18/07/2018 14:33
728 x 90

Tarix Muzeyində tədqiq edilməsini gözləyən unikal Bakı xalçası haqda ekspertlər nə deyir?

img

Kübra Əliyeva: “… gedib baxmaq fikrindəyəm”
Səkinə Baharlı: “Düşünürəm ki, peşəkar xalçaşünaslar bu xalçanı tədqiq edib onun barəsində fikirlərini deməlidirlər”

 

Azərbaycan xalça sənəti öz bənzərsizliyi ilə seçilir. Məlum olduğu kimi, digər Şərq xalqları da tarixən xalçaçılıqla məşğul olublar. Lakin mübaliğəsiz deyə bilərik ki, Azərbaycan xalçaları daha cəzbedici, daha gözəldir. Bildiyimiz kimi, Azərbaycan muzeylərində yaşı 100-ü adlayan xalçalar çox olmasa da, yox da deyil. Ancaq bu xalçaların ən qədimlərindən biri hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda saxlanır. Bu yaxınlarda fonda daxil olan xalçanın XIX əsrə aid unikal Bakı xalçası olduğu bildirilir.

Muzeydən verilən məlumata görə, Bakı xalçaçılıq məktəbinə xas olan xalça qeyri-adiliyinə görə digərlərindən tamamilə fərqlənir. Muzeydən bildirilir ki, xalçanın analoqu hələlik məlum deyil. Üzərində təsvir olunan süjeti və ornamentləri ilə bu xalça tariximizin keçmiş səhifələrindən geniş məlumat vermək üçün bir mənbə rolunu oynayır. Məhz bu cəhəti onun unikal xalça hesab olunmasına imkan verir.

Xalça, bütövlükdə, xalqımızın ailə məişəti ilə bağlı adət-ənənələrini, mifik dünyagörüşünü özündə əks etdirən etnoqrafik bir əsərdir və öz tədqiqatçılarını gözləyir.

Muzeyə gətirilən və Etnoqrafiya fonduna daxil olan xalçanın böyük əhəmiyyətə malik olduğunu deyən məşhur xalçaşünas, professor Kübra Əliyeva bizimlə söhbətində qeyd etdi ki, sözügedən unikal Bakı xalçasından xəbəri var, lakin hələ xalçaya baxmayıb: “Doğrusu, hələ bu xalçaya baxmamışam, ancaq gedib baxmaq fikrindəyəm. Düşünürəm ki, muzeyə daxil olan hər bir qədim xalçaya tədqiqatçılar, xalçaşünaslar baxmalıdırlar. Çünki hər qədim xalça özündə böyük informasiya daşıyır, bizə çox maraqlı bilgilər verir. Bu gün çox yaxşı haldır ki, vaxtilə Azərbaycandan xaricə aparılan xalçalar yenidən ölkəmizə qaytarılır və muzeylərə verilir. Deyəsən, Tarix Muzeyindəki Bakı xalçası İsraildən gətirilərək muzeyə hədiyyə edilib. Mən xalçaya baxsam, onun haqqında geniş məlumat verə bilərəm. Mənim üçün xalçanı gendən görmək də kifayət edir ki, onun barəsində fikir bildirim”.

Sənətşünas Səkinə Baharlının sözlərinə görə isə hər bir qədim xalçanın tədqiq edilməsi, onun ornamentlərinin, təsvirlərinin elmi şəkildə izah edilməsi lazımdır. O hesab edir ki, Bakı xalça məktəbi əvvəlki xüsusiyyətlərinə müəyyən qədər dəyişiklik edib. Onun sözlərinə görə, Tarix Muzeyinin Etnoqrafiya fondunda saxlanan xalçanın bu gün ona görə bənzəri yoxdur ki, hazırda o çeşnidə xalça toxunmur. “Bu xalçanın təxminən 200 ildən artıq tarixi var. Hələ tədqiq edilmədiyindən, tam olaraq yaşını təyin etmək çətindir. Düşünürəm ki, peşəkar xalçaşünaslar bu xalçanı tədqiq edib onun barəsində fikirlərini deməlidirlər. Bilmirəm, bu xalça muzeyə haradan gətirilib. Fakt budur ki, alternativi yoxdur. Hesab edirəm ki, araşdırmalar aparılarsa, daha qədim xalçalar tapmaq olar”.

S.Baharlı qeyd etdi ki, Bakı xalçaları öz xüsusiyyətlərinə görə seçilir. Onun sözlərinə göerə, bu məktəbə aid olan xalçaların orta sahəsinin kompozisiyasını bir-birinin ardınca şaquli yerləşmiş bir neçə böyük dördbucaqlı göl təşkil edir: “XVIII əsrin sonuna kimi bu xalçanın orta sahəsində 4 və yaxud 5 göl yerləşirdi, Ancaq 150 il qabaq o “Bakı” adını alandan sonra onun orta sahə kompozisiyasında dəyişikliklər baş verib. Göllər cüt yerləşdirilirdi. Göllərin üzəri məişət əşyalarını təsvir edən bir sıra elementlərlə bəzədilirdi. Məsələn, “quyu çarxı” (baraban), “kərtənkələ”, “kürək” (qədim kürək). Eyni formalı göllərin fonu hər bir göldən bir dəyişir. Göllərin ətrafında doldurucu elementlər yerləşir. Həmçinin yağ qabı, yanar məhlullu lampanı təsvir edən elementlərə də rast gəlinir. Bunlar qədim insanların adət və ənənələri, həmçinin, möhtəşəm və dini ayinləri ilə bağlıdır. Lap qədimdə Bakının qədim "İçərişəhər" hissəsində zərif və yüksək keyfiyyətli xalçalar istehsal olunurdu. XVIII əsrdə toxunmuş belə xalçaların bəzi nümunələri hazırda İstanbulun "Türk və İslam eserləri muzesi"ndə saxlanır. Bakı xalçalarını da belə xalçalara aid etmək olar. Bakı xalçalarını adətən Qala, Novxanı, Maştağa kəndlərində toxuyurdular. Bəzən xalçaçılar bu xalçanı "Qobustan" adlandırırdılar. İlk toxunmuş xalçalarla sonradan toxunan xalçalar arasında fərqlər mövcuddur”.

İradə SARIYEVA

Son xəbərlər