25/06/2018 17:50
728 x 90

Klassik Azərbaycan filmləri çox maraqlı formada yenidən həyata qaytarılır...

Azərbaycan filmlərinə yubiley keçirilməsi ənənəyə çevrilir...

img

Yusif Şeyxov filmlərə yubiley keçirilməsi praktikasının yalnız Azərbaycanda deyil, bütün dünyada olduğunu deyir...
Zülfiyyə Eldarqızı: “Azərbaycan filmlərinə yubileylər keçirilməsi olduqca müsbət haldır və kino tariximizə, kino irsimizə böyük qayğının təzahürüdür”

 

Bu gün klassik Azərbaycan filmlərinə tamaşa edərkən olduqca xoş hisslər keçiririk. Janrından asılı olmayaraq, bu filmlər müasir tamaşaçıların da maraqla izlədiyi filmlər sırasındadır. Bu filmlər Sovet dövründə çəkilsə də, bir sıra hallarda dövrün ideologiyasına xidmət etsə də, yenə də maraqlıdır. Diqqətimizi ən çox bu filmlərdəki aktyor oyunu cəlb edir. Sirr deyil ki, filmləri çox zaman aktyorların ifasına görə sevirik. Bəzi hallarda mövzu da, rejissor işi də, operatorun filmi necə işıqlandırması da arxa plana keçir.

Azərbaycan tamaşaçılarının maraqla baxdığı filmlərə son illər dövlət tərəfindən daha müsbət münasibət sərgilənir. Belə ki, Sovet dövründə ekranlaşdırılan bir sıra filmlərin yubileyləri qeyd edilir. Ekspertlər qeyd edirlər ki, bu, filmlərimizin çağdaş Azərbaycan tamaşaçılarına daha yaxından tanıtmaq məqsədi daşıyır. Bunun kino irsinə böyük qayğının təzahürü olduğunu deyən ekspertlər hesab edirlər ki, hər bir film xalqımızın yaşam tərzini, həyatını, sosial-mədəni həyatını əks etdirir. Filmlərin yubileylərinin keçirilməsi ənənəsinin başqa dövlətlərdə də olduğunu vurğulayan Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor rəhbəri Yusif Şeyxovun qeyd etdiyinə görə, bu, dövlətin kino irsinə, kino tarixinə, böyük sənətkarların ruhuna ehtiramının təzahürüdür: “Yubiley keçirmək filmi xatırlamaq deməkdir, ona marağı yönəltmək, orada çəkilən aktyorları, filmi çəkən rejissoru anmaq, onların yaradıcılığını gözdən keçirmək deməkdi. Həm də bu, yalnız Azərbaycan praktikası deyil, dünyada da belə təcrübə var”.

Yeri gəlmişkən, xatırladaq ki, indiyə qədər bir neçə bədii filmin yubileyi dövlət səviyyəsində qeyd edilib. Onlardan biri də müasir uşaqların da maraqla baxdığı, 1964-cü ildə Əlisəttar Atakişiyevin çəkdiyi “Sehirli xalat” filmidir.

Kinoşünaslar bildirirlər ki, hələ Sovet dövründə filmlərə yubileylər keçirilib. Ekspertlər vurğulayırlar ki, “Sehirli xalat”, “Əhməd haradadır?” kimi filmlərlə yanaşı, 1945-ci ildə çəkilən “Arşın mal alan” filminin də yubileyi qeyd edilib. 3 il əvvəl “Arşın mal alan” filminin 70 illik yubileyi keçirildi.

