23/09/2018 20:54
728 x 90

Azərbaycanda yeni musiqi janrı - şanson musiqisi…

Ceyhun Bakinskiy “Şanson şəhər musiqisi deməkdir, amma bu mahnılar təkcə restoranlarda deyil, efirlərdə, radiolarda da səslənir” deyir…

img

Əli Mirəliyev: “Onların ifa etdiyi şanson yox, “blatnoy jarqon”dur”
“Bizdə yeganə şanson oxuyan Mirzə Babayev olub və onunla da bu ifa bitib”

 

Əsl musiqi doğrudan da ruhun qidası, incə, həssas duyğuların tərcümanıdır. Bəzən deyirlər ki, musiqi zövq məsələsidir, birinə xoş gələn musiqi başqasına xoş gəlməyə bilər. Əslində isə bu söz o qədər də özünü doğrultmur. Bu mənada ki, musiqi kütləvi janrdır və o elə bəstələnib, elə ifa edilməlidir ki, hər kəs ondan zövq ala bilsin. Gizlin deyil ki, son illər musiqiyə xas olmayan törəmə, qondarma dəst-xətlər yaranıb və ara musiqisi insanların zövqünü korlayır, həqiqi musiqini kölgəyə çəkilməyə məcbur edir.

Bəzən elə musiqilər olur ki, kütləvi dinləyicisi olmasa da, bir qrup insan o mahnıları sevir, qəbul edir. Bəlkə də bu ondan irəli gəlir ki, bu musiqi janrları kütlə üçün yazılmır, ifa edilmir, onların təqdimatı lokal aləm üçün nəzərdə tutulur. Son zamanlar ən çox gündəmə gətirilən şanson musiqi dediklərimizə əyani nümunədir. Tez-tez eşidirik ki, Bakıda şanson musiqiçilərin konserti keçirilib, yaxud filankəs şanson oxuyandır. Onu da qeyd edək ki, şanson ifaçıları dünya musiqi çapında özlərinə xüsusi yer tutublar. Bu sahə Rusiyada xüsusilə inkişaf edib. Şanson janrında ifa edən musiqiçilərə, müğənnilərə gerçək bir məhəbbət də var və dünyada onların təbliğatına çox rast gəlinir. 

Onu da vurğulayaq ki, bu ilin yanvar ayının 31-də Heydər Əliyev Sarayında "Bakı şansonu” adlı konsert proqramı da keçirilib. Qeyd edək ki, konsertdə tanınmış şanson ifaçıları Fərhad Bakinskiy, Cəlal Abbasov, Ceyhun Bakinskiy, İlqar Sail, Şakir Mərdanov və Sabir Əhmədov iştirak ediblər. Bu gün ən çox populyar olan "Bakı şansonu" janrı gənclər tərəfindən də sevilir.

Qeyd edək ki, şanson (fr. chanson - mahnı) vokal musiqi janrıdır. Məlumatlara görə, XV-XVI əsrlərdə fransız musiqi renesansının (intibahının) görkəmli nümayəndələrinin yaradıcılığında aydın milli xüsusiyyətlər kəsb edən polifonik mahnılar şanson adlanıb. Professor Qulu Məhərrəmlinin  “Azərbaycan dilinin izahlı lüğəti” kitabında şanson sözünə belə biçim verilir:  “Şansonye (şanson) yaradıcılığı üçün şeir formalarının müxtəlifliyi, emosionallıq və mahnının publisistik çaları səciyyəvidir”.

Qeyd edək ki, son vaxtlar şanson ifaçı kimi ən çox Aydınçikin (əsl adı Aydın Salman oğlu Vəliyev) adı çəkilir. Hətta bəzən onu Azərbaycan şansonunun müəllifi adlandırırlar. Musiqişünaslar isə bildirirlər ki, Aydınçik Bakı şansonunun müəllifi deyil, sadəcə, şanson stilində ifa etdiyi mahnılarla bu janrı sevənlərin ürəyində özünə yer tutub. Əslində, bu gün şanson musiqisinə münasibət birmənalı deyil. Əksər musiqişünaslar hesab edirlər ki, Bakı şansonu olub, ancaq bu gün şanson adına təqdim edilən musiqi bu janrın tələblərini əks etdirmir. Bugünkü şanson ifaçılarının ara mahnılarını “şanson” adlandırdığını qeyd edən bəzi musiqişünaslar deyirlər ki, şanson bədii tutumu, məzmunu olan, eyni zamanda da real hissləri, düşüncəni canlandıran bir musiqidir.

