28/05/2018 05:21
728 x 90

Dilimizdəki ayama və ləqəbləri lüğətləşdirmək kimə lazım idi...

Qara Məşədiyev: “Dilimizin dialektoloji lüğətlərində çox az sayda ləqəblər verilsə də, orada ayamalar öz əksini tapmamışdı”

img

“Hesab edirəm ki, xalq arasında mövcud olan ləqəb və ayamalar itməməli, onlar toplanmalı, nəşr edilməli, elmi tədqiqata cəlb olunmalıdır”

 

Elə bir bölgə, rayon, kənd tapılmaz ki, orada insanların ləqəbi, ayaması olmasın. Özü də o şəxslərə ləqəb və ayama camaat tərəfindən verilir. Məsələ burasındadır ki, xalq bu advermədə qətiyyən ədalətsizliyə yol vermir. Çünki ləqəb və ayama onların xarakteri, görünüşü, davranışı ilə tam uyğunluq təşkil edir. Bəzən görürsən ki, kiminsə ayaması, ləqəbi həmin şəxsin ya özündə, ya da övladlarında qıcıq yaradır, onda el ağsaqqalları “xalqın sənə verdiyi ayama, ləqəb səni incidirsə, onda öküz kəs, ləqəbi, ayamanı öz üzərindən götür” deyirlər. Sözsüz ki, heç kəs öküz kəsib ayamasını, ləqəbi öz adının yanından götürmür. El gözü tərəzidir, heç vaxt kiməsə yanlış qiymət verməz.  

Ləqəb və ayamalar hər zaman insanı cəlb edən maraqlı bir məsələdir. Bəlkə elə bu amilə görə klassik yazıçılarımızın əsərlərində əksər qəhrəmanın çox gülməli və maraqlı ləqəbi, ayaması var. Biz Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Cəlilin və digərlərinin əsərlərində bunu müşahidə etmişik. 

Ekspertlər qeyd edirlər ki, köməkçi adların ən maraqlı növlərindən biri də ləqəb və ayamalardır. Ləqəb ərəb sözü olub “əlamətə görə ad” mənasını bildirir.

Müəyyən xüsusiyyətləri və əmələgəlmə yerinə görə ləqəblər şəxs adlarından fərqlənir. Məsələn, xalqın verdiyi ayamalardan bir neçəsini qeyd etmək istəyirik: Cöngə Teymur, Eşşək Şamil, Öküz Ömər, At Dursun, Oğru Nadir, Çalxey Güləsər, Xəbərçi Mehralı, TüIkü İbrahim, Şeytan Nəcəf, Lağlağı Yunus və s.

Ləqəb və ayamaların dilçilik elmində yer tutduğunu bilirik, lakin son zamanlara qədər tam olaraq ləqəb və ayamalar haqqında geniş tədqiqat işi aparılmayıb.

Bir müddət əvvəl AMEA Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, professor Qara Məşədiyev Azərbaycanın qərb bölgəsində mövcud olan ləqəb və ayamaların bir qismini toplayaraq maraqlı bir lüğət çap edib. “Azərbaycan dilində ayamaların izahlı lüğəti” adlı kitabda müasir ədəbi dilimizdə işlənməyən, dialekt və şivələrdə isə tamamilə başqa məna ifadə edən sözlər öz əksini tapıb.

Həqiqətən də dilçilik sahəsində diqqətçəkən yenilik olan bu hadisə çoxlarımızın ürəyincədir. O mənada ki, həmin lüğət və bu qəbildən olan digər lüğətlər Azərbaycan dilinin dərin qatlarından xəbər tutmağa imkan yaradır.

“Azərbaycan dilində ayamaların izahlı lüğəti” adlı kitabın müəllifi, professor Qara Məşədiyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, nəşr etdirdiyi kitab xalqın etnik mənsubiyyətini araşdırmaq, onun dilinin təşəkkülündə iştirak edən türk tayfalarının rolunu öyrənmək baxımından faydalıdır. O vurğuladı ki, kitabda hər bir ayama - ləqəb haqqında qısa məlumat verilib. Məqsəd hər bir fərdə verilən ayamaların, ləqəblərin semantikasını açmaq, onların struktur tiplərini göstərməklə geniş izahlı lüğətini tərtib etmək olub: “Azərbaycan dilinin dialektoloji lüğətləri olub. Dilimizin dialektoloji lüğətlərində çox az sayda ləqəblər verilsə də, orada ayamalar öz əksini tapmamışdı. Mən isə ayamaları toplamışam və onların ləqəblərlə birgə izahlı lüğətini çapa hazırlamışam. Ayamalar qədim zamanlardan mövcud olub. Yəni onun tarixi yeni deyil. Əvvəlcə deyim ki, ayama və ləqəb bir-birindən fərqlənir, onlar eyni deyil. Ləqəblərdə müsbət, ayamalarda isə mənfi məsələlər öz əksini tapır. Ləqəb və ayamaların elmi izahını öz kitabımda ilk dəfə sistemli şəkildə mən vermişəm. Kitabı tərtib edərkən həm dialektoloji lüğətdə olan materiallardan istifadə etmişəm, həm də el ağsaqqalları ilə, xalqın məişətini bilən insanlarla söhbətlər etmişəm. Müxtəlif insanların ləqəb və ayamalarını seçib kitabda vermişəm. Ləqəb və ayama həmişə insanları maraqlandırır. Hesab edirəm ki, xalq arasında mövcud olan ləqəb və ayamalar itməməli, onlar toplanmalı, nəşr edilməli, elmi tədqiqata cəlb olunmalıdır. Mən bu işin xeyli qismini görmüşəm, amma yenə də bu sahədə işləmək lazımdır”.

