12/12/2018 19:19
728 x 90

Azərbaycan kinosunun beynəlxalq festivallara çıxışı sürətlənir

img

Xatirə Rəhimova: “Bizim son illərdə çəkilən bəzi filmlərimizə ədalətlə yanaşılsa, onlar Kann festivalının əsas mükafatçıları sırasında ola bilərlər”
Zülfiyyə Eldarqızı: “Filmlərimizin Kann festivalına təqdim edilməsi təqdirəlayiq haldır”

 

Azərbaycan filmlərinin nüfuzlu beynəlxalq kino festivallarında iştirak etməsi ilə bağlı ənənə formalaşmaqdadır. Müasir dövrdə çəkilən filmlərimiz indiyə qədər bir neçə beynəlxalq əhəmiyyətli kinofestivalda iştirak edib, bir sıra hallarda mükafatlara layiq görülüblər.

Sözsüz ki, bu gün Azərbaycan kinosunun qarşısında duran əsas məsələlərdən biri dünyanın kino axınına qoşulmaq, dünya kino bazarına çıxmaq, kinoprokatlara yol açmaqdır. Son illər respublikamızda istehsal edilən bəzi filmlərin dünya kino bazarında təqdim edilməsi əsasən o filmlərin festivallara qatılması, simasının tanınması ilə bağlıdır. Beynəlxalq festivallara qatılan filmlərin ödül alıb-almamasından asılı olmayaraq, onlar festivala təqdim edilirsə və onlara baxış olursa, həmin filmlərin dünya kino bazarına yol açmasına şərait yaranır.

Son bir neçə ildir Azərbaycan filmləri dünyanın nüfuzlu kinofestivallarından olan Kann festivalına qatılır. Düzdür, hələ bu festivala qatılan filmlər həlledici mükafata layiq görülməsə də, onların bu festivala qatılması ümumilikdə müsbət haldır.

Azərbaycan filmlərinin Kann festivalına qatılmasının müsbət göstərici olduğunu qeyd edən kinoşünasların bildirdiyinə görə, Azərbaycan filmləri maraqla qarşılanır.

Filmlərimizin bu festivalda ödül qazana bilməməsi, onların qalib seçilməməsinin səbəblərinə gəlincə, ekspertlər bildirirlər ki, ümumiyyətlə, Kann, Oskar kimi nüfuzlu kinofestivallarda ödül almaq elə də asan deyil. Onların sözlərinə görə, burada siyasi məsələlərlə yanaşı, bəzi nüanslar da var ki, onlar təqdim edilən filmlərin qarşısına tələb kimi qoyulur. Ekspertlər deyirlər ki, bunlardan biri filmin mövzusunun müasir dünyanı maraqlandıran məsələləri əhatə etməsidir. Bəzi Avropa dövlətlərində norma kimi qəbul edilən bir sıra halların filmlərdə göstərilməsi onlar tərəfindən vacib sayılır.

Kinoşünas Xatirə Rəhimova bizimlə söhbətində qeyd etdi ki, Azərbaycan filmləri inkişaf edir, toxunduğu mövzular bizim üçün maraqlıdır, bəzi dünya ölkələri üçünsə maraqlı deyil: “Bizim filmlər Azərbaycan çərçivəsində maraqlıdır. Filmlərimizdə mənəvi-əxlaqi prinsiplərə xüsusi önəm verilir. Kann, Oskar kimi beynəlxalq kinofestivallarda isə, belə deyək, “məhəlli, lokal” mövzular elə də müsbət qarşılanmır. Onlar tələb edirlər ki, öz daxilindən yox, dünya ilə ayaqlaşan mövzular əsasında çəkilən filmləri təqdim olunsun. Ora təqdim edilən filmlərdə bəzən Avropa dövlətlərinin ortaya atdığı “insan haqları” ilə bağlı “qüsurlar”, eləcə də eyni cinslilərin münasibətinin əks olunduğu  kadrlar axtarırlar. Bax, bu ədalətsizliyə də bəzən rast gəlinir. Azərbaycan filmlərinin Kann festivalına təqdim edilməsi müsbət haldır. Bizim son illərdə çəkilən bəzi filmlərimizə ədalətlə yanaşılsa, onlar Kann festivalının əsas mükafatçıları sırasında ola bilərlər. Yaxşı filmlərimiz çoxdur. Bu filmlərdə yeni düşüncə axını, müasir dünyagörüşünün təbliği, onların içində Azərbaycan insanının təqdimatı var. Məncə, beynəlxalq kino aləmində Azərbaycan kinosunun siması tanınmalıdır. Buna əsaslar çoxdur”.

Ekpert bildirdi ki, son bir neçə ildə Kann festivalına  “Salnamə” studiyasında çəkilən “İz...Qala” sənədli filmi, rejissor Elçin Musaoğlunun “Nabat” filmi təqdim edilib. Onun sözlərinə görə, 2015-ci ildə “Azərbaycanfilm” tarixində ilk dəfə olaraq Kann kino bazarına 6 film təqdim edib. O qeyd etdi ki, bunlar “Şəhər motivləri”, “Qırmızı bağ”, “Yarımçıq xatirələr”, “İçəri Şəhər”, “Axınla aşağı”, “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filmləridir.

O vurğuladı ki, Azərbaycan kino pavilyonu bir neçə ildir ardıcıl olaraq Kann Beynəlxalq Film Festivalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Qeyd edək ki, mayın 8-19-da Fransada Beynəlxalq Kann Film Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, rejissor və prodüser Teymur Hacıyev “Kanöz” film layihəsi ilə Azərbaycanı festivalda ikinci dəfə təmsil edəcək. Bu layihə çərçivəsində rejissorun “Dağılmış” (“Torn”) filmi nümayiş olunacaq. Məlumata görə, film dam ustası olan bir kişinin həyatından bəhs edir. Ailəsində baş verən bəzi hadisələrdən sonra həmin kişinin həyatı dəyişir və bugünkü günümüzü əks etdirən hadisələr yaşanmağa başlanır.

Son illər Azərbaycanda istehsal edilən filmlərin dünyanın nüfuzlu kinofestivallarında iştirak etməsini müsbət qarşılayan sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bizimlə söhbətində qeyd etdi ki, kinomuzun ölkəmizdən kənara çıxması olduqca əhəmiyyətli hadisədir: “Əlbəttə, filmlərimiz ölkədən kənara çıxarılıb hansısa nüfuzlu kinofestivala təqdim edilirsə, bu müsbət haldır. Filmlərimizin Kann festivalına təqdim edilməsi də təbii ki, təqdirəlayiq haldır. İndiyə qədər bir neçə filmimiz Kann festivalında iştirak edib. Deyim ki, o filmlər festivalda yer tutmasa, ödül qazanmasa belə, Azərbaycan kinosunun tanınmasında, yayılmasında əhəməiyyətə malikdirlər. Azərbaycanda son illər çox yüksək səviyyəli filmlər də çəkilir. Festivala təqdim edən filmlər Kannda mükafat qazansa, bu, bizim kinoya böyük dividendlər gətirər, ölkəmizin kino sənayesinin inkişafına müsbət təsir edər, respublikamızın daha da tanınmasına səbəb olar”.

Z.Eldarqızı qeyd etdi ki, bizim filmlərə o festivalda ədalətli yanaşma olarsa, Kann mükafatçısı ola bilərlər.

İradə SARIYEVA

Son xəbərlər