24/09/2018 18:03
728 x 90

Mütəxəssislər bölgə muzeylərində eksponatların bərpa edilməsi üçün yerli bərpa sexlərinin yaradılmasını təklif edir...

“Mütəmadi olaraq bölgə muzeylərində çalışan bərpaçı rəssamlar, elmi işçilər üçün treninqlər, kurslar təşkil edirik”

img

Nairə Sadıqova: “İyun ayından bəzi rayonların muzey işçiləri üçün yeni kurslara başlayacağıq”

 

Bölgələrdə fəaliyyət göstərən müxtəlif profilli muzeylərin ekspozisiyasında nümayiş olunan eksponatların, xatirə əşyalarının elmi əsaslarla bərpa edilməsi olduqca vacib məsələdir. Bir çox hallarda, bölgə muzeylərində çalışan muzey işçiləri ekspozisiyada olan əşyalara tələb olunan səviyyədə yanaşa bilmirlər. Yəni eksponatlara qulluq və qayğı məsələsində bir çox muzeylərin elə də böyük təcrübəsi yoxdur. Onu da vurğulayaq ki, muzey eksponatlarının, xatirə əşyalarının bərpa edilməsi sahəsində də yerlərdəki kadrlar o qədər də peşəkar deyillər.

Bölgə muzeylərində çalışan bərpaçıların, eləcə də elmi işçilərin maarifləndirilməsi istiqamətində nə kimi işlər görülür?

Ekspertlər hesab edirlər ki, bu gün Azərbaycanda bərpaçılıq sənəti ilə məşğul olanların sayı elə də çox deyil. Onların sözlərinə görə, bölgə muzeylərində isə, demək olar ki, barmaqla sayılacaq qədər bərpaçı var. Qeyd edilənə görə, hazırda respublikamızda gənclərin bərpaçılıq sənətinə, sahəsinə cəlb edilməsi istiqamətində işlər görülür. Kifayət qədər həssaslıq, diqqət, bilik və bacarıq tələb edən bərpaçılıq işinin bölgələrdə də inkişaf etdirilməli olduğunu deyən mütəxəssislər vurğulayırlar ki, muzeylərdə bir əşyanın bərpaya ehtiyacı olduqda bərpa edilməsi üçün həmin əşya Bakıya, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə (MSXƏEBM) göndərilir. Onlar hesab edirlər ki, yerlərdə də xalq sənətinin, sənətkarlığın müxtəlif növləri ilə bağlı xüsusi bərpa sexlərinin yaradılmasına ehtiyac var.

Bölgə muzeylərində fəaliyyət göstərən bərpaçı rəssamlar, bərpa işinə maraq göstərən şəxslər üçün MSXƏEBM tərəfindən nə kimi işlər görüldüyünü öyrənmək üçün bu qurumla əlaqə saxladıq. 

Elmi Mərkəzin direktor müavini Nairə Sadıqova bizimlə söhbətində bildirdi ki, muzey əməkdaşlarının fəaliyyəti, onların bərpaçılıq sahəsində peşəkarlaşması daim diqqət mərkəzində saxlanır. O qeyd etdi ki, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi bölgələrdə yerləşən muzeylərin əməkdaşları üçün bu sahədə beynəlxalq təcrübə, mədəni sərvətlərin mühafizəsi və digər məsələlərə həsr edilən regional sərgi-seminarlar, treninqlər və təkmilləşdirmə kursları təşkil edir.

Onun sözlərinə görə, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan kurslarda indiyə qədər bir sıra rayonlardan muzey işçiləri, bərpaçı rəssamlar tədris keçib. O bildirdi ki, Astara, Lerik, Ağdam, Bərdə, Beyləqan və Sumqayıt Tarix-Diyarşünaslıq və digər şəhər və rayonların muzeylərinin əməkdaşları bu kurslarda iştirak edirlər. “Mütəmadi olaraq bölgə muzeylərində çalışan bərpaçı rəssamlar, elmi işçilər üçün treninqlər, kurslar təşkil edirik. Kursun dinləyicilərinə muzey əşyası və onun mühafizə üsulları, temperatur-rütubət rejimi, bioloji rejim, metalların, keramika məhsullarının, qrafika əsərlərinin, ağac məhsullarının və arxeoloji eksponatların bərpasında kimyəvi üsulların tətbiqi, qrafik əsərlərin, keramika əsərlərinin, şüşə, sümük, ağac, dəri məmulatları, musiqi alətləri, silah nümunələri və saatların bərpası və konservasiyası ilə bağlı bilgilər veririk. Mərkəzimizin mütəxəssisləri Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi vasitəsilə bölgələrdə olan muzeylərin əməkdaşlarını kurslara cəlb edir və onlara bu sahədəki yeniliklər, bərpaçılığın sirlərini öyrədirik. Biz muzey işçiləri üçün 1 aylıq kurslar keçirik. İyun ayından bəzi rayonların muzey işçiləri üçün yeni kurslara başlayacağıq. Biz bərpaçılara lazımi tapşırıqları veririk. Hazırda mərkəzimizdə Xalça Muzeyinin bərpaçıları təlim keçirlər. Biz onlara konservasiya işini öyrədirik”- deyə N.Sadıqova bildirdi.

Bölgə muzeylərində bərpaçıların eksponatları bərpa etməsi məsələsinə gəlincə, N. Sadıqova qeyd etdi ki, onların icazəsiz bu işi həyata keçirmək səlahiyyəti yoxdur. O bildirdi ki, muzeylərdə bərpaya ehtiyacı olan eksponatlara mərkəzin əməkdaşları müdaxilə edə, onun bərpasını həyata keçirə bilərlər.

İradə SARIYEVA

Son xəbərlər