12/12/2018 19:09
728 x 90

Vətənpərvərlik mövzusunda animasiya filmlərinin çəkilişi “daşa dirənib”…

img

Pərvanə Həkimova: “Bizim Babək, Cavad xan, Nadir şah, Ağaməhəmməd şah Qacar və digər tarixi şəxsiyyətlərimiz haqqında vətənpərvər ruhlu, didaktik bir animasiya filmimiz yoxdur”
Zülfiyyə Eldarqızı: “Bizdə vətənpərvər ruhlu bir neçə cizgi filmi var, onların da heç biri müasir dövrdə çəkilməyib”

 

Bu gün başqa ölkələrdə istehsal edilən, fərqli və yad ideologiyalar, həyat tərzləri, düşüncələr təlqin edən cizgi filmləri uşaqlarımızı özünə cəlb edir. Nəzərə alsaq ki, cizgi filmləri uşaqların psixikasına təsir edir və beyinlərinə istənilən informasiyanı ötürə bilir, bizim özümüzün cizgi filmləri sahəsində görəcəyimiz işlər çoxdur.

O işlərdən ən vacibi müasir Azərbaycan uşağının düşüncəsinə, maraqlarına, tələbatına cavab verən cizgi filmləri istehsal etməkdir. Azərbaycan animatorları daha çox tariximizlə, tarixi torpaqlarımızla, qəhrəmanlarımızla bağlı vətənpərvərlik ruhunda animasiya filmləri yaratmalıdırlar. Hazırda “Azərbaycanfilm” Kinostudiyasının nəzdində “Azanfilm” fəaliyyət göstərir. Bundan başqa, bir neçə özəl prodakşnlar da var ki, onlar da animasiya filmlərinin istehsalı ilə məşğul olurlar. Animasiya filmləri istehsalına dövlət büdcəsindən vəsait də ayrılır. Ancaq hələ də uşaqlarımızın ruhuna doğma olan qəhrəmanlıq, vətənpərvərlik mövzusunda cizgi filmləri ya yaranmır, ya da çox az sayda yaranır. Vətənpərvərlik mövzusunda istehsal edilən cizgi filminə müasir Azərbaycan uşağının ehtiyacı var. Bu gün vətənpərvərlik ruhlu cizgi filmləri niyə az çəkilir?

Ekspertlərin bildirdiyinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra qəhrəmanlıq, vətənpərvərlik mövzusunda bir neçə cizgi filmi çəkilib. Bu sırada rejissor Elçin Hami Axundovun “Cavanşir” cizgi filmini xatırlamalı olduğumuzu deyən ekspertlər bildirirlər ki, rejissorun 2003-cü ildə çəkdiyi hərbi-vətənpərvərlik mövzusunda olan cizgi filmi müasir uşaqlar üçün də maraqlı olmalıdır. Hərbi-vətənpərvərlik mövzusunda olan bu kinolentdə yeniyetmə bir oğlanın Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıldığını qeyd edən ekspertlər hesab edirlər ki, belə cizgi filmlərinin sayı çox olmalı, təbliğatı geniş səviyyədə həyata keçirilməlidir.

Ekspertlər qeyd edirlər ki, bu cizgi filmi Azərbaycanda ilk dəfə olaraq kompyuter vasitəsilə yaradılıb.

Qeyd edilənə görə, “Cavanşir” animasiya filminin çəkilməsi 1992-ci ildə nəzərdə tutulsa da, maliyyə çətinliyi ucbatından 2003-ci ildə ekranlaşdırılıb.

Ekspert Pərvanə Həkimova bizimlə söhbətində qeyd etdi ki, bu gün Azərbaycanda vətənpərvərlik hissinin uşaqların şüuruna həkk edilməsi vacib bir məsələdir. Ekspertin sözlərinə görə, Azərbaycanda animasiya filmləri sənayesinin yaradılması zəruridir. Onun qeyd etdiyinə görə, bu industriya yaranarsa, qəhrəmanlıq və vətənpərvərlik, humanizm ruhlu cizgi filmləri də təbii surətdə yaranacaq. Eksper hesab edir ki, bu gün animatorlardan “niyə vətənpərvərlik ruhunda animasiya filmləri yaratmırsınız” deyə soruşmaqdansa, bunun səbəblərini araşdırmaq lazımdır.  

