28/05/2018 05:07
728 x 90

Səfirlik və Qırğızıstanın nazirliyi Bişkekdə Qara Qarayevin 100 illik yubileyini təntənəli qeyd etdilər - FOTO

img

Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyi Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə bu il fevralın 8-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə yubiley gecəsi və qala-konsert keçirib.

Yubiley gecəsində Qırğız Respublikasının hökumət üzvləri, deputatlar, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, görkəmli ziyalılar - elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri və soydaşlarımız iştirak edib.

Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru, Qırğızıstanın əməkdar mədəniyyət xadimi Bolotbek Osmonov tədbiri açaraq, dahi bəstəkar Qara Qarayevin yubileyinin rəhbərlik etdiyi teatrda keçirilməsinə görə şad olduğunu bildirib. O, dahi bəstəkarın, bütün dünyada olduğu kimi, Qırğızıstanda da çox sevildiyini, yubiley tədbirinə maraq və 800 nəfərlik zalın tamamilə anşlaqının Qara Qarayevə olan məhəbbətlə bağlı olduğunu qeyd edib.

Sonra Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Aynura Temirbekova çıxış edib. A.Temirbekova növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinə və son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycan Respublikasının Qırğızıstandakı Səfirliyinə təşəkkürünü bildirib. Nazir müavini Qara Qarayev sənətinin özünəməxsus təkrarsız xüsusiyyətlərindən, böyük bəstəkarın Qırğızıstanda da istedadlı tələbələrinin olduğundan danışıb.

Sonra Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov çıxış edib. Səfir dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il oktyabrın 17-də imzaladığı Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdıraraq qeyd edib ki, bu möhtəşəm yubiley Azərbaycandan kənarda da qeyd edilir.  

Səfir son illərdə həm Azərbaycanda, həm də  Qırğızstanda bir çox vacib tədbirlərin keçirildiyini qeyd edərək, qısa müddət ərzində Azərbaycan və Qırğızstan Respublikaları, həmçinin qardaş Azərbaycan və qırğız xalqları arasında əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsi, genişlənməsi, sonrakı inkişafı üçün möhkəm təməllər qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bu müddət ərzində ölkələrimiz arasında mədəni mübadilə gücləndirilib. O, belə tədbirlərin təşkil olunmasının iki qardaş xalqı daha da yaxınlaşdırdığı bildirmişdir.

Səfir Hidayət Orucov Qara Qarayevin SSRİ-nin ən yüksək fəxri ad və mükafatları ilə təltif olunduğunu, ancaq Qarayev sənətinin bu fəxri adların və mükafatların hamısından daha da yüksək olduğunu vurğulayıb.      

Səfir bu ilin yanvar ayının 19-da Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu, ölkə başçılarımızın təbrik məktubları göndərdikləri barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Səfir Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının kollektivinə, Azərbaycandan gələn istedadlı opera müğənnilərinə, qırğız sənətçilərə bu unudulmaz gecənin keçirilməsində zəhmət çəkən bütün şəxslərə, eyni zamanda zalda olan əziz qonaqlara,  Qara Qarayev kimi dünya şöhrətli dahi bəstəkara göstərilən sədaqət və sevgiyə görə təşəkkürünmü bildirib.

Sonra möhtəşəm qala-konsert baş tutub.

Qala-konsertdə Qırğızstanın populyar opera solistləri - Qırğızstanın əməkdar artisti Asel Bekbayeva, əməkdar artist Bakıt Ibıkeyev, Qırğız Respublikasının Milli Akademik Opera və Balet teatrının solisti Almaz İstambayev, Azərbaycandan isə Azərbaycanın xalq artisti Azər Zeynalov və əməkdar artist Afaq Abbasova çıxış edib.

Baş rejissoru İskender Saatbayev olan qala-konserti Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının dirijoru, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qırğızstanın A.Cumaxmatov adına Akademik simfonik orkestri müşayiət edib.

Son xəbərlər