16/10/2018 19:08
728 x 90

Son laylasını özü çaldı aşıq Azər…

Aşıq sənəti daha bir itki ilə üzləşdi: Azər Xanlaroğlu artıq cismən aramızda yoxdur, ancaq sənəti həmişəlik bizimlədir...

img

Azər ustad aşıq Xanların ocağında dünyaya gəlmişdi, onun məktəbində yetişmişdi. Aşıq Xanlar XX əsr Azərbaycan aşıq sənətinin ənənəsinin yaşamasında, yayılmasında özünəməxsus xidmətləri olan azman sənətkar idi. Onun barmaqları, klassik aşıq havalarına gətirdiyi yeniliklər sənətşünaslar, araşdırmaçılar tərəfindən həmişə diqqət mərkəzində olub. 

Cəmi 48 il yaşadı. Bu qısa ömürdə Qərb aşıq mühitinə yeniliklər gətirərək mühitin yetkinləşməsində böyük rol oynadı. Klassik aşıq havalarına yeniliklər etdi, dastan yaradıcılığının yayılmasında xidmət göstərdi.
Aşıq Xanların yaradıcılığı şairlərin şeirlərinin yeni qafiyəsi, aşıqların məclisdə sınaq yeri oldu. Onun yolunu özündən sonra oğlu Azər yaşada bilərdi, bacardı da. "Aşıq oğlundan şəyird olmaz" deyirlər. Azər də şəyird olmadı, ruhən aşıq doğuldu, aşıq kimi yetişərək böyüdü.
Habelə onun ustadı iştirak etdiyi ağır məclislər, ətrafındakı ustad aşıqlar oldu. Mayası sazla tutuldu, ilk laylasını saz çaldı, necə ki, son laylasını da özünün qara sazı "Ruhani"ni, "Baş Sarıtel"i çaldı...
35 il yaşadı Azər Xanlaroğlu. Xəstəliyi uzun sürdü. Bu qısa ömürdə çox şeylərə çata bildi. İtirdikləri az oldu, qazandığı çox. Ən böyük qazancı ustad aşıq Xanların ailəsində doğulmasıydı. Eləcə də qazancı atadan miras qalan saz, saza dəyər verən insanların sevgisi oldu.
Azərin 35 illik yaşamında ustadlıq keyfiyyətinə yetdiyini demək olar. Bu ad bu yaşda hər aşığa qismət olmur. Çağımızda ustadlığın şərtlərini hər aşıq tamlığıyla qoruyub saxlaya bilmir. Bunu böyük bir acıyla deyirik. Ustad olmaq üçün qocalmaq əsas deyil, sadəcə, ustadlığın tələblərinə cavab vermək gərəkdir. Burada qocalığın ardıcıl yetkinliyə yarayan təbii, üzvi gərəkliyi danılmazdır.
Aşıq sazın bütün klassik havalarını çala bilməli, ağır məclislər keçirməli, məclis görməli, sinəsində dastan yükü, şeir yükü olmalı, klassik ənənənin daşınmasında xidmət göstərməli, şəyird yetirməli, özü də şəyrdlikdən gəlməlidir. Keçmiş aşıqlar xalqın arasında məclislərdə püxtələşib sonra səhnəyə gəlirdilərsə, çağdaş aşıqlar səhnədə, şou-konsertlərdə özlərini nümayiş etdirib sonda məclisə gedirlər. Bu isə artıq sənətkarlıq missiyasının az qala itməsi deməkdir.
Aşıq Azərin sənətkarlıq xüsusiyyətləri zaman-zaman diqqətdə olacaq, araşdırmalarda hər zaman anılacaq. O, hər hansı aşıqla müqayisə olunmayacaq dərəcədə həm klassik aşıq havalarını, həm də bəstəkar havalarını yetkin çala bilirdi. "Çırpınırdı Qara dəniz"i, "İrəvanda xal qalmadı" xalq mahnısını sazda böyük coşğu ilə çalması hamını heyran qoyurdu. Onun çalğıları hər kəsi keçmişə aparır, insanların ruhunu tərpədir, kövrəltməyi bacarırdı. "Qalmaz belə, qalmaz dünya" deyərək sazın simlərini mizrabı ilə necə yandırırdısa, insanların ürəyini də eləcə yandırırdı, kövrəldirdi...
Saz çalanda özündə olmurdu, bir anlığa özünü ruhuna qatırdı, qoşalaşıb bədəndən çıxırdı, yerlə-göylə savaşırdı. Havanı çalıb qurtaranda özünə qayıdırdı. Bu, aşığın sənətkarlığından xəbər verirdi. Düşünürəm ki, onun barmaqlarını sazın pərdələrində gəzdirən elə Tanrının özü idi. Bu, insanın tanrılaşması idi.