“Qəhrəmanlıq və vətənpərvərlik ruhunda çəkilən cizgi filmləri uşaqlarda vətənə, torpağa sevgi və qayğı hissləri formalaşdırır. Müasir uşaq Sovet dövründə çəkilən cizgi filmlərinə elə də maraq göstərmir, çünki bu cizgi filmləri onların istədiyi formada, daha doğurusu, təqdimatda deyil. Uşaqlar daha rəngli, daha əlvan, daha dinamik, hərəkətli animasiya filmlərinə baxmaq istəyirlər. Quru ritorika ilə yüklənən animasiya filmləri onları cəlb etmir. Bu gün Azərbaycan televiziyalarında, demək olar ki, vətənpərvərlik ruhlu cizgi filmlər nümayiş olunmur. Bizdə müstəqillik illərində “Cavanşir”, “Dədə Qorqud”, “Basat və  təpəgöz”, “Səkrəyin dastanı” və s. animasiya filmləri “Kitabi Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib. Bu animasiya filmləri uşaqlarda milli yaddaşa, tarixi köklərə, tariximizə hörmət, sevgi hissi yaradır. Bu cizgi filmlərinin geniş təbliğ edilməsi vacibdir.  Uşaqlara tariximizi öyrətmək istəyiriksə, onlara vətənpərvərlik mövzusunda animasiya filmləri təqdim etməliyik. Özü də hər yaş qrupuna uyğun cizgi filmləri çəkilməlidir. Bilirsiniz, cizgi filmləri çəkirlər, hansısa bir milli element əlavə edib deyirlər ki, bu, vətənpərvər ruhlu cizgi filmidir. Milli elementlərdən yerində istifadə edilməlidir. Qəhrəmanlıqdan, vətənpərvərlikdən danışırıq, ancaq hələ bizim Babək, Cavad xan, Nadir şah, Ağaməhəmməd şah Qacar və digər tarixi şəxsiyyətlərimiz haqqında vətənpərvər ruhlu, didaktik bir animasiya filmimiz yoxdur. Nə üçün milli qəhrəmanlarımzın obrazlarını animasiya filmləri vasitəsilə təbliğ etmirik?  Mən hesab edirəm ki, Azərbaycanda animasiya sənayesinin inkişafı üçün məzmunlu bir konsepsiya olmalıdır ki, bu sahə sistemə düşsün. Dövlət maliyə ayırır, dövlət qayğısı olmasa, cizgi filmi çəkmək müşkül olardı. Ancaq dövlətin ayırdığı vəsaiti gərəkli animasiya filmləri yaratmağa sərf etmək lazımdır”.

P.Həkimovanın sözlərinə görə, bu gün uşaqlarda aqressiya yaradan, nifrət formalaşdıran animasiya filmləri yaratmaq lazım deyil, onlarda ruh yüksəkliyi formalaşdıran cizgi filmləri çəkilməlidir: “Bu gün vətənpərvərlik mövzusunda cizgi filmi çəkilmədiyini, yaxud az çəkildiyini deyirik. Ancaq düşünmürük ki, bu mövzuda yazanlarımız varmı? Varsa da, onların yazdıqları nə üçün animatorlara çatmır? Bu gün uşaqlar qəhrəmanlıq cizgi filmlərinə baxanda o qəhrəmanlar kimi olmaq istəyirlər. Xeyrin şər üzərində qələbəsi təsvir edilməlidir, ancaq aqressiya ilə yox, təbii surətdə. Bir məqamı da qeyd edim ki, vətənpərvərlik mövzusunda cizgi filmi çəkmək əlinə avtomat alan obrazı göstərmək demək deyil. Uşaqlar üçün humanizm, xeyrin şər üzərində qələbəsi, etika, tərbiyə və s. bu kimi hissləri aşılayan cizgi filmləri ekranlaşdırılmalıdır. Valideynlər uşağın tərbiyəsinə xüsusən diqqətli olmalıdırlar”.