Məlumatlara görə, 1986-ci ildə “O olmasın, bu olsun” filminin yubileyi keçirilib. Kinoşünaslar bildirirlər ki, bu, mədəniyyətimiz üçün böyük hadisə olub. Ekspertlər vurğulayırlar ki, kino tarixi və mədəniyyətimiz üçün əhəmiyyət daşıyan filmlərə yubileylər keçirilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bizimlə söhbətində klassik Azərbaycan filmlərinin yubileylərinin keçirilməsini çox müsbət qiymətləndirir. Aktrisanın sözlərinə görə, bu, kino tariximizə müsbət münasibətin təzahürüdür. O bildirdi ki, Azərbaycan filmlərinin hər biri kino tariximiz üçün əhəmiyyətli olduğu üçün, onları gənc nəsil tanımalıdır: “Azərbaycan filmlərinə yubiley keçirilməsi ənənəsi Sovet dövründə də mövcud olub. Bu olduqca təqdirəlayiq haldır ki, illər əvvəl çəkilən filmlər rəsmi şəkildə yada salınır. Bu filmlər Azərbaycan kinosunun nəhəngləri tərəfindən çəkilib. Hər bir kadrda böyük insan zəhməti, istedadı var. Bu filmlərin yubileylərinin qeyd edilməsi həm də ona görə müsbət haldır ki, o filmləri çəkən insanlar, orada çəkilən sənətkarlar yada salınır, xatırlanır. Kino irsimiz çox zəngin olduğu üçün, filmlərimiz də çoxdur. Sözsüz ki, bu filmlərin sırasında milli dünyagörüşümüzün formalaşmasında rol oynayan filmlər xüsusi seçilməlidir. Sovet dövründə çəkilsə də, bir sıra filmlərdə milli məsələ, o cümlədən də adət-ənənələrimiz, ailə qanunlarımız olduqca gözəl işıqlandırılıb. Məsələn, 1947-ci ildə Yefim Dziqanın Ənvər Məmmədxanlı və Mehdi Hüseynin ssenarisi əsasında ekranlaşdırdığı “Fətəli xan” bədii-tarixi filmində Azərbaycanın müstəqilliyi məsələsinə toxunulur. Bu filmdə XVIII əsrdə ayrı-ayrı xanlıqları vahid Azərbaycan dövlətində birləşdirməyə çalışan qubalı Fətəli xanın mübarizəsindən danışılır. Filmdə Fətəli xan obrazını dahi aktyorumuz Ələsgər Ələkbərov canlandırır. O deyir ki, Azərbaycan mütləq müstəqil dövlət olacaq. Bu gün bu filmin əhəmiyyəti olduqca böyükdür. Keçən il bu filmin 70 yaşı tamam oldu. Yəqin ki, filmin 75 illik yubileyi bir neçə il sonra qeyd edilər. Yəni belə maraqlı, həm də tarixi əhəmiyyəti olan filmlərimiz var. “Babək”, “Dədə Qorqud”, “Nəsimi” kimi milli düşüncəmizə xidmət edən filmlərimizin də yubileylərinin keçiriləcəyinə inanıram. Çünki dövlətimizin kino sənətinə qayğı və diqqəti misilsizdir. Azərbaycan filmlərinə yubileylər keçirilməsi olduqca müsbət haldır və kino tariximizə, kino irsimizə böyük qayğının təzahürüdür”.

Z.Eldarqızı vurğuladı ki, martın 1-də Nizami Kino Mərkəzi və "Ədibin Evi”nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniyyətinin bu görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi "Bir ailə” bədii filminin təqdimat mərasimi də sözügedən filmin 75 illik yubileyinə təsadüf edib. Ekspert dedi ki, məlumatına görə, film 2008-ci ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə bərpa olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə Rusiyadan gətirilmiş bu ekran əsəri hazırda Dövlət Film Fondunda saxlanır.

Qeyd edək ki, filmin çəkilişləri çox çətin dövrdə, İkinci Dünya Müharibəsi illərində aparılıb. O zaman sovet rejissorları Qriqori Aleksandrov və Aleksandr İvanov Bakıya gəliblər. Məlumata görə, o dövrdə Bakı Kinostudiyasında üç film - "Xəzər dənizçiləri” sənədli filmi, "Bir ailə” və "Sualtı qayıq T9” bədii filmləri çəkilib.

Sovet dövrü Azərbaycan filmləri kino sənətinin klassik irsinə daxil olub. Demək olar ki, bu illərdə çəkilən Azərbaycan filmlərinin bu gün geniş təbliğatına ehtiyac var. Hesab edirik ki, yerli kinoteatrlarda o fimlərin də nümayişi təşkil ediləcək. Çünki buna, sözün həqiqi mənasında, ehtiyac var. Kinoşünaslar bildirirlər ki, Azərbaycan filmlərinə yubileylərin keçirilməsi ənənəsinin gələcəkdə də davam etdirilməsinə əsas var. Onların qeyd etdiyinə görə, bu filmlərlə kino tariximizin salnaməsi yaradılıb.

İradə SARIYEVA

Son xəbərlər