22/04/2018 18:05
728 x 90

Azərbaycanda qədim muzey eksponatları necə bərpa olunur?

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Əli bəy Hüseynzadənin də irsi bərpa edilib

img

Zərifə Məlikova: “Ümumiyyətlə, bərpa və konservasiya üçün Mərkəzə daxil olan hər bir eksponat haqqında əvvəlcə geniş elmi araşdırma aparılır, məlumatlar toplanır”
İranə İbrahimova: “Biz əşyaların üzərində baş verən dəyişikliklərin bütün tarixini öyrənməklə yanaşı…”

 

Hər bir eksponat tarixin bir mərhələsinin örnəyidir. Tarixdən-tarixə miras qalan eksponatlar muzeylərdə, şəxsi kolleksiyalarda böyük maddi-mənəvi sərvət kimi qorunub saxlanır. Ancaq təəssüf ki, bu materialların çoxu arxeoloji qazıntılar zamanı üzə çıxarıldığından, çox zaman zədəli olur, yaxud tamamilə qırılır. Sözsüz ki, bu da materialların, eksponatların yenidən bərpasına ehtiyac yaradır. Bu günə kimi respublika muzeylərində bərpaya ehtiyacı olan eksponatların xeyli hissəsi bərpa edilib, bir qismi isə bərpa edilir. Bildiyimiz kimi, respublikada bu sahə ilə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində (MSXƏEBM) məşğul olunur.  

İndiyə qədər Mərkəzdə saysız-hesabsız eksponata ikinci həyat verilib və o eksponatlar xalqımızın sərvəti kimi muzeylərdə qorunur, seyirçilərə təqdim edilir. Son illər Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində görülən işlərə nəzər salsaq görərik ki, burada çoxlu işlər həyata keçirilib.

MSXƏEBM-nin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünas Zərifə Məlikovanın bildirdiyinə görə, Elmi Bərpa Mərkəzinə bərpa üçün təqdim edilən hər bir eksponata xüsusi diqqətlə yanaşılır. Mərkəzdə hər sahənin öz mütəxəssisləri olduğunu deyən Z.Məlikova qeyd edir ki, bərpaçılıq sənəti mədəni sərvətlərin gələcək nəsillər üçün qorunmasına yönəlmiş müqəddəs peşələrdən biri, bəlkə də birincisidir: “Bu müqəddəs peşənin nümayəndələri vaxtilə xalq ustaları, dahi sənətkarlar tərəfindən yaradılmış, daha sonra zamanın və s. təsiri ilə zədələnmiş, dağılmağa başlamış və hətta dağılmış mədəniyyət abidələrinin, bir növ, təbibin xəstəni sağaltmaq səylərinə bərabər fədakarlıqla, əsərin üzərində zərrə-zərrə, cərrah dəqiqliyi ilə işləyərək yenidən həyata qaytarılmasına nail olurlar. Ensiklopedik biliyə maliklik, intuisiya, səbrlilik, dözümlülük, məsuliyyətlilik kimi keyfiyyətlər peşəkar bərpaçıya dahi sənət əsərlərinin ömrünü uzatmağa imkan verir.

Çətin ki, tamaşaçılar muzey zallarını gəzib incəsənət nümunələrini seyr edərkən əksər eksponatların muzeyə hansı vəziyyətdə daxil olduğunu fikirləşsinlər. Belə fikirlərin tamaşaçını narahat etməməsini təmin edən böyük peşəkarlar-bərpaçılar var.

Lakin bu incəsənət əsərlərinin hansı sirlərinin olması, hansı məlumatı daşıması hamını maraqlandırır. Bu sirlər isə çox vaxt məhz bərpa zamanı açılır.

