22/02/2018 13:13
728 x 90

Cumhuriyyət qurucularımızın müasir kino obrazları hələ yaradılmayıb

Yalnız “Əli və Nino” filmində Cumhuriyyət dövründən danışılır

img

Şamil Əliyev: “Cumhuriyyət qurucularının obrazlarının müasir kinoya gətirilməməsinin səbəbi ancaq maddi-texniki bazanın zəif olmasıdır”
Aynur Camal: “Cumhuriyyət qurucularını cəmiyyətə, xüsusən də gənc nəslə daha yaxından tanıtmaq, sevdirmək, onlarda maraq oyatmaq üçün bədii filmlərin çəkilməsinə ehtiyac var”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Cumhuriyyət ili” elan olunub. Azərbaycan dövlətçilik tarixi, ictimi-siyasi fikri üçün olduqca əhəmiyyətli olan bu sənəd ölkə ictimaiyyəti tərəfindən olduqca müsbət qarşılandı.

Cumhuriyyət qurucularının fəaliyyəti, onların Azərbaycanın müstəqilliyi uğrunda verdiyi mücadilələr bugünkü nəsil üçün böyük qürur mənbəyidir. Azərbaycan Xalq Cumruriyyətini quran, ona rəhbərlik edən dövlət xadimlərimizin hər birinin xidmətləri alimlər tərəfindən tədqiq edilib, onlar haqqında kitablar çap olunub, sənədli filmlər çəkilib. Bu müsbət haldır. Ancaq təəssüf ki, kinematoqrafiyada bu sahədə çox az iş görülüb. Bir-iki istisnanı nəzərə almasaq deyərdik ki, hələ heç bir bədii filmdə cumhuriyyət qurucularının obrazları yaradılmayıb. Yeri gəlmişkən, onu da vurğulayaq ki, bədii ədəbiyyatda da bu mövzu o qədər də işıqlandırılmayıb. Müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu nəzərə alaraq qeyd etməliyik ki, ədəbiyyat da, kinematoqrafiya da bu məsələni diqqətdə saxlamalı idi. Bu il Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini bayram edəcəyik. Ancaq həmin bayram ərəfəsində ortaya çıxara biləcəyimiz bir bədii film yoxdur ki, orada cumhuriyyət qurucularının müstəqillik uğrunda mücadilələri əks olunsun, yaxud hansısa bir filmdə o uca şəxsiyyətlərin obrazları yaradılsın. 

Sovet dövründə çəkilən filmlərdə XX əsrin mənzərəsi canlandırılarkən cumhuriyyət qurucuları mənfi planda təqdim edilir, bolşevizm ideologiyasına xidmət edən dövlət xadimlərinin isə obrazları müsbət istiqamətdə, əsl qəhrəman kimi canlandırılırdı. Əlbəttə, bu böyük ədalətsizlik idi. Sovet illərində sovet hakimiyyəti quruculuğunda rolu olan və cumhuriyyətin süquta uğraması üçün canfəşanlıq edən insanlar haqqında bədii filmlər çəkilirdi. 

Azərbaycan kinematoqrafiyasının Cumhuriyyət qurucuları haqqında bədii filmə müraciət etməməsinin səbəbləri haqqında danışan kinoşünaslar qeyd edirlər ki, bu mövzu əsasən sənədli kinoda əksini tapıb. Onlar bildirirlər ki, müasir kinomuzun əsas dəst-xəttini azərbaycançılıq ideologiyası təşkil edir. Mütəxəssislər hesab edirlər ki, burada heç bir ciddi səbəb yoxdur, sadəcə, kinematoqraflar bu mövzuya yanaşmaqda ehtiyat edirlər. Kinoşünaslar hesab edirlər ki, tarixi şəxsiyyətlərin obrazının kinoya, yaxud ədəbiyyata gətirilməsi məsuliyyət tələb edir. Bir qisim ekspertlər isə hesab edirlər ki, bu cür şəxsiyyətlər haqqında bədii film çəkilməsi üçün həm güclü maddi-texniki baza, həm də peşəkar heyət lazımdır.

Tanınmış kinorejissor Şamil Əliyevin sözlərinə görə, Azərbaycan Xalq Cumhuriyyəti haqqında film çəkilməsi, cumhuriyyət qurucularının obrazlarının kinoya gətirilməsi vacib məsələdir, ancaq bunun üçün kino sənayemiz daha güclü inkişaf etməlidir: “Aydın məsələdir ki, Sovet dövründə çəkilən filmlər cumhuriyyətin əleyhinə idi. Müstəqillik illərinin ilk dönəmləri isə kinomuzun ağır dövrünə təsadüf etdi. Hazırda güclü kino sənayesi qurmaq arzusundayıq, buna çalışırıq. Cumhuriyyət dövrünü bədii kinoda canlandırmaq, o böyük şəxsiyyətlərin obrazlarının kinoya gətirilməsi üçün maliyyənin olması azdır. Bunun üçün güclü madd-texniki baza olmalıdır. Tutalım, bu mövzuda film “Azərbaycanfilm”də çəkilsəydi, onun bugünkü maddi-texniki bazası o tələbə cavab vermir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva icraçı prodüsser olaraq “Əli və Nino” filmini çəkmək üçün Hollivudun tanınmış simalarını bu filmə cəlb etdi. Yəni bu layihə ancaq o səviyyədə həll oluna bilərdi. “Əli və Nino” filmində cumhuriyyət haqqında da danışılır və o filmdə Fətəli Xan Xoylunun da obrazı yaradılıb. Bu filmin çox güclü maddi-texniki bazası vardı və filmin yaradılması üçün xaricdən prodüsserlər dəvət olunmuşdu.