Ekspert bildirdi ki, 7 yaşdan sonra uşaqlarda vətənpərvərlik hissləri yaranmağa başlayır. O hesab edir ki, yerli provayder şirkətləri, onlayn yayımçılar öz səhifələrində vətənpərvər ruhlu cizgi filmlər yerləşdirməlidirlər ki, uşaqlar onları izləyə bilsinlər. “Bəzən deyirlər ki, animatorlar 5-6, 10-12 yaşlı uşaqların hansı tərzdə cizgi filmi istədiyini bilmirlər.  Onlar da düşünürlər ki, bununla bağlı industriya yaradılmalıdır və oradakı psixoloqun köməyi ilə uşaqlara vətənpərvər ruhlu cizgi filmlər təqdim edilməlidir. Yəni psixoloq o filmlərin hansı formada çəkilməsini animatorlara izah edə bilər”.

O qeyd etdi ki, Milli Qəhrəman Mübariz İbrahimov haqqında cizgi-roman hazırlanıb. Uşaqlarda vətənpərvərlik ruhu yaradan, torpağa, yurda sevgi aşılayan bu cizgi filminin onlar tərəfindən müsbət qarşılanacağını deyən ekspert hesab edir ki, başqa milli qəhrəmanların da obrazları animasiya filmlərində əks olunmalıdır. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı da hesab edir ki, bu gün Azərbaycanda daha çox vətənpərvər ruhlu cizgi filmləri çəkilməlidir. Onun fikrincə, müasir uşağın dünyagörüşünün, vətənpərvərlik hissinin formalaşmasında o animasiya filmləri böyük rol oynaya bilir: “Bu gün Türkiyədə, Rusiyada qəhrəmanlıq və vətənpərvərlik ruhunda çoxlu cizgi filmi çəkilir və həmin filmlərə uşaqlarımız internet vasitəsilə baxırlar. Mən bəzən düşünürəm ki, bizdə görəsən niyə vətənpərvərlik mövzusunda cizgi filmləri az çəkilir. “Azanfilm”lə yanaşı, özəl animasiya studiyaları da fəaliyyət göstərirlər. Bu animasiya studiyaları vətənpərvər ruhlu cizgi filmləri çəkə bilərlər. Bizdə vətənpərvərlik mövzusunda nə çəkilibsə, hamısı “Azanfilm”ə aiddir. Dövlət maliyyə ayırır, il ərzində 3 cizgi filmi çəkilirsə, onun 1-i heç olmasa vətənpərvərlik mövzusunda olmalıdır. Bu gün internetin imkanları genişdir, biz ondan istifadə edib uşaqlarımıza daha keyfiyyətli animasiya filmləri təqdim edə bilərik. Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Keçən əsrin 60-cı illərinin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılıb. Multfilm sənətinin sirlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılıb. Bunu niyə qeyd etdim? Çünki o vaxt animatorlar, animasiya sahəsində işləyən yaradıcı və texniki işçilərin yetişməsi üçün xüsusi kurslar fəaliyyət göstərirdi. Ora bütün heyət cəlb edilirdi. Bu gün də belə kurslar açılmalıdır. Animatorun materialı olmalıdır ki, onun əsasında vətənpərvərlik mövzusunda cizgi filmi çəksin. Məncə, bu məsələdə ssenaristlər də aktiv olmalıdırlar. Bizdə vətənpərvər ruhlu bir neçə cizgi filmi var, onların da heç biri müasir dövrdə çəkilməyib. Hamısı 10-15 il əvvəl ekranlaşdırılıb”.

İradə SARIYEVA

Son xəbərlər