O çaldıqca sazını oxşayırdı, könlünü almağa çalışırdı. Saz onun dostu-sirdaşı, qəm yükünü daşıyanı idi. Bu gün Aşıq Azərin yolunu davam etdirən aşıq yoxdur, bəlkə nə vaxtsa olacaq. O, saz havalarının birliyini məharətlə birləşdirməyi bacarırdı, nə hava ondan inciyirdi, nə də dinləyici. Yeni xallar vururdu klassik aşıq havalarına. Onu da o qədər incəliklə etmişdi ki, qabarıq, həddini aşan olmadığı üçün bilicilər irad tutmurdular. Azərin ruhunun hökmü, diləyi vardı çaldığı hər havacatın üstündə.
Hər aşıq öz üslübunda, öz barmaq imkanlarıyla havacata sevgisini qataraq, şirinlik verərək çalır.
Azər Xanlaroğlu solo saz ifaçısı idi. Solo saz ifaçılığı Aşıq Əkbərdən, Aşıq Ədalət Nəsibovdan sonra bir çox gənc aşıqların ifaçılığında mükəmməlliyi ilə seçilir. Gənc ifaçılardan Samir Cəlaloğlu, İlqar Qələmçəli mükəmməl ifa nümayiş etdirirlər. Azərin ifaları isə tamam başqa bir aləm idi. O, sazı ustadlar kimi göylərə qaldırırdı, Tanrıya çatdırırdı, özü də ruhən qovuşurdu.
Saz çalanda son zamanlar sazın iniltisinə dözə bilmirdi, ağlayırdı... Saz onu ağlayırdı, o da sazı. Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində çıxışı zamanı Azər sazı o qədər böyük sənətkarlıq qüdrəti ilə çaldı ki, sazı ilə bərabər göz yaşlarına yiyə ola bilmədi. Azər o gecə sazı ilə qoşalaşıb öz laylasını çaldı, çaldıqca da tamaşaçısı ilə vidalaşırdı. Sürətlə ona yaxınlaşan ölümü hiss edirdi.
Bu onun böyük səhnədə son ifası oldu. Son laylasını özü çaldı. Sazsevərlər onun ifasını ayaq üstə alqışladılar. Üzündəki məsumluq, abır-həya, ismət ailə-ocaq tərbiyəsinin göstəricisi idi.
Aşıq Azər Qərb aşıq mühitinin özünəməxsus adət-ənənəsi ilə dəfn edildi. Yas mərasimlərində, özəlliklə də yaşamdan gedən şəxs aşıq sənətini sevəndirsə, yaxud aşıqdırsa, onda cənazənin önündə aşıqlar saz çalaraq basdırmaq törənini gerçəkləşdiriblər. Ədhəm Ərəbovun, Aşıq Məmmədyarın basdırılması zamanı Aşıq Şadət Gülməmmədov, Aşıq Cəlal Qəhrəmanovun basdırılması zamanı Aşıq Avdı, Aşıq Ədalət Nəsibovun basdırılması zamanı aşıq Məhəmmədəli Məşədiyev, Aşıq Şadət Gülməmmədovun basdırılması zamanı Aşıq İlqar Qələmçəli cənazənin önündə saz çalmışdılar.
Bu ənənə Aşıq Azərin basdırılması zamanı yaşandı. Aşıq Azərin qoşa sazı köynəkdən çıxarılıb Aşıq Roman Azaflıya və Aşıq Şəhriyar Qaraxanlıya verildi. Gənc aşıqlar göz yaşına boğularaq sənət dostlarını son evə "Ruhani" havası üstündə yola saldılar. Aşıq Şəhriyar bəlkə də ilk dəfəydi saz çala bilmədi. Sazı sinəsinə sıxıb hönkürüb ağladı. Bu, Azərin dostlar arasında qazandığı sevginin təzahürü idi. Son mənzilə gedən yol boyu Roman Azaflı sazın sədalarıyla Aşıq Azərin son laylasını çaldı. Elə ana sazın sədaları altında da torpağa tapşırıldı Azər.
Məmməd İlqar üzünü kişilərə tutub deyir ki:

Kişilər ağlamaz deyən kişilər,
Atam ağlayırdı anam öləndə...

Doğrudan da bu gün kişili-qadınlı, uşaqlı-böyüklü, gələn və gələ bilməyən hər kəs Azərin ölüm xəbərinə ağlayırdı...
Soyun var olsun, sənətin həmişə uca olsun, aşıq Azər!

İlhamə Qəsəbova,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər