10/12/2018 00:18
728 x 90

Bakı ətrafındakı mədəniyyət mərkəzləri müstəsna missiya aparan şəbəkəyə çevrilir

Bakı kənd və qəsəbələrində mədəniyyət ocaqlarına dövlət qayğısı...

img

Səyyad Məsimov: “Mədəniyyət ocaqlarına göstərilən qayğı bu qəsəbələrin mədəni həyatında müsbət rol oynayır”
“Bu kənd və qəsəbələrin sosial-iqtisadi, mədəni həyatının yüksək səviyyədə inkişaf etməsi üçün çox böyük işlər görülür, layihələr həyata keçirilir”

 

Bakının qəsəbə və kəndlərində mədəni həyatın inkişaf etdirilməsi istiqamətində davamlı layihələr həyata keçirilir. Bu layihələrin əsasını kənd və qəsəbələrdə yeni mədəniyyət evlərinin, kitabxanaların inşası, əsaslı təmir və bərpa edilməsi təşkil edir. Bu da, sözsüz ki, qəsəbə və kənd sakinlərinin həyatına müsbət təsir göstərir. Mədəniyyət ocaqlarının təmir və tikintisi dövlətin mədəniyyət siyasətinin tərkib hissəsini təşkil edir. Yeni mədəniyyət sarayları, mədəniyyət mərkəzləri mədəni inkişafın əsasında durur.

Bakıətrafı kənd və qəsəbələrin mədəni simasının daha da gözəlləşməsi üçün görülən işlərin əhəmiyyəti böyükdür.

Martın 5-də Şağan Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimi olub. Onu da vurğulayaq ki, açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.

Qeyd edək ki, son illər dövlət tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğı mövcud mədəniyyət obyektlərinin tamamilə yenidən qurulmasında, həmçinin, yeni müasir mədəniyyət ocaqlarının yaradılmasında özünü aydın göstərir. Ekspertlər qeyd edirlər ki, Xəzər rayonunun Şağan qəsəbəsində yeni tikilən Mədəniyyət Mərkəzi də bu istiqamətdə görülən işlərdən biridir.

Məlumata görə, iki mərtəbədən ibarət Mədəniyyət Mərkəzinin binasının inşasına 2014-cü ildə başlanıb. Ən yüksək səviyyədə aparılan tikinti işləri nəticəsində Mərkəzdə 200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu zalı, kitab fondu, tətbiqi incəsənət, ədəbiyyat, evdarlıq dərnəkləri, rəqs zalı, 41 yerlik amfiteatr, işıq aparatları və səs operator otaqları yaradılıb.

Mütəxəssislər bildirirlər ki, son illər ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu mədəniyyət ocağının yeni binası, ilk növbədə, zəngin Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətinin gənc nəsil arasında təbliği işinə xidmət edir. Digər tərəfdən, bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman dövlətin diqqət mərkəzində olduğunu göstərir. Belə mədəniyyət obyektlərində istənilən tədbiri yüksək səviyyədə təşkil etmək üçün geniş imkanlar var. Bundan başqa, kollektivin, o cümlədən yaradıcı insanların iş şəraitini müasir tələblər səviyyəsinə çatdırmaq baxımından bu cür layihələr mühüm əhəmiyyət kəsb edir. Müasir üslubda inşa edilən bu binalar həm də yerləşdikləri ərazinin gözəlliyini artırır. Bütün bunlar bir daha sübut edir ki, mədəniyyətimizin, incəsənətimizin, musiqimizin tarixi ənənələrini qorumaq və inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətində də əksini tapıb.

Mədəniyyətşünas Səyyad Məsimovun bildirdiyinə görə, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub. Bakı kəndlərinə qayğı siyasətinin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan S.Məsimovun sözlərinə görə, yalnız Şaganda deyil, indiyə qədər Bakı kənd və qəsəbələrinin çoxunda mədəniyyət ocaqlarında əsaslı təmir-bərpa işləri aparılıb. O qeyd etdi ki, bir neçə il əvvəl Mərdəkan Mədəniyyət Sarayı bərbad vəziyyətdə idi, lakin Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət Sarayı yüksək səviyyədə təmir edilərək yenidən qəsəbə sakinlərinin ixtiyarına verilib: “Bakı kənd və qəsəbələrinin sosial-iqtisadi, mədəni həyatının yüksək səviyyədə inkişaf etməsi üçün çox böyük işlər görülür, layihələr həyata keçirilir. Bilirsiniz ki, Bakı kənd və qəsəbələrində tarixən fəaliyyət göstərən mədəniyyət ocaqları mədəniyyət sahəsinə çox böyük töhfələr veriblər. Azərbaycan ədəbiyyatının, təsviri incəsənətinin, mədəniyyətinin, kino və teatrının bir sıra parlaq simaları Bakı kənd və qəsəbələrində fəaliyyət göstərən mədəniyyət evlərinin, klubların dərnəklərində yetişiblər. Bu gün də həmin mədəniyyət ocaqları bu sahədə fəaliyyətlərini davam etdirirlər. Vaxt vardı ki, bu mədəniyyət evlərinin təmiri hədsiz dərəcədə bərbad idi, məşq üçün heç bir şərait yox idi. Ancaq dövlətin qayğı və dəstəyi nəticəsində bütün çətinliklər arxada qalıb.

Onu da qeyd edim ki, Mərdəkan Mədəniyyət Sarayı 1961-ci ildə istifadəyə verilib. Uzun müddət fəaliyyət göstərən saray yararsız və qəzalı vəziyyətə düşdüyündən, Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. 2007-ci il iyunun 14-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yenidən qurulmuş Mərdəkan Mədəniyyət Sarayının açılışında iştirak edib. Onu da vurğulayım ki, ümumi sahəsi 4641 kv.m. olan sarayda 374 nəfərlik böyük salon və 150 nəfərlik kiçik salon, mühazirə və rəqs salonları var. Böyük salonunun səhnəsində müasir videomonitor quraşdırılıb, işıq və səs sistemləri yeniləşdirilib. Bina mərkəzləşdirilmiş kondisioner, siqnalizasiya və yanğından mühafizə sistemləri ilə təchiz edilib. Bu mərkəzdə 10-dan artıq dərnək fəaliyyət göstərir. Mədəniyyət sarayının təxminən 10 min nüsxə kitabdan ibarət olan kitabxana fondu 6-7 min oxucuya xidmət göstərə bilər. Yeni təşkil olunmuş elektron kitabxananın xidmətindən isə gün ərzində 40-50 nəfər istifadə edə bilir. Bunlar hamısı rəsmi rəqəmlərdir. Yəni bu mədəniyyət ocağı tam gücü ilə xalqımıza xidmət edir”.

O qeyd etdi ki, ölkə başçısı 2006-cı ilin 27 fevral tarixində "Bakı şəhər qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı"nı xüsusi sərəncamla təsdiq edib. Mədəniyyətşünasın sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq, Zirə, Türkan, Binə qəsəbələrində mədəniyyət mərkəzləri, Yasamal rayonunda Heydər Əliyev adına məktəb-muzey, Pirallahı qəsəbəsində kütləvi kitabxana və musiqi məktəbi tikilərək müasir avadanlıqlarla təmin olunub. Bundan əvvəlki illərdə 81 müəssisədə əsaslı təmir işləri aparılıb, 4 yeni bina tikilərək istifadəyə verilib. Dövlətin Bakıətrafı kənd və qəsəbələrinin inkişafına göstərdiyi qayğı nəticəsində bir sıra uğurlu işlər həyata keçirmək mümkün olub.

Ekspert qeyd etdi ki, Heydər Əliyev Fondu da bu sahədə çoxlu işlərə imza atıb. Onun bildirdiyinə görə, Fond tərəfindən 13 nömrəli uşaq musiqi məktəbi, Pirşağı qəsəbəsində kütləvi kitabxana, mədəniyyət evi, Qala Dövlət Tarixi Etnoqrafiya Qoruğu, qəsəbə klubu, Şüvəlan qəsəbəsində mədəniyyət evi, 24 nömrəli musiqi məktəbi, Binə qəsəbəsində mədəniyyət evi məhz bu fondun hesabına əsaslı təmir olunub. Bundan başqa, Zirə, Türkan və Binə qəsəbələrinin mədəniyyət mərkəzləri də Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilib.

Ekspert vurğuladı ki, qəsəbələrdəki mədəniyyət müəssisələrinin çoxu Sovet dövründən qalma uyğunlaşdırılmış binalar olub. Onun dediyinə görə, bu mədəniyyət müəssisələrinin yerləşdiyi binalar XIX-XX əsrlərdə imkanlı şəxslərə məxsus olub, sonra isə mədəniyyət evi, yaxud kitabxanaya çevrilib: “Bu gün məxsusi olaraq tikilən yeni mədəniyyət müəssisələri daha çox spesifik xarakterlidir. Artıq yeni layihələr əsasında mədəniyyət müəssisələri inşa edilir. Həmin layihələrdə bu sahənin xüsusiyyətləri nəzərə alınır. Qəsəbələr böyüyür, əhali artır, lakin mövcud mədəniyyət müəssisələri onların tələbatını ödəməyə çalışır. Son 6-7 ildə inşa edilən müəssisələrdə ən azı ayrıca 300 nəfərlik zallar yaradılıb. Bundan başqa, binalarda ayrı-ayrı kabinetlər, informasiya texnologiyaları otaqları, kitabxanalarda yeni oxu zalları təşkil edilib. Bakı şəhəri qəsəbələrinin turizm imkanları həqiqətən genişdir. Burada tarixi turizmin, dini turizmin, çimərlik turizminin, ekoloji turizmin inkişafı üçün hərtərəfli şərait var”.

Bakıətrafı kənd və qəsəbələrdə turizm üçün əlverişli imkan olduğunu vurğulayan ekspert qeyd etdi ki, burada tarixi, dini abidələr, Yanardağ, Atəşgah, Qala Etnoqrafiya Qoruğu, Nardaran qoruğu var və onlar turistlərin böyük maraq göstərdiyi obyektlərdir.

O qeyd etdi ki, dövlət tərəfindən mədəniyət ocaqlarına göstərilən diqqət və qayğı sayəsində uşaq, yeniyetmə və gənclər asudə vaxtını səmərəli keçirə bilir: “Bu müəssisələrdə fəaliyyət göstərən müxtəlif dərnəklərdə, qruplarda çoxlu sayda uşaq, yeniyetmə və gənc məşğul olur. Burada onların asudə vaxtını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb. Bunun əhəmiyyəti həm də ondadır ki, uşaqlar hansısa bir dərnəkdə məşğul olmaq üçün şəhərə gəlmir, elə yaşadığı kənd və qəsəbədə məşğul olurlar. Dövlətin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Bakı kənd və qəsəbələrində mədəniyyət ocaqlarına göstərilən qayğı bu qəsəbələrin mədəni həyatında müsbət rol oynayır”.

İradə SARIYEVA

Son xəbərlər