21/10/2018 08:42
728 x 90

Dövlət Film Fondu mühafizə altına alınan filmlərin sayını 65 minə çatdırdı…

“Bu gün bu proses davam edir və biz filmlərimizi ölkəmizə gətiririk”

img

Aydın Kazımzadə: “Filmlərimizin qorunması istiqamətində çox böyük işlər görülür”

 

Klassik Azərbaycan filmləri kino tariximizin əsas səhifələrini təşkil edir. Bu filmlərin hər biri professional kinomuzun sərvətidir. Məlum olduğu kimi, son illərə qədər kino irsimizə elə də böyük diqqət-qayğı yox idi. Hətta kino irsinə soyuq münasibət kino ictimaiyyətini, peşəkarları ciddi narahat edirdi.

Onlar hesab edirdilər ki, Azərbaycan filmlərinin orijinal nüsxələri bir yerə toplanmalı və mühafizə edilməlidir. Bu da məlumdur ki, filmlərimizin əksəriyyəti Sovet dövründə ekranlaşdırıldığı üçün. onların əsas nüsxələri Bakıda yox, Moskvada saxlanırdı. Müsbət haldır ki, bir sıra filmlərimizin orijinal nüsxələri ölkəmizə gətirilərək Dövlət Film Fondunda saxlanır.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında verilən məlumata görə, yeni filmlərin və film materialların qəbulu ilə Dövlət Film Fondunun arxivi daha da zənginləşdirilərək, saxlanma vahidi 65 mini ötüb.

Məlumatlara görə, Fondda müasir tələblərə cavab verən xüsusi Arxiv Server Bazası yaradılıb və bütün kino lentində olan filmlərin rəqəmsal formatda Server Bazasına köçürülməsi prosesinə başlanıb. Təkcə 2017-ci ildə Dövlət Film Fondunda 21 tammetrajlı, “O qızı tapın”, “Bəxtiyar”, “Leyli və Məcnun”, “Qaynana”, “Nəsimi”, “Ad günü”, “Bakılılar”, “Telefonçu qız”, “Dağlarda döyüş” və başqa bədii film, həmçinin, 30-dan artıq, o cümlədən “Balaban”, “Bizim Nəsibə xanım”, “Köç”, “Polad adalar”, “Haray”, “Estafet”, “Toqanrok-416”, “Sərhəd” və digər sənədli filmlər də texniki nəzarətdən keçirilərək yüksək keyfiyyətdə kino lentindən rəqəmsal daşıyıcılara yazılıb, Fondun Arxiv Server Bazasına köçürülüb. 2017-ci ildə kino lentləri qorunan film saxlanma bokslarında yeni psixometrlər, bakteriyalara qarşı xüsusi lampalar qurulmaqla yanaşı, təlimata uyğun mikroiqlim yaradılıb. Həmçinin, fondun muzeyinə yeni eksponatlar daxil edilib.

SSRİ dönəmində istehsal edilmiş və kino lentində Dövlət Film Fondunun arxivində qorunub saxlanan Azərbaycan filmlərinin köhnəlmiş, erroziyaya məruz qalmış dəmir lent qutularının müasir standartlara və tələblərə cavab verən qorunma şəraitinə uyğun olaraq yeni, daha davamlı və xüsusi tərkibli plastik qutularla əvəz olunması prosesi davam etdirilərək 5 min 600 ədəd dəmir qutu plastik qutularla əvəz olunub.

Azərbaycan Dövlət Film Fondunun hər il nəşr etdiyi “Kinobülleten” il ərzində respublikada istehsal olunan filmlərin ümumi toplusunu özündə əks etdirir. “Kinobülleten” kino sənəti ilə kino işçiləri, kütləvi informasiya vasitələri arasında bir bələdçi rolunu oynayır. Bir neçə bölmədən ibarət olan “Kinobülleten” kinosevərlər və bundan əyani vəsait kimi istifadə edənlər üçün nəşr olunur. Hər il Dövlət Film Fondunun dəstəyi ilə müəllifi əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadə olan “Azərbaycan kinematoqrafları” başlığı altında kitab nəşr olunur. Kitabda korifey kino sənətkarlarımızın həyat və yaradıcılığı geniş şəkildə əksini tapır. 2017-ci ildə bu ənənə davam edərək müəllifi A.Kazımzadə olan “Azərbaycan kinosu” ensiklopedik lüğəti çapdan çıxıb. Hazırda Film Fondunda müəllifin “Azərbaycan salnaməsi” başlıqlı ikicildlik kinosalnaməsi çapa hazırlanır.

