12/12/2017 04:55
728 x 90

Milli Qarabağ geyimlərimiz beynəlxalq aləmdə…

img

Məhəmməd Nərimanoğlu: “Bu, ermənilərin Qarabağ geyimlərinə iddia etmələrini, bu geyimin onlara aid olması ilə bağlı uydurmalarını ifşa edir”

Ənvər Çingizoğlu: “Qarabağ geyimlərinin beynəlxalq aləmdə yüksək səviyyədə təbliğ edilməsini təqdir edirəm

 

Qarabağ geyimləri özünəməxsusluğuna görə həmişə seçilib. Tarixən Azərbaycanın hər bir bölgəsinin öz geyimi olub. Maraqlıdır, bölgələrin geyimləri bir-birindən fərqlənib. Qarabağ geyimlərinin özəl cəhətləri haqqında mütəxəssislər həmişə yüksək fikirdə olublar. Bilirik ki, ermənilər bu gün Qarabağ geyimlərinə də iddia edirlər. Halbuki, bu geyimlərin ermənilərlə heç bir əlaqəsi yoxdur.

Son illər davamlı olaraq müxtəlif xarici ölkələrdə ayrı-ayrı tədbirlər çərçivəsində Qarabağ geyimləri təqdim edilir. Artıq bir neçə dəfədir ki, dünya tamaşaçılarına Qarabağ geyimləri olduğu kimi təqdim olunur. Bu da erməni təbliğatının qarşısını əməlli-başlı alır. Çünki ermənilər bir neçə dəfə bizim geyimlərə iddialı olduqlarını ortaya qoyublar.

Bu günlərdə Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində konsert proqramı və Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi keçirilib.

Qarabağ geyimlərinin bu şəkildə nümayişi ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti haqqında müfəssəl məlumat verir. Qeyd edilənə görə, azərbaycanlıların Qarabağda yaratdığı zəngin mədəni irs bütün dünyada maraqla qarşılanır.

Ekspertlərin bildirdiyinə görə, mədəni irsimiz əsasən Heydər Əliyev Fondunun dünyada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı həyata keçirdiyi layihələrdə öz əksini tapır.

Maraqlıdır ki, Səmərqənddə keçirilən Qarabağ geyimləri sərgisində bizim libasları Səmərqənd Dövlət Universitetinin tələbələri geyinib. Belə ki, təşkil olunan tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid Qarabağ geyimlərini nümayiş etdiriblər. Sərgidə XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi, əhalinin geyim mədəniyyəti, əyani-vizual görüntüləri və geyimləri tamamlayan bəzək elementləri təqdim edilib.

Qeyd edilənə görə, Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağda azərbaycanlıların yaratdığı zəngin geyim mədəniyyəti, Qarabağ xanları dövründə istifadə olunan mərasim, toy, şənlik geyimləri  özünəməxsusluğu ilə diqqəti çəkib.

Qarabağ geyimlərinin xaricdə nümayiş edilməsinin böyük əhəmiyyəti olduğunu qeyd edən tədqiqatçı-jurnalist, bu sahədə bir sıra araşdırmaları olan Məhəmməd Nərimanoğlu bizimlə söhbətində bildirdi ki, Qarabağ geyimlərinin dünyaya çıxması erməni saxtakarlığının ifşa edilməsidir: “Qarabağ geyimlərinin dünyaya çıxarılmasına ancaq müsbət yanaşıram. Hesab edirəm ki, bu, ermənilərin Qarabağ geyimlərinə iddia etmələrini, bu geyimin onlara aid olması ilə bağlı uydurmalarını ifşa edir.

Azərbaycanın, o cümlədən onun böyük mahallarından olan Qarabağın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş mədəniyyət nümunələrindəndir. Onlar bu gün bir çox muzeylərdə qorunub saxlansa da, restavrasiyası və tikilməsi ilə məşğul olan sənətkarlar, demək olar ki, barmaqla sayılacaq qədərdir. Tarixi uludan-ulu, mədəniyyəti zəngin Azərbaycanın başıbəlalı Qarabağ mahalının daş salnaməsində yatan xəzinəni ilmə-ilmə toplamaq, naxış-naxış tərtib edib gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Buna görə də işğal altında olan Qarabağın tarixi və etnoqrafiyası, inkişafı haqqında həqiqətlərin dünya xalqlarının nəzərinə çatdırılması dövlətin mədəniyyət siyasətinin tərkib hissəsinə çevrilib.

Qarabağın və onun yerli sakinlərinin tarixində hər şey olub - basqınlar, müharibələr, yadellilərin əsarəti və sair. Lakin əsrlər boyu xalqın yaddaşında iz qoymuş şanlı qələbələr də yaşanıb, hünər göstərmiş qəhrəmanların adları əfsanə və dastanlara düşüb. Görkəmli xanəndə və şairlərin, rəssam və inşaatçıların zəngin irsi bu gün də sənətşünaslar tərəfindən ehtiramla öyrənilir. Mahir toxucular və silah ustaları, dulusçu və zərgərlər elə bir əhəmiyyətli iz qoymuşlar ki, dünyanın ən tanınmış muzeyləri hazırda onların əsərlərini iftixarla nümayiş etdirirlər”.