Onu da vurğulayaq ki, “Bakı şansonu” haqqında mənfi fikirdə olanlar deyirlər ki, telekanallar bu musiqini təbliğ etməklə musiqimizə sevgini azaldırlar. Bəziləri qeyd edirlər ki, ortaya düşmüş şanson və şansonetkaların musiqisini təbliğ edən telekanallar azərbaycanlıların musiqi qavramalarına zərbə vururlar. Nəticədə qışqırıqlara və hay-küyə öyrənmiş insanlar həqiqi musiqini qavramırlar.

Bununla yanaşı, şanson musiqinin müsbət tərəflərini önə çəkən, onun gərəkliyini təbliğ edən insanlar da yox deyil.

Qeyd edək ki, şanson ifaçısı, müğənni Ceyhun Bakinskiy yerli mətbuata açıqlamasında bu janrın özəl xüsusiyyətlərindən danışıb. “Azərbaycanda şanson deyəndə insanlar qorxur” - deyə vurğulayan C.Bakinskiy ölkəmizdə şanson janrına olan münasibətdən o qədər də razı olmadığını açıqlayıb:  “Şanson şəhər musiqisi deməkdir. Amma bu mahnılar təkcə restoranlarda deyil, efirlərdə, radiolarda səslənir. Fransız ifaçılardan Mirey Matye, Co Dassen bu tərzdə mahnılar oxuyublar. Bizdə isə Mirzə Babayev, Rüfət Mehdiyev, Eyyub Yaqubov, Cavan Zeynallı şəhər musiqiləri, əsasən Tofiq Quliyevin bəstələrini ifa ediblər”.

Müğənni opponentlərinə cavab olaraq bildirib ki, bu janrın ifaçılarının insanlarda musiqi zövqünün formalaşmasında rolu böyükdür: “Musiqi zövqünü formalaşdırmaq baxımından bizim rolumuz böyükdür. Şanson musiqilərin unudulmasının səbəbkarı müğənnilərdir. Mən toylarda həm şanson, həm də klassik mahnıları ifa edirəm. İndi bəzi müğənnilərdən soruşanda ki, niyə belə mahnılar oxuyursan, deyirlər camaat bunu istəyir. Əvvəllər efir insanların zövqünü tərbiyələndirirdi, indi isə əksinə olub. Gənclər arasında şanson ifa edənlər var. Amma mahnıları necə eşidiblər, elə oxuyurlar. Sözləri başa düşmək olmur. Öyrənməyə tənbəllik edirlər. Musiqi yarışmalarına baxanda məni hər zaman bir sual düşündürür ki, nəyə görə efirdə başqa, toyda tamam başqa mahnılar oxuyurlar?”

