Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
23/05/2018 18:48
728 x 90

31 mart soyqırımının yüzilliyində qüsurumuz – böyük faciəmiz barədə kino və iri bədii əsərlər yoxdur...

img

Leyla Məmmədəliyeva:Hələ də bu mövzuda bədii əsərə rast gəlməmişəm”
Fariz Çobanoğlu: “Yazıçılar 31 mart soyqırımı ilə bağlı bədii əsərlər, tarixi roman və povestlər yazmayıblar”
Zülfiyyə Eldarqızı: “Erməni daşnakları tərəfindən məruz qaldığımız soyqırım haqqında film çəkməmişik”

 

XX əsrdə Azərbaycan xalqı bir neçə dəfə kütləvi qırğına, soyqırıma məruz qalıb. Bakı da daxil olmaqla Azərbaycanın bir sıra bölgələrində ermən-daşnak qüvvələrinin həyata keçirdiyi soyqırım nəticəsində yüzlərlə azərbaycanlı həyatını itirib. Tarixə 31 mart soyqırımı kimi düşən bu qanlı hadisənin törədilməsinin üstündən 100 il keçir. Bu il 31 mart soyqırımının 100 illiyidir.

Tariximizə qanlı səhifə kimi yazılan mart hadisələri haqqında kifayət qədər məlumatlar, elmi-tədqiqat işləri, publisistik məqalələr yazılıb. Hadisələri gözləri ilə görən, o ağrıları yaşayan insanların xatirələri, dövrün ziyalılarının tarixi-publisistik əsərləri bizim gözlərimiz qarşısında erməni vəhşiliyini bütün çılpaqlığı ilə əks etdirir.  Bütün bunlar, qeyd etdiyimiz kimi, ancaq mətbuatda, elmi nəşrlərdə əks olunub, lakin indiyə qədər bu mövzuda mükəmməl bir bədii əsər yoxdur, heç bədii film də çəkilməyib. 31 mart - azərbaycanlıların soyqırımı hadisələrini əks etdirən bədii əsərlərin, roman və povestlərin yazılmaması, bədii filmlərin çəkilməməsi adamda təəssüf doğurur.

Bəzən yazıçılara sual verəndə ki, nə üçün Qarabağ müharibəsi mövzusunda mükəmməl əsərlər yazmırsınız, deyirlər ki, mükəmməl əsərin yazılması üçün hadisənin üzərindən zaman keçməlidir. Yazıçı yazmaq üçün zaman gözləyirsə, onda 31 mart soyqırımı ilə bağlı əsərlər yazmağın vaxtı deyilmi? Hadisənin üzərindən nə az, nə çox, düz 100 il keçir. Bu gün yazıçıların bu mövzuda əsər yazması üçün arxivlərdə, eləcə də mətbuatda, nəşrlərdə kifayət qədər material var.  

Erməni daşnaklarının törətdiyi vəhşiliyin ədəbiyyatda, kinoda əks olunması vacib bir məsələdir. Lakin bizim yazıçılar və kinematoqraflar mənasız mövzuların ardınca düşdüyündən, bu mühüm mövzuya diqqət ayıra bilmirlər. 

Erməni vəhşiliyi nəticəsində qətlə yetirilən hər bir insanın bədii obrazı ədəbiyyata və kinoya gətirilməlidir. Araşdırmalar nəticəsində məlum oldu ki, o dövrdə də yazıçılar, publisistlərdən fərqli olaraq, bu mövzuya elə də maraq göstərməyiblər. Yalnız böyük ədibimiz Cəfər Cabbarlının “Bakı müharibəsi” əsərində 1918-ci ilin mart ayında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaklarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla, qəhrəman, xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılır. Həmin faciə 1919-cu il sentyabr ayının 16-da Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulub.

Tarixi mənbələr göstərir ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilirdi.

Məlumatlarda vurğulanır ki, erməni quldurları Şamaxı qəzasında 58 kəndi, 7 minədək adamı (1653 qadını, 965 uşağı, 618 kişini), Quba qəzasında 122 kəndi yandırmış, on minə yaxın dinc əhalini vəhşicəsinə qətlə yetiriblər.

