24/09/2018 23:58
728 x 90

2003-cü illə müqayisədə 2016-cı ildə muzeylərə gələnlərin sayı 2,4 dəfə çoxalıb...

“İnsanların sosial rifahı nə qədər yüksəkdirsə, onların muzeylərə, mədəniyyət ocaqlarına münasibəti də bir o qədər yaxşı olur”

img

Təranə Baxşəliyeva: “Bu gün muzeylərimizdə qorunan zəngin tarixi eksponatlar, etnoqrafiyamız, folklorumuzla bağlı materiallar əcnəbiləri də yaxından maraqlandırır”

 

Azərbaycanda muzeyləri ziyarət edənlərin statistikası son illər müsbət istiqamətdə dəyişib. Məlum olduğu kimi, bu gün respublikamızda fəaliyyət göstərən müxtəlif profilli muzeylər mütəmadi olaraq qonaqların gəldiyi məkana çevrilib. Bu faktı  Dövlət Statistika Komitəsinin rəhbəri Tahir Budaqov da təsdiqləyib. Komitə sədri mətbuata  “2003-cü illə müqayisədə 2016-cı ildə muzeylərə gələnlərin sayı 2,4 dəfə çox olub” - deyə bildirib. Onun sözlərinə görə, 2016-cı ildə muzeylərə gələn ziyarətçilərin sayı 2,7 milyon nəfər olub.

Muzeylər kütləvi ziyarətçi axınına necə nail olublar?

Kulturoloq Təranə Baxşəliyeva bizimlə söhbətində qeyd etdi ki, son illər Azərbaycanın paytaxtında və bölgələrdə fəaliyyət göstərən muzeylərə əhali arasında maraq artıb. O bildirdi ki, bunun da bir sıra səbəbləri var. Ekspertin sözlərinə görə, bu gün həm paytaxtda, həm də regionlarda muzey işinin təkmilləşdirilməsinə ciddi əhəmiyyət verilir. Ekspert hesab edir ki, dövlətimizin iqtisadi gücü artıqca, insanların sosial rifahı yaxşılaşdıqca, onların mədəniyyət ocaqlarına münasibətində də müsbət dəyişikliklər olur. 2003-cü ildən bəri Azərbaycanın sosial-iqtisadi, mədəni baxımından kifayət qədər gücləndiyini vurğulayan T.Baxşəliyevanın bildirdiyinə görə, bu, öz növbəsində, əhalinin həyatına yaxşı mənada təsir edir: “Vaxt vardı ki, Azərbaycan muzeylərinə yalnız ora ilə əlaqədar işi olanlar gedirdi. Bakıdakı muzeylərin, eləcə də tarix-diyarşünaslıq muzeylərinin aylarla qapısını ziyarətçi açmırdı. Çox nadir hallarda şagird və tələbələr muzeylərə aparılırdı. 2003-cü ildən bu yana Azərbaycanda, sözün əsl mənasında, böyük mədəni islahatlar həyata keçirilib. Artıq muzeylər öz işini tam müasir səviyyədə qurur. Muzeylərdəki zəngin eksponatlar, bu eksponatları tanıdan, təbliğ edən elmi işçilər, bələdçilər nəsli formalaşıb. Digər tərəfdən də bizim muzeylər eksponat baxımından çox zəngindir. Muzeylərimizdə tariximizlə, mədəniyyətimizlə, həyat tərzimizlə, tarixi şəxsiyyətlərimizlə bağlı minlərlə eksponat sərgilənir. Açığını deyək ki, son illər muzey işi sahəsində görülən işlər nəticəsində bu məkana gələn insanların sayında ötən 10-12 illə müqayisədə 2 dəfədən çox artım olub. Azərbaycanda muzeylərin tamaşaçılar tərəfindən ziyarət yerinə çevrilməsi o deməkdir ki, gənc nəsil tariximizlə, mədəniyyətimizlə ciddi maraqlanır. Bu gün nəzərə alsaq ki, həm paytaxtımıza, həm də bölgələrimizə xarici turistlər gəlir, onlar da muzeylərimizə böyük maraq göstərirlər. Bu gün muzeylərimizdə qorunan zəngin tarixi eksponatlar, etnoqrafiyamız, folklorumuzla bağlı materiallar əcnəbiləri də yaxından maraqlandırır. Muzeylərə gələnlərin sayında artım müşahidə edilməsi səbəblərindən biri də son illər muzeylərimizin ciddi təbliği ilə bağlıdır. Bilirik ki, dövlət tərəfindən muzeylər üçün yeni binalar tikilir, təmirə ehtiyacı olan muzey binaları yenidən təmir edilir, eksponatla zənginləşməsinə şərait yaradılır, muzeylərin maddi-texniki bazası gücləndirilir. Muzeylərə göstərilən dövlət qayğısı nəticəsində muzeylərimizin ziyarətçiləri artıb. Yəni artıq ziyarətçi muzeyə gəlir və burada gördüyü hər bir element ona zövq verir, onu məlumatlandırır. İnsanların sosial rifahı nə qədər yüksəkdirsə, onların muzeylərə, mədəniyyət ocaqlarına münasibəti də bir o qədər yaxşı olur. Bizdə əhalinin sosial vəziyyəti yüksəldikcə, gəlirləri artdıqca, onlar muzeyləri də ziyarət edirlər ”.

Ekspert qeyd etdi ki, bu gün Qafqazda ən zəngin muzeylər Azərbaycanda yerləşir. Bizim muzeylərdə heç bir qondarma, saxta eksponatın olmadığını, onların əsil olduğunu deyən mütəxəssisin sözlərinə görə, bizimlə müqayisədə Ermənistanda əhali muzeylərə getməkdən imtina edib. Ermənistanın siyasi çəkişmələr məkanı olduğunu deyən ekspert qeyd etdi ki, çirkin oyunlar gedən bir ölkədə camaat muzeylə maraqlana bilməz. Azərbaycanda isə əhalinin sosial rifah halının yüksəlməsi, eləcə də dövlətimizdəki sabitlik insanların mədəniyyət ocaqlarına münasibətinə də müsbət təsir edir.

İradə SARIYEVA 

Son xəbərlər