16/08/2018 13:51
728 x 90

Şuşanın məşhur “Xarı bülbül” festivalları niyə də bərpa olunmasın…

Qəzetimizin “Xarı bülbül” beynəlxalq musiqi festivalının bərpa edilməsi ilə bağlı təklifi ziyalılar və millət vəkilləri tərəfindən dəstəklənir

img

Yunus Oğuz: “Ancaq burada məni qayğılandıran bir məsələ...”

Flora Qasımova: “Xarı bülbül” beynəlxalq musiqi festivalının bərpası həm də insanlarda o torpağa qayıtmaq istəyini gücləndirər”

Aytən Mustafayeva: “Mən bu təklifə dəstək verirəm və təşəbbüsə qoşuluram”

Azərbaycanın baş tacı olan Şuşa hazırda erməni işğalında olsa da, bu qədim diyarımızın düşmən tapdağından azad ediləcəyi günün uzaqda olmadığına ümidimiz böyükdür. Milli musiqimizin beşiyi sayılan Şuşa öz gözəlliyi, əsrarəngiz təbiəti, bülbül cəhcəhli xanəndələri, ədibləri, musiqiçiləri, ictimai xadimləri ilə nəinki Qafqazda, hətta bütün dünyada məşhurdur. Dünyanın diqqəti hər zaman bu qədim torpağımızda olub. Şuşanı həm də beynəlxalq aləmdə tanıdan hadisələrdən biri Cıdır düzündə keçirilən “Xarı bülbül” beynəlxalq musiqi festivalı olub. Bu gün bu festival haqqında, onun əhəmiyyəti barədə çox danışırıq. Onu da bildirək ki, ötən əsrin 80-ci illərinin sonundan keçirilməyə başlayan “Xarı bülbül” beynəlxalq musiqi festivalı böyük əhəmiyyətə malik olub.

Qeyd edək ki, 1989-cu ildə birinci, 1990-cı ildə İkinci, 1991-ci ildə isə üçüncü “Xarı bülbül” beynəlxalq xalq musiqisi yaradıcılığı festivalı keçirilib. Sözügedən festivallarda ABŞ, Meksika, Yaponiya, İsrail, Avstriya, Almaniya, İtaliya, Hollandiya, Əfqanıstan, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Litva, Qazaxıstan və digər ölkələrin musiqiçiləri iştirak ediblər. Onu da vurğulayaq ki, festival çərçivəsində dünya xalqlarının xalq musiqisi yaradıcılığının müxtəlif janrları, üslubları və istiqamətləri geniş təmsil olunub.

Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin baş verməsi nəticəsində bu festivalın keçirilməsi dayandırılıb.

Musiqişünaslar qeyd edirlər ki, “Xarı bülbül” beynəlxalq festivalında iştirak edən kollektivlərin yaradıcılığı şərti olaraq üç qrupa bölünərdi: 1. Mərasim və ayin rəqsləri; 2. Xalq mahnı və rəqsləri; 3. Müasir estrada janrında ifa olunan mahnı və rəqslər. “Xarı bülbül” festivalı zəngin repertuarı ilə, sözün əsl mənasında, beynəlmiləl bayrama çevrilərdi. İstər peşəkarlar, istərsə də özfəaliyyət qrupları yüksək səviyyədə çıxış edərdilər.

Artıq uzun illərdir “Xarı bülbül” beynəlxalq musiqi festivalı keçirilmir. “Bakı-Xəbər” qəzeti olaraq təklif edirik ki, “Xarı bülbül” festivalı bərpa edilsin və işğal altında olan torpaqlarımızla sərhəd olan ərazilərimizdə keçirilsin. Əlbəttə, bu festivalın keçirilməsi üçün daha uyğun məkan Cocuq Mərcanlı kəndi, Füzuli və Ağdam rayonları da ola bilər, yetər ki, bu festivalı keçirək və dünya musiqiçilərini yenidən ölkəmizə dəvət edək.

“Xarı bülbül” beynəlxalq musiqi festivalının bərpa edilməsinə böyük ehtiyac olduğunu deyən ekspertlər hesab edirlər ki, bu festivalı keçirməklə yenidən dünyanın diqqətini Qarabağa, Şuşaya, qədim mədəniyyətimizə yönəldə bilərik. Bu festivalın keçirilməsinin həm mədəni, həm siyasi, həm də tarixi əhəmiyyətinin olduğunu qeyd edən müsahiblərimizin qənaətinə görə, “Xarı bülbül”ün yenidən meydanda olması və ənənəvi bir musiqi festivalına çevrilməsi Azərbaycan dövlətinə uğur gətirər.