Tanınan müğənni Əli Mirəliyev bizimlə söhbətində bildirdi ki, bu gün Azərbaycanda şanson musiqisi ifaçıları yoxdur. Onun sözlərinə görə, müxtəlif ifaçılar şanson ifa ilə başqa janrları qarışdırırlar. O qeyd etdi ki, bu gün şanson kimi təqdim edilən ifalar, əslində, “blatnoy jarqon”dur. Ə.Mirəliyevin sözlərinə görə, Azərbaycan musiqi sənətində yeganə şanson oxuyan xalq artisti, görkəmli müğənnimiz Mirzə Babayev olub: “Şanson musiqi janrı deyil, şanson ifadır, ifa tərzidir. Məsələn, onun yeganə ifaçısı bizdə Mirzə Babayev olub. Bu gün ikinci bir Mirzə Babayev varmı respublikamızda? Fransada yaşayan erməni əsilli Şarl Aznavur, görkəmli gürcü müğənnisi Vaxtanq Kikabidze məşhur şanson oxuyanlardır. V.Kikabidze həm müğənnidir, həm də aktyor. Mirzə Babayev də xarakterik aktyor idi. M.Babayevin adı yalnız bizim musiqidə deyil, dünya musiqisində böyük hərflərlə yazılır. Şanson özünəməxsus ifa tərzidir. M.Babayev misilsiz şanson oxuyurdu. Siz “O olmasın, bu olsun” filmində onun Üzeyir Hacıbəyovun əsərini necə məharətlə oxuduğunu eşitmisiniz yəqin ki? Görün necə hissiyyatla, mahnını içdən yaşaya-yaşaya ifa edib. Onun ifasına biz “şanson ifadır” deyirik. Bilirsiniz, bu həm yüksək səviyyəli ifadır, həm də onu yüksək şəkildə çatdırmaq manerasıdır. “Onu bağışlamaq olarmı?” filmində M.Babayevlə Şövkət Ələkbərova duet oxuyublar. Tofiq Quliyevin musiqisini ifa ediblər. Orada Mirzə Mirzə kimi, Şövkət xanım da Şövkət kimi özünü ifadə edib. Orada görün necə gözəl tandem yaranıb. Bunlar əvəzsiz ifalardır. Yaxud Ələkbər Tağıyevin “Arzular” mahnısını Gülağa Məmmədovla Flora Kərimova ifa ediblər. Necə gözəl ifadır bilirsiniz… Onlar birincilərdir. Hamı deyir “müğənniyəm”. Elə deyil. Gəl Azərbaycandan kənara çıxaq, görək sən orada öz sənətini göstərə, təqdim edə biləcəksənmi? Sənə dinləyici qulaq asacaqmı? Yalandan kafedə oxuyurlar, gəlib deyirlər ki, xaricdə konsert verdim”.

“Əli müəllim, bu gün deyirlər ki, Azərbaycanda Eyyub Yaqubov, Aydınçik, İlqar Sail, Fərhad Bakinskiy və başqaları şanson oxuyanlardır. Buna münasibətiniz necədir?”. Ə.Mirəliyev qeyd etdi ki, onlar şanson oxuyanlar deyil: “Onlar şanson oxumur, onların oxuduğu küçə mahnılarıdır. Mən Bakıda böyümüşəm. Əlimizdə gitara hamımız küçələrdə, tinlərdə oxumuşuq, ancaq bu, şanson deyil. Onların ifa etdiyi şanson yox, “blatnoy jarqon”dur.  Onu tərcümə etsək, mənası “ara, küçə mahnısıdır”. Bilirsiniz, əvvəllər bizdə elə oxuyanlar çox olub. Bu ifaçıları bədii şuradan buraxmırdılar, çünki onların ifası şuradan keçə bilmirdi. İndi isə bədii şura olmadığı üçün, kim nə istəyir oxuyur. Hamı deyir şanson oxuyanam, sən nə bilirsən şanson nədir?! Aydınçik “Elnarə” mahnısı oxuyur. Bu, şansondur?

Vilka, qaşıq dəyir mənim başıma,

Dur burdan deyir böyük qardaşıma.

Ay subaylar, bu nə gəldi başıma?

Cırıb üz-gözümü bu Elnarə.

Bu, şansondur? Bu, primitiv küçə mahnısıdır. Buna necə şanson demək olar? Olmaz təbii ki! Eyyub Yaqubova gəlincə, deyim ki, Eyyubun çox gözəl ifaları var. Bəstəkar Elçin İmanov onun üçün gözəl mahnılar yazır. Eyyub Mikayıl Müşfiqin sözlərinə yaxşı mahnılar oxuyur. Ancaq şanson sözü bu gün “şanson oxuyuram” deyənlərə aid deyil, qətiyyən. Yenə də deyirəm, bizdə yeganə şanson oxuyan M.Babayev olub və onunla da bu ifa  bitib. Hələ ki, bizdə şanson oxuyan yoxdur”.

İradə SARIYEVA 

Son xəbərlər