəri”nin ermənilər tərəfindən UNESCO-ya daxil edildiyi 2017-ci ildə biz komitə üzvü deyildik. Əminəm ki, bu dörd il müddətində biz o rəqsin bizə aid olduğunu təsdiqləyərək erməniləri ifşa edə biləcəyik. Çünki ermənilərə qarşı təpki göstərməsək, onlar öz neqativ əməllərindən qalmayacaqlar.

 Mən bir mütəxəssis kimi Azərbaycanla UNESCO arasındakı əməkdaşlığı yüksək qiymətləndirirəm və bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycandan 11 qeyri-maddi mədəni irs obyekti bu quruma daxil edilib. Bundan sonra da digər qeyri-maddi irs nümunələrimizin bu quruma daxil ediləcəyinə əminəm”.

Kulturoloq Aydın Xan Əbilov da hesab edir ki, Azərbaycan Respublikasının səs çoxluğu ilə komitə üzvü seçilməsi bizim növbəti uğurlarımızdan biridir: “Təqdirəlayiq haldır ki, Azərbaycan komitə üzvlüyünə namizədlər arasında ən çox səs toplayan dövlət olub. Mən üzvlərin siyahısı ilə tanış olduqda gördüm ki, Azərbaycan 90 səslə, Polşa isə 52 səslə komitəyə üzv seçilib. Azərbaycana göstərilən etimad onun nəticəsidir ki, ölkəmiz bu komitəyə üzv olduğu əvvəlki dövrlərdə də bu sahəyə töhfələr verib. Hesab edirəm ki, Azərbaycan qarşıdakı 4 il müddətində bir sıra tədbirlərin həyata keçirilməsində mühüm işlər görəcək. Azərbaycan uzun illərdir erməni terrorundan əziyyət çəkir. Bu terror nəticəsində xalqımıza məxsus bir sıra qeyri-maddi irs nümunələri ziyan çəkib. Bir neçə qeyri-maddi irs nümunəmiz ermənilər tərəfindən mənimsənilib. Qarabağ və ətraf rayonlar ermənilər tərəfindən işğal edildikdən sonra onlar bizim qeyri-maddi irs nümunələrimizi də mənimsəməyə başlayıblar. Düşünürəm ki, üzvlük dövründə Azərbaycan bu məsələni gündəmə gətirəcək və ədalətli qərara nail olacaq. Çünki ermənilərin mənəvi terrorunun qarşısının belə bir nüfuzlu qurum tərəfindən alınmasına ehtiyac var. Bilirsiniz, Azərbaycan üzv olduğu beynəlxalq humanitar, siyasi, hərbi, iqtisadi təşkilatların hamısı ilə yüksək səviyyədə əməkdaşlıq edir. Gərək üzv olduğumuz qurumlar da Azərbaycanın haqq işinə dəstək versinlər”.

İradə SARIYEVA 

Son xəbərlər