Bərpaçılıq sənətinin tarixi orta əsrlərə gedib çıxır. Peşəkar bərpa məktəblərinin əsası isə XVII-XVIII əsrlərdə qoyulub. Azərbaycanda bu sənətin tarixi bir o qədər də çox deyil. Ötən əsrin 50-ci illərində əsası qoyulan bərpaçılıq məktəbinin davamı olan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi yaşının bir o qədər də çox olmamasına baxmayaraq, yarandığı vaxtdan bu günədək bir çox nailiyyətlərə imza atıb”.

Z.Məlikovanın qeyd etdiyinə görə, təkcə 2009 və 2011-ci illərdə Milli Azərbaycan Tarixi Muzeyinin toplularında qorunan misilsiz mədəniyyət abidələrinin bərpası üçün elan etdiyi tenderdəki qələbəni və bu qələbənin nəticəsi kimi də həyata qaytarılan 1500-ə yaxın eksponatın yüksək səviyyədə bərpasını vurğulamaq kifayətdir. Onun sözlərinə görə, əslində, özündə tarixin keşməkeşlərini, bir çox sirləri gizlədən istənilən mədəniyyət abidəsinin müvəffəqiyyətlə bərpası, sirrinin açılmasının özü böyük bir uğurdur: “Mərkəzinsə belə uğurları sonsuzdur. Belə ki, 90-cı illərdə fransız rəssamı, məşhur barbizonçu Jül Düprenin, rus impressionizminin banilərindən sayılan Konstantin Korovinin, polşalı rəssam Yan Stıkanın, holland natürmort ustası Piter Klasın tablolarının sirri açılmış, şamaxılı sənətkar Məhəmmədkərimin (XVII əsr) özündə qədim miniatür və Avropa rəngkarlığını birləşdirən əsərlərinin tarixçəsi aşkarlanıb. Ümumiyyətlə, bərpa və konservasiya üçün Mərkəzə daxil olan hər bir eksponat haqqında ilk əvvəl geniş elmi araşdırma aparılır, məlumatlar toplanır. Bu məlumatlara əşyanın atribusiyası, istifadə məqsədi və s. daxildir. Lakin bəzən bu məlumatlar ya yarımçıq, ya təhrif edilmiş, ya da dəqiqləşdirməyə ehtiyacı olur. Bu məqsədlə Mərkəzdə eksponatın bərpası ilə paralel laborator analizi, elmi tədqiqi də aparılır. 2003-cü ildə Quba Tarix-Diyarşünaslıq Muzeyindən Mərkəzə islamın çağırışçıları sayılan dərvişlərin əsas atributu olan kəşkül daxil olmuşdu. İlkin baxış zamanı qəlpələr şəklində olan kəşkülün mexaniki zədədən sındığı müəyyənləşdi. Bərpaya başlamazdan əvvəl kəşkülün hazırlandığı materialın qırmızı gil olduğu, daha sonra üzərinin ağ rəngli anqobla, naxışlandıqdan sonra isə qalın şirlə örtüldüyü aydınlaşdırıldı. Kəşkülün üzərindəki yazıların Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə birgə aparılan tədqiqi isə bu yazıların orta əsrlərə xas olan fars yazıları olduğunu və kəşkülün, güman edildiyi kimi, XVIII əsrə deyil, daha erkən dövrə -XIV-XV əsrlərə aid olduğunu müəyyənləşdirdi”.

