17/10/2018 01:29
728 x 90

Xalça Muzeyi Rusiyanın Şərq Xalqları Muzeyi ilə mühüm razılaşma əldə etdi...

“Bu müqavilə bizə imkan verəcək ki, Azərbaycana məxsus xalçaları lazımi səviyyədə öyrənək, tədqiq edək, onların tarixini müəyyənləşdirək”

img

Zeynəb Kazımova: “Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində xalqımızın maddi-mədəni irsinə məxsus olan çoxlu qiymətli eksponat saxlanır”

 

Məlum olduğu kimi, Azərbaycana məxsus mədəniyyət inciləri, maddi-mədəni irs nümunələri dünyanın bir sıra muzeylərində saxlanır. Elə bir populyar dünya muzeyi tapmaq çətin olar ki, orada milli tətbiqi sənət növlərimiz, xüsusən də xalçalarımız olmasın. Qədim Azərbaycan xalçaları Rusiyanın da müxtəlif məşhur muzeylərində qorunub saxlanır.

Xarici muzeylərdə və şəxsi kolleksiyalarda saxlanan bəzi xalça nümunələrimizi təkrar ölkəmizə qaytara bilsək də, böyük bir hissəsi hələ də qürbət ömrü yaşayır. Əksər hallarda o xalçaların tədqiq edilməsi, araşdırılması sahəsində müəyyən problemlər yaşanır. Bu da ondan irəli gəlir ki, Azərbaycan Xalça Muzeyinin həmin muzeylərlə əməkdaşlıq müqaviləsi yoxdur. Artıq Azərbaycan Xalça Muzeyi xarici ölkə muzeyləri ilə əməkdaşlıq müqavilələri imzalamağa başlayıb. Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova xarici ölkə muzeyləri ilə bağlanan əməkdaşlıq müqavilələrinin əhəmiyyəti ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Xalça Muzeyi Rusiyanın Mədəniyyət Nazirliyinin Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq sazişi imzalayıb.

Z.Kazımovanın sözlərinə görə, sənədə Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin baş direktoru Aleksandr Vsevolodoviç Sedov və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova imza atıblar: “Sazişə əsasən, sözügedən muzeydə olan Azərbaycanın qədim mədəniyyət və incəsənət abidələrinin, o cümlədən zərgərlik məmulatları, qədim Azərbaycan xalçaları və digər maddi mədəniyyət nümunələrinin elmi tərəfdən araşdırılması, öyrənilməsi həyata keçiriləcək. Həmin eksponatların Azərbaycanın maddi-mədəni irsinin nümunələri olaraq tanıdılması istiqamətində işlər görüləcək”.

Z.Kazımovanın sözlərinə görə, muzeylərarası əməkdaşlıq sazişi nəticəsində maraqlı layihələr həyata keçiriləcək. O vurğuladı ki,  İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə 2016-cı ildən başlayaraq danışıqlar aparıb. Sözügedən muzey dünyada tanınmış muzeylərdən biridir: “Zəngin kolleksiyası ilə məşhur olan bu muzeydə tanınmış rəssamların, o cümlədən məşhur Azərbaycan rəssamlarının əsərləri, həmçinin, Azərbaycana aid sənət əsərləri, incəsənət nümunələri, xalça və xalça məmulatları sərgilənir. Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində xalqımızın maddi-mədəni irsinə məxsus olan çoxlu qiymətli eksponat saxlanır. Həmin eksponatların atribusiyası, ikitərəfli sərgilərin təşkili, elmi araşdırmaların aparılması, zəngin və gözəl kolleksiyanın tədqiqi mədəniyyətimiz üçün çox böyük addım olacaq”.

Z.Kazımovanın sözlərinə görə, əməkdaşlıq müqaviləsinə əsasən, həmin muzeydə saxlanan eksponatlar, eləcə də xalçalar üzərində tədqiqat işləri həyata keçiriləcək. Bu müqavilənin bağlanmasının bir məqsədinin də saxta erməni təbliğatının ifşa edilməsi ilə bağlı olduğunu vurğulayan Z.Kazımovanın sözlərinə görə, bu gün ermənilər Azərbaycan xalçalarını öz adlarına çıxmaqda davam edirlər. “Bu muzey Rusiyanın tanınmış muzeylərindən biridir. Azərbaycan Xalça Muzeyi olaraq bizim o muzeylə bağladığımız əməkdaşlıq müqaviləsi bizə əsas verəcək ki, biz Azərbaycana aid maddi-mədəni irs nümunələrinin tarixini öyrənək, onları elmi cəhətdən tədqiq edək. Bilirsiniz ki, buna ciddi ehtiyac var. Hər kəsə aydındır ki, ermənilər haqsız olaraq bizə aid olan mədəni sərvətlərə, o cümlədən də qədim xalçalarımıza sahiblənmək istəyir, onları hər yerdə “antik erməni xalçası” kimi təqdim etməkdən çəkinmirlər. Hətta bir çox yüksək səviyyədə bu təbliğata dəstək qazanıb onları öz adlarına təqdim etməyə nail olurlar da. Hətta onlar yaxın tariximizə aid maddi irs nümunələrinə də əl uzatmaqdan çəkinmirlər. Faktlar var ki, onlar çəkinib utanmadan bizim xalçaları auksionda satışa da çıxarırlar. Bu və digər baxımdan bu sazişin əhəmiyyəti  böyükdür. Çünki Rusiyada da ermənilər var və onlar bu əməllərini orada da davam etdirirlər. Bu müqavilə bizə imkan verəcək ki, Azərbaycana məxsus xalçaları lazımi səviyyədə öyrənək, tədqiq edək, onların tarixini müəyyənləşdirək. Azərbaycanın mədəni isrini təmsil edən nümunələrin, xalçaların tədqiq edilməsi üçün müvafiq ekspert qrupunun yaradılması da nəzərdə tutulur. O əşyaların, eksponatların tam siyahısı hazırlanacaq. Onu da deyim ki, Azərbaycana aid nümunələr ən yaxşı halda “Qafqaz” adı altında təqdim edilir. Biz istəyirik ki, o xalçalarda Azərbaycan nişanı olsun. Bu saziş bu məqsədə xidmət edir” - deyə Z.Kazımova bildirdi.

İradə SARIYEVA

Son xəbərlər