13/12/2018 18:04
728 x 90

Azərbaycanda keçirilən beynəlxalq tədbirlər milli mədəniyyətimizin də tərəqqisinə təsirsiz qalmır

img

Aydın Xan Əbilov: “Bölgələrimizdə keçirilən beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinin  mədəniyyətimizin inkişafında müsbət rola malik olduğunu deyə bilərəm”
Şəlalə Zamanlı: “Beynəlxalq mədəniyyət tədbirləri mədəniyyətimizin daha sürətlə inkişaf etməsində, eləcə də onun dünyada təbliğ olunmasında əsaslı rola malikdir”

 

Azərbaycan regionlarının sosial-iqtisadi, mədəni cəhətdən inkişafı dövlətin diqqət mərkəzində saxladığı məsələlərdəndir. Bu gün Azərbaycan regionlarına göstərilən diqqət və qayğı nəticəsində bölgələr inkişaf edir. Onu da vurğulayaq ki, bu inkişaf öz bəhrəsini verir. Hazırda bölgələrimizdə  nəinki respublika, eləcə də beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi reallığa çevrilib.

Azərbaycanın bölgələrinin mədəni, humanitar sahədə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi həqiqətən də müsbət haldır. Zəngin mədəniyyətə, qeyri-adi dərəcədə gözəl təbiətə, qədim abidələrə sahib olan respublikamızın bölgələri həqiqətən də ölkəmizin mədəniyyətinin, tarixinin beynəlxalq miqyasda tanıdılmasında əsaslı rol oynayır.

Son illər bölgələrdə keçirilən beynəlxalq mədəni tədbirlər və festivallar müasir Azərbaycan mədəniyyətinin inkişafında necə rol oynayırlar?

Ekspertlərin bildirdiyinə görə, bu gün Azərbaycan bölgələri mədəni cəhətdən inkişaf edən məkan kimi dünyanın diqqət mərkəzindədir. Qeyd edilənə görə, uzun illər aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionlarında yaşanan sürətli inkişaf yalnız sosial-iqtisadi sahələrdə deyil, mədəni həyatda da özünü göstərir.

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kulturoloq Aydın Xan Əbilov hesab

edir ki, bölgələrdə beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinin və festivallarının keçirilməsi müasir Azərbaycan mədəniyyətinin daha yüksək səviyyədə inkişafında, təbliğində əhəmiyyətli dərəcədə rol oynayır. “Mən bölgələrimizdə keçirilən beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinin, festivallarının, elmi-kütləvi yığıncaqların mədəniyyətimizin təbliğində ancaq müsbət rola malik olduğunu deyə bilərəm. Bu tədbirləri Azərbaycan keçirir və bura dünyanın bir çox yerindən mədəniyyətsevərlər, musiqisevərlər, sənət xadimləri, musiqiçilər gəlirlər. Bilirik ki, dövlət səviyyəsində bölgələrdə mədəni tədbirlərin keçirilməsinə böyük diqqət yetirilir. Bunun nəticəsidir ki, hazırda bölgələrimiz beynəlxaq aləmin marağını qazanıblar. Mədəni-kütləvi, humanitar tədbirlərin regionlarda təşkil edilməsi mədəniyyətimizin daha geniş səviyyədə təbliğində əsaslı rol oynayır. Zəngin və qədim mədəniyyətimiz, bölgələrimizin mədəni mənzərəsi beynəlxalq mədəni tədbirlərin keçirilməsi sayəsində daha da parlaq görünür” - deyə bildirən müsahibimiz hesab edir ki, bu tədbirlər çərçivəsində Azərbaycan musiqisi, musiqi alətləri, bəstəkarlarımız, eləcə də ifaçılarımız dünyada tanıdılır.

Azərbaycan mədəniyyətinin dövlət dəstəyi ilə günü-gündən inkişaf etdiyini önə çəkən A.X.Əbilovun sözlərinə görə, bölgələrdə beynəlxalq kitab sərgilərinin təşkil edilməsi də əhəmiyyətli olardı. O hesab edir ki, xarici turistlər, bölgələrdə keçirilən mədəni tədbirlərdə iştirak edən qonaqlar mədəniyyətin bütün sahələri ilə maraqlanırlar.

Mədəniyyətşünas Şəlalə Zamanlının bildirdiyinə görə, Azərbaycanın beynəlxalq səviyyəli mədəniyyət tədbirləri keçirməsi mədəniyyətimizin inkişafına müsbət təsir göstərir. Ş.Zamanlının qeyd etdiyinə görə, respublikanın müxtəlif regionlarında müasir dünya standartları səviyyəsində tikilən Heydər Əliyev mərkəzləri, idman-olimpiya kompleksləri, bu qəbildən olan digər obyektlər, eləcə də yeni yaradılan güclü infrastruktur bölgələrdə də irimiqyaslı mədəni, idman tədbirlərinin yüksək səviyyədə keçirilməsinə imkan verir. Onun sözlərinə görə, regionlarda keçirilən mədəni tədbirlər bir çox cəhətdən əlamətdardır. O bildirir ki, belə tədbirlər bölgələrin həyatında müsbət rol oynayır: “Məlumdur ki, son illər ölkəmizin ayrı-ayrı bölgələrində keçirilən beynəlxalq səviyyəli mədəni tədbirlərdə həm zəngin Azərbaycan mədəniyyəti yüksək səviyyədə təmsil olunur, həm də respublikamıza, xalqımıza xas tolerantlıq ənənələri təbliğ edilir. Bilirsiniz ki, artıq neçə ildir ənənəvi olaraq Qəbələdə Beynəlxalq Musiqi Festivalı keçirilir. Təsadüfi deyil ki, bu gün mütəxəssislər Qəbələnin dünyanın musiqi mərkəzinə çevrildiyini bildirirlər. Onlar qətiyyən yanılmırlar. Heydər Əliyev Fondunun 2009-cu ildən başlayaraq hər il Qəbələ şəhərində təşkil etdiyi Beynəlxalq Musiqi Festivalı bura yüzlərlə musiqiçinin, turistin gəlməsinə səbəb olur. Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı da bu qəbildəndir. Onu da vurğulayım ki, ölkəmizin ayrı-ayrı rayonlarında mövsümlə, məhsul yığımı ilə bağlı keçirilən “Qarpız”, “Nar”, “Xurma”, “Fındıq”, “Alma”, “Xalça və s. festivallar da ölkəmizin sosial-iqtisadi, mədəni mənzərəsinin formalaşmasına müsbət təsir göstərir. Beynəlxalq mədəniyyət tədbirləri mədəniyyətimizin daha sürətlə inkişaf etməsində, eləcə də onun dünyada təbliğ olunmasında əsaslı rola malikdir. Bölgələrimiz mədəni cəhətdən çox sürətlə inkişaf edir. Burada mədəniyyət mərkəzləri, kitab evləri, kitabxanalar, eləcə də teatrlar, yeni açılan kino zalları mədəniyyətin yayılmasına təkan verir. Onu da qeyd edim ki, Azərbaycanın müxtəlif bölgələrində mövcud olan milli müxtəliflik də mədəniyyətimizin ənənələrə söykənən yeni simasının formalaşmasında əsaslı rola malikdir”. 

İradə SARIYEVA

Son xəbərlər