O günü Məmməd Əmin Rəsulzadə "Unudulmaz faciə" adlı məqaləsində belə xatırlayırdı: "...Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi. O gün, o qətl, o öldürüş bizə, biz türklərə bağlanmış idi. O gün biz müsəlmanlara elani-hərb eləmişlərdi".

1918-ci ilin 31 martına qədər olan əhval-ruhiyyəni Əhməd bəy Ağaoğlu "Bakı hadisələri haqqında həqiqət" sərlövhəli məqaləsində çox geniş və ətraflı təsvir edir: "Bakı qırğını ətrafında təşkil olunmuş təbliğat bütün gözlənilən hədləri aşıb keçmişdir. Yalnız bizim rus mətbuatı deyil, əcnəbi mətbuat da hər gün ən qərəzli, kobud və misli-bərabəri görünməmiş məqalə və xəbərlərlə, "işıqlandırılan" və "aydınlaşdırılan" yazılarla doldurulurdu. Təbliğata rəhbərlik edən "bacarıqlı əllər" bütün vasitələrdən istifadə edərək, nə yolla olursa-olsun, müsəlmanları başkəsənlər və soyğunçular kimi qələmə verməkdə idi. Qırğından bir neçə həftə əvvəl şəhərdə həyəcan və təşviş doğuran şayiələr dolaşmağa başladı. Şayiələr isə günü-gündən daha da geniş yayılaraq artıq həqiqi təşviş doğururdu. Camaat arasında gəzən şayiələrdə bunu iki erməninin - zənginlərdən Balabəy Lazarevlə Çaxmaqsazovun iblisanə əməlləri ilə əlaqələndirirdilər. Doğrudan da ermənilərlə müsəlmanlar arasında qırğın başlandı. Əvvəlcə bir erməni bir müsəlmanı öldürdü. Müsəlmanlar həmin ermənini təqib etməyə başladılar. O isə daha bir müsəlmanı öldürdü, bir başqasını yaraladı və açıq şəkildə bildirdi ki, bundan sonra yenə də müsəlman öldürmək fikrindədir. Bundan sonra bir müsəlman qatil ermənini güdərək başından böyük sözlərinə görə onu qətlə yetirdi. Ermənilər bu öldürülən üçün təntənəli dəfn mərasimi düzəldib qəbiristanlıqda nitqlər söylədilər, ailəsi üçün böyük məbləğdə pul topladılar. Qətli törədən müsəlman həbs olundu. O, istintaq kamerasından qazamata aparıldığı zaman yolda konvoydakı erməni əsgərlər tərəfindən öldürüldü. Deyirdilər ki, Lalayev bu əsgərləri pulla ələ alıbmış. Onlar məhbusu erməninin heyfini almaq üçün öldürmüşdülər".

Bütün bu qeyd etdiklərimiz publisistik yazılardandır. Ancaq təəssüf ki, bədii əsərlərdə bu ruhu görə bilmirik.