Gördüyü işin çətinliyinə gəlincə, Q.Məşədiyev bildirdi ki, kitab çox böyük zəhmət hesabına başa gəlib. “Bu iş böyük zəhmət, məsuliyyət, diqqət tələb edən bir işdir. Azərbaycanın elə bir yeri yoxdur ki, orada ayaması olmayan insan olsun. Böyük ədibimiz Mirzə Cəlil deyirdi ki, bizim kənddə elə bir adam yoxdur ki, onun ayaması olmasın. Mirzə Cəlilin sözünə qüvvət, bizim kənddə də elə adam yoxdur ki, ona xalq tərəfindən ləqəb, ayama verilməsin. Ayamalara sadə bir məsələ kimi yanaşılmamalıdır, o çox geniş və dərin bir məfhumdur. Onu da deyim ki, ayamaları tərtib etmək, onları kitaba salmaq çox böyük çətinlik törədir. Bu mənada ki, tanıdığın bir adamın ayamasını kitaba salmağın çox böyük problem yaradacağından qorxursan. Bax, bu çətinliklər də var. Ancaq nə qədər çətin olsa da, yazmaq vacibdir. Çünki bu sahənin də dilçilik elmində öz əksini tapması vacibdir. Elə ayamalar var ki, bir bölgədə müsbət, başqa bir bölgədə mənfi məna ifadə edir. Belə məsələlərlə də rastlaşırıq. O ayamaların, ləqəblərin hamısını toplayıb izahlı lüğətini hazırlamışam”-deyə bildirən Q.Məşədiyevin sözlərinə görə, nəşr etdirdiyi kitab 125 səhifədən ibarətdir. Onun dediyinə görə, ayama və ləqəblərərin izahlı lüğəti elmi ictimaiyyət tərəfindən müsbət qarşılanarsa, kitabın davamını çap etdirəcək: “Hələ çap etmədiyim 400-ə yaxın ayama var ki, onların da izahlı lüğətini nəşr etdirmək niyyətim var. Hələlik kitabın necə qarşılanacağını gözləyirəm. Mən əsasən qərb bölgəsinin ləqəb və ayamalarının izahlı lüğətini hazırlamışam. Kitabda başqa bölgələrdən də nümunələr vermişəm. Ancaq bizim bölgələrimiz çoxdur və o bölgələrin də ayama və ləqəbləri tam olaraq toplanmalıdır. Çünki bu çox vacib məsələdir”.

Q.Məşədiyev bildirdi ki, bütün lüğətlər bizim xalqımızın, dövlətimizin tarixini əks etdirir. Professorun sözlərinə görə, dövlətçiliyimizin qədimliyini, xalqımızın mədəniyyətini, etnogenezini, yaşadığı yerin ululuğunu və s. təsdiq edən faktlardan biri də ayama və ləqəblərdir. “Bizim öz tariximizi öyrənməyimiz baxımından lüğətlərin tərtibi köməkçilərdən biridir. Dil tarixi bununla müəyyənləşdirməlidir ki, həqiqətən də burada türk xalqı yaşayıb və bu ləqəblər, ayamalar türk mənşəlidir. Bu kitabdan magistrlər, bakalavrlar, elmi işçilər, Azərbaycan dili və ədəbiyyat müəllimləri, yazıçılar daha geniş şəkildə istifadə edə bilərlər. Bu, yazıçılara daha çox lazımdır. Çünki mənfi və müsbət obrazlar yaratmaq üçün ləqəblərdən, ayamalardan daha çox istifadə olunur. Bir məsələni də deyim ki, kitabı hazırlayarkən yazıçılarımızın da əsərlərindəki ləqəb və ayamalardan istifadə etmişəm. Burada Mirzə Cəlilin, Yusif Vəzir Çəmənzəminlinin, Mir Cəlal Paşayevin və başqa yazıçılarımızın əsərlərindəki ləqəb və ayamaları seçib izahını vermişəm” - deyən Q.Məşədiyev hesab edir ki, gənc elmi işçilər bu sahə ilə məşğul olsalar, ortaya çox maraqlı elmi əsər qoya bilərlər.

Qeyd edək ki, kitabda Çopur Qədir, Çöpbarmaq Mahal, Şöşü Nəsib, Zırpı İsgəndər və s. ayamalar yer alıb.

İradə SARIYEVA

 

Son xəbərlər