Bunu Azərbaycan kinosuna diqqətin təzahürü hesab edən əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin sözlərinə görə, bu, kinomuzun uğurudur: “Azərbaycanda kinostudiya yarandıqdan sonra Mikayıl Mikayılov, Ağarza Quliyev, Məmməd Əlili, Niyazi Bədəlov və başqa kino xadimləri arzu edirdilər ki, kaş Moskvada olan böyük kino arxivindən bizdə də olaydı, biz öz filmlərimizi burada qoruyub saxlaya bilərdik. O vaxt filmlər çəkildikdən sonra onu Moskvaya təhvil verirdilər və filmlər orada qalırdı. Bu filmlər də təbii ki, Moskvanın ixtiyarında olurdu. Bizdə kino arxivinin yaranması ustadların arzusu idi. Bu arzunu dilə gətirən insanlar artıq həyatda yoxdur. Ancaq nə yaxşı ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Dövlət Film Fondu yaradıldı və 1994-cü ildə istifadəyə verildi. Dövlət Film Fondu əvvəllər “Qələbə” kinoteatrının binasında fəaliyyət göstərirdi. Biz o vaxt bütün filmlərimizi toplamağa başladıq. Bura kinostudiyada çəkilən, orada saxlanan filmlərlə yanaşı, MDB-də çəkilən və prokat üçün Azərbaycana verilən filmlər də daxil idi. Dövlət Film Fondu yaradıldıqdan sonra arxiv işinə məqsədyönlü şəkildə yanaşıldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikamızda çəkilən filmlər də Film Fonduna təhvil verilməyə başladı”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Film Fondu üçün ayrıca bina inşa edildiyini xatırladan A.Kazımzadə qeyd etdi ki, yeni bina istifadəyə verildikdən sonra kino arxivinin formalaşdrılması işinə daha böyük önəm verilməyə başladı. O qeyd etdi ki, əlimizdə olan filmlərin hamısı fondun xüsusi arxivində qorunur: “Bu arxiv xüsusi temperaturda qorunur. Qışda istiləndirilir, yayda sərinləndirilir. Bu arxiv xüsusi qayğı ilə qorunur. Fondda saxlanan materialların dövlət əhəmiyyəti var. Sovet Azərbaycanında çəkilən ilk filmlər, o cümlədən də 1924-cü ildə ekranlaşdırılan “Qız Qalası” filmi fondda  qorunub saxlanır. Bundan əvvəl çəkilən ilk süjetləri isə Fransa arxivlərindən gətirmişik. Bunlar “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” kino süjetləridir. Bu bizdə yox idi. Nə yaxşı ki, bu süjetləri Fransa arxivində qoruyub saxlayıblar. Bu filmlərlə bizim kino tariximizin 1898-ci ildən başlandığı təsdiq olundu. Bu bizim üçün böyük dövlət əhəmiyyətinə malikdir. Bu gün Dövlət Film Fondunun arxivi daha da zənginləşdirilərək, saxlanma vahidi 65 mini ötüb. Bu olduqca böyük rəqəmdir və əhəmiyyətlidir. Bu filmlər qornub saxlanır və 100 il sonrakı nəslin də bu filmlərdən xəbəri olacaq.  Elə filmlər var ki, onlar bizdə yoxdur. O vaxt Moskvaya aparıldığından, indi də oradadır. Dövlət Film Fondu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Moskvadakı filmlərimizin surətini çıxarıb bura gətirib arxivə daxil edirlər. “Dəcəl dəstə” adlı Azərbaycan filmi var. Bu filmi Şərqin ilk qadın kinorejissoru Qəmər Salamzadə çəkib. “Dəcəl dəstə” filmində 16-17 yaşında olarkən Leyla Bədirbəyli çəkilib. Leyla xanım həmişə deyirdi ki, lap cavan vaxtım olanda məni bir filmə çəkiblər, ancaq o film indi yoxdur. Ancaq biz sonradan o filmi Moskvadan tapdıq və Azərbaycana gətirdik. Bu gün bu proses davam edir və biz filmlərimizi ölkəmizə gətiririk”.

A.Kazmzadə qeyd etdi ki, filmlərlə yanaşı, kinolarımız haqqında yazılan yazılara da həssaslıqla yanaşılır. Bu gün Fondun arxivində filmlərin montaj vərəqlərinin də qorunduğunun şahidi olmaq mümkündür. Onun sözlərinə görə, montaj vərəqlərinin bir hissəsi əlimizdə yoxdur və artıq onlar yenidən hazırlanır: “Film Fonda təhvil verilərkən ona aid olan bütün informasiyada da verilir. Əvvəllər filmlər dəmir qablarda saxlanırdı. Dəmir qablar da zaman keçdikdən sonra pas atıb xarab olurdu. Bunun da nəticəsində lent korlanırdı. Bu gün isə ən qabaqcıl texnologiyalardan istifadə edərək lentlərin qorunması üçün yeni qablar hazırlanıb. Filmlərin lentləri bu şəkildə daha etibarlı qorunur. Bu da çox faydalıdır. Dövlət Film Fondunda həm də elmi-tədqiqat işləri aparılır. Burada tədqiqatçılar işləyirlər. Onlar filmlər üzərində işləyirlər, filmlərimizə zəhmət çəkən insanlarla bağlı, filmlərimizlə əlaqədar tarixi faktlar araşdırılır. Bu gün Dövlət Film Fondunun çox zəngin arxivi var. Burada minlərlə fotoşəkillər, kino işçiləri haqqında saysız-hesabsız sənədlər toplanıb. Eyni zamanda da kinoya aid kitablardan ibarət böyük kitabxana var”.   

A.Kazımzadənin sözlərinə görə, Film Fondda təkcə “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmlər deyil, həm də müstəqil prodüsser kino mərkəzlərində çəkilən filmlər qorunur: “Fondda müasir filmlər də qorunur. Müstəqil prodakşnlarda filmlər çəkildikdən sonra onlar filmləri Fonda təhvil verirlər. “Azərbaycanfilm”də çəkilən filmlərlə yanaşı, o filmlər də qorunmalıdır. Bu filmlərin surətləri ya lentdə, ya da diskdə Fonda verilir. Bu gün filmlərimizin qorunması istiqamətində çox böyük işlər görülür”. 

İradə SARIYEVA

Son xəbərlər