23/01/2018 23:49
728 x 90

Özəl prodakşnlarda peşəkar kadrlar problemi...

Bəzi özəl kino şirkətlərində film çəkənlər Türkiyədə, Gürcüstanda, Rusiyada 3 aylıq rejissorluq kursu bitirənlərdir…

img

Zülfiyyə Eldarqızı: “Özəl kino şirkətləri hər kurs keçəni işə götürməməlidirlər”
Aynur İsgəndərova: “Müəyyən özəl kino prodokşnlar var ki, orada qeyri-peşəkarlar...”

 

Son vaxtlar özəl prodakşnlar tərəfindən çəkilən filmlərin səviyyəsi haqqında birmənalı fikir yoxdur. Onların əksəriyyətinin tamaşaçılara təqdim etdiyi filmlər mütəxəssislər tərəfindən o qədər də müsbət qarşılanmır. Bunun səbəbi heç də peşəkarların özəl kinonun əleyhinə çıxması ilə əlaqəli deyil.

Əksinə, onlar hesab edirlər ki, Azərbaycanda özəl kino şirkətləri inkişaf etməli və kinomuza xidmət göstərməlidir. Narahatlıq doğuran məsələ bu işə peşəkarların deyil, əksər hallarda qeyri-peşəkarların cəlb edilməsidir. Kino ictimaiyyətində yayılan məlumata görə, özəl prodakşnlarda film çəkənlərin bir qismi kinodan peşəkar səviyyədə xəbəri olmayan adamlardır. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, bu şəxslərin çoxu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsinin məzunları deyil, müxtəlif layihələr əsasında təşkil edilən 3 aylıq kursları bitirənlərdir. Onu da öyrəndik ki, bu gün rejissor olub kino çəkmək istəyənlərin bir çoxu Türkiyədə təşkil olunan kinorejissorluq kurslarını bitirib sertifkat alırlar, sonra isə “kinorejissoram” deyib burada film çəkməyə başlayırlar. Bunun nəticəsində də ortaya normal filmlər çıxmır. Çoxlarımız bilirik ki, özəl kino şirkətlərinin bir çoxunun çəkdiyi filmlər əsasən bayağı mövzuları əhatə edir.

Kinoşünas Aynur İsgəndərova bizimlə söhbətində bildirdi ki, çağdaş Azərbaycan kinosunu özəl kino şirkətlərindən ayrı təsəvvür etmək çətindir. Müsahibimizin sözlərinə görə, özəl kino şirkətləri arasında da kifayət qədər peşəkar səviyyədə kino sənayenin inkişafına dəstək olan şirkətlər, şəxslər var. O hesab edir ki, peşəkarların arasında qeyri-peşəkarların uzun müddət qalması inandırıcı deyil: “Bu gün dövlət dəstəyi nəticəsində Azərbaycan kinosu inkişaf edir. Bu birmənalı belədir. “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmlərin hamısı olmasa da, bir neçəsi yerli özəl kino şirkətlərinin iştirakı ilə çəkilir. Bu çox müsbət haldır. Ona görə ki, təcrübəli, səriştəli “Azərbaycanfilm” özəl kino prodakşnları filmlərə cəlb etməklə onların yaradıcı və texniki heyətinin peşəkarlaşmasına, kinonu daha dərindən mənimsəməsinə şərait yaradır. Bu gün bizdə peşəkarların bir araya gəldiyi kino şirkətlər var və onlar ortaya maraqlı filmlər, süjetlər qoya bilirlər. Bu bir həqiqətdir, onu danmaq olmaz. Ancaq bəli, özəl kinoda qeyri-peşəkarlar az deyil. Müəyyən özəl kino prodokşnlar var ki, orada qeyri-peşəkarlar, orada-burada 3-5 aylıq kurs keçən insanlar çalışır. Bu hər kəsdə böyük təəssüf doğurur. Gizlin deyil ki, bu gün bir çoxları Türkiyədə, Gürcüstanda, Rusiyada və başqa ölkələrdə təşkil olunan kino kurslarını bitirib sertifikat alaraq Azərbaycana qayıdıblar. Əslində, onlar peşəkar deyillər. Biri var burada kinorejissorluq fakültəsini bitirib xarici ölkələrə təkmilləşdirmə kurslarına gedəsən və qayıdıb orada öyrəndiyin yenilikləri kinoda tətbiq edəsən, biri də var sadəcə kurs keçəsən. Bunların arasında fərq böyükdür. Təəssüf ki, 3-5 aylıq kurs keçənlər gəlib burada camaata “kinorejissor”luqdan “dərs deyirlər”. Bu adamların da çəkdikləri filmlər göz qabağındadır. Kino haqqında dərin biliyi, hissiyyatı, kamera ilə, aktyorla işləmək bacarığı olmayan adamlar necə yaxşı film çəkə bilərlər? Bu yaxınlarda teatrlardan birində işləyən əməkdar artistlərdən biri mənə bir əhvalat danışdı. Aktrisa çox məşhurdur, onu hamı tanıyır. Deyir ki, özəl kino şirkətlərindən biri onu filmə dəvət edibmiş, xanım aktrisa da gedib. Filmi çəkən “rejissor” deyib ki, mən sizi tanımıram. Təsəvvür edin ki, rejissor tanınmış aktrisanı tanımır. Bu nə deməkdir? O deməkdir ki, bu “rejissor” 3-5 aylıq kurs keçənlərdəndir və kino ictimaiyyətinə yaddır. Belə hallar o qədər çox olur ki...

Düşünürəm ki, qeyri-peşəkarlar yavaş-yavaş kinodan uzaqlaşacaqlar. Onsuz da onların çəkdikləri filmlərə öz ətraflarından başqa baxan yoxdur. Baxanlar da məcburiyyət qarşısında baxırlar”. 

Bu gün özəl prodakşnların daha məhsuldar və keyfiyyətli iş ortaya qoymalı olduğunu düşünən sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı isə hesab edir ki, kinoya yalnız gəlir mənbəyi, reklam vasitəsi kimi baxmaq olmaz: “Mən təəssüf edirəm ki, kinoya bəzən qeyri-peşəkarlar da gələ bilirlər. Hardasa kurs bitirib kinorejissorluq, prodüsserlik etmək olmaz. Kinorejissorluq elə bir sahədir ki, rejissorun yetişməsi üçün zaman lazımdır. O vaxt hər adamın film çəkməsinə icazə verilmirdi. Kinorejissor müstəqil kino çəkənə qədər müxtəlif mərhələləri adlamalı idi. İndi isə vəziyyət başqa cürdür. “Azərbaycanfilm”də və bəzi kino şirkətlərində bu qayda yenə də qorunur. Ancaq müəyyən prodakşnlar da var ki, onlar qətiyyən bu işə əhəmiyyət vermirlər, hər əlinə kamera alana imkan yaradırlar ki, çəkiliş meydançasına çıxsın. Bu da sözsüz ki, zəif filmlərin meydana çıxmasına şərait yaradır. Kimsə Türkiyədə və digər yerlərdə 3 aylıq kurs keçib sertifikat alıbsa, bu o demək deyil ki, o adam kinorejissordur. Özəl kino şirkətləri hər kurs keçəni işə götürməməlidirlər”.

İradə SARIYEVA

Son xəbərlər