MSXƏEBM rəhbəri vurğulayır ki, 2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən daxil qurama texnikalı tikmə isə özündə daha maraqlı məlumatlar saxlayırdı. Bu tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlandı. Bu yazılar 12 yanvar 1908-ci ildə “Nicat” maarif cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi: “Afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı, 14 yanvarda oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi. Təəssüflər olsun ki, növbəti dəfə hansı tamaşanın olacağına dair yazılar itmişdi və bu, yeni araşdırmalara meydan açırdı. Tədqiqatlar yazılarda anonsu keçən növbəti tamaşanın türk ədibi Şəmsəddin Saminin “Gavə” əsərinə (şair və publisist Səməd Mənsurun tərcüməsi və iştirakı ilə) hazırlandığını müəyyənləşdirdi. Azərbaycanın ilk operasının yaranma tarixinin daha bir sübutu olan bu unikal abidə həm də tikmənin özü haqqında, onun da təxminən XX əsrin əvvəllərinə aid olduğunu müəyyənləşdirməyə imkan verir. İlk operanın birinci tamaşasının müjdəçisi olan bu ipək parça - proqram-afişa güman ki, hələ relikviyaya çevrilməmişdən əvvəl, bəlkə təsadüfən, bəlkə də qəsdən bu tikməyə əlavə edilib. Bu həm də əşyanın zəngin, ziyalı ailəsinə məxsusluğu ehtimalını doğurur. Çünki XX əsrin əvvəllərində teatra getmək imkanı daha çox zənginlərə və ziyalılara xas idi və ipək parça üzərində belə proqram afişalara daha çox onların evində rast gəlinirdi. Quramada istifadə olunan zərxara, ipək, atlas və s. kimi digər qiymətli parçalardan hissələr də bu fikri əsaslandırmağa imkan verir”.

MSXƏEBM rəhbərinin verdiyi bilgiyə görə, 2012-ci ildə milli təsviri incəsənətdə realist dəzgah boyakarlığının yaradılmasına misilsiz töhfələr vermiş, portret və mənzərə janrının formalaşmasında böyük rol oynamış Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 120 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla əlaqədar Naxçıvan MR-də rəssamın muzeyində toplanmış rəsm əsərlərinə baxış keçirilməsi, bərpaya ehtiyacı olan əsərlərin müəyyənləşdirilməsi və bərpası məqsədilə Naxçıvan MR-in Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Mərkəzə müraciət daxil olub: “Ölkəmizdə teatr rəssamlığının banilərindən olan Bəhruz Kəngərlinin xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən zəngin irsinin bərpası kimi şərəfli vəzifəni layiqincə yerinə yetirmək üçün Mərkəzin əməkdaşları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Naxçıvan MR-ə ezam olundular. Burada rəssamın bir çox əsərlərinə baxış keçirildi, “Gənc oğlanın portreti”, “İmamzadə”, “Naxçıvan toyu”, “Avtoportret”, “Naxçıvan gözəli”, “Naxçıvanda sərdabə” kimi rəsm əsərləri yerindəcə bərpa olundu, “Minarəsi dağılmış məscid”, “Nuhun qəbri”, “Ov itləri” əsərləri isə əsaslı bərpa üçün Mərkəzə gətirildi. “Gənc oğlanın portreti” adlı rəsm əsəri bərpa olunarkən demontaj zamanı arxa hissəsindən rəssamın bu günə kimi məlum olmayan daha bir rəsm əsəri aşkar olundu. Bu, karton üzərinə sulu boyalarla çəkilmiş oğlan uşağının rəsmi idi və onun bərpa olunaraq muzeyə qaytarılması təkcə Bəhruz Kəngərli muzeyi üçün deyil, Azərbaycan təsviri sənət tarixi üçün də böyük bir töhfədir. Bu gün respublikanın əksər muzeylərində özündə belə dəyərləri, tarixin bilinməyən sirlərini saxlayan çoxlu sayda incəsənət nümunələri, mədəni sərvətlər var və bu dəyərlərin aşkar edilməsi, araşdırılması, sirlərinin açılması təkcə sənətşünasların, alimlərin deyil, bərpaçıların da şərəfli vəzifəsidir. Çünki vaxtilə müəllif qələmindən, sənətkar əlindən çıxmış bu sərvətlərin yenidən yaranmaq ehtimalı yoxdur, dünənimiz, bu günümüz və sabahımız üçünsə onları qorumaq, saxlamaq hər birimizin müqəddəs borcudur”.