Bilirsiniz, indiki halda o dövrü canlandırmaq üçün müəyyən çətinliklərimiz var. Bunun üçün maddi-texniki baza yaratmaq lazımdır. Cumhuriyyət qurucularının obrazlarının müasir kinoya gətirilməməsinin səbəbi ancaq maddi-texniki bazanın zəif olmasıdır. Yəni burada başqa bir səbəb yoxdur. Bir müddət əvvəl cənab Prezident Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin keçirilməsi və 2018-ci ilin Cumhuriyyət ili elan edilməsilə bağlı sərəncam imzaladı. Bu olduqca təqdirəlayiq haldır”.

Ş.Əliyev hesab edir ki, zaman gələcək, Azərbaycan kinosunun maddi-texniki bazası yüksək səviyyədə qurulacaq və o zaman cumhuriyyət qurucuları haqqında da bədii filmlər çəkiləcək: “Bu elə bir məsələdir ki, buna sıradan bir iş kimi yanaşmaq olmur. Bu filmin çəkilməsi üçün yüksək səviyyədə maddi-texniki baza qurulmalıdır, bu işə xüsusi hazırlaşmaq lazımdır. Özümüzün mütəxəssislərimiz var, ancaq maddi-texniki baza olsa, bu zaman o filmləri çəkmək olar”.   

“Gündəlik Teleqraf” MMC-nin direktoru, tanınmış jurnalist Aynur Camalın fikrincə də cumhuriyyət qurucuları haqqında bədii filmlər çəkilməlidir. O hesab edir ki, bu filmlərin çəkilməsi cumhuriyyət qurucularını gənc nəslə daha yaxından tanıda bilər: “Bu mövzunu gündəmə gətirməkdə haqlısınız. 100 illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cumhuriyyəti və onun qurucuları haqqında filmlər çox azdır. Hətta deyə bilərik ki, son illərə qədər belə bir film yox idi. Sevindirici haldır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı və maliyyə dəstəyi ilə “Əli və Nino” bədii filmi çəkildi. Biz “Əli və Nino” filmində Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarından biri olan, cumhuriyyətin ilk baş naziri Fətəli xan Xoylunun obrazını gördük. Fətəli xan obrazını yaradan aktyor da xüsusi dəqiqliklə seçilmişdi. Bu, Türkiyənin məşhur aktyoru Halid Ərgənc idi. Heç kəsin tanımadığı bir aktyorun ifasında Fətəli xan Xoylu obrazını tamaşaçıya təqdim etmək, sevdirmək bir qədər çətinlik doğurardı. Ona görə də çox məşhur və istedadlı bir aktyorun ifasında bu obrazı təqdim etmək çox vacib idi.

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini qeyd etməyə hazırlaşdığımız bir dövrdə yaxşı olardı ki, Mədəniyyət və Turizm Nazirliyi, digər əlaqədar qurumlar bu mövzunun bədii filmə gətirilməsini reallaşdıraydılar. Çox təəssüflər olsun ki, cumhuriyyət tarixilə bağlı bədii əsərlərimiz də azdır. Bu mövzuda əsasən tarixi sənədlər əsasında yazılan kitablar var. Ancaq bütün faktları toplayıb, onlardan istifadə etməklə çox güclü bir ssenari yazmaq və maraqlı bədii film çəkmək olar. Düzdür, vaxt çox azdır, ancaq bu işi maksimum sürətlə həyata keçirmək olar. Filmi yubileyə qədər çatdırmaq çətin olsa da, ən azından, bu işi başlamaq lazımdır. Hesab edirəm ki, aidiyyəti qurumlar, eləcə də kinodramaturqlarımız, kinorejissorlarımız bu barədə ciddi düşünməlidirlər. Çünki Cumhuriyyət dövrü bizim çox möhtəşəm və qürur, fəxr duyduğumuz tariximizdir. Müstəqil Azərbaycan dövləti də Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Biz bu varislik, dövlətçilik ənənələrini, siyasi mədəniyyəti inkişaf etdirmək, gənclərdə öz tarixi keçmişimizə sevgi və maraq oyatmaq üçün mütləq bu mövzuya diqqət yetirməliyik”.

A.Camal hesab edir ki, Azərbaycan Xalq Cumhuriyyəti mövzusunda film çəkməklə biz öz tarixi şərəfli keçmişimizə gənclərdə çox böyük maraq yarada bilərik. O qeyd etdi ki, Sovet dövründə bizim cumhuriyyət tarixini öyrənmək imkanlarımız olmayıb. Bu gün isə öz tariximizi dərindən öyrənmək imkanımız olduğunu deyən A.Camal vurğuladı ki, bu tarixi bədii filmlər vasitəsilə də öyrənmək, təbliğ etmək lazımdır: “Sovet dövründə yazılan tarix kitablarında cumhuriyyət qurucularını bizə düşmən kimi təqdim edirdilər. Ancaq bu gün onların Azərbaycanın müstəqilliyi uğrunda mücadilələr verən böyük şəxsiyyətlər olduğunu bilirik. Bu gün cumhuriyyət qurucularını cəmiyyətə, xüsusən də gənc nəslə daha yaxından tanıtmaq, sevdirmək, onlarda maraq oyatmaq üçün bədii filmlərin çəkilməsinə ehtiyac var”.

İradə SARIYEVA

Son xəbərlər