Ədəbiyyatşünas Leyla Məmmədəliyeva bizimlə söhbətində bu mövzuda bədii əsərlərin yazılmamasından təəssüfləndiyini bildirdi: “Bu mövzu nədənsə yazıçıların diqqətini çəkmir. Bu sahədə şairlər öz sözünü deyib və 31 mart soyqırımı ilə bağlı şeirlər, poemalar yazılıb. Ancaq hələ də bu mövzuda bədii əsərə rast gəlməmişəm. Bəlkə də kim isə yazıb, ancaq üzə çıxaran yoxdur. Lap bir-iki əsər yazılsın, bu, o hadisənin mahiyyətinin bədii həllində elə də böyük rol oynamır. Bu yöndə irihəcmli bədii əsərlər yazılmalıdır ki, o hadisənin tam mahiyyətini, erməni vəhşiliyinin, qəddarlığının tarixi köklərini açıb ortaya qoya bilsin. Müasir Azərbaycan ədəbiyyatı hələ 31 mart soyqırımı ilə bağlı öz sözünü deməyib. Hesab edirəm ki, bunun tam zamanıdır. Bildiyim qədər, heç bu mövzuda bir bədii film də yoxdur. Bu soyqırımı bizə qarşı ermənilər törədib. Bu qətliamın, soyqırımın bədii şəkildə təsvir edilməsi vacib məsələdir. 100 il bundan əvvəl törədilən qətliamla bağlı kifayət qədər material var və yazıçılar, dramaturqlar, kinematoqraflar bu materiallardan istifadə edib əsərlər yarada, filmlər çəkə bilərlər. Bilirsiniz ki, 1918-ci ildə erməni daşnaklarının törətdiyi mart qırğınına hadisənin törədilməsinin üstündən 80 il keçdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi, tarixi qiymət verilib. Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda ilk dəfə bu hadisələrə siyasi və hüquqi qiymət verilib, azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.

Bunun özü ədəbiyyat üçün böyük bir material deyilmi? Düşünürəm ki, yazıçılarımız bu məsələdə öz mövqeyini yazdıqları bədii əsərlərlə göstərməlidirlər. Xüsusən də gənc yazıçılar bu mövzuya meyl göstərməli və hadisələri bədii şəkildə işıqlandırmalıdırlar. Rusdilli yazıçılar da bu mövzunu diqqətdə saxlamalıdırlar”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Fariz Çobanoğlu da bizimlə söhbətində bildirdi ki, bu sahədə bədii ədəbiyyat öz sözünü lazımi səviyyədə deməyib: “Bu mövzuda kifayət qədər publisistik yazılar, tədqiqat işləri var, ancaq onların sırasında bədii ədəbiyyat yoxdur. Yazıçılar 31 mart soyqırımı ilə bağlı bədii əsərlər, tarixi roman və povestlər yazmayıb. Hesab edirəm ki, bu mövzuda əsərlər yazılmalıdır”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızının sözlərinə görə, bədii kino 31 mart soyqırımına öz münasibətini lazımi səviyyədə bildirməyib. O qeyd etdi ki, nəinki 31 mart soyqırımı, hətta bütün faciələrimiz barədə bədii filmlər çəkilməli, beynəlxalq festivallara göndərilməlidir: “31 mart soyqırımı haqqında bədii film çəkilməyib. Ancaq sənədli filmlər və proqramlar az deyil. Elə mövzular var ki, kino həmin mövzulara xüsusi həssaslıqla yanaşmalıdır. Bu mövzular sırasında 31 mart soyqırımı xüsusi yer tutmalıdır. Ancaq təəssüf ki, hələ bu mövzuda bir filmimiz yoxdur. Düşünürəm ki, ədəbiyyat da, kino da, teatr da bu sahədə söz deməlidir. Bilirsiniz ki, ermənilər qondarma soyqırımları haqqında saxta ədəbiyyat yaradır, saxta filmlər çəkirlər. Biz yaşadığımız faciələr, erməni daşnakları tərəfindən məruz qaldığımız soyqırım haqqında film çəkməmişik. Bizim əlimizdə daha çox fakt və əsas var. Çünki bu hadisə bizim xalqın başına gətirilib. Soyqırım törədən daşnaklardır, soyqırıma məruz qalan isə azərbaycanlılardır. Erməni daşnaklarının vəhşilikləri incəliyinə qədər kinoda əks olunmalıdır”.

Z.Eldarqızı qeyd etdi ki, 31 mart - azərbaycanlıların soyqırımı hadisəsinin 100 illiyi ilə əlaqədar əsərlər yazılmalı, filmlər çəkilməlidir. Onun sözlərinə görə, yazıçılar, kinossenaristlər, kinorejissorlar milli təəssübkeşlik nümayiş etdirərək bədii əsərlər yazmalı, filmlər çəkməlidirlər.

İradə SARIYEVA

Son xəbərlər