19/07/2018 05:52
728 x 90

Ərdəbildə Şəhriyarın heykəli ilə bağlı olay Azərbaycanda da həssaslıqla təqib olunur

Şəhriyarın büstü sökülərkən Şəhər Şurasının hadisə yerində olan üzvlərindən biri Parsabad Prokurorluğuna çağırılıb

img

Ağrı Qaradağlı: “Şəhriyarın heykəli şəhərin başqa bir yerində qoyulmazsa, o zaman biz gərəkən cavabı verəcəyik…”

“Təbii ki, bu dəfə də bu işi görən adam cəzasız qalmayacaq”

 

Azərbaycan ədəbiyyatının, poeziyasının dahi simalarından biri olan Məhəmmədhüseyn Şəhriyarın (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) Ərdəbil əyalətinin Parsabad şəhərində qoyulan büstü naməlum şəxslər tərəfindən sökülüb.

Mətbuatın yazdığına görə, Şəhriyar meydanında böyük şairin xatirəsinə qoyulan büstün kimlər tərəfindən söküldüyü haqqında dəqiq məlumat yoxdur.

Hadisə ilə bağlı yüzlərlə azərbaycanlının Şəhriyar meydanına toplaşaraq etiraz aksiyası keçirdikləri bildirilir. Azərbaycan KİV-ləri İran mətbuatına istinadən yazırlar ki, hadisəyə olan həssaslıq şəhər prokurorunun məsələyə müdaxilə etməsinə səbəb olub. Parsabad prokuroru bildirib ki, ustad Şəhriyarın büstü sökülərkən Şəhər Şurasının üzvlərindən biri hadisə yerində olub. Baş verənlərlə bağlı həmin şəxs məhkəməyə çağırılıb.

Qeyd edək ki, 2017-ci ilin noyabrında da bir qrup şəxs zorakılıq nümayiş etdirərək şairin Məşhəd şəhərində yerləşən büstünü tanınmaz hala salmışdı.

Xatırladaq ki, Şəhriyar azərbaycanlı şairidir və o, şeirlərini Azərbaycan və fars dillərində yazıb.

Dahi şair Şəhriyarın büstünün sökülməsini mənfi hal kimi qiymətləndirən GAMOH idarə heyətinin üzvü Ağrı Qaradağlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hadisə haqqında onun da, qurumun digər üzvlərinin də məlumatı var və onlar Ərdəbil əyalətinin Parsabad Şəhər Prokurorluğunun verəcəyi qərarı gözləyirlər: “Parsabad şəhərinin Şəhriyar meydanında olan dahi şair Şəhriyarın heykəlini sökərək yerindən götürüblər. Heykəl söküldüyü zaman orada olan bələdiyyə şura üzvlərindən bir nəfər izahat vermək üçün ədliyyəyə çağırılıb. Hələlik heykəli hansı səbəbdən və niyə söküldüyünə görə rəsmilərdən bir açıqlama olmayıb. Biz də bu məsələni yaxından təqib edirik. Ola bilər ki, büstün sökülməsi və yerindən götürülməsi meydanda gedən yol təminatları ilə bağlı olsun və yenidən daha böyük bir heykəl qoyulsun. Hər halda, bələdiyyədən rəsmi açıqlama verildikdən sonra sizə daha ətraflı açıqlama verəcəyik. Şəhriyarın heykəli oradan qaldırılarsa və yaxud şəhərin başqa bir yerində qoyulmazsa, o zaman biz gərəkən cavabı verəcəyik, bələdiyyə və rejim mənsublarına təpki göstərəcəyik. Hazırda bələdiyyənin və ədliyyənin açıqlamasını gözləyirik, ona uyğun da mövqeyimizi ortaya qoyacağıq”.

“Ağrı bəy, 2017-ci ildə də dahi şairin Məşhəddəki büstünə qarşı analoji hadisə baş vermişdi. Bəs onun nəticəsi necə oldu?” - deyə A.Qaradağlıdan soruşduq. A.Qaradağlı bildirdi ki, GAMOH təmsilçilərinin və fəalların etiraz göstərməsindən sonra ustad şairin heykəli təmir edilib: “Doğrudur, amma sonra təpkilər və etirazlar nəticəsində təmir edildi və heykəli o günə salanın cəzası verildi. Təbii ki, bu dəfə də bu işi görən adam cəzasız qalmayacaq. Əgər o, bu işi məqsədli şəkildə edibsə, cəzasını kəsinliklə çəkəcək. Hazırda parsabadlı dostlarımız da məsələni araşdırırlar”.

İradə SARIYEVA

Son xəbərlər