Картинки по запросу yunus oğuz“Olaylar” qəzeti və eyni adlı saytın rəhbəri, yazıçı, dramaturq, tədqiqatçı Yunus Oğuz bizimlə söhbətində bildirdi ki, “Xarı bülbül” festivalının bərpa edilməsinin böyük əhəmiyyəti olardı. Azərbaycanın bu festivalı bərpa edib keçirməyə kifayət qədər gücü olduğunu vurğulayan Y.Oğuz dedi ki, bu gün Azərbaycanda müxtəlif  beynəlxalq musiqi festivalları keçirilir və bu festivalların hamısı da dövlətimiz tərəfindən çox yüksək səviyyədə təşkil edilir. “Sizin irəli sürdüyünüz təklifi dəstəkləyirəm. Hesab edirəm ki, “Xarı bülbül” beynəlxalq musiqi festivalı bərpa olunarsa, bu çox yaxşı olar. Bilirsiniz ki, bu festival Şuşada, gözəl, əsrarəngiz Cıdır düzündə keçirilərdi və beynəlxalq səviyyəli bir musiqi bayramına çevrilərdi. Bu gün festivalın bərpa edilməsi yaxşı hal olardı. Ancaq burada məni qayğılandıran bir məsələ var. Söhbət ondan gedir ki, Şuşanın ab-havası, əsrarəngiz təbiəti, mühiti içində cilalanan, bişən o gözəl səslər indi yoxdur axı. Aqil Abbasın gözəl sözləri var: “Çadırlarda Üzeyir Hacıbəyovlar doğula bilməz”. O gözəl səsləri dağ havası, bulaq suyu, gözəl təbiət formalaşdırırdı. O dövrdə Şuşada çox gözəl sənətkarlar, ziyalılar təbəqəsi formalaşmışdı. Bu öz yerində. Ancaq bununla belə, bu festivalın keçirilməsini vacib hesab edirəm və düşünürəm ki, “Xarı bülbül”  bərpa edilərsə, bunun bizim üçün əhəmiyyəti böyük olacaq. Bu festival beynəlxalq əhəmiyyət daşıdığından, ora xarici musiqçilər də qatılacaq və onlara festivalın tarixi haqqında məlumat veriləcək. Qonaqlar biləcəklər ki, bu festivalın əsas ünvanı Şuşadır, Cıdır düzüdür və hazırda o torpaqlar erməni tapdağı altındadır”-deyə bildirən Y.Oğuz ümid edir ki, bu festival yaxın zamanlarda bərpa ediləcək.

Millət vəkili Flora Qasımova da “Bakı-Xəbər”in ideyasını dəstəkləyir. Belə ki, millət vəkili bizimlə söhbətində bu festivalın bərpasına zərurət olduğunu dedi: “Düşünürəm ki, bu festivalın bərpa edilərək keçirilməsi müsbət hadisə olardı. Vaxtilə bu festival Qarabağdan bütün dünyaya səs salan bir musiqi bayramı idi. Hər kəs bu festivala böyük maraq göstərirdi. “Xarı bülbül” beynəlxalq musiqi festivalının bərpası həm də insanlarda o torpağa qayıtmaq istəyini gücləndirər. Siz bu festivaldan danışmaqla  məni çox uzaqlara apardınız, gözlərim önündə Qarabağın, Şuşanın bəxtəvər günləri canlandı. Təəssüf  ki, o yerlərə indi həsrət qalmışıq. Bu festivalı Cıdır düzündə keçirirdilər, bütün dünyanın diqqəti o festivalda idi. O qədər gözəl, maraqlı keçirilirdi ki... Düşünürəm ki, indiki vəziyyətdə bu festivalın bərpa edilməsinə ehtiyac var. O baxımdan ki, biz beynəlxalq aləmi bir daha mədəniyyət yolu ilə Qarabağ probleminin həllində iştiraka yönəldə bilərik”.

Картинки по запросу ayten mustafayeva

Millət vəkili Aytən Mustafayeva da qəzetimizə bildirdi ki, “Xarı bülbül” festivalının bərpası müsbət hal olardı. O hesab edir ki, ən gözəl və anlaşılan dil mədəniyyət, musiqi dilidir və biz bu dildən istifadə edib Qarabağ problemini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıra bilərik: “Bu çox yaxşı təşəbbüsdür. Mən bu təklifə dəstək verirəm və təşəbbüsə qoşuluram. Hesab edirəm ki, biz bu sahədə çox addımlar atmalıyıq. Çünki mədəniyyət ideoloji addımların ən güclüsüdür. Ona görə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  mədəniyyət sahəsi vasitəsilə Azərbaycanın təbliğatına ciddi önəm verir və öz çoxşaxəli fəaliyyətində bu faktoru önə çəkir. Mədəniyyət amilinin daha güclü olmasını nəzərə alaraq demək istəyirəm ki, məhz “Xarı bülbül” festivalının bərpa olunması zəbt olunan torpaqlarımızın səsini ucaltmaq və dünyaya çatdırmaq deməkdir. Bu baxımdan, hesab edirəm ki, təşəbbüs reallaşarsa, çox dəyərli, vacib bir addım olardı. Ümumiyyətlə, işğal altında olan torpaqlarla bağlı mədəniyyət tədbirləri, konsertlər, festivallar çox keçirilməli, filmlər çəkilməlidir”.  

İradə SARIYEVA

Son xəbərlər