O qeyd etdi ki, bu günlərdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Səmərqənddə Azərbaycan mədəniyyəti günləri çərçivəsində  “Azərbaycan milli libasları - Qarabağ geyimləri”nin dəb sərgisinin keçirilməsini təqdir edir. Tədqiqatçı vurğuladı ki, burada ölkəmizin multikultural baxımdan zənginliyi, qədim yurdumuz olan Qarabağın mədəni irsi, o cümlədən geyim mədəniyyəti barədə ətraflı söhbət açılıb: “Xatırladım ki,  digər bölgələrimizdə olduğu kimi, Qarabağda da milli geyim dəsti deyəndə baş örtükləri və ayaqqabılar, zərgərlik məmulatları nəzərdə tutulur. Cəlbedici, gözəl, rəngarəng olan qadın baş geyimlərinə kəlağayılar, çalmalar, ləçək, örpək, çadra və s. daxildir. Bu geyimlərin geniş yayılan növlərindən biri ipək kəlağayıdır. Yaşlı qadınlar tarixən bu mahalda açıq sarı-qəhvəyi, açıq mavi rəngli kəlağayı örtər, müxtəlif  cür bağlayardılar. Qadın papağının naxışların növünə görə müxtəlif adları mövcuddur: mirvari papaq, qızılı papaq, ay-ulduzlu və s. Qadın geyiminin elementlərindən biri də baş sarğısı - çutqu olub. Onu başa lent şəklində bağlayardılar. Çutqu bağlamaq ev və çöl işləri görmək üçün daha rahat sayılardı. Çutqu həm də gigiyenik cəhətdən əhəmiyyətli idi. Üstündən yaylıq və ya ipək, pambıq örtüklər örtərdilər. Azərbaycanda çutqu əsasən ötən əsrin 40-cı illərinədək  yaşadılıb.

Əzəmət, qürur və ciddilik rəmzi olan milli kişi geyimlərinə gəlincə, onlar uzun dövrlər ərzində  dəyişilən üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət olub. Arxalıq ipək, atlas, kişmir, mahud, sətin parçalardan, qaba isə çiyinüstü üst geyim olmaqla, tirmədən tikilərdi.

Türban əmmamə (çalma növü) deməkdir. Qarabağda da ağ türban geniş yayılmışdı. Ali ruhani təbəqəsi əsasən yaşıl əmmamə geyinirdi. XIX əsrin sonu, iyirminci yüzilliyin əvvəllərində  Qarabağda kişi və qadın ayaqqabılarının bir neçə növü mövcud olub. Əsas ayaqqabı növü yüngül çust idi ki, onları çox vaxt qara tumacdan tikərdilər.

Milli ayaqqabının əsas elementlərindən biri (həm kişilərdə, həm də qadınlarda) naxışlı yun və pambıq corablar olub. Azərbaycanda elə bölgə yox idi ki, orada əllə toxunan corab geyinməsinlər. Qarabağda da corabları qadınlar toxuyurdular. Xammal kimi həm qoyun, həm də dəvə yunundan istifadə edirdilər. Soyuq zonalarda uzunboğaz, mülayim iqlimi olan yerlərdə isə qısaboğaz corablar toxunurdu. Corablar həm adi, həm də təntənəli günlər üçün nəzərdə tutulurdu. Bəzəkli corablar satışa çıxarılardı, onları kənd təsərrüfatı məhsullarına da dəyişirdilər. Həmin corabları bu gün paytaxt Bakının İçərişəhərində, sərgi-satışlarda, ayrı-ayrı ailələrdə, yaşlı nəslin ayaqlarında da görmək mümkündür. Qarabağ xanlarının dövrünə aid şənlik, gənc bəylərin və zəngin qadınların   mərasim, habelə toy libasları, milli ornamentlərlə, daş-qaşlarla bəzədilmiş Qarabağ zadəgan geyimləri, həmçinin, kəlağayılar dəb sərgisinə xüsusi rəng qatıb”.

Etnoqraf-tədqiqatçı Ənvər Çingizoğlunun sözlərinə görə, Qarabağ geyimlərinin nümayişi olduqca vacib olduğundan, bu işə başlanıb. Ermənilərin milli geyimlərimizə də iddialı olduğunu vurğulayan Ə.Çingizoğlu hesab edir ki, Qarabağ geyimləri dünyanın daha çox ölkəsində nümayiş olunmalıdır ki, erməni yalanı, saxtakarlığının kökü kəsilsin: “Qarabağ geyimlərinin nümayişinə başlanmasını təqdir edirəm. Hesab edirəm ki, yerli dizayner-rəssamlar, modelyerlər bu məsələni daha çox diqqətdə saxlamalıdırlar. Ermənilər bizim mədəniyyətə, mənəvi dəyərlərimizə nə qədər iddia etsələr də, heç nəyə nail ola bilməyəcəklər. Çünki bu geyimlər onlara yaddır. Bildiyim qədər, “Qarabağ geyimləri” kitab-kataloqu da nəşr edilib. Tədbirlər çərçivəsində bu kataloqu da dünyaya yaymaq olar. Qarabağ geyim mədəniyyətinin üzə çıxarılmasının özü böyük əhəmiyyətə malikdir. Məlum olduğu kimi, yerli geyim evləri Qarabağ geyimlərinə xüsusi önəm verir. Qarabağ geyimlərinin beynəlxalq aləmdə yüksək səviyyədə təbliğ edilməsini təqdir edirəm”.

İradə SARIYEVA

Son xəbərlər