MSXƏEBM-nin əməkdaşı İranə İbrahimovanın verdiyi məlumata görə, Mərkəzdə

görkəmli türkoloq, şair, ədib, musiqişünas, filosof, publisist, rəssam, həkim Əli bəy Hüseynzadənin də irsinə aid nümunələr bərpa edilib. O qeyd edir ki, Ə.Hüseynzadə haqqında nəinki yerli mətbuatda, eləcə də xarici nəşrlərdə bir sıra məqalələr yazılmış, onun həyat və fəaliyyəti, Azərbaycan tarixinə və mədəniyyətinə verdiyi töhfələr haqqında geniş araşdırmalar aparılıb: “Bu dahi şəxsiyyətdən bizə yadigar qalan, uzun illərdən sonra ölkəmizə gətirilərək İstiqlal Muzeyinə hədiyyə olunan memorial əşyalar və onların bərpasını həyata keçirmişik. Bu əşyaların içərisində Əli bəyə məxsus orden, medal, döş nişanları, cib saatı, şəxsi möhürlər, qol düymələri, Əli bəyin və oğlu Səlim Turanın müəllifi olduğu rəngkarlıq və qrafik əsərlər, həyat və fəaliyyətini əks etdirən fotoşəkil və s. sadalamaq olar. 2016-cı ildən bəri başlayaraq, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü və vasitəçiliyi ilə Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımla və Türkiyə dövlət qurumları ilə aparılan danışıqlardan sonra uzun yola çıxan bu əşyalar nəhayət ki, Azərbaycan İstiqlal Muzeyinin toplusunda özünə əbədi yer aldı. Onların sayəsində Azərbaycan gəncliyi, gələcək nəsillər Azərbaycanın istiqlal tarixində, mədəniyyətində, elmində xüsusi rol oynamış görkəmli şəxsiyyət Əli bəy Hüseynzadə haqqında bir çox həqiqətləri öyrənmiş olacaqlar. Lakin muzeyin ekspozisiyasında öz yerlərini almamışdan öncə bu əşyalar digər bir mədəniyyət ocağına – Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə səfər etdilər. Burada bərpaçılar bir təbib kimi xüsusi nəvaziş və qayğı ilə mədəni sərvətlərimizi, bir növ, “xəstəlikdən sağaldır”, xilas edir, ikinci həyat verərək gələcək nəsillər üçün qoruyurlar.

Mərkəzə daxil olan hər bir əşya özüylə müəyyən bir informasiya da gətirmiş olur. İlk baxışda bəzən bu informasiyanın cüzi bir hissəsi müəyyən olunur. Daha dərın bilgilər isə onların üzərində araşdırma və bərpa işi aparılarkən aşkarlanır. Təsadüfi deyil ki, Rusiyanın görkəmli xalq rəssamı, sənətşünas alim, bərpaçı rəssamı İqor Qrabar deyirdi: “Bərpa və qorumaq məqsədilə əşyaların araşdırılması eyni zamanda onların çox yaxşı tədqiqi deməkdir. Biz əşyaların üzərində baş verən dəyişikliklərin bütün tarixini öyrənməklə yanaşı, həm də onları hazırlayan sənətkarın yaradıcılıq sirlərini, məharətini izləmiş, onun sənətkarlığının ən gizlin mənalarını öyrənmiş oluruq”.

Aşkarlanan hər bir məlumat isə daha sonra aid olduğu dövr, mədəniyyət, şəxs barəsində sübutlara, tarixi faktlara çevrilir. Əli bəy Hüseynzadəyə məxsus memorial əşyalarda olduğu kimi”.

İ.İbrahimovanın qeyd etdiyinə görə, Əli bəyin incəsənətə, musiqiyə olan meylinin, maarifpərvərliyinin, müasir baxışlarının, türkçülük uğrunda apardığı mübarizənin, tibb sahəsində nailiyyətlərinin, dini baxışlarının, səyahətlərinin şahidi olan rəsm əsərləri, şəxsi əşyaları, musiqi alətləri, təltifləri, möhürləri, orden, medal, döş nişanları və digər ölkələrdən olan suvenir əşyaların hər biri onun yadigarı olmaqla yanaşı, onun səxsiyyəti barəsində zəngin informasiya mənbəyidir: “Bunların içərisində xüsusi diqqət çəkən əşyalardan üzərini pas təbəqəsi tutmuş qol düymələridir ki, xüsusi vasitələrlə pas təbəqəsi təmizləndikdən sonra onların üzərində ərəbcə ”Allah”, “Maşallah” “Yadigar” sözləri, “Məscid” və “ağac” təsvirləri aşkar edildi. Bundan başqa Əli bəy Hüseynzadənin kağız üzərində sulu boya ilə çəkdiyi “Bibiheybət məscidi” adlı rəsm əsəri də xüsusi maraq doğurur. Belə bir fakt var ki, uzun illərdən sonra keçən əsrin 90-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Bibiheybət məscidi bərpa olunarkən, məscidin xarici görünüşünü təsvir etmək üçün Əli bəyin müəllifi olduğu bu rəsmdən istifadə olunub. Rəsmin arxa tərəfində isə əl yazısı ilə “Bibiheybetin resmi. Bu cami Baku ve ya Selyanda zelzelede yıkılmışdır. Pr. Dr. Huseynzade Ali (1864-1941) bey tarafından yapılmışdır” cümlələri yazılıb.

Digər maraqlı əşyalara Əli bəyin məktub açmaq üçün istifadə etdiyi suvenir bıçaqları aid etmək olar. Bıçaqlardan birinin üzərində almancadan “Birlik gücü, Dünya müharibəsi 1914/17” mənasını verən yazılar, digər bıçağın üzərində isə təmizləndikdən sonra təsvirlər və “Rattvik” yazısı aşkarlanıb. Aparılan araşdırmadan sonra ikinci bıçağın İsveç istehsalı olduğu müəyyənləşib. Bıçağın qəbzəsinin üzərindəki təsvirlərdə Retvik şəhərinin sakinlərinin - milli kəndli geyimlərində olan qadın və kişi təsvirləri, eləcə də qədim isveç rəsmi olan “rosemaling” - qızılgül təsvirləri verilib”.

Mütəxəssisin bildirdiyinə görə, Əli bəyin əşyaları içərisində ən maraqlılarından biri də onun skripkasıdır. Əli bəyin onu necə əldə etməsi barədə dəqiq məlumat yoxdur. “Əvəzində bəllidir ki, 1916-cı ildə Əli bəy Avstriya-Macarıstan, Almaniya, İsveçrəyə səyahət edib və Əli bəyə məxsus olanda artıq skripkanın 2 əsrə yaxın yaşı var idi. Bu barədə skripka özü məlumat verir. Bərpaçı-rəssam G.Məmmədov tərəfindən aparılan bərpa prosesi zamanı skripkanın içindən yazılar olan yarlığ aşkar edildi. Yarlıqda yazılırdı: “MATTHIAS Albanus me fecit, Bulsani Tyroli 1706”. Tərcüməsi Mattiias Albani məni 1706-cı idə Tiroli Bulsanidə düzəltdi. Tədqiqatdan məlum oldu ki, Mattias Albani (oğul) Bulsani qraflığının Tirol şəhərində İtaliyanın tanınmış skripka ustalarından olub. Onun atası Matias Albanus da tanınmış skripka ustası olub. Skripka düzəltməyi atasından öyrənən Mattias daha sonra tanınmış skripka ustası Amatenin yanında püxtələşmiş və öz işini Romada davam etdirib. Onun düzəltdiyi Amate skripkaları dəyərli sayılır və daha çox XVII-XVIII əsrlərə aid edilirdi. Albani Mattiasdan sonra onun işini iki oğlu Maykl və Jozef Almaniyada davam etdiriblər. Sözsüz ki, 3 əsrə yaxın yaşı olan bu skripkanı tarixi və muzey dəyəri çox böyükdür”.

İradə SARIYEVA